Məhkəmə qərarları › İş №2-1(120)-2205/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2205/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2205/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddianı təmin edərək, İddiaçı AR Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1994-xx.xx.2020-ci illər üçün aylığı 80 manat, illiyi 960 manat olmaqla cəmi məbləği 24960 (iyirmi dörd min doqquz yüz altımış) AZN manat ödənişin bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddianı təmin edərək, İddiaçı AR Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1994-xx.xx.2020-ci illər üçün aylığı 80 manat, illiyi 960 manat olmaqla cəmi məbləği 24960 (iyirmi dörd min doqquz yüz altımış) AZN manat ödənişin bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1966-cı il təvəllüdlü Biləsuvar rayonu, Bəydili kəndində doğulmuş, həqiqi-hərbi xidmətini başa vurub Azərbaycana gəldikdən sonra X3 müharibəsi başlamış, könüllü olaraq 14 aprel 1994-cü ildə ordu sıralarına yazılmış və döyüşlərdə iştirak etmişdir. Könüllü ordu sıralarında bir müddət döyüşdükdən sonra 20 noyabr 1994-cü ildə Atəşkəs elan edildiyi üçün ordu sıralarından ayrılıb evə qayıtmışdır. Bir neçə müddətdən sonra veteranlığı ilə bağlı müraciət etmiş və 20 fevral 2020-ci ildə veteranlığı bərpa olunmuşdur. Hazırki vəziyyətdə əlavə müalicə və müayinə edilsə də sağalmaq üçün nəticə əldə edə bilməmişdir. Dərmanları almağa pul tapa bilmir, xəstəliyi daha da şiddətlənir və getdikcə ağırlaşır, yeriməkdə əziyyət çəkir, ayaq üstə qala bilmir, o səbəbdən işləyə bilmir, çox əziyyət çəkir. Ailəsinin maddi-sosial şəraiti pis olduğu üçün müalicələrinə görə borclanmışdır. Azərbaycan Respublikasının ikinci Dağlıq Qarabağ müharibəsi başlayanda könüllü getmiş, Biləsuvar rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ehtiyat siyahısında qeydiyyata düşmüş və 19 gün arxa cəbhədə ehtiyyatda qalmış, qalib ordunun sıralarında döyüşməyə hər an hazır olmağıı vətən övladlarına göstərmişdir. Ordu sıralarından təxris edildiyi dövrdən 20 fevral 2020-ci ilədək olan dövr üçün veteranlığı ilə bağlı ödənişləri ala bilmədiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ödənilməyən illərlə bağlı telefonla zəng vurub Müdafiə Nazirliyindən ödəniş edilməyən xx.xx.1994-xx.xx.2020-ci illər üçün ödənişi necə ala biləcəyi sualına cavab verdilmişdir ki, ödənilməyən illərin Veteranlıq ödənişləri bir illik 960 AZN manat olmaqla, cəmi 24960 AZN manat tələbini məhkəməyə müraciət edərək tələb edə biləcəkdir. Bir neçə dəfə məktubla müraciət etsə də məktublarına heç bir cavab verilməmişdir. Hüquq və azadlıqlarını tələb etmək üçün telefon cavablarını, yəni həmin ödəniş edilməyən illər üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianı təmin edərək, İddiaçı AR Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1994-xx.xx.2020-ci illər üçün aylığı 80 manat, illiyi 960 manat olmaqla cəmi məbləği 24960 (iyirmi dörd min doqquz yüz altımış) AZN manat ödənişin bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Günəş Yusif qız iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymış və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı hüquqi yardım edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-11934/2024 nömrəli məktubunda qeyd edilmimişdir ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanına əsasən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 1 aprel 2019-cu il tarixindən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Eyni zamanda, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə görə müharibə veteranı adlarının verilməsi qaydaları və şərtləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə müəyyən edilir və veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Şəxsin müharibə veteranı olub-olmamasının müəyyən edilməsi ona müvafiq komissiyanın rəyinə əsasən müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin, yəni veteran statusunu, o cümlədən müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququnu təsdiq edən sənədin verilməsi ilə təsdiq edilir. Bu sənəd verildiyi tarixdən müddətsiz olaraq Azərbaycan Respublikası ərazisində qüvvədə hesab olunur. İddiaçı müharibə veteranlığını təsdiq edən müvafiq vəsiqə 13 fevral 2019-cu il tarixində verildiyi üçün ona həmin tarixdən 1 aprel 2019-cu il tarixinədək aylıq 55 manat məbləğində kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, 1 aprel 2019-cu il tarixindən isə aylıq 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunaraq ödənilir. Məlumat üçün bildiririk ki, İddiaçı hazırki tələbilə bağlı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciəti daxil olmamışdır. Belə ki, iddiaçının hazırki tələbi öhdəliklərin icrası haqqında iddia növünə aiddir. Bu növ iddianın xüsusi mümkünlük şərtlərindən biri də ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İddiaçı hazırki tələblə əsl cavabdeh müraciət etməsini təsdiq edən sübutu iş materiallarına əlavə etməmiş və məhkəmənin tələbinə baxmayaraq məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən göründüyü kimi, iddiaçı AR Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1994xx.xx.2020-ci illər üçün aylığı 80 manat, illiyi 960 manat olmaqla cəmi məbləği 24960 (iyirmi dörd min doqquz yüz altımış) AZN manat ödənişin bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi xahiş edir. Cavabdeh qismində isə Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini qeyd etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iddiaya cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondudur. Lakin iddiaçı hazırki tələbi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsi, inzibati orqan tərəfindən müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədləri (imtina məktubunu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzini) iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya zəruri sənədlərin məhkəmə təqdim olunması ilə bağlı 05 dekabr 2024-cü il tarixli məktubla hüquqi yardım edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin iddiaçı hüquqi yardım məktubunu xx.xx.2024-cü il tarixdə poçt xəbərnaməsinə imza edərək qəbul etməsinə baxmayaraq, müvafiq sənədləri (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) məhkəməyə təqdim etməmişdir. Eləcə də, məhkəmə iclasında iddiaçı ilə hüquqi yardımda qeyd edilən hallarla bağlı müzakirələr aparılmış, qanunvericiliyin tələbləri, cavabdehin düzgün müəyyən edilməsi, inzibati orqna müraciət etməli olması, tələbinin və iddia ərizəsinin tərtibi qaydaları izah edilmiş, lakin iddiaçı tələbinə qeyd edilən formada baxılmasını və yekun akt qəbul edilməsini xahiş etmişdir. İddiaçıya bir daha izah edilir ki, hazırkı tələblə (ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin) bağlı ilkin olaraq iddiaya cavab verməli olan inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etməlidir. Cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə sübutları əlavə etməklə düzgün iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə yenidən müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “iddianı təmin edərək, İddiaçı AR Sosial Müdafiə Nazirliyi tərəfindən ödənilməyən veteranlıq, müharibə iştirakçısı üçün ödənilən ödənişlərin xx.xx.1994-xx.xx.2020-ci illər üçün aylığı 80 manat, illiyi 960 manat olmaqla cəmi məbləği 24960 (iyirmi dörd min doqquz yüz altımış) AZN manat ödənişin bank hesabına birdəfəlik ödənişlərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış pensiyanın bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar