Məhkəmə qərarları › İş №2-1(120)-2215/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2215/2025

03.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2215/2025 03.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı «X6 ilə Sığırlı-Selablıq ərazisində yerləşən torpaq sahəsindən 200 ha hissəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı «X6 ilə Sığırlı-Selablıq ərazisində yerləşən torpaq sahəsindən 200 ha hissəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-2215/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, X3 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə qanunvericiliyin tələblərinə uyğun şəkildə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və 3-cü şəxs gəlməmişdirlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “X17 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 25 aprel 2007-ci il tarixdə, "xxxx" X10 bazasında yaradılmış və Nizamnamə əsasında fəaliyyət göstərmişdir. "xxxx" KFT isə özlüyündə Cavabdeh 27 dekabr 15-ci il tarixli, 297 saylı Sərəncamı ilə yaradılaraq qeydə alınmışdır.Cəmiyyətin fəaliyyət növü kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışından ibarətdir. Bu məqsədlə, Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində 200 ha torpaq sahəsindən ibarət olan qış otlaq sahəsi icarə müqaviləsi əsasında 15 il müddətə ayrılmışdır. Həmin torpaq sahəsindən müvəqqəti istifadə hüququna dair Kürdəmir rayon Torpaq Şöbəsi və Təsərrüfatın Dövlət Reyestrinə daxil edilməsi barədə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq Şəhadətnamələr verilmişdir. Cəmiyyət əsasən iri və xırda buynuzlu heyvanların yetişdirilməsi ilə məşğul olmuşdur. Cəmiyyətin təsisçisi və direktoru X7 olsa da, heyvanların saxlanılması və yetişdirlməsi məqsədilə əlavə olaraq qohumluq münasibətində olduğu iş üzrə üçüncü şəxsin mərhum atası X1 da cəlb olunmuşdur. 2011ci ildə səhhətində yaranmış problemlərlə bağlı Cəmiyyətin fəaliyyətindən uzaqlaşmış və o, 2013-cü ildə vəfat etmişdir. Bundan sonra dənədək heyvanların saxlanılması və yetişdirlməsi ilə onun oğlu hazırkı iş üzrə üçüncü şəxs X6 məşğul olmuşdur. Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi və məhsuldarlığın artılılması məqsədilə Cəmiyyət əmlakı ilə birlikdə "xxxx" ASC-yə girov qoyularaq böyük məbləğdə kredit götürülmüş və bu günədək həmin kretitin ödənilməsi başa çatdırılmamışdır.Cəmiyyət 2013-cü ilədək aktiv fəaliyyət göstərmişdir. Bundan sonra isə Cəmiyyətin fəaliyyəti dayandırılsa da, icarə əsasında Cəmiyyətin istifadəsində olan 200 ha torpaq sahəsinə dair vergilər 2023-cü ilədək tam olaraq ödənilmişdir. Üçüncü şəxs X6 2013-cü ildə X5 məlumatı olmadan ərizə ilə Kürdəmir rayon İH-nə müraciət edərək, Cavabdeh 27 dekabr 1995-ci il tarixli, 297 saylı Sərəncamı ilə 200 ha torpaq sahəsinin Cəmiyyətə icarəyə verilməsinə dair müqavilənin ləğv edilərək, onunla bağlanılmasını xahiş etmişdir.Kürdəmir rayon İHB-nin 10 iyun 2013-cü il tarixli, 115 saylı Sərəncamı ilə həmin torpaq sahəsinə dair üçüncü şəxs Baba Babayevlə 15 il müddətə icarə müqaviləsi bağlanılmışdır.Cəmiyyətin rəhbəri olaraq X7 tərfindən fiziki şəxs kimi cavabdehə və üçüncü şəxsə qarşı eyni iddia tələbi ilə X11 müraciət olunmuşdur. Şirvan İnzibati məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.Qərardadda iddianın mümkün sayılmamasının əsası kimi X7 tərəfindən fiziki şəxs kimi iddia verilməsinə subyektiv hüququnun olmaması və həmçinin mübahisələndirilən Sərəncamın mövcud olmasından məlumatlı olduğu halda qanunla müəyyən edilmiş müddətdə onun mübahisələndirilməməsi və ya buraxılmış müddətin üzrlü hesab edilərək bərpası barədə ərizənin verilməməsi qeyd olunmuşdur. X7 hesab edirəm ki, Cəmiyyətin istifadəsində olmuş torpaq sahəsinin icarə müddətinin başa çatmasından sonra Cəmiyyətə heç bir məlumat vermədən, yəni icarə müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı mövqeyi öyrənilmədən həmin torpaq sahəsinin 15 il müddətə üçüncü şəxsə icarəyə verilməsinə dair Kürdəmir rayon İHB-nin 10 iyun 2013-cü il tarixli, 115 saylı Sərəncamı qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu ünvanlanmışdır və məhkəmə iclasında elan edilmişdir. İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında bildirmişdir ki, cavabdeh orqan tərəfindən xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamını hansı sənəddlər əsasında üçüncü şəxs B.Babayev barəsində qəbul etdiyini öyrənmək istəyir, onunla icarə müqaviləsini bağlaması barədə bildiriş və ya digər sənəd verməyib. MMC 2007-ci il tarixdən qaynatasının olub, qaytanası vəfat etdikdən sonra MMC-nin direktoru özü olmuşdur. Qaynı B.Babayev 2013-cü il tarixdən mübahisələndirilən torpaq sahəsindən istifadə edir, həmişə də o istifadə etmişdir, əkibbecərmişdir, mal-qara saxlayır, özü isə “ağsaqqallıq” etmişdir, əvvəllər araları çox yaxşı olub, onlara köməklik göstərmişdir, mübahisəli torpaq sahəsinə görə vergi borclarını əvvəllər həmişə özü ödəmişdir, sadəcə müəyyən köməklik göstərdikdən sonra münasibətləri pozulmuşdur, ildə bir dəfə də “qurbanlıq heyvan” da vermir. O, sonralar bildi ki, 2013-cü il tarixdən torpaq sahəsi başqa bir adamın adına sənədləşdirilib. Rəsmi poçt vasitəsilə sərəncamı əldə etdikdən sonra məhkəməyə müraciət etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı Cavabdeh Başçısının 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti, iddia qaldırmaq səlahiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtinə də cavab verməlidir. Qeyd olunamalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Başqa sözlə, iddia qaldırmaq səlahiyyəti (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı X7 özünü subyektiv hüququn sahibi kimi qəbul etməsini 25 noyabr 1999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ilə əsaslandırır. Belə ki, iş materiallarında olan Kürdəmir rayon Torpaq şöbəsi tərəfındən verilmiş 25 noyabr l999-cu il tarixli, JN:0298 KOD 80600001 nömrəli "Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə”yə əsasən Cavabdeh başçısının 27 dekabr 1995-ci il tarixli, 297 nömrəli sərəncamı əsasında rayonun ərazisində yerləşən qış otlaq sahəsindən kənd təsərrüfatında istifadə edilməyən 200 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək şərti ilə "Məhəmməd” kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilmişdir. Göründüyü kimi, torpaq sahəsi "Məhəmməd” kəndli fermer təsərrüfatına müvəqqəti istifadəyə verilsə də, hazırkı iddianı "Məhəmməd” kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyəti ("Məhəmməd” kəndli fermer təsərrüfatı bazası əsasında yaradılmışdır) əvəzinə, fiziki şəxs kimi X7 qaldırmışdır. Məhkəmənin qənaətinə görə hazırkı iddianı qaldırmaq səlahiyyəti "Məhəmməd” kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 26.2-ci maddəsinə əsasən dövlətin, bələdiyyələrin və ya hüquqi şəxslərin adından prosessual hərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya dövlət (bələdiyyə) orqanlarının və ya hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və ya dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin dövlət və bələdiyyə orqanları və ya hüquqi şəxslər olan işçiləri həyata keçirirlər. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.1995-ci il tarixli 297 nömrəli sərəncamına əsasən "X17 Təsərrüfatı” qeydiyyatdan keçmiş, təsərrüfatın rəhbəri X7 təyin edilmişdir. "X17 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2007-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi 9 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin təsisçisinin xx.xx.2011 -ci il tarixli qərarına əsasən X7 "X17 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri vəzifəsindən azad edilmiş, cəmiyyətə rəhbər X1 təyin edilmişdir. Cəmiyyətin təsisçisinin xx.xx.2011-ci il tarixli qərarına əsasən X7 yenidən direktor təyin edilmişdir. "X17 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun rəsmi müraciəti əsasında fəaliyyəti xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə kimi, yenidən rəsmi müraciəti əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək və yenidən rəsmi müraciətinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixədək dayandırılmışdır. Vergi ödəyicisinin fəaliyyəti dövlət qeydiyyatına alındığı tarixdən xx.xx.2013-cü il tarixə qədər aktiv olmuşdur. -İş materiallarında olan Cavabdeh 21 yanvar 2025-ci il tarixli 5-56-2-56/2025 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçı "Məhəmməd” kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı "X6 ilə Sığırlı-Selablıq ərazisində yerləşən torpaq sahəsindən 200 ha hissəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə əlaqədar bildirir ki, həmin iddianı əsassız olduğu üçün qəbul etmir. Cavabdeh Başçısının 27 dekabr 1995-ci il tarixli 297 nömrəli sərəncamı əsasında Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində "Məhəmməd” kəndli fermer təsərrüfatı qeydə alınmış və Nizamnaməsi təsdiq edilmişdir. X1 "Məhəmməd” kəndli fermer təsərrüfatının rəhbəri seçilmişdir.Kürdəmir rayonu Sığırlı kənd sakini X9 heyvanlarını saxlamaq üçün ona 200 hektar torpaq sahəsinin icarəyə verilməsi barədə rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və onun müraciəti nəzərə alınaraq Sığırlı kəndi ərazisində yerləşən "Sığırlı- Selablıq” adlanan qış otlaq sahəsindən boş torpaq sahəsi olan 200 hektar torpaq sahəsi 15 il müddətinə icarəyə verilmişdir. Artıq 12 ilə yaxın müddətdir ki, Baba Babayev həmin torpaq sahəsindən istifadə edir və iddiaçı Həsənağa Babayevin isə həmin torpaqla heç bir əlaqəsi olmamış, torpaqdan istifadə etməmişdir. Həsənağa Babayev əgər həmim torpaqdan istifadə edirdisə nə üçün ötən 12 il ərzində mübahisələndirdiyi sərəncamdan heç bir şikayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan,şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Hesab edirik ki, özünü "Məhəmməd” kəndli fermer təsərrüfatı Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi təqdim edən , əslində isə həmin müəssisə ilə heç bir əlaqəsi olmayan iddiaçı X4 Cavabdehnə qarşı " X6 ilə Sığırlı-Selablıq ərazisində yerləşən torpaq sahəsindən 200 ha hissəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması” 10 iyun 2013-cü il tarixli, 115 nömrəli sərəncamın ləğv edilməsi tələbi barədə iddiası əsassız olduğu və qanunla nəzərdə tutulmuş iddia (prosessual) müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamalıdır. Həsənağa Babayevin eyni məzmunlu müraciətinə Şirvan İnzibati Məhkəməsində baxılmış və Məhkəmənin 08 oktyabr 2024-cü il tarixli, 2-1(120)-938/2024 nömrəli Qərardadı ilə (X16) iddiası mümkün sayılmamışdır. - İş materiallarında olan Cavabdeh 21 yanvar 2025-ci il tarixli 5-56-2-49/2025 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Kollegiyasının 12 iyun 2017-ci il tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, idarə, təşkilat və müəssisələrdə arxiv işinin təşkilinə dair Təlimat”ın 13.3.2. bəndinə əsasən rayon İcra Hakimiyyətinin arxivində 5 il müddəti ötmüş bütün sərəncam, əmr və digər daimi saxlanılan sənədlər saxlanılmaq üçün rayon Dövlət Arxivinə təhvil verilir. Qeyd olunanları nəzərə alaraq gələcəkdə 5 il müddəti ötmüş məlumatların əldə edilməsi üçün Kürdəmir rayon Dövlət Arxivinə müraciət etməyi xahiş edir. Müraciətin araşdırılması üçün Kürdəmir rayon Dövlət Arxivinə göndərilmişdir. - İşdə olan Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-938/2024 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, İddiaçı X2 Cavabdehnə qarşı «Cavabdeh xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və 200 ha torpaq sahəsinin yenidən təsisçisi və rəhbəri olduğu «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi” tələbinə dair inzibati iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(120)-938/2024 saylı qərardad qəbul edilmiş və iddia mümkün sayılmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(120)-938/2024 saylı qərardadı qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli N° 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə daif’ 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Digər vacib məsələ mübahisələndirmə haqqında iddianın xüsusi mümkünlük şərti ilə bağlıdır. Belə ki, iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunması mübahisləndirmə haqqında iddianın xüsusi mümkünlük şərtidir. İş materiallarından müəyyən olunur ki, cavabdehin 2013-cü il tarixli sərəncamı mübahisələndirilir. İddiaçının nümayəndəsi X7 ilk dəfə məhkəməyə müraciət etmiş və onun iddia ərizəsi Şirvan İnzibati Məhkəməsinə göndərilməsi üçün xx.xx.2022-ci il tarixdə poçt məntəqəsi tərəfindən qəbul edilmişdir. İlk növbədə qeyd etmək lazımdır ki, İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi yalnız "təqdim olunma” ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt (əmr) barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia verilməsi axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, hüquqmüdadafiə vasitələri göstərilməyən hazırda mübahisələndirilən sərəncamın istər rəmi qaydada (poçt vasitəsi ilə) istərsə də elan edilmə yolu ilə təqdim edilməsinin və yaxud həmin sərəncamın ümumiyyətlə iddiaçıya verilməməsinin heç bir əhəmiyyəti yoxdur. Belə ki, həmin sərəncamın iddiaçıya təqdim edilməsinin mahiyyəti həmin sərəncamın məzmunu və nəticələri haqqında iddiaçının məlumatlı olması məqsədi daşıyır. Yəni iddiaçının onun üçün əlverişsiz olan inzibati aktın məzmunu və nəticələri ilə razılaşmadıqda həmin inzibati aktı qəbul edən orqana qarşı hüquqmüdafiə vasitələrindən istifadə edərək mübahisələndirə bilməsi üçündür. İşin faktiki hallarından görünür ki, həmin sərəncamdan (inzibati aktdan) irəli gələn bütün nəticələr faktiki olaraq baş vermiş, icra edilmişdir və ən əsası inzibati aktın bütün nəticələrindən iddiaçı bilavasitə məlumatlı olmuşdur. Bundan başqa, iş materiallarında olan Cavabdeh Başçısının Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 27 mart 2023-cü il tarixli 5-56-28/2-20/2023 nömrəli məktubundan müəyyən edilir ki, Sığırlı-Selablıq adlanan qış otlaq sahəsində yerləşən 200 ha torpaq sahəsindən 2013-cü ildən hal-hazırkı vaxta qədər faktiki olaraq X6 istifadə edir. İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 məhkəmə iclasında qaynı-üçüncü şəxs B.Babayevin 2013-cü il tarixdən mübahisələndirilən torpaq sahəsindən istifadə etməsi, mal-qara saxlaması, özünün isə “ağsaqqallıq” etməsi, əvvəllər aralarının çox yaxşı olması, üçüncü şəxsə köməklik göstərdiyini, mübahisəli torpaq sahəsinə görə vergi borclarını əvvəllər həmişə özü ödədiyini, sadəcə müəyyən köməklik göstərdikdən sonra münasibətləri pozulduğunu, ildə bir dəfə də ona “qurbanlıq heyvan” da vermədiyini, 2013-cü il tarixdən torpaq sahəsi başqa bir adamın adına sənədləşdirilməsi barədə məlumatı sonradan bildiyini, rəsmi poçt vasitəsilə sərəncamı əldə etdikdən sonra məhkəməyə müraciət etdiyini bildirmişdir. Qeyd etmək lazımdır ki, "iddia müddəti” xüsusi mümkünlük şərti kimi ona görə vacibdir ki, qeyd olunan müddət hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə hesab edir ki, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin hüquqi rejimi ilə 2013-cü il tarixdən iddia qaldırdığı tarixədək maraqlanmaması ağlabatan deyildir. Hətta həyatın adi axarı şəraitində belə, iddiaçının torpaq sahəsinə üçüncü şəxsin hüquqlarının olduğu barədə məlumatın olmaması barədə nəticəyə gəlmək çətindir. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanlara əsasən müəyyən edir ki, iddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh xx.xx.2013-cü il tarixli 115 nömrəli sərəncamından uzun müddətdir ki, məlumatlı olmuşdur. Həmçinin məhkəmə tərəfindən nəzərə çatdırılır ki, iddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 Cavabdehnə qarşı «Cavabdeh xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və 200 ha torpaq sahəsinin yenidən təsisçisi və rəhbəri olduğu «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilməsi” tələbinə dair inzibati iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(120)-938/2024 saylı qərardad qəbul edilmiş və iddia mümkün sayılmamışdır və qərardad qanuni qüvvəsini almışdır. İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia tələbində torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 5.2-ci bəndinə əsasən, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 6.1-ci maddəsində qeyd olunur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.2-ci bəndində isə qeyd olunur ki, eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilənin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Bundan başqa, hazırki iddia ərizəsi üzrə tərəflər arasında olan münasibətlər inzibati sahədə (publik) deyil, mülki hüquq sahəsində yaranmışdır. Bu səbəbdən də həmin şəxslər arasında qeyd edilən mülki mübahisələrə inzibati mübahisə kimi inzibati məhkəmələrdə baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1 -ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1 -ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1 -ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı «X17 təsərrüfatı» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı «X6 ilə Sığırlı-Selablıq ərazisində yerləşən torpaq sahəsindən 200 ha hissəsinə 15 il müddətinə icarə müqaviləsi bağlanmasına dair xx.xx.2013-cü il tarixli, 115 saylı sərəncamın ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar