Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2232/2024 15.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunın sədrliyi, Məhkəmə iclas katibi X2, İddiаçı İddiaçı iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Ağcabədi rayon 6 saylı RQBİ-nə qarşı “Qaz-53 markalı avtomaşının X1 adına qeydiyyata alınması və müvafiq sənədləşmə islərinin aparılması öhdəliynin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə müəyyən etdi: İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Ağcabədi rayon 6 saylı RQBİ-nə qarşı «Qaz-53 markalı avtomaşının X1 adına qeydiyyata alınması və müvafiq sənədləşmə islərinin aparılması öhdəliynin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun illərdir Beyləqan rayonunun Mil qəsəbəsində yaşayır. Qaz 53 markalı avtomobili vardır. Sahibkarlıqla məşğul olur. Lakin avtomaşına sənəd əldə edə bilmir. Təxminən 1993-1994-cü illərdə Füzuli rayonundan məcburi köçkünlər özləri ilə 1992-ci il buraxılışlı, «Qaz-53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşını üzərində gətirib onun həyətində qoymuşdurlar. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq avtomaşının dalınca gələn olmamışdır. Avtomaşın həyətində sahibsiz əmlak kimi bir neçə il yararsız halda qalmışdır. Avtomaşın nəmli yerdə qaldığı üçün çərçivə nömrəsi olan hissəsindəki rəqəmlər yarasız vəziyyətə düşərək oxunmaz hala düşmüşdür. Avtomaşını gətirmiş məcburi köçkünləri axtarsa da, tapa bilməmişdir. Bu günə kimi harada yaşamaları barədə heç bir məlumatı yoxdur. Sonradan öz şəxsi vəsaiti hesabına avtomaşını yararlı hala salmış və istifadə etməyə başlamışdır. Lakin avtomaşın üçün texniki pasport və dövlət nömrə nişanı almamışdır. Hazırda mülkiyyət hüququnu təstiq edən sənədi əldə etmək mümkün olmamışdır. Mülkiyyət hüququ verən sənəd olmadığından avtomaşını vaxtaşırı DYP əməkdaşları tərəfindən saxlanılır. Bunlar isə ona sahibkarlığını inkişaf etdirməyə maneəçilik törədir. Onun 1992-ci il buraxılışlı, «Qaz-53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşının onun istifadəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılması üçün Beyləqan rayon məhkəməsinə müraciət etmişdir. Beyləqan rayon məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə 1992-ci il buraxılışlı, «Qaz-53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşının onun istifadəsində olması faktı müəyyən edilmişdir. 1992-ci il buraxılışlı, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, «Qaz-53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində İddiaçı adına qeydiyyata alınması və müvafiq sənədləşmə işlərinin aparılması Azərbaycan Respublikası DİN BDYPİ-nin 6 saylı RQİB-nin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmalıdır. Ona görədə Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə əsasən məhkəmədən 1992-ci il buraxılışlı, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində İddiaçı adına qeydiyyata alınması və müvafiq sənədləşmə işlərinin aparılmasının Azərbaycan Respublikası DİN BDYPİ-nin 6 saylı RQİB-nin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdar edilmişdir. Lakin cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsi barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 311-686-1222 nömrəli məktubunda qeyd edilmişdir ki, Sizin Ağcabədi regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə ünvanladığınız müraciətə cavab olaraq bildiririk ki, “Sərxan” Avtomotoservis və Ticarət firması tərəfindən verilmiş akta əsasən rəngi xaki, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, tipi su çəni, şassi nömrəsi birkasız-nömrəsiz, buraxılış ili 1992, dövlət qeydiyyat nişanı naməlum olan “Qaz 53” markalı nəqliyyat vasitəsi barəsində heç bir sənəd təqdim olunmadığı üçün həmin avtomobili qeydiyyata almaq mümkün olmamışdır. İş materiallarında olan Beyləqan rayonu İcra Hakimiyyəti başçısının Mil qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 506 nömrəli arayışından görünür ki, İddiaçı Beyləqan rayonu, Mil qəsəbəsində yaşayır. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1661/2023 nömrəli qətnaməsindən görünür ki, 1992-ci il buraxılışlı, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobilin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Beyləqan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(020)-1661/2023 nömrəli məktubundan görünür ki, Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1661/2023 nömrəli qətnaməsi 25 noyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin: - İ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. Dövlət qeydiyyatı nəqliyyat vasitələrinin konstruksiyasının, texniki vəziyyətinin və avadanlığının qəbul olunmuş təhlükəsizlik qaydalarına uyğun olması, nəqliyyat vasitələrinin istifadə olunması və ya çıxdaş edilməsi zamanı uçot göstəricilərində dəyişiklik aparılması, nəqliyyat vasitələrinin hərbi mükəlləfiyyətinin müəyyən olunması, nəqliyyat vasitələrinin sahibləri tərəfindən rüsumların, yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalara görə tətbiq edilmiş inzibati cərimələrin və ya vergilərin, yaxud ödənclərin ödənilməsi, eləcə də nəqliyyat vasitələrinin mərkəzləşdirilmiş şəkildə və regionlar üzrə uçota alınması, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortasının təmin edilməsi, həmçinin cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə aparılması məqsədi ilə həyata keçirilir. Nəqliyyat vasitəsinin qoşqu və yarımqoşqunun qeydiyyatı sahibinin (hüquqi və fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. - V hissəsinə əsasən bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. - V-İİ hissəsinə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. - Vİ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlara bu Qanunla müəyyən edilmiş müddətdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) ərizə; 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi); 3) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən müvafiq sənəd və ya məhkəmənin qərarı; 4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş rüsumların (nəqliyyat vasitələrinin təkrar qeydiyyatı istisna olmaqla) və ya vergilərin, yaxud ödənclərin ödənilməsi barədə sənəd; 5) xarici dövlətlərdə alınaraq Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənədi, onun qeydiyyat və ya tranzit nişanları. - XV hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması, onun qeydiyyat üzrə daimi və ya müvəqqəti uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və ya dövlət qeydiyyat nişanının verilməsi üçün nəqliyyat vasitəsinin sahibindən bu Qanunla nəzərdə tutulmuş sənədlərdən başqa digər sənədlər tələb etmək qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə”nin: -1.2-ci bəndinə əsasən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər onlara məxsus olan: 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatından keçirməlidirlər. -1.3-cü bəndinə əsasən nəqliyyat vasitəsinin qeydiyyatı sahibinin (hüquqi və ya fiziki şəxslərin) adına, kollektiv mülkiyyətdə olan nəqliyyat vasitələri isə yalnız bir şəxsin adına aparılır. Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları (avtomobillərə iki ədəd, motosikl, traktor və qoşqulara bir ədəd) verilir. -1.5-ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra “qeydiyyat hərəkətləri” adlanır. -1.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: - nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və digər xüsusi məhsul və avadanlıqların istehsal və ya sifariş edilməsini; -nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; -qeydiyyata alınmış nəqliyyat vasitələrinin regionlar üzrə və mərkəzləşdirilmiş uçotunun aparılmasını və bunun təşkili üçün lazımi məlumatların toplanıb hazırlanmasını; -nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının seriyalar üzrə rayonlar arasında bölüşdürülməsini; -özünün struktur bölmələrinin nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi blankları, dövlət qeydiyyat nişanları, eləcə də digər xüsusi məhsul və avadanlıqla təchiz edilməsini; -bu bölmələrə buraxılmış dövlət qeydiyyat nişanları, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və digər xüsusi məhsulların sərfinə nəzarətin həyata keçirilməsini və onların vaxtaşırı təftiş edilməsini; -nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin “bir pəncərə” prinsipi əsasında təşkil edilməsini. - 2.6-cı bəndinə görə nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.2-ci maddəsinə görə daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilən normaların tələblərinin işin faktiki hallarına tətbiqi nəticəsində müəyyən olunur ki, cavabdeh orqan iddiaçının təqdim etdiyi avtomobilin qeydiyyata alınmasından imtinaya əsas kimi nəqliyyat vasitəsi barəsində heç bir sənəd təqdim olunmadığını əsas gətirmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hal avtomobilin qeydiyyata alınmasından imtina əsası kimi çıxış edə bilməz. Belə ki, nəqliyyat vasitəsi barəsində heç bir sənəd olmaması iddiaçının iradəsindən asılı olmamış, iddiaçı avtonəqliyyat vasitəsini mülkiyyətinə keçirməyə çalışmışdır. Göründüyü kimi, avtonəqliyyat vasitəsi barəsində heç bir sənədin olmaması iddiaçının iradəsindən asılı olmayan hal olması öz təsdiqini tapır. Həmçinin Beyləqan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-1661/2023 nömrəli qətnaməsindən görünür ki, 1992-ci il buraxılışlı, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomobilin İddiaçı istifadəsində olması faktının müəyyən edilməsi qət edilmişdir. Belə olan halda nəqliyyat vasitəsi mülki dövriyənin predmetinə çevrilmişdir. İddiaçının faktiki sahibliyində və istifadəsində olan nəqliyyat vasitəsinin üzərində sərəncam vermək hüququnun həyata keçirilməsindən ötrü daşınar əşya olan nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş dövlət reysterindən qeydiyyat keçirilməsi zərurdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki vəziyyətdə avtomobilin dövlət qeydiyyatı aparılmadan və daimi uçota alınmadan, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının olmadan istismarı digər yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyi olması, həmçinin cəmiyyətdə bərqərar olan mülki dövriyyənin sabitliyinin qorunması və digər mülki dövriyyə iştirakçılarının hüquqlarının pozulması ilə nəticələnə bilər. Gələcəkdə baş verə biləcək hər hansı cinayət hadisəsinin, yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti, sığorta hadisəsinin və ya digər hadisənin müəyyən edilməsində çətinliklərə səbəb ol bilər. Həmçinin avtomobilin hazırda iddiaçının qanuni sahibliyində və istifadəsində olması iş materialları ilə öz təsdiqini tapmışdır. Cavabdehin mübahisə predmeti olan nəqliyyat vasitəsi ilə bağlı qeydiyyat hərəkətlərinin aparılmaması iddiaçının mülkiyyət hüququnu reallaşdırılmasına məhkəmə maneə kimi qiymətləndirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, 1992-ci il buraxılışlı, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində İddiaçı adına qeydiyyata alınması və müvafiq sənədləşmə işlərinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Ağcabədi rayon 6 saylı RQBİ-nə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi təmin edilsin. 1992-ci il buraxılışlı, mühərrik nömrəsi MTZ-80 nömrəsiz, «Qaz -53» markalı, xaki rəngli, çənli nömrəsiz-birkasız avtomaşın üzərində İddiaçı adına qeydiyyata alınması və müvafiq sənədləşmə işlərinin aparılması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Ağcabədi rayon 6 saylı RQBİ-nə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-2232/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2232/2024
15.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver