Məhkəmə qərarları › İş №2-1(120)-2232/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2232/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2232/2025 07.04.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 07 aprel 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsindən imtina etməsi əsassız və qanunsuz olduğundan, yəni o, Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Hərbi Prokurorluğundan rəy alınması bildirildiyindən Hərbi Prokurorluğa müraciət etmişdir. Hərbi Prokurorluqdan rəyin Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verildiyi göstərildiyindən rəylə bağlı Baş Prokurorluğa müraciət etmiş və Baş Prokurorluq rəy verməkdən imtina etmişdir. Yenidən o, «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqsinin verilməsindən ötrü Azərbaycan Respubblikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respubblikası Müdafiə Nazirliyi ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsindən imtina etmişdir. Ona görə o, «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən rəy verilməsi məsələsi ilə bağlı xx.xx.2020-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. Bakı İnzibati Məhkəməsindən iş aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1018/2022 saylı qərarı ilə onun iddiası təmin edilmədiyi üçün o, həmin qərardan apellasiya şikayəti vermiş və Şirvan Apellasiya Məhkəməsi onun iddiasının qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/20N saylı qərar qəbul edərək işi yeni baxışa göndərmiş və Şirvan İnzibati Məhkəməsinin hakimi Pərvanə Qurbanovanın icraatında araşdırma zamanı «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilməsi əsas gətirilərək, yəni bu məsələ Şirvan Apellyasiya Məhkəməsinin onun iddiasının qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/20N saylı qərarında da göstərildiyindən iddia dəqiqləşdirildi, ərizə ilə həmin öhdəliyin Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi araşdırma davam etdirildi. Yuxarıda göstərdiyi kimi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/20N saylı qərarında göstərilir ki, «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi üzrə səlahiyyətli orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyidir və Azərbaycan Respublikası Baş Prokurorluğunun rəyin verilməsindən imtina etməsi iddiaçını «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin alması hüququndan məhrum etmir. Ona görə də «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən inzibati icraat açılmalı və icraat nəticəsində bununla bağlı qərar qəbul edilməlidir. Bundan başqa Şirvan Apellyasiya Məhkəməsinin həmin qərarında göstərilir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birlikdə döyüş əməliyyatlarında iştirak edən X3 və X2 055865 nömrəli və 058157 nömrəli «müharibə veteranı» vəsiqələri Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfində verilərkən hər-hansı bir rəy alınmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(106)-116/20N saylı qərarından sonra Şirvan İnzibati Məhkəməsində hakimi Pərvanə Qurbanovanın sədrliyi ilə araşdırma davam etdirildi, araşdırma zamanı P.Qurbanova xx.xx.2024-cü il tarixli, 2-1(120)- 809/2024 saylı qərarı ilə onun iddiasını qismən təmin etdi, yəni mənə «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi məsələsinin həll edilməsi üçün araşdırmanı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə etdiyindən o, hakim Pərvanə Qurbanovanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək iddiasının tam təmin olunması barədə, yəni o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi öhdəliyinin Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdir. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən də hakim Pərvanə Qurbanovanın qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 2-1(120)-809/2024 saylı qərarının ləğv edilməsi haqqında Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verildi. Şirvan Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(106)-382/2024 saylı qərarı ilə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-809/2024 qərarını qüvvədə saxlayaraq ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi məsələsinin həlli edilməsi üçün araşdırmanın aparılmasını Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə etdi. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsindən imtina edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 11240 saylı məktubu xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. O, bu imtinanı qanunsuz və əsassız hesab edir. Ona görə də ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması haqqında qərar qəbul edilməsini xahiş edir. Belə ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.1996cı il tarixə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi olan dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Bununla bağlı Şirvan İnzibati Məhkəməsinin hakimi Pərvanə Qurbanovanın sədrliyi ilə aparılan məhkəmə araşdırması zamanı bütün məsələlər tam olaraq araşdırılmış, sübutlar və sənədlər toplanılmış, onunla Ağdam rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı bir yerdə döyüşmüş və «müharibə veteranı» adını və «müharibə veteranı» vəsiqəsini almış Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayev, müstəntiq Bəbir Fətizadə, mühafizə xidmətinin rəisi Müqasif Quliyev şahid qismində dindirilmiş, onlar ifadələrində onun həmin şəxslərlə bir yerdə Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı döyüşdüyünü təsdiq etmişlər və həmin döyüşdə prokuror Yusif Ağayev ağır yaralanmışdır. Onun birbaşa döyüşdə iştirakını təsdiq edən sənədlər və həmin döyüşdə prokuror Yusif Ağayevin ağır yaralanması haqqında olan sənədlər iddia ərizəsi ilə bağlı Şirvan İnzibati Məhkəməsinin hakimi Pərvanə Qurbanovanın sədrliyi ilə aparılan məhkəmə araşdırması zamanı tam olaraq toplanaraq işə əlavə edilmişdir. Həmin sənədlər məhkəmə baxışı zamanı hakim tərəfindən də sorğu edilməklə rəsmi qaydada alınaraq işə əlavə edilmişdir. O və onunla bir yerdə işləmiş və Ağdam rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşmüş Qarabağ qarnizonu hərbi prokuroru, prokurorun müavini, prokurorun köməkçisi, prokurorluğun müstəntiqi və prokurorluğun digər əməkdaşları həmin dövrdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə əsgər kimi, çavuş kimi, gizir kimi və ya zabit kimi xidmət etmədikləri üçün, yəni ümümiyyətlə onlar həmin dövrdə hərbi hissədə xidmət etmədiyi üçün onun və iş yoldaşlarının döyüşdə iştirak etməyi haqqında Müdafiə Nazirliyində hər-hansı bir sənəd və ya hərbi biletdə hər-hansı bir qeyd yoxdur. Lakin bu o demək deyildir ki, o, döyüşdə iştirak etməmişdir. Bunu da bildirmək istəyir ki, həmin dövrdə o və Qarabağ qarnizonu hərbi prokurorluğunun digər əməkdaşları rəsmi əmrlə Müdafiə Nazirliyinin tabeliyində olan Ağdam rayonu ərazisində yerləşməklə döyüşən N saylı hərbi hissənin təminatına daxil edilmişlər və bu barədə rəsmi əmrdən çıxarış işə əlavə edilmişdir. Araşdırma tam olaraq uzun müddət ərzində məhkəmə tərəfindən aparılmış və araşdırmanın nəticəsində sübut olunur ki, o, Ağdam rayonu ərazisində Azərbaycan Respublikasıının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Beləliklə də o, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələblərinə əsasən «Veteran» statusu qazanmışdır. Onun və Qarabağ qarnizonu hərbi prokurorluğunun digər əməkdaşlarının döyüşməyi haqqında Müdafiə Nazirliyində hər-hansı bir sənədinin və hərbi biletdə hər-hansı bir qeydinin olmamasının səbəbini yuxarıda izah etmişdir. Qarabağ qarnizonu hərbi prokurorluğunda onunla bir yerdə işləmiş və Azərbaycan Respublikasıının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı onunla bir yerdə döyüşmüş Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayevə, prokuror müavini Zumrad Filiyevə, müstəntiq Bəbir Fətizadəyə, mühafizə xidmətinin rəisi X7 Nazirliyi tərəfindən verilmiş 021173 saylı, 080738 saylı, 058157 saylı və 055865 saylı vəsiqədən görünür ki, onlar «müharibə veteranı» adını və «müharibə veteranı» vəsiqəsini almışlar. Onlar müharibədə eyni vəziyyətdə, eyni iş şəraitində olmuşlar, eyni çətinliklərlə üzləşmişlər, ərizə şikayətlərə baxmışlar, material araşdırmışlar, cinayət işi istintaq etmişlər, yerində eyni əsaslarla növbətçilik həyata keçirmişlər və bir yerdə birbaşa döyüşlərdə iştirak etmişlər, lakin hazırkı vaxta kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona «müharibə veteranı» adı və «müharibə veteranı» vəsiqəsi verilməmişdir. Bu ona münasibətdə ədalətin və qanunların pozulması deməkdir. Belə ki, o, 1978-1980-ci illərdə hərbi xidmət keçmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Masallı rayon şöbəsində hərbi qeydiyyatda durur, 1981-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuş, xx.xx.1986-cı ildə həmin Universiteti bitirmiş, xx.xx.1986-cı ildən xx.xx.1993-cü ilə kimi Azərbaycan Respublikası ədliyyə orqanlarında Dövlət notariusu vəzifəsində işləmiş, xx.xx.1993-cü ildən Hərbi Prokurorluqda işləməyə başlamış, yəni xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi, xx.xx.1996-cı ildən xx.xx.2005-ci ilə kimi Lənkəran qarnizonu hərbi prokurorluğunda müstəntiq və böyük müstəntiq vəzifəsində işləmiş, xx.xx.2005-ci ildə isə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuş, həmin vaxtdan Prokurorluqda müxtəlif vəzifələrdə işləmiş, 60 yaşı tamam olduğundan Azərbaycan Respublikası Baş Prokurorun xx.xx.2019-cu il tarixli, 11/147-k saylı əmri ilə «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun 32.2ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə prokurorluqda qulluq keçməyinə xitam verilərək pensiyaya çıxmış və hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Pensiya Təyinatı üzrə Mərkəzi Filalından pensiya alır. O, 06 yanvar 1993-cü ildən 23 yanvar 1996-cı ilə kimi Qarabağ qarinzonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Belə ki, 26 iyun 1993-cü il tarixdə Ağdam rayonu Salahlı-Boyəhmədli kəndi uğrunda qanlı döyüşlər gedirdi. N saylı hərbi hissənin şəxsi heyətindən mühasirəyə düşənlər var idi. Qüvvə çatmırdı. Ona görə Qarabağ qarnizonu hərbi prokurorluğunun əməkdaşlan döyüşə cəlb olundular. Döyüşə prokuror Yusif Ağayevin rəhbərliyi ilə başladılar. Onlarla birlikdə döyüşdə Tofiq Üğurluyevin komandir olduğu «Fədailər» taboru da iştirak edirdi. Onlar silahları hərbi prokurorluqdan almışdılar. Gün ərzində qızğın döyüş getdi. Onlar gərgin döyüşdə iştirak etdilər və mühasirə yarıldı. Döyüşdə hərbi prokuror Yusif Ağayev ağır yaralandı. Həmin döyüşdə o, prokuror Yusif Ağayev, prokuror müavini Zümrad Filiyev, müstəntiq Bəbir Fətizadə (onlar müharibə veteranıdırlar), mühafizə bölməsinin rəisi Müqasif Ağayev, mühafizə bölməsinin əsgərləri və prokurorluğun digər əməkdaşlan iştirak etdilər. Təhlükə aradan qalxdıqdan və bölgə hərbi birləşməyə təhvil verildikdən sonra iş yerlərinə, yəni Ağdam şəhərinə qayıtdılar. Həmin gündən prokurorun müavini Zümrad Filiyev prokuroru əvəz etdi. 1993-cü ilin iyul ayında ermənilər Ağdam rayonun Şıxbabalı-Poladlı kəndləri istiqamətində hücuma keçmişdilər. N saylı hərbi hissənin İsa Mustafayevin komandir olduğu 5-ci tabor mühasirəyə düşmüşdü. Onların mühasirədən çıxarılması üçün döyüş planına uyğun olaraq N saylı hərbi hissənin komandiri Talib Məmmədovun müraciəti əsasında hərbi prokurorluğun əməkdaşlan döyüş əməliyyatlarına cəlb edildilər. Döyüşə hərbi prokuror əvəzi Zumrad Filiyevin rəhbərliyi ilə başladılar. Qarabağ qarnizonu hərbi prokurorluğunun əməkdaşları Ağdam rayonun Poladlı kəndindəki üzümçülük sahəsi istiqamətindən döyüşə girdilər. Döyüşdə o, prokuror əvəzi Zumrad Filiyev, müstəntiq Bəbir Fətizadə (onlar müharibə veteranıdırlar), mühafizə bölməsinin rəisi Miiqasif Ağayev, mühafizə bölməsinin əsgərləri və prokurorluğun digər əməkdaşlan iştirak etdilər. Həmin döyüş nəticəsində İsa Mustafayevin komandir olduğu tabor mühasirədən çıxdı. Silahlar onlara hərbi prokurorluqdan verilmişdi. Hər döyüşdən sonra silahları prokurorluqda təhvil verirdilər. Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi müddətdə belə döyüşlərdə çox iştirak etmişdir. Azərbaycan Respublikasının sabiq Baş Prokuroru, həqiqi Dövlət ədliyyə müşaviri Əli Ömərovun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı hərbi prokurorluq işçilərinin maddi təminatı və onlara verilmiş bölgələrdə olan güzəştlər barədə» xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş əməliyyatları apardığı ərazilərdə olanlar hesab edilmişdir. Azərbaycan Respublikasının sabiq X11 Qaziyevin xx.xx.1992-ci il tarixli, 0314 saylı əmri ilə Azərbaycan Respublikası Hərbi prokurorluğunun, digər qarnizon hərbi prokurorluqlarının və o cümlədən Qarabağ qarnizonu hərbi prokurorluğunun işçiləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. Hərbi prokurorluğun xx.xx.1993-cü il tarixli, 69/93 №-li məktubuna əsasən o, N saylı hərbi hissə komandiri polkovnik Məmmədovun xx.xx.1993-cü il tarixli, N saylı əmri ilə hərbi hissənin təchizatına daxil edilmişdir. N saylı hərbi hissə komandiri polkovnik leytenant E.Əlibəyovun xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kadrlar və hüquqi təminat şöbəsinin rəisi ədliyyə polkovniki Nazim Novruzovun xx.xx.2019-cu il tarixli, HP-10/400 saylı məktubundan görünür ki, o, xx.xx.1993-cü ildən xx.xx.2005-ci il tarixə kimi Respublika Hərbi prokurorluğu orqanlarında xidmət etmişdir. Hərbi Prokurorun xx.xx.1993-cü il tarixli, 014 №-li əmri ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğu orqanlarına işə qəbul olunub Qarabağ qarnizonu hərbi prokurorunun prokuror köməkçisi vəzifəsi üzrə stajor, stajorluq müddəti başa çatdığına görə həmin hərbi prokurorun köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası baş Prokurorunun xx.xx.1996-cı il tarixli, 35 №-li əmri ilə Lənkəran qarnizonu hərbi prokurorluğuna müstəntiq vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2005-ci il tarixli, 09/70-k №-li əmri ilə Saatlı rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsi Azərbaycan Respublikasının Konstitusiyasının Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olmasını və Azərbaycan Respublikasında birbaşa hüquqi qüvvədə olmasını göstərir. Konstitusiyanın 149-cu maddəsinin İ bəndi bərabər mənafelərə bərabər münasibət prinsipini əsas tutur. Konstitusiyanın 25-ci maddəsi isə hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanlarının hər kəsin bərabər hüququnun təmin etməsini ehtiva edir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2014cü il tarixli qərarında göstərmişdir ki, Qanunların eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi ədalətin pozulmasına səbəb olur. Yəni, Qanunlar eyni hüquqi vəziyyətdə olan hər kəsə eyni qaydada tətbiq edilməlidir və heç bir ayrı-seçkiliyə yol verilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsində göstərilir ki, birbaşa döyüşlərdə iştirak etmiş şəxslər «Veteran» statusu qazanır. O, da Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi vəzifəsində işlədiyi xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi olan dövrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Belə ki, zərurət yaranıb, yəni N saylı hərbi hissənin şəxsi heyətindən mühasirəyə düşənlər olduğundan, həmin şəxsləri mühasirədən qurtarmaq üçün fövqəladə situasiya yarandığından N saylı hərbi hissənin komandanlığının müraciəti və prokurorun göstərişinə əsasən hər-hansı bir sənədləşməyə baxmadan prokurorluq əməkdaşları döyüşə cəlb olunub və o, da Qarabağ qarnizonu hərbi prokurorun köməkçisi kimi digər əməkdaşlarla birlikdə həmin döyüşdə birbaşa iştirak etmişdir. Onların döyüşə girməkləri sayəsində mühasirə yarılıb və N saylı hərbi hissənin şəxsi heyəti mühasirədən qurtarılıb. Bunu şahid qismində dindirilmiş Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayev, müstəntiq Bəbir Fətizadə və mühafizə xidmətinin rəisi Müqasif Quliyev ifadələrində bir daha təsdiq etmişlər. Onlar bir-neçə dəfə belə döyüşlərdə iştirak etmişlər, yəni qızğın döyüşlər gedirdi və vəziyyət hər an dəyişikliklərə uğrayırdı, həmin anlarda zəruri müdaxilələr döyüşün taleyini dəyişirdi və ona görə də onlar tərəddüt etmədən öz şəxsiyyətlərini, şərəflərini və torpaqlarını üstün tutaraq həyatlarını və ölümü düşünmədən müraciət olan kimi prokuror başda olmaqla həmin döyüşlərdə iştirak edirdilər. Azərbaycan Respublikası Konstitusiyasmm 76-cı maddəsində göstərilir ki, vətəni müdafiə hər bir vətəndaşın borcudur. Döyüş vaxtı mühasirədə olan insanlann həyatı təhlükədə qaldığından və həmin döyüş həmin vaxtı böyük əhəmiyyət kəsb etdiyindən tənzimlənməyən fövqəladə situasiya yarandığından mənəvi, vicdani və konstitusyon borclarını yerinə yetirərək döyüşmüşlər. Məhkəmə araşdırmasının nəticəsində toplanmış sübutların məcmusu ilə sübut olunur ki, o, Azərbaycan Respublikasının ərazi bötövlüyü uğrunda gedən döyüşlərdə birbaşa iştirak etmişdir. Beləliklə də o, birbaşa döyüşdə iştirak etdiyi üçün «Veteran» statusu qazanmışdır. Yuxarıda göstərdiyi kimi, onunla bir yerdə işləmiş iş yoldaşları, yəni Qarabağ qarnizonu hərbi prokuroru Yusif Ağayev, prokuror müavini Zumrad Filiyev, müstəntiq Bəbir Fətizadə, mühafizə xidmətinin rəisi Müqasif Quliyev onunla bir yerdə birbaşa döyüşdə iştirak etdikləri üçün hər-hansı bir rəy alınmadan Azərbaycan Republikası Müdafiə Nazirliyi tərəfindən onlara «müharibə veteranı» adı və «müharibə veteranı» vəsiqəsi verilmişdir. Ona görə də, hazırkı vaxta kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona «müharibə veteranı» adının və «müharibə veteranı» vəsiqəsinin verilməməsi onun hüquqlarının kobud şəkildə pozulması deməkdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2024-cü il tarixli, 3-25-2/2-Ə-112xx-xx/2024 nömrəli məktubundan görünür ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiaçının iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmadığına, habelə hərbi prokurorluqlarda xidmət edən hərbi qulluqçulara “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verildiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş, məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası hərbi prokurorunun xx.xx.1993-cü il tarixli, 014 nömrəli əmrinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 13 yanvar 1993-cü il tarixli, 13 nömrəli əmrdən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli, 0314 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Hərbi Proktrorlugunun, qarnizon hərbi prokurorluqlarının işçiləri Müdafizə Nazirliyinin bütün növ təminat xərcliyinə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışından görünür ki, N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan 05 aprel 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalşılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 1/Ə-10-567 saylı məktubdan görünür ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən, xx.xx.2020-ci il tarixli arayışdan, xx.xx.2020-ci il tarixli, 10/1407 nömrəli, 24 noyabr 2020-ci il tarixli, 10/1640 nömrəli və 29 dekabr 2021-ci il tarixli xx/xx-2501 nömrəli məktublardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində erməni işğalçılarına qarşı gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsini xahiş etmiş, Baş Prokurorluqdan isə ona qanunvericiliyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verildiyi, həmçinin xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, “Hərbi xidmət haqqında” Qanuna əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmagı və muvafıq hərbi rütbə verilməklə, Azərbaycan Respublikası Hərbi Proktrorluğunun sərəncamına gondərilməyi, yəni hərbi prokurorluq orqanlarında işlədiyi muddətdə həqiqi hərbi xidmət keçməyi və hərbi qulluqçu statusu daşımağı müəyyən edilmədiyi bildirilmiş və rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin olunmuş, N №-li hərbi hissədə ümumi təchizatla təmin edilmiş, N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etdiyi üçün ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini xahiş etmiş, ərizəsinə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2021-ci il tarixli iclasında baxılmış, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuş və Müdafiə Nazirliyi tərəfindən hərbi prokurorluqlarda qulluq keçən hərbi qulluqçulara Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyi bildirilmiş, o, Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edərək, xx.xx.1993-cü ildən xx.xx.1996-cı ilə kimi Qarabağ qarnizonu hərbi prokurorunun köməkçisi vəzifəsində işlədiyi müddətdə xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixə kimi Qarabağ uğrunda Ağdam rayonu ərazisində gedən döyüşlərdə birbaşa iştirak etdiyi nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün müvafiq rəyin verilməsini xahiş etmiş, Baş Prokurorluqdan isə ona qanunvericiliyə əsasən “Müharibə veteranı” adı və vəsiqəsinin döyüş əməliyyatlarında iştirak etmiş, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş, eləcə də döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə döyüşlərdə iştirakı sübut edən müvafiq sənədlər əsasında verildiyi, həmçinin, xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Prokurorlugu orqanlarına qulluğa qəbul edilərək Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, onun hərbi prokurorluq orqanlarında işlədiyi muddətdə həqiqi hərbi xidmət keçməyi və hərbi qulluqçu statusu daşımağı müəyyən edilmədiyi bildirilmiş və rəyin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir (maddə 1.1). Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur (maddə 1.2). Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, cavabdeh ona “müharibə veteranı” adı və vəsiqəsinin Azərbaycan Respublikası Baş Prokurorluğunda yaradılan müvafiq komissiyanın rəyinə əsasən verildiyini bildirmiş, sonuncu isə Qarabağ qarnizonu hərbi prokurorunun koməkçısı vəzifəsində işləməyinə baxmayaraq, onun hərbi prokurorluq orqanlarında işlədiyi muddətdə həqiqi hərbi xidmət keçməyinin və hərbi qulluqçu statusu daşımağının müəyyən edilməməsi səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin tələblərinə əsasən iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Halbuki, iş materiallarına, o cümlədən işdə olan və yuxarıda sadalanan xx.xx.1992ci il tarixli, 0314 saylı əmrə, xx.xx.1993-cü il tarixli, 014 nömrəli və xx.xx.1996-cı il tarixli 35l nömrəli əmrlərə, 23 yanvar 1993-cü il tarixli, 13 nömrəli əmrdən çıxarışa, xx.xx.1993-cü il tarixli, 014 nömrəli əmrə, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə və N saylı hərbi hissə komandiri polkovnik-leytenant E.Əlibəyovun xx.xx.1998-ci il tarixli, 1002 saylı arayışına əsasən İddiaçı köçürmə yolu ilə Azərbaycan Respublikası hərbi prokurorluq orqanlarına qəbul olunmuş və Qarabağ hərbi qarnizon prokurorluğuna stajçı prokuror köməkçisi vəzifəsinə təyin edilmiş, 04 yanvar 1994-cü il tarixdə tutduğu vəzifəyə təsdiq edilmiş, xx.xx.1996-cı il tarixədək həmin qarnizonda xidmət etmiş, N nömrəli hərbi hissədə ümumi təchizatla təmin edilmiş, Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.1994-cü il tarixli, 215 saylı əmrinə əsasən Qarabağ qarnizonu hərbi prokurorluğu Silahlı Qüvvələrin döyüş əməliyyatları apardığı ərazilərdə olan hesab edilmiş və N saylı hərbi hissə xx.xx.1992-ci ildən xx.xx.1994-cü il tarixə kimi tam heyətlə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan İnzibati Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli, 2-1(120)-809/2024 nömrəli qərarından göünür ki, şahid qismində dindirilmiş şəxslər - X8 ifadə verərək bldirmişdir ki, o, Qarabağ qarnizonu Hərbi Prokuroru idi və cəbhənin Füzuli istiqamətində döyüşmüşdür. 1993-cü ilin 12 iyun tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri hücuma keçdi. Ehtimal olunurdu ki, düşmən Ağdam Bərdə avtomobil yolunu kəsəcək və onlar həmin zaman bütün əməkdaşlarla birlikdə vətənləri Azərbaycanın müdafiəsinə qoşulmuşdur. O, həmin döyüş əməliyyatı zamanı yaralanmışdır. İddiaçı onlarla birlikdə döyüşmüşdür. Həmçinin, X4 ifadə verərək bildirmişdir ki, o həmin zaman mühafizə bölməsinin rəisi olmuşdur. İddiaçı ən ön sıralarda vətəni müdafiə edirdi. Onunla birlikdə o da ön sıralarda döyüşüb. Eyni zamanda X6 ifadə verərək bildirmişdir ki, İddiaçı onlarla birgə döyüşlərdə iştirak etmişdir. Hər üç şahid müharibə veteranı statuslarının olduğunu qeyd edərək məhkəməyə müharibə veteranı vəsiqələrini təqdim etmişlər. İş materallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun 07 aprel 2023-cü il tarixli, 2-2-10/4/3-469/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X5 və X1 şəxsi işlərində onlara müharibə veteranı vəsiqəsinin verilməsinə əsas verən rəyin olması müəyyən edilməmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan İddiaçı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi barədə müraciəti üzrə icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam araşdırmamışdır. Halbuki, qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunanlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, rəsmi dövlət orqanlarının sadalanan inzibati aktları İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxs olduğunu təsdiq edir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunsun, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmasınlar. Ali Məhkəmənin hüquqi mövqeyinə əsasən ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman mütləq işin xüsusi halları ilə əlaqələndirilməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağı, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağı nəzərə alınmaqla mübahisənin həllində ədalət meyarı önə çəkilə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli qərarının müddəaları həmin tarixədək Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə iştirakı müəyyən edilmiş şəxslərə tətbiq edildiyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmənin mövqeyinə görə, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlərlə təsdiq edildiyindən iddiaçı «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası (hərəkətləri) qanuna zidd sayılmalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 62, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar