Məhkəmə qərarları › İş №2-1(120)-2221/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2221/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2221/2025 02.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajı nəzərə alınmaqla dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluğu stajının nəzərə alınması və dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) və Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1rşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunun ləğv edilməsi və ona dövlət qulluqçusu kimi pensiyanın təyin edilməsi, habelə həm keçən dövr ( xx.xx.2023-cü ildən başlayaraq), həm də hazırkı dövr nəzərə alınmaqla hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial göstərilməklə ona yəni İddiaçı xx.xx.2004-cü il tarixdən xx.xx.2012-ci il tarixədək Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sərdi vəzifəsində işlədiyi illərin dövlət qulluğu hesab olunaraq ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o,uzun illər müxtəlif dövlət orqanlarında işləmişdir və hazırda əmək pensiyası alır. Ona yaşa görə əmək pensiyası təyin olunsa da, pensiya təyin olunarkən dövlət qulluğu stajı nəzərə alınmamışdır. Əmək fəaliyyəti xx.xx.1979-cu ildən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir.xx.xx.1979cu ildə Azərbaycan SSR Maarif Nazirliyinin təyinatı ilə rayona gəlmiş və Koroba məktəbində coğrafiya fənni üzrə müəllim vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixdə Astara rayon Tüləgüvan kənd Bələdiyyəsi vəzifəsinə seçilmişdir. xx.xx.2004-cü ildə Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Başqa işə keçməyi ilə əlaqədar xx.xx.2012-ci il tarixdə bələdiyyə sədri vəzifəsindən azad edilmişdir. xx.xx.2012ci il tarixdə Astara Rayon İcra Hakimiyyəti Başçısının Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 912 saylı Fərmanına əsasən ona kiçik dövlət qulluqçusu dərəcəsi verilmişdir. Daha sonra ona sözügedən Fərmana əsasən 3-cü dərəcə dövlət qulluqçusu, xx.xx.2019-cu il tarixdə 2-ci dərəcə dövlət qulluqçusu dərəcəsi verilmişdir. xx.xx.2019-cu il tarixdə Kijəbə qəsəbə İnzibati Ərazi Dairəsi ( bundan sonra mətndə İƏF) üzrə nümayəndəsinin vəzifəsindən Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsi vəzifəsinə keçirilmişdir. Pensiya yaşına çatmağı ilə əlaqədar olaraq onun dövlət qulluğuna xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Ona dövlət qulluqçusu dərəcəsi xx.xx.2014-cü il tarixli 9 saylı sərəncam əsasında verilmişdir. xx.xx.2012-ci il tarixli 65 saylı əmrlə Astara RİHB-nın Kijəbə qəsəbə İƏD üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunduğu vaxtdan əvvəlki illərdə Bələdiyyə orqanlarındakı iş stajı əsassız və qanunsuz olaraq dövlət qulluğu illərinə hesablanmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli 3-17-1/2-86748/2025 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçının müraciətinə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılmış və iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-Q- 268097/2024 nömrəli imtina məktubunda qanunvericiliklə tələb olunan dövlət qulluğğu stajının mövcud olmaması səbəbindən əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirərkən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qərarlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 1.1.3-cü maddəsinə əsasən “dövlət qulluqçusu yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan maddələrdən dövlət məvacibi alan, bu Qanunun müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. Həmin Qanunun 1.1.4-cü maddəsinə əsasən “dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır”.Həmin Qanunun 14.1-ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına dasiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qaninun 20.11.10-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən dövlət qulluğu stajı 10 il 6 ay 24 gün (xx.xx.2012-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir.Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı lə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda İddiaçı işlədiyi direktor müavini vəzifəsi nəzərdə tutulmamışdır. Bununla əlaqədar iddiaçının həmin vəzifədə işlədiyi müddətin onun dövlət qulluqçusu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.İddiaçı dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı mövcud olmaması səbəbindən ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il ildə Astara rayon, Kijəbə kəndində doğulmuş İddiaçı Astara rayonu, Tüləgüvən kəndində qeydiyyatdadır. xx.xx.2012-ci il tarixdə açılmış ******* №-li əmək kitabçasının (dubilkatından) notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə ( dövlət orqanlarında) işləmişdir: -xx.xx.1979-cu ildə Azərbaycan SSR Maarif Nazirliyinin təyinatı ilə rayona gəlmiş və Koroba məktəbində ixtisası üzrə müəllim təyin edilmişdir (Əmr № 342, xx.xx.1979);xx.xx.2000-ci ildə Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir ( 1 №-li iclas protokolu, xx.xx.2000); xx.xx.2001-ci ildə başqa işə keçirildiyinə görə xx.xx.2001-ci il tarixdən Koroba kənd orta məktəbinin təlim-tərbiyə üzrə direktor müavini vəzifəsindən azad edilmişdir ( Əmr № 07, xx.xx.2001); xx.xx.2004-cü il tarixdə Astara rayonu Tüləgüvan Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir (protokol №01, xx.xx.2004); xx.xx.2010-cu il tarixdə Tüləgüvan bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir (Protokol №01, xx.xx.2010); xx.xx.2012-ci il tarixdə başqa işə keçdiyinə görə Tülgüvan bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir (Əmr №18, xx.xx.2012);xx.xx.2012-ci ildə Astara Rayon İcra Hakimiyyəti Başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin olunmuşdur ( Əmr № 65, xx.xx.2012);xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 912 saylı Fərmanına əsasən kiçik dövlət qulluqçu dərəcəsi verilmişdir (Əmr 9, xx.xx.2014); xx.xx.2016-cı ildə İİİ dərəcə dövlət qulluqçusu dərəcəsi verilmişdir ( Əmr №90, xx.xx.2016); xx.xx.2019-ci tarixli İ dərəcəli dövlət qulluqçusu dərəcəsi verilmişdir (Əmr №18, xx.xx.2019); xx.xx.2019-cu il tarixdə Rayon icra Hakimiyyətini başçısının Kijəbə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayənəsinin müavini 02 sentyabr 2019-cü il tarixdən Kijəbə qəsəb İƏD üzrə nümayəndəsi vəzifəsinə keçirilmişdir ( Əmr №93, xx.xx.2019); xx.xx.2023-cü il tarixdə pensiyaya çıxaması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir (Sərəncam № 3, xx.xx.2023). Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması” haqqında 3017-1/1-Q-104688/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarın surətindən müəyyən olunur ki, İddiaçı yaşa görə xx.xx.2023-cü il tarixdə müddətsiz əmək pensiyası təyin edilmişdir. X5: 9-3/2-103/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində müəyyən edilmişdir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Həmin Qanunun 25-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Bələdiyyə orqanlarının vəzifəli şəxsi yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları kaeqoriyasına aid olmayan, kontrakt (əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının ( və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda da bələdiyyə orqanları nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 2004-2012-ci illərdə Astara rayon Tüləgüvan bələdiyyəsinin sədri vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. 9-3/2-1161/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının ( və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda da bələdiyyə orqanları nəzərdə tutulmamışdır. Dövlət orqanlarında inzibati və yardımçı vəzifələrin adları Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu” ilə müəyyən edilmişdir və bələdiyyə sədri vəzifəsi həmin Topluda nəzərdə tutulmamışdır. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müəyyən edilmişdir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır, bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur. Bələdiyyə orqanları səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır. Qanunun 6-cı maddəsinə əsasən bələdiyyə orqanlarının vəzifəli şəxsi yerli özünüidarə orqanlarında təşkilatçılıq-sərəncamçılıq funksiyalarını yerinə yetirən və dövlət qulluqçuları olmayan, kontarkt ( əmək müqaviləsi) üzrə işləyən şəxsdir. Beləliklə qeyd edilən müddəalardan göründüyü kimi bələdiyyə orqanları dövlət orqanı statusuna, eləcə də bələdiyyə orqanlarında vəzifə tutan şəxslər dövlət qulluqçusu statusuna malik olmadığından qeyd edilən staj müddəti dövlət qulluğunda qulluq stajı kimi nəzərə alına bilməz. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən bələdiyyə orqanlarında vəzifə tutan işçilər bələdiyyə qulluqçularıdır. Həmin maddənin 3-cü hissəsinə əsasən isə bələdiyyə orqanlarında qulluq müddəti dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəştlər və təminatlar verilməsi üçün hesablanan staja daxil edilir. Dövlət qulluqçuları üçün təminatlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində sadalanır. Bu təminatlara aiddir: 21.1.2. lazımi qulluq şəraiti; 21.1.3. haqqı ödənilən məzuniyyət;21.1.4. dövlət qulluqçularının icbari tibbi sığortası; 21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma; 21.1.6. dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük; 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; 21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada sığorta; 21.1.9. icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq; 21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi daxildir. Dövlət qulluqçuları üçün güzəştlər dövlət qulluğuna dair qanunvericilikdə birbaşa nəzərdə tutulmamışdır. Bununla belə bu cür güzəştlər ayrıayrı nörmativ hüquqi aktlarda öz əksini tapmışdır. Bu cür güzəştlərə nümunə olaraq- Azərbaycan Respublikası Vergilər Məcəlləsinin “Gəlir vergisindən azadolmalar və güzəştlər” adlanan 102-ci maddəsində dövlət qulluqçusunun pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqqın gəlir vergisindən azad olduğu müəyyən edilmişdir; Azərbaycan Respublikası Prezidentinin 14 may 1999-cu il tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fəxri adları haqqında xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən dövlət qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilir. Həmin Əsasnamənin 10-cu hissəsində əsasən Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəştlərdən istifadə etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2016-cı il tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.2-ci bəndinə əsasən ən azı 3 il dövlət qulluğunda qulluq edən gənc ailənin üzvü olan və ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxslərin güzəştli ipoteka kreditindən istifadə edə bilməsi müəyyən edilmişdir.Qeyd edilənlərə əsasən bələdiyyə orqanlarında qulluq müddəti bələdiyyə qulluqçularına dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəşt və təminatdan istifadə etməyə imkan versə də, bələdiyələrdə iş müddəti, o cümlədən bələdiyyə sədri vəzifəsində iş müddəti dövlət qulluğunda iş stajı hesablanarkən nəzərə alınmır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-Q-268097/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2.-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun dövlət qulluğu stajı 10 il 6 ay 24 gün (xx.xx.2012-xx.xx.2023-cü il tarixləri arasındakı dövr) təşkil edir. Bu səbəbdən də onun dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Tətbiq edilən hüquq. Maddə 38. Sosial təminat hüququ İ Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Maddə 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 17.1. İxtisas dərəcələri bu Qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. Maddə 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Bələdiyyələtin statusu haqqında” Qanunun 1-ci maddəsin əsasən Bələdiyyə– qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Maddə 2. Bələdiyyə orqanları – səlahiyyətləri çərçivəsində yerli əhəmiyyətli məsələləri həll etmək üçün bələdiyyə qulluğunun təşkili məqsədilə bələdiyyə tərəfindən yaradılan və dövlət orqanları sisteminə daxil olmayan orqanlardır “Bələdiyyə qulluğu haqqında” Qanunun 2-ci maddəsinə əsasən Bələdiyyə qulluğu - yerli özünüidarə orqanlarının səlahiyyətlərini icra etmək üçün həmin orqanlarda daimi peşə fəaliyyətidir.Bələdiyyə qulluqçusu - yerli özünüidarə orqanlarında təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir. Bələdiyyə üzvləri və bələdiyyələrin fəaliyyətinin təmin olunması ilə birbaşa bağlı olmayan vəzifələri yerinə yetirən şəxslər bələdiyyə qulluqçusu hesab edilmirlər.Bələdiyyə üzvü bələdiyyə qulluqçusu kimi fəaliyyət göstərə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 20.1-ci maddəsinə görə qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”: 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X8 tərəfindən birgə aparılır. Məhkəmənin mövqeyi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıya 10 mart 2023-cü il tarixdən ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, hazırki iddia tələbilə bağlı iddiaçının hüquqi marağı xx.xx.2004-cü il (ilk dəfə bələdiyyə sədri vəzifəsinə seçildiyi tarix xx.xx.2000-cü il ) tarixdən xx.xx.2012-ci il tarixədək bələdiyyə sədri vəzifəsində işlədiyi dövr nəzərə alınmaqla, ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasından ibarətdir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının dövlət qulluğu vəzifəsində 15 il stajının mövcudluğu ilə bağlıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi qəbul etdiyi 2-1(102)- 1213/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında həmin tələbin hansı qaydada baxılmasına aydınlıq gətirmiş, vətəndaşların hüquqi maraqlarının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğunu nəzərə alaraq həmin şəxslərin pensiya təyinatı barədə müraciət etməli olduğunu, mübahisənin həllinin isə onların işlədikləri vəzifələrin dövlət qulluğu olması ilə bağlı müvafiq aidiyyəti dövlət orqanlarından həmin dövrün dövlət qulluğu sayılması barədə rəylər alındıqda həllini tapacağı bildirilmişdir. Məhkəmə, Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qəbul etdiyi qərarın qəti olduğunu, qərarda şərh edilən göstərişlərin məcburiliyini, ayrı-ayrı vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması öhdəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzərinə qoyulmasının hakimiyyətlərin bölünməsi prinsipinə və qanunvericiliyə uyğun olmadığını nəzərə alaraq hesab edir ki, cavabdehin istinad etdiyi hallar (aidiyyəti qurumlar tərəfindən verilən müsbət rəylərin sözügedən vəzifələrin uyğunlaşdırılmasına əsas verməməsi və s.) hazırki iddianın təminini istisna edir. Xülasə, qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi öz qərarında X5 fəaliyyət sferasını göstərərək vəzifənin dövlət qulluğuna aid olub-olmamasının müəyyən edilməsi zamanı həmin publik hüquqi şəxsin rəyinin zəruriliyini diqqətə çatdırmışdır. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçının həmin dövrdə işlədiyi vəzifənin dövlət qulluğu hesab olub-olmaması ilə bağlı aidiyyəti üzrə X6 müraciət etmişdir. Azərbaycan Respublikası X8 tərəfindən verilmiş 9-3/2-103/2025 saylı, xx.xx.2025-ci il tarixli və 9-3/2-1161/2025 saylı xx.xx.2025-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, bələdiyyə orqanlarında qulluq müddəti bələdiyyə qulluqçularına dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq güzəşt və təminatdan istifadə etməyə imkan versə də, bələdiyələrdə iş müddəti, o cümlədən bələdiyyə sədri vəzifəsində iş müddəti dövlət qulluğunda iş stajı hesablanarkən nəzərə alınmır. “Dövlət qulluğu haqqında” Qanunun 2.1-ci bəndinə əsasən bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Yuxarıda qeyd olunan normalardan və məktublardan da göründüyü kimi, iddiaçı hazırda “Dövlət qulluğu haqqında” Qanuna əsasən dövlət orqanında inzibati vəzifədə qulluq keçən dövlət qulluqçusu olmadığından onun tərəfindən dövlət qulluğu stajına daxil olmasını tələb etdiyi 2004 (2000)-2012-ci illərdə işlədiyi müddətin onun dövlət qulluğunda qulluq stajına daxil edilməsinə imkan vermir. Nəzərə alınmalıdır ki, X8 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Belə ki, məlum olduğu kimi X8 dövlət qulluğu sahəsində fəaliyyət göstərən, dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edən və bu siyasətin həyata keçirilməsini təmin edən, həmçinin dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanlarını keçirən və dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilən müsabiqənin, o cümlədən dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün keçirilən test imtahanlarının şəffaflığını təmin edən publik hüquqi şəxsdir. (Azərbaycan Respublikasının X8 publik hüquqi şəxsin Nizamnaməsi) Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 2004 (2000)-2012-ci illərdə işlədiyi Astara rayon Tüləgüvan Bələdiyyəsində “Bələdiyyə sədri” vəzifəsi müvafiq Siyahıda dövlət qulluğu vəzifəsi kimi nəzərdə tutulmadığından, həmçinin X4 əldə olunmuş sorğuya cavab məktubunda göstərilən bu hal öz təsdiqi tapdığından iddianın təmin edilməsi mümkün deyildir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia təmin edilməməlidir NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar