Məhkəmə qərarları › İş №2-1(120)-221/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-221/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-221/2021 02.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon İcra Hakimiyyətinin rəsmi icazəsi əsasında Masallı şəhəri, Səməd Vurğun küçəsində inşa edilmiş qeyri-yaşayış binasına dair X5nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon İcra Hakimiyyətinin rəsmi icazəsi əsasında Masallı şəhəri, Səməd Vurğun küçəsində inşa edilmiş qeyri-yaşayış binasına dair X5nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2-1(120)-1567/2020 saylı qərardadı ilə Masallı rayon İcra Hakmiyyətinin və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 (09.12.1950-ci ildə anadan olmuş və 04.05.2002-ci ildə vəfat etmişdir) 1999-cu ildə Masallı Rayon İcra Hakimiyyətindən rəsmi şəkildə icazə alaraq Masallı şəhəri, Səməd Vurğun küçəsində “Çay evi” yaxınlığında mağaza inşa etdirmişdir. Belə ki, Masallı Rayon İcra Hakimiyyətinin 3 mart 1998-ci il tarixli “Masallı şəhər sakini X11 tikəcəyi mağaza altına torpaq sahəsinin seçilməsi haqqında Akt”a əsasən, X27 tikinti aparması məqsədilə Masallı şəhəri, Səməd Vurğun küçəsində “Çay evi” yaxınlığında boş ərazidə 93 kv.metr torpaq sahəsi seçilmişdir. Daha sonra, Masallı Rayon İcra Hakimiyyətinin Başçısının 7 mart 1998-ci il tarixli 101 nömrəli “Masallı şəhərində X11 tikəcəyi mağaza altına torpaq sahəsinin verilməsi barədə Sərəncamı”na əsasən, atası X21 şəhəri, Səməd Vurğun küçəsində “Çay evi” yaxınlığındakı sahədən sxema üzrə 93 kv.metr torpaq sahəsi ayrılmış və tikintiyə icazə verilmişdir. Tikilmiş qeyri-yaşayış binasına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10.03.2000-ci il tarixli 188 inventar nömrəli “Qeyri-yaşayış binasının Texniki Pasportu” verilmişdir. Bundan sonra, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən daşınmaz əmlaka dair 20.09.2019-cu il tarixli Ö/003165 nömrəli “İstismara hazırlıq Aktı” verilmişdir. Son olaraq, müvafiq lisenziyaya sahib "xxxx" MMC tərəfindən 17.10.2019-cu ildə Masallı rayonunun baş memarı ilə razılaşdırılmaqla obyektin “Memarlıq-planlaşdırılma bölməsi” hazırlanmışdır. 19 avqust 2020-ci il tarixli ərizə ilə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, qeyri-yaşayış binasına dair X5nun adına dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin, Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi 24.08.2020-ci il tarixli, **********32 nömrəli cavab məktubunda mülkiyyət hüququnun tanınmasından əsassız olaraq imtina etmişdir. Verilmiş imtina məktubunda qeyd olunan dəlillərlə razılaşmır və əsassız olduğunu bildirir. X27 tikintinin aparılması məqsədilə torpaq sahəsinin ayrılması haqqında Masallı Rayon İcra Hakimiyyətinin yuxarıda adı çəkilən Sərəncamının verildiyi dövrlərdə, tikintinin aparılmasına icazə barədə ayrıca Sərəncamın verilməsi tələbi və praktikası yox idi, bu səbəbdən buna ehtiyac da duyulmurdu. Belə ki, torpaq sahəsinin ayrılması Sərəncamı özündə həmçinin tikintinin aparılmasına dair icazəni də ehtiva edirdi. Belə olmasaydı, yuxarıda göstərildiyi kimi, tikilmiş qeyri-yaşayış binasına Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Qeyri-yaşayış binasının Texniki Pasportu” verilməzdi. Həmçinin onu da qeyd etmək vacibdir ki, Masallı Rayon İcra Hakimiyyətinin 3 mart 1998-ci il tarixli yuxarıda adı çəkilən Aktında inşaat işlərinin situasiya planına uyğun təsdiq edilmiş layihə smeta sənədləri əsasında aparılması qeyd olunmuş, habelə həmin sahənin yanğın və sanitar tələblərə uyğun olduğu göstərilmişdir. X12i əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlakın dövlət qeydiyyatına alınması nəticəsində mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. X5 04.05.2002-ci ildə, anası X13 isə 16.11.2019-cu ildə vəfat etmişdir. Sadəcə bir bacısı var - X14. X25 notarial qaydada təsdiq olunmuş 09.06.2020-ci il tarixli, **********755 nömrəli ərizə ilə X5ndan miras qalmış hər hansı əmlaka heç bir iddiasının olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur İddiaçı X2, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə və üçüncü şəxslər Masallı rayon İcra Hakmiyyətinə və X10 məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq nümayəndələri məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçı X1, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsinin və üçüncü şəxslər Masallı rayon İcra Hakmiyyətinin nümayəndəsinin və X6 iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad ərazi idarəsinin iddiaçıya göndərdiyi 24 avqust 2020-ci il tarixli, **********32 nömrəli məktubunda qeyd edilmişdir: “Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığınız 19 avqust 2020-ci il tarixli ərizənizə cavab olaraq bildiririk ki, Masallı şəhəri, S.Vurğun küçəsində edilmiş qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilməmişdir. Məlumat üçün bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Yuxarıda qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə daşınmaz əmlakın (qeyri yaşayış binasının) mərhum X11 adına dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Belə ki, çatışmayan sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim etdikdən sonra obyektin yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydə alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır”. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə göndərdiyi 16 noyabr 2020-ci il tarixli, **********41 nömrəli məktubunda qeyd edilmişdir: “Şirvan İnzibati Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2-1 (120)-1567/2020 saylı sərəncamına cavab olaraq bildiririk ki, İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 Cəlilabad Ərazi İdarəsi tərəfindən 24 avqust 2020-ci il tarixli **********32 saylı məktubla rəsmi olaraq bildirilmişdir ki, Masallı şəhəri, S.Vurğun küçəsində edilmiş qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilməmişdir. Qeyd olunan sənədlərdəki çatışmamazlıqlara görə daşınmaz əmlakın (qeyri yaşayış binasının) mərhum X11 adına dövlət qeydiyyatına alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə əsasən mümkün olmamışdır. Çatışmayan sənədlər Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin Masallı rayon şöbəsinə təqdim edildikdən sonra obyektin yeri araşdırılmaqla, daşınmaz əmlakın qeydə alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Məlumat üçün bildiririk ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 24 avqust 2020-ci il tarixli**********32 saylı imtina məktubu qanunamüvafiq qaydada tərtib edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbini qəbul etmirik və xahiş edirik inzibati iş üzrə qanunvericiliyin tələbinə uyğun qərar çıxarasınız”. İş materiallarında olan 24.01.2020-ci il tarixli, 227 nömrəli arayışdan görünür ki, X18 və X19 21 sentyabr 1982-ci il tarixdə nikaha daxil olmuş, sonuncu Məmmədova soyadını qəbul etmişdir. İş materiallarında olan 09.09.2006-cı il tarixli, AZ-İ №190758 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 04 may 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 28.11.2019-cu il tarixli, AZ-İİ №057666 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 16 noyabr 2019-cu il tarixdə vəfat etmişdir. İş materiallarında olan 10.06.1992-ci il tarixli, XVİ-JQ №459732 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1986-cı il tarixdə anadan olmuş, ata qrafasında X11, ana qrafasında X7 adı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisinin 25 sentyabr 2020-ci il tarixli, 711 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı ofisə müraciət edərək mərhum 04.05.2002-ci ildə vəfat etmiş X5ndan miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə görə vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən çıxarış təqdim edildikdən sonra verilə bilər. Vərəsəlik işini rəsmiləşdirməkdən ötrü mərhum X16 məxsus olan əmlak barəsində çıxarış verməyinizi xahiş edirik. İş materiallarında olan 09.06.2020-ci il tarixli notarial qaydada verilmiş X6 ərizəsindən görünür ki, 04.05.2002-ci ildə vəfat etmiş X5ndan miras qalmış bütün əmlakı qəbul etməmiş, qəbul müddətini ötürmüş və buna dair heç bir iddiası yoxdur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin 03 mart 1998-ci il tarixli aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhəri üzrə nümayəndəsinin 26 fevral 1998-ci il tarixli 44 saylı təqdimat məktubuna əsasən Masallı şəhər sakini X11 tikəcəyi mağaza altına şəhərin S.Vurğun küçəsində Çay evi yaxınlığındakı boş sahədən 93 (doxsan üç) kv.m torpaq sahəsi seçilmişdir. Bununla əlaqədar Masallı şəhər sakini X11 26 fevral 1998-ci il tarixli ərizəsi olmuşdur. Mağaza tikintisi altına seçilmiş sahə şimaldan piyada yolu, cənubdan çay evinin həyətinə daxil olan yol, şərqdən piyada yolu, qərbdən isə boş sahə və çay evinin həyəti ilə həmsərhəddir. İnşaat işləri situasiya planına uyğun təsdiq edilmiş layihə smeta sənədləri əsasında aparılmışdır. Sahə yanğın və sanitar tələblərinə cavab verir və həmin məqsəd üçün yararlıdır. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998ci il tarixli, 101 nömrəli sərəncamının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Masallı şəhərində X16 tikəcəyi ticarət kompleksi altına şəhərin S.Vurğun küçəsində çay evi yaxınlıqındakı sahədən 93 kv.metr olan torpaq sahəsinin verilməsi qərara alınmışdır. İş materiallarında olan Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 188 nömrəli inventar ilə qeydə alınmış və 22.03.2000ci ildə korrektə eilmiş qeyri-yaşayış binasının texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı və 03 mart 1998-ci il tarixli aktı əsasında qeyri-yaşayış binasının “Texniki Paspotu” tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad ərazi idarəsinin məhkəməyə göndərdiyi 19 oktyabr 2020-ci il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir: “mərhum X16 məxsus Masallı şəhəri, S.Vurğun küçəsində inşa edilmiş 1 mərtəbəli qeyri yaşayış binasının ümumi sahəsi 150.1 kv.metr, əsas sahəsi 74.1 kv.metr, köməkçi sahəsi 76.0 kv.metr, tikinti altı sahəsi 167.7 kv.metr və torpaq sahəsi 167.7 kv.metrdən ibarətdir. İş materiallarında olan 20.09.2019-cu il tarixli Ö/003165 nömrəli “İstismara hazırlıq Aktı”dan görünür ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı əsasında Masallı şəhəri, S.Vurğun küçəsində inşa edilmiş 1 mərtəbəli qeyri yaşayış binasına dair “İstismara hazırlıq Aktı” verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 30 sentyabr 2021-ci il tarixli, **********24 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 30.09.2021-ci il tarixli, C-188 nömrəli mütəxəssis rəyinin nəticə hissəsində aşağdakılar qeyd edilmişdir: Mütəxəssis qarşısında qoyulmuş suallar tərəflərin iştirakı ilə mütəxəssislər tərəfindən yerində araşdırıldı. Mübahisələndirilən ərazinin döngə nöqtələrinin koordinatları naturadan plana alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirildi. X16 məxsus Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən 92.kv.m torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının döngə nöqtələrinin koordinatları aşağıdakı cədvəldə göstərilmişdir. X Y 298047.60 4322039.45 298067.06 4322057.15 298069.47 4322054.61 298050.01 4322036.92 X16 məxsus Masallı şəhəri, Səməd Vurğun küçəsində yerləşən 92 kv.m torpaq sahəsinin kateqoriyası Yaşayış məntəqələri torpaqlarıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyul 2021-ci il tarixli, 10/1639 saylı ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir: Qərardadın birinci-ikinci sualları üzrə: Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin müvafiq mütəxəssis rəyinin bu günə qədər ekspert tədqiqatına təqdim edilmədiyi üçün qərardadın bu suallarını cavablandırmaq mümkün olmadı. Qərardadın üçüncü sualı üzrə: Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı əsasında verilmiş Baş dövlət texnik inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 22.03.2000-ci il tarixli 188 inventar nömrəli texniki pasporta qeyd olunan texniki göstəricilər ilə baxış zamanı əldə olunmuş məlumatların müqayisəli tədqiqatı aparılan zaman, “Texniki pasport” da qeyd olunan 1 nömrəli tikilidə konstruktiv dəyişikliklərin aparıldığı, digər tikililərin (hər birinin ölçüsü 3.1 x 2.4 m olan10 ədəd tikili) texniki göstəricilərinin isə, sözügedən “Texniki pasport” un göstəricilərinə uyğun olduğu müəyyən olundu. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı ilə X16 tikəcəyi ticarət kompleksi altına Masallı şəhərində S.Vurğun küçəsində çay evi yaxınlıqındakı sahədən 93 kv.metr torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində X18 tərəfindən 1999-cu ildə bir mərtəbəli qeyri-yaşayış binası tiklimişdir. Həmin qeyri-yaşayış binasına dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 188 inventar nömrəli 22.03.2000-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu tərtib edilmişdir. İddiaçı sözügedən Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı, 03 mart 1998-ci il tarixli aktı və həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 188 inventar nömrəli 22.03.2000-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportunu rəhbər tutaraq həmin qeyri-yaşayış binası üzərində mərhum X5nun mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı iddiaçının ilkin müraciətindən imtina etmişdir. Hazırda iddiaçı Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı, 03 mart 1998-ci il tarixli aktı və həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 188 inventar nömrəli 22.03.2000ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu əsasında Masallı şəhəri, S.Vurğun küçəsində inşa edilmiş 1 mərtəbəli qeyri-yaşayış binası üzərində mərhum X5nun mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini istəyir. Məhkəmə müəyyən etdiyi işin faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları əsasında qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin 162 nömrəli 23 iyul 2004-cü il tarixli Əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılması Qaydalarına əsasən qeyri - yaşayış fonduna aid olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) dövlət uçotunun aparılmasında əsas məqsəd özəl əmlakın təsnifat bölgüsünün aparılmasından, bu əmlaka mülkiyyət hüququnun (cari idarəetmə) müəyyən edilməsindən, onun kəmiyyət və keyfiyyət göstəricilərinin, həmçinin müasir dəyərinin müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən hüquqi qeydiyyat obyekti olaraq inzibati ərazi bölgüsü daxilində küçə, döngə, meydan və ya digər məkanda yerləşən və müəyyən nömrə ilə təsbit olunmuş ayrıca tikilmiş bina, tikili, qurğu və ya onların hissələri başa düşülür. Həmin Qaydaların 2.1-ci maddəsinə əsasən qeyri - yaşayış fonduna məxsus özəl bina, tikili və qurğulara (onların hissələrinə) mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər sırasına vətəndaşlara və qeyri - dövlət qurumlarına məqsədli istifadə üçün qeyri yaşayış binası, tikili və ya qurğusu tikilməsi üçün torpağın ayrılması və sonradan obyektin müvafiq qaydada istismara qəbul edilməsi barədə aktlar daxildir. Həmin Qaydaların 2.2-ci maddəsinə əsasən qeyri - yaşayış bina, tikili və qurğularına (onların hissələrinə) bu Qaydaların 2.1 bəndində göstərilən mülkiyyət hüququnu təsdiq edən əsas sənədlər və ya onların müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri olmadıqda mülkiyyət hüququnu digər yolla təsdiq edən sənədlər aşağıdakılardır: texniki inventarlaşdırma sənədləri (texniki pasport). Bir şərtlə ki, bu texniki sənədlər hüququ müəyyən edən sənədlərə istinadən verilmiş olsunlar. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib edilir və aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq sözügedən qeyriyaşayış binası üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. Belə ki, iddiaçı Masallı şəhəri, S.Vurğun küçəsində inşa edilmiş 1 mərtəbəli qeyri yaşayış binasını Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı və 03 mart 1998-ci il tarixli aktı əsasında inşa etmiş və həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 188 inventar nömrəli, 22.03.2000-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu tərtib edilmişdir. X4 verilməsinə əsas olan sənədlərə yəni, Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamına və 03 mart 1998-ci il tarixli aktına istinad edilmişdir. İddiaçı həmin sənədlər əsasında sözügedən qeyri-yaşayış binasına mərhum X5nun adına çıxarış almaq arzusundadır və yuxarıda qeyd edilən hüquq normalarına görə Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı, 03 mart 1998-ci il tarixli aktı və həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 188 inventar nömrəli 22.03.2000-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu sözügedən qeyri-yaşayış binasına hüququn qeydə alınması üçün əsasdır. Cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etməsini Masallı şəhəri, S.Vurğun küçəsində edilmiş qeyri yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının sərəncamının və istismara icazə sənədinin təqdim edilməməsi ilə əlaqələndirmişdir. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, hüquq münasibətlərinin yarandığı zaman yəni, qeyri-yaşayış binasının tikildiyi və tikintisinin başa çatdığı zaman həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş Texniki Pasport hüququn qeydiyyatı üçün əsas olmuşdur ki, iddiaçı da həmin sənədi cavabdehə təqdim etmişdir. Başqa sözlə qeyri-yaşayış binasıını tikintisindən öncə həmin binanın tikintisinin aparılmasına dair icazə barədə Masallı rayon İcra Hakimiyyəti Başçısının sərəncamının və tikintisi başa çatdıqdan sonra istismara icazə sənədinin təqdim edilməsi tələb olunmurdu. İş materiallarından göründüyü kimi sözügedən qeyriyaşayış binasının tikilməsi üçün torpaq sahəsi 07 mart 1998-ci il tarixdə ayrılmış, həmin qeyri-yaşayış binası 1999-cu ildə tikilmiş və həmin binaya dair 22 mart 2000-ci ildə texniki pasport tərtib edilmişdir. Məhkəmə qanunçuluq və etimad prinsipinə əsaslanaraq onu da qeyd edir ki, iddiaçının mərhum X5nun adına tərtib edilmiş Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı, 03 mart 1998-ci il tarixli aktı və həmin binaya dair Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 188 inventar nömrəli 22.03.2000-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının qeyri yaşayış binasına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtinası əsassızdır. Beləliklə də məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın iddiaçının tələbinin təmin edilməsindən imtina etməsində heç bir qanuni əsas müəyyən edilmədi. Bunun əksi olaraq iddiaçının tələbinin qanuni və əsaslı olduğu müəyyən edildi Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında (İatridis Yunanıstana qarşı, Beyeler İtaliyaya qarşı, “X20 S.C.” və başqaları Belçikaya qarşı) göstərilmişdir ki, “mülkiyyət” və «əmlak» anlayışları müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da “mülkiyyət hüquqları” hesab edilə bilər. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin məqsədləri baxımından həmin hüquqlar və maraqlar da mülkiyyət sayıla bilər. Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında hər hansı tikiliyə mülkiyyət hüququnun tanınması zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin maraqları arasında ədalətli tarazlığın nəzərə alınmasını zəruri hesab edir. “Önəryıldızın Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarını nümunə göstərmək olar. Ərizəçi (Önəryıldız) 1988-ci ildə Umraniyədə (İstanbul) dövlətə məxsus torpaq sahəsində yerləşən və tullantıların atıldığı zibilliyin yaxınlığında özünün və ailəsinin yaşadığı ev (daxma) tikmiş, 1993-cü ilədək orada yaşamışdır. Ərizəçi öz ərizəsində göstərmişdir ki, öz evindən davamlı surətdə və kifayət qədər uzun müddət ərzində istifadə etdiyinə görə evin mülkiyyətçisi hesab edilməlidir. Ərizəçinin fikrincə, insanlar yoxsul evlərində məskunlaşarkən, dövlət orqanlarının buna müdaxilə etməməsi və ən zəruri xidmətlərin dövlət tərəfindən təchiz edilməsi və hər şeydən əvvəl tikinti aparılan sahələrdə potensial seçiciləri razı salmaq üçün zaman keçdikcə qəbul edilən, yoxsul evlərinə aid məsələləri tənzimləyən qanunlar belə güman etməyə əsas vermişdir ki, onun mülkiyyət hüququ susmaq yolu ilə təsdiq edilib. Hökumət isə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsini pozan hər hansı müdaxilənin baş verdiyini inkar edərək ərizəçinin mənzilini «ikiqat qanunsuz» hesab etmişdir. Birincisi, ev icazəsiz tikildiyinə görə «mülkiyyət hüququnu» əmələ gətirə, yaxud sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» təşkil edə bilməz; bundan başqa, bu cür hüququn istər susma yolu ilə, istərsə də aydın ifadə edilmə vasitəsilə daxili qanunvericilikdə tanınacağı heç vaxt gözlənilməyib. İkincisi, ərizəçi tutmuş olduğu torpaq üzərində hər hansı hüquqa malik olduğunu iddia edə bilməz, çünki həmin torpaq dövlətin mülkiyyətindədir. Avropa İnsan Hüquqları Məhkəməsi özbaşına tutulmuş torpaq sahəsində ərizəçinin tikdiyi evlə əlaqədar bunları qeyd etmişdir; «Ərizəçi 1988-ci ildən bəri dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşamışdır, bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümüd etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, adekvat tədbirlərin görülməsi Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi deməkidi». Həmin işdə Avropa İnsan Hüquqları üzrə Məhkəməsi «Mülkiyyətin mövcud olub-olmaması barədə» qərarının B bəndinin 2-ci hissəsində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımdan «mülkiyyət» sayıla bilərlər. Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avdanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı, bu o, demək idi ki, o digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını yerləşdirə bilərdi. Ərizəçi orada sosial, habelə ailə mühiti yaratmışdır. Yekun olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərara almışdır; «Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə ordakı yaşayış yeri, onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi qiymətləndirmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon İcra Hakimiyyətinin rəsmi icazəsi əsasında Masallı şəhəri, Səməd Vurğun küçəsində inşa edilmiş qeyri-yaşayış binasına dair X5nun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, ödənilmiş mütəxəssis xərcinin, həmçinin ekspertiza xərcinin iddiaçıya aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Masallı rayon İcra Hakimiyyəti Başçısının 07 mart 1998-ci il tarixli, 101 nömrəli sərəncamı, 03 mart 1998-ci il tarixli aktı və Baş Dövlət Texnik İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərtib edilmiş 188 inventar nömrəli 22.03.2000-ci il tarixli qeyri-yaşayış binasının Texniki Pasportu əsasında X16 məxsus Masallı şəhəri, Səməd Vurğun küçəsində inşa edilmiş bir mərtəbəli qeyri-yaşayış binası üzərində X11 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 8 saylı Cəlilabad ərazi idarəsinin üzərinə qoyulsun. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar