Məhkəmə qərarları › İş №2-1(120)-223/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-223/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-223/2022 30.06.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi üzrə inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş, Lənkəran rayonu, Mamusta kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin cavabdeh məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasına çıxmaq hüququnun yarandığı vaxtdan pensiyasının təyin olunması və hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2022-ci il tarixli, 2-1(120)-223/2022 nömrəli qərardadı ilə iddia tələbinə “hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1969-1971-ci illərdə Lənkəran rayonu “N.Nərimanov” adına sovxozda işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, iddiaçının işləməsinin onun əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X6 şifahi məhkəmə iclasında izahatında iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə İmişli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Lənkəran rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, İddiaçının arxiv arayışındakı iş illəri nəzərə alınmaqla, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Lənkəran rayonu, Mamusta kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********9 nömrəli məktubundan görünür ki, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İşdə olan Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, B/234-1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1969-1971-ci illərdə Lənkəran rayonu Mamusta kənd “N.Nərimanov” adına sovxozunda işləyib, əmək haqqı almışdır. İşdə olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı verilmiş arxiv arayışında qeyd olunan Lənkəran rayonu Mamusta kənd “N.Nərimanov” adına sovxozunda 1969-1971ci illərdə işləməsi barədə əmək haqları düzgün yazılmışdır. İşdə olan Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, B/299-1 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1975-ci illərdə Lənkəran rayonu Avropa qəsəbə “Avrora” çay sovxozunda, 1975 və 1977-ci illərdə Lənkəran rayonu Mamusta kənd “N.Nərimanov” adına sovxozunda işləyib, əmək haqqı almışdır. İşdə olan Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, B/299-2 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1978-1992-ci illərdə Lənkəran rayon 36 saylı TTSMD tikinti idarəsində işləyib, əmək haqqı almışdır. İşdə olan Lənkəran rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, B/299-3 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1992-1995-ci illərdə Lənkəran rayon Daşdalıqjar sovxozunda işləyib, əmək haqqı almışdır. İşdə olan İddiaçı məxsus əmək kitabçalarının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildən xx.xx.1996-cı illlərdə fasilələrlə əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1972-ci il tarixli, 1148 nömrəli attestatın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1971-xx.xx.1972-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsində 3-cü dərəcəli traktorçu maşınçı ixtisası üzrə tam kursu bitirmişdir. İşdə olan NZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3693/2021 nömrəli qətnaməsindən görünür ki, X8 Təchizatı və Satışı İdarəsi tərəfindən verilmiş İddiaçı X1 13 noyabr 1995-ci il tarixdən 20 may 1996-cı il tarixə kimi Elektrik mantyoru vəzifəsində işləməsi və ona əmək haqqı hesablanması barədə olan əmək haqqı cədvəlinin İddiaçı məxsus olması barədə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi qət edilmişdir. İşdə olan Lənkəran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-3693/2021 nömrəli məktubundan görünür ki, Lənkəran rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(049)-3693/2021 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilmədiyindən qətnamə qanuni qüvvəsini almışdır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(120)-1479/2021 nömrəli inzibati iş vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işə dair etirazımızı təqdim edirik və icraatınıza qəbul edib hüquqi qiymət verməyinizi xahiş edirik. Hesab edirik ki, iddiaçının iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə Fondun 7 saylı regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun 7 saylı regional ərazi filialının müraciətə cavab olaraq ərizəçiyə ünvanladığı xx.xx.2021-ci il tarixli **********9 nömrəli imtina məktubunda bildirilmişdir ki, ərizəçinin xx.xx.1971 -ci il tarixdən xx.xx.1972-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin attestatında təhsil aldığı müddət onun 16 yaşından əvvələ aid olduğu üçün, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Lənkəran rayon “36 saylı TTSMD tikinti idarəsi”ndə işdən çıxma barədə əmr mövcud olmadığı üçün, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək X1 işləməsinə dair əməkhaqqı kitablarında soyad Əhədov (Əhmədov əvəzində) qeyd edildiyi üçün həmin dövrlərin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi xx.xx.1956-cı il təvəllüdlü İddiaçı yaşa görə əmək pensiyası hüququ 65 yaşının tamam olduğu xx.xx.2021 -ci il tarixdə yaranmışdır, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq (28800 manat) 2) azı 25 il sığorta stajı olduqda. Lakin iddiaçının sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində təsbit olunmuş normada müəyyən edilmiş şərtlərdən heç birini ödəmir. Belə ki, iddiaçının xx.xx.2006-ci il tarixdən əvvəlki dövrlərə görə hesablanmış pensiya kapitalı 4135,07 manat təşkil edir. Həmin tarixdən hüququnun yarandığı tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində isə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə, Qanunun müvafiq maddəsində nəzərdə tutulmuş şərt, yəni 28800 manat kapital tələbi ödənilmir. Əlavə olaraq Qanunun 22-1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Halbuki iddiaçının fərdi şəxsi hesabında xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının mübahisəli olmayan sığorta stajı № ******* nömrəli hərbi biletə əsasən əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olduğu 02 il 16 gün, ərizəçiyə məxsus əmək kitabçasına və X4 filialının xx.xx.2021-ci il tarixli b/250-2 nömrəli əməkhaqqı cədvəli barədə arxiv arayışına əsasən xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək “Avrora” çay sovxozunda işlədiyi 02 il 10 ay 12 gün müddətdir ki, ümumilikdə 04 il 10 ay 28 gün təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin № 1148 nömrəli attestatına əsasən təhsil aldığı 08 ay 10 gün, Lənkəran rayon Mamusta kənd “N.Nərimanov adına kolxoz”da xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək işlədiyi 01 il 08 ay, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək işlədiyi 01 ay 06 gün və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyi 07 ay 02 gün, 1975-ci ilin iyun ayından dekabr ayınadək “Avrora” çay sovxozunda işlədiyi 07 ay, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Lənkəran rayon “36 saylı TTSMD tikinti idarəsi”ndə işlədiyi 14 il 02 ay 15 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Lənkəran rayon “Daşdalıqjar sovxozu”nda işlədiyi 03 il 05 ay 06 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-ci il tarixədək “Lənkəran Elektrik şəbəkəsi”ndə işlədiyi 06 ay 07 gün müddətdir ki, bu da ümumilikdə 21 il 09 ay 16 gün təşkil edir. Qeyd edirik ki, Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin № 1148 nömrəli attestatına əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı müddət Fondun 7 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli **********9 nömrəli məktubuna əsasən, iddiaçının 16 yaşından əvvələ aid olduğu üçün sığorta stajına daxil edilməmişdir. İmtina məktubuna əsasən həmin dövrlər onun əmək fəaliyyəti qabiliyyətli olmadığı dövrlər kimi nəzərə alınmışdır. İddiaçının Lənkəran rayon Mamusta kənd “N.Nərimanov adına kolxoz” da xx.xx.1969-cu il tarixdən xx.xx.1971-ci il tarixədək işlədiyi dövrlərə dair əmək kitabçasında müvafiq qeydlər edilməmişdir. X5 xx.xx.2021-ci il tarixli b/250-1 nömrəli arxiv arayışında onun 1969-cu ildə 4 ay, 1970-ci ildə 9 ay, 1971-ci ildə 7 ay əmək haqqı alması müəyyən edilsə də, həmin arayışa əsasən işə qəbul və işdən azad olması barədə əmrlər aşkar olunmamışdır. Əlavə olaraq iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək təhsil aldığı müddət işlədiyini iddia etdiyi dövrlərlə üst-üstə düşür. İddiaçının Lənkəran rayon Mamusta kənd “N.Nərimanov adına kolxoz” da xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyi dövrlərə dair əmək kitabçasında müvafiq qeydlər mövcud olmasına baxmayaraq, həmin dövrlərə dair əməkhaqqı cədvəlləri aşkar edilməmişdir. İddiaçının “N.Nərimanov adına kolxoz” da xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək işləməsi ilə bağlı əmək haqqı cədvəlləri aşkar edilməsinə baxmayaraq mübahisələndirilən dövrlərə dair əmək haqqı cədvəllərinin aşkar edilməməsi bu dövrlərdə onun işləməsi faktını açıq şəkildə təkzib edir. 1975-ci ilin iyun ayından dekabr ayınadək “Avrora” çay sovxozunda işlədiyi dövrə dair iddiaçının əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. Belə ki, əmək kitabçasına əsasən, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1975-ci il tarixədək sözügedən müəssisədə işləmişdir. Bu səbəbdən X4 filialının xx.xx.2021-ci il tarixli b/250-2 nömrəli əmək haqqı cədvəllərinə dair arxiv arayışında göstərilən 1975-ci ilin iyun ayından dekabr ayınadək əmək haqqı alması barədə qeydlər mötəbər hesab edilməyərək həmin dövr sığorta stajına daxil edilməmişdir. Onun Lənkəran rayon “36 saylı TTSMD tikinti idarəsi”ndə xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək işlədiyi dövrlərə dair onun əmək kitabçasında mötəbər olmayan bır sıra qeydlər aparılmışdır. Belə ki, İddiaçı xx.xx.1978-ci il tarixdə işə qəbul edilməsi barədə qeyd mövcud olsa da, onun işdən azad edilməsi barədə heç bir qeyd aparılmamışdır. Həmçinin X4 filialının xx.xx.2021-ci il tarixli b/250-6 nömrəli arxiv arayışında bildirilmişdir ki, Lənkəran 36 saylı TTSMD tikinti idarəsinin əmr kitabları Filiala təhvil verilmədiyindən işə daxil olma və işdən azad olma, növbəti əmək məzuniyyətinə çıxması barədə əmrlərin aşkar edilməsi mümkün olmamışdır. Sözügedən əsaslara görə həmin dövrlər iddiaçının iş stajına daxil edilməmişdir. Lənkəran rayon “Daşdalıqjar sovxozu”nda xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək iddiaçının işlədiyi dövrlərə dair əmək kitabçasında müvafiq qeydlər aparılmamışdır. X4 filialının xx.xx.2021-ci il tarixli b/250-4 nömrəli arxiv arayışında onun əməkhaqqı cədvəlləri aşkar edilsə də, əmək kitabçasında müvafiq qeydlər aparılmadığından arayışa əsasən həmin dövrlərin qanunvericiliyin tələblərinə görə sığorta stajı kimi nəzərə alınması mümkün hesab edilmir. İddiaçının “Lənkəran Elektrik şəbəkəsi”ndə xx.xx.1995-ci il tarixdən xx.xx.1996-ci il tarixədək işlədiyi dövrlərə dair əmək kitabçasında qeydlər olmasına baxmayaraq, Fondun 7 saylı regional ərazi filialı və “X8 Təchizatı və Satışı İdarəsi" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən, sözügedən qeydlərin mötəbərliyinə şübhə yaradan hallar aşkar edilmişdir. Akta uyğun olaraq bildiririk ki, “Lənkəran Elektrik şəbəkəsi”nin əmr kitabları “X8 Təchizatı və Satışı İdarəsi’nin arxivində saxlanılmamışdır. Həmçinin əməkhaqqı cədvəlləri aşkar edilməsinə baxmayaraq İddiaçı soyadı “Əhədov” olaraq qeyd olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xx.xx.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının (bundan sonra -“Qaydalar”) 3-cü hissəsində Sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən, 2006cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 №-li qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsinin № 1148 nömrəli attestatına əsasən təhsil aldığı 08 ay 10 gün, Lənkəran rayon Mamusta kənd “N.Nərimanov adına kolxoz”da xx.xx.1969-cu il tarixdən xx.xx.1971 -ci il tarixədək işlədiyi 01 il 08 ay, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək işlədiyi 01 ay 06 gün və xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək işlədiyi 07 ay 02 gün, 1975-ci ilin iyun ayından dekabr ayınadək “Avrora” çay sovxozunda işlədiyi 07 ay, xx.xx.1978-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Lənkəran rayon “36 saylı TTSMD tikinti idarəsi”ndə işlədiyi 14 il 02 ay 15 gün, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Lənkəran rayon “Daşdalıqjar sovxozu”nda işlədiyi 03 il 05 ay 06 gün, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-ci il tarixədək “Lənkəran Elektrik şəbəkəsi”ndə işlədiyi 06 ay 07 gün müddət onun sığorta stajına daxil edilməsi qanunamüvafiq hesab edilmir, bu səbəbdən də onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaşın xx.xx.1971-ci il tarixindən xx.xx.1971-ci il tarixinədək fəaliyyət dövrü, xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək təhsil illəri, xx.xx.1972-ci il tarixindən xx.xx.1975-ci il tarixinədək əmək fəaliyyəti, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmət illəri, xx.xx.1977-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək əmək fəaliyyəti daxil edilməklə ümumi iş stajı 25 il 1 ay 18 gün təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli yoxlama aktına əsasən Lənkəran rayon 36 saylı “TTSMD” tikinti idarəsinin əmrlər kitabı arxivə təhvil verilməmişdir. Eyni zamanda vətəndaş barədə müəssisənin əmrlərin qeydiyyatı kitabında xx.xx.1978-ci il tarixli, № 03 saylı əmr qeydiyyata alınmışdır, lakin işdən azad olunma barədə qeyd yoxdur. Buna görə də həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı mübahisəsiz sığorta stajı 10 il 8 ay 18 gün, mübahisəli iş stajı 14 il 5 ay təşkil edir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da əmək kitabçası ilə yanaşı həmin sənədləri də təqdim etmişdir. Bununla belə məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının təqdim etdiyi sənələrin ziddiyyətli və yaxud qeyri-mötəbər olmasına dair cavabdeh inzibati orqan tərəfindən hər hansı əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. Bunun əksi olaraq iddiaçı tərəfindən təqdim edilən sənədlərdən müəyyən olunur ki, əmək kitabçasında qeyd edilən və qeyd edilməyən dövrlərdə iddiaçı müxtəlif təşkilatlarda işləyib əmək haqqı almışdır. Beləliklə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək qabiliyyətli yaş dövrünə çatdığı zaman əmək kitabçasında qeyd edilməyən Lənkəran rayon Mamusta kənd “N.Nərimanov adına sovxozda işləyib, əmək haqqı aldığı dövrləri, əmək fəaliyyətinin üst-üstə düşən dövrləri istisna olmaqla dövlət texniki peşə məktəbində təhsil aldığı illəri, hərbi xidmət illəri, əmək kitabçasında qeyd edilən və işləyib əmək haqqı aldığı dövrlər, o cümlədən əmək kitabçasında qeyd edilən və məhkəmə qətnaməsi ilə təsdiq edilən dövrlər nəzərə alındıqda ümumililkdə 25 ildən artıq sığorta stajı mövcud olur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar