Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2232/2023 12.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı “Xarrat” Kooperativinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “Xarrat” Kooperativinin cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” barədə iddia ərizəsi üzrə işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı “Xarrat” Kooperativi cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhəri, B.Mirsalayev küçəsində yerləşən 30 (otuz) ildən artıqdır ki, “Xarrat” Kooperativinin faktiki sahibliyində olan, mülkiyyətə və ya icarəyə verilməsi üçün müraciətlər etdikləri torpaq sahəsinin Lənkəran şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin inzibati binasının tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Lənkəran şəhər İcra Hakimiyyətinin sərəncamının ləğv edilməsi” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 17 aprel 2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Lənkəran şəhər İcra Hakimiyyətinin torpaq sahəsinin ayrılması haqqında 09 fevral 2021-ci il tarixli, 10 saylı sərəncamının ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2-1(120)-2232/2023 nömrəli qərardadı ilə iddia tələbinə “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, tərəflər işin halları və mübahisənin vəziyyəti, həmçinin iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün 12 iyun 2023-cü il tarixdə, saat 12:30da məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən iddiaçı “Xarrat” Kooperativinin nümayəndəsi X3 izahatında Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehlərin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, iddiaçı “Xarrat” Kooperativinin iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsindən inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarının 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 1.3-cü bəndində qeyd edilir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Göründüyü kimi iddianın mahiyyəti üzrə baxılması üçün iddianın mümkün olması vacib şərtdir. İddianın mümkünlük məsələsi yoxlanılarkən diqqət yetirilməli vacib məsələrdən bir də iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Belə ki, iş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamından görünür ki, Lənkəran şəhərinin B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 ha torpaq sahəsi Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılması qərara alınmışdır. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 5-2-8/2-659/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 15 sentyabr 2020-ci il tarixli 2/8-3652 nömrəli məktubla şəhər İcra hakimiyyətinə müraciət edərək X5 Bölməsinin inzibati binasının tikilməsi məqsədilə torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Lənkəran şəhərinin B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan, yaşayış məntəqələrinin torpaqları kotiqoriyasına aid 0,326 ha torpaq sahəsinin ayrılması üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin razılığı nəzərə alınaraq Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 9 fevral 2021-ci il tarixli 10 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida X1 Bölməsinin inzibati binasının tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi üzrə hüquqların tanınması üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmişdir. İddiaçı “Xarrat” Kooperativinin nümayəndəsi Mirmehman Miriyev maraqlı şəxs qismində sözü gedən torpaq sahəsinin onun istifadəsində olduğunu iddia edərək müvafiq Sərəncamın ləğv edilməsi ilə bağlı dəfələrlə şəhər İcra hakimiyyətinə və müvafiq icra hakimiyyəti orqanlarına müraciət etmişdir. Müraciətləri ilə bağlı M.Miriyevə bildirilmişdir ki, “Xarrat” Kooperativinin mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən heç bir sərəncam və inzibati akt qəbul edilməmişdir. Onun iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Torpaq sahəsinin ayrılması ilə bağlı şəhər İcra hakimiyyəti başçısının müvafiq Sərəncamı “İnzibati icraat haqqında” Qanunun və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun hazırlandığı üçün məsələnin mübahisələndirilməsinin əsassız olduğu vətəndaşın nəzərinə çatdırılmışdır. Lənkəran şəhər İcra Hakimiyyəti iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsi ilə bağlı müvafiq qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olundu ki, Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamı ilə Lənkəran şəhərinin B.Mirsalayev küçəsində dövlət mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,326 ha torpaq sahəsi Azərbaycan Respublikası Qida X1 Regional bölməsinin inzibati binasının tikintisi üçün ayrılmışdır. Hazırda iddiaçı torpaq sahəsinin onlardan alınmasına əsas olan Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 nömrəli sərəncamını mübahisələndirirlər. Məhkəmə iddiaçıların hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıların hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə qeyd edir ki, iddianın ümumi mümkünlük şərləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. Nəzərə alsaq ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən onlara yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Hansı ki, məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdə də bunun əksini təsdiq edən sənəd və sübutlar müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddia üzrə subyektiv hüququnun olması üçün vacib şərtlərdən biri iddiaçıya məxsus torpaq sahəsinin üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud olmalıdır. Başqa sözlə hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı o vaxt olacaqdır ki, inzibati orqan tərəfindən üçüncü şəxsə məxsus torpaq sahəsinin kordinatları iddiaçıya məxsus torpaq sahəsinin üzərinə qeydiyyata alınsın. Lakin, iş materiallarında olan sənədlərdən (0.326 ha torpaq sahəsinin yerquruluşu planı və həmin torpaq sahəsində tikilən inzibati binanın baş planından) müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsi hazırda mübahisələndirilən üçüncü şəxsə məxsus torpaq sahəsi ilə heç bir bağlılığı yoxdur. Yəni iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxsə məxsus torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir və həmin torpaq sahələrinin üstüstə düşməsi halı müəyyən olunmur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbini və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 5 nömrəli Qərarında göstərilən tövsiyyələri rəhbər tutaraq yuxarıda qeyd edilən məsələrlə bağlı iddiaçıya yazılı şəkildə və məhkəmə iclasında nümayəndəsinə şifahi şəkildə yardım göstərib, iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqları izah olunmuşdur. Buna baxmayaraq iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi aparılmamışdır və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Məhkəmə hazırkı iddianın mümkünlük şərtlərini yoxlayarkən müəyyən etmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı əsasların olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı “Xarrat” Kooperativinin cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” barədə iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 46.3, 50 və 80-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı “Xarrat” Kooperativinin cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər İcra Hakimiyyətinin 09 fevral 2021-ci il tarixli, 10 saylı qanunsuz, əlverişsiz inzibati aktının (sərəncamının) ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvani küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2232/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2232/2023
12.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver