Məhkəmə qərarları › İş №2-1(120)-2233/2024

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2233/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2233/2024 10.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı “X5 Təhsil İdarəsinin tabeliyində olan Laçın rayon Ağbulaq kənd tam orta məktəbində, Laçın rayon Əftəli kənd ümumi orta məktəbində, Laçın rayon 37 saylı tam orta məktəbində 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2020-ci il tarixədək olan dövr ərzində müəllim işlədiyi üçün təyin edilmiş əməkhaqqının məzuniyyət cədvəlinə uyğunlaşdırılaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh X5 Təhsil İdarəsinə qarşı “X5 Təhsil İdarəsinin tabeliyində olan Laçın rayon Ağbulaq kənd tam orta məktəbində, Laçın rayon Əftəli kənd ümumi orta məktəbində, Laçın rayon 37 saylı tam orta məktəbində 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2020-ci il tarixədək olan dövr ərzində müəllim işlədiyi üçün təyin edilmiş əməkhaqqının məzuniyyət cədvəlinə uyğunlaşdırılaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinə əsasən Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək iddia tələbinə “X5 Təhsil İdarəsinin tabeliyində olan Laçın rayon Ağbulaq kənd tam orta məktəbində, Laçın rayon Əftəli kənd ümumi orta məktəbində, Laçın rayon 37 saylı tam orta məktəbində 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2020-ci il tarixədək olan dövr ərzində müəllim işlədiyi üçün təyin edilmiş əməkhaqqının məzuniyyət cədvəlinə uyğunlaşdırılaraq hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Elm və Təhsil Nazirliyi əsl cavabdeh X5 Təhsil İdarəsi ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Laçın rayonunun Ağbulaq kəndində anadan olmuşdur. xx.xx.1971-cı ildə Laçın rayonunun «Ağbulaq» (Qələbə) kolxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci il tarixədək həmin kolxozda işləmişdir. Lakin Laçın rayonu işğal olunduqdan sonra Ağcabədi rayonunun Taxta Körpü ərazisində Ağbulaq obasında məskunlaşmaq məcburiyyətində qalmışdır. 1979-cu ildən 2020-ci il tarixə kimi Laçın rayonunda və Ağcabədi rayonunda olduğu müddətdə müəllim kimi əmək faliyyətini davam etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, X5 Təhsil İdarəsi tərəfindən tərtib edilmiş əməkhaqqı cədvəlində əmək haqqı düzgün hesablanmamış və beləliklə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olan fərdi şəxsi hesabında pensiya kapitalı düzgün hesablanmamışdır. Bununla bağlı dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 02 mart 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, “aparilan xidməti araşdırma zamanı 1 yanvar 2006-cı il tarixdən 1 dekabr 2020-ci il tarixədək olan dövr ərzində İddiaçı fərdi şəxsi hesabında səhvliyə yol verildiyi müəyyən olunmuşdur. İddiaçı fərdi şəxsi hesabında dəqiqləşdirmənin aparılması üçün müvafiq illər üzrə əmək haqqı cədvəllərinin surəti və məktub hazırlanaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Sığorta və Fərdi uçot üzrə mərkəzi filialına göndərilmişdir.” Lakin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən bu günə kimi heç bir addım atılmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh X5 Təhsil İdarəsinin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: Əfətli kənd ümumi orta məktəbinin xx.xx.2022-ci il tarixli, 26 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı 15 sentyabr 2008-ci il tarixdən 2 nömrəli əmrə əsasən 2016-ci tarixə kimi fasiləsiz olaraq müddətsiz əmək müqaviləsi ilə Laçın rayon Əfətli kənd ümumi orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. 15 sentyabr 2016-cı il tarixindən 594 nömrəli əmrə əsasən, 14 iyun 2017- ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanmışdır. Müqavilə yenilənərək 15 sentyabr 2017-ci il tarixindən 10/4№ əmrə əsasən, 14 iyun 2018ci il tarixinədək ehtiyaca görə müddətli əmək müqaviləsi bağlanmışdır. 14 iyun 2018-ci il tarixində 25 nömrəli əmrə əsasən müqavilənin müddəti bitdiyi üçün işinə xitam verilmiş, son hesab çəkilmişdir. Laçın rayon 37 nömrəli tam orta məktəbinin xx.xx.2018-ci il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı orta təhsilli ixtisasca fiziki tərbiyə müəllimi; X-b 2 saat Xanlar oğlu fiziki tərbiyə, Xİ-a 2 saat fiziki tərbiyə, Xl-B 2 saat fiziki tərbiyə Cəmi:6 saat. Əmək müqaviləsinin ləğv edilməsi barədə Soyadı, adı və atasının adı aşağıda göstərilən 37 nömrəli tam orta məktəbin müəllimi müddətli əmək müqaviləsi başa çatdığı üçün Əmək məcəlləsinin 73-cü maddəsinə əsasən 14 iyun 2019-cu il tarixdən əmək müqaviləsinə xitam verilsin və onun yekun hesabı çəkilsin. Laçın rayon 37 nömrəli tam orta məktəbinin xx.xx.2018-ci il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı Orta təhsilli ixtisasca fiziki tərbiyə müəllimi; Vl-c sinfi 2 saat Xanlar oğlu fiziki tərbiyə, X-b sinfi 2 saat fiziki tərbiyə,Xl-a sinfi 2 saat: fiziki tərbiyə, Xİ—b sinfi 2 saat fiziki tərbiyə. Cəmi:8 saat. Əmək müqaviləsinin ləğv edilməsi barədə Adı aşağıda göstərilən 37 nömrəli tam orta məktəbin müəllimi müddətli əmək müqaviləsi başa çatdığı üçün Əmək məcəlləsinin 73-cü maddəsinə əsasən 14 iyun 2018- ci il tarixdən əmək müqaviləsinə xitam verilsin və onun son hesabı çəkilsin. Laçın rayon 37 nömrəli tam orta məktəbinin xx.xx.2016-cı il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı Orta təhsilli ixtisasca fiziki tərbiyə müəllimi; Vlll-b fiziki tərbiyə Xanlar oğlu 2 saat ,X-a fiziki tərbiyə 2 saat ,X-B fiziki tərbiyə 2 saat, Cəmi:6 saat . İddiaçı -Orta təhsilli ixtisasca fiziki tərbiyə müəllimi; Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73 maddəsinin 1-ci bəndinə əsasən 14 iyun 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işinə xitam verilsin və onun yekun hesabı çəkilsin. Laçın rayon 37 nömrəli tam orta məktəbinin xx.xx.2015-ci il tarixli əmrində qeyd edilmişdir ki, İddiaçı Orta ixtisas təhsilli fiziki tərbiyə müəllimi; Laçın rayon Xanlar oğlu 37 nömrəli tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilsin və onunla müvəqqəti əmək müqaviləsi bağlanılsın. Alxanov Atiıxan -14 iyun 2016-cı il tarixdə əmək müqaviləsi bitdiyi üçün Xanlar oğlu onun yekun hesabı çəkilsin. Ə.A.Əsgərov adına Ağbulaq kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 32 nömrəli arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Laçın rayon Ağbulaq kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləmişdir. Elm Və Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyəti dövründə Laçın rayonu Ağbulaq kənd tam orta məktəbində müəllim işləmiş X2 barəsində (SSN-**********278) 2017-ci il üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan B3 hesabatında texniki səhv olaraq aylar üzrə əməkhaqqı düzgün daxil edilməmişdir. İddiaçı 2017-ci il hesabatına qoşmada göstərilən cədvələ (əlavə olunur) uyğun olaraq dəyişiklik edilməlidir. Odur ki, həmin dövr üçün İddiaçı (SSN- **********278) adına qeyd olunmayan məbləğləri həmin dövr üçün əməkhaqqı cədvəllərini işləmiş mühasib X1 (SSN **********534) öz ərizəsi (əlavə olunur) əsasında fərdi şəxsi hesabından 1480.48 (bir min dörd yüz səksən manat 48 qəpik) manat tutularaq, İddiaçı fərdi şəxsi hesabına köçürülməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirik. Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Elm və təhsil naziri tərəfindən qəbul olunmağınız və əməkhaqqınızın düzgün hesablanmaması ilə bağlı 26 yanvar 2023-cü il tarixli 3-29/1-A-13xx-xx/2023 nömrəli müraciətinizə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində baxılmışdır. Bildiririk ki, vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, vətəndaşların Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən qəbulu onların müvafiq təhsil müəssisələrinin, digər qurumların, yerli təhsili idarəetmə orqanlarının, Nazirliyin müvafiq sektor, şöbə və aparatının rəhbərləri, müvafiq nazir müavinləri tərəfindən qəbul edildikdən sonra həyata keçirilə bilər. Əməkhaqqının düzgün hesablanmaması İlə bağlı müraciətə cavab olaraq bildiririk ki, müraciət araşdırılması məqsədilə aidiyyəti üzrə X5 Təhsil İdarəsinə göndərilmiş, aparılan xidməti araşdırma zamanı 1 yanvar 2006-ci il tarixdən 1 dekabr 2020-ci il tarixədək olan dövrdə İddiaçı fərdi şəxsi hesabında səhvliyə yol verildiyi müəyyən edilmişdir. İddiaçı Xanlar oğlunun fərdi şəxsi hesabında dəqiqləşdirmənin aparılması üçün müvafiq illər üzrə əməkhaqqı cədvəllərinin surəti və məktub hazırlanaraq Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə mərkəzi filialına göndərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sorğunuzun Filialın fəaliyyət istiqamətinə uyğun olaraq cavablandırılması, həmçinin məzmununu dəqiqləşdirmək üçün tərəfimizdən Məhkəmənin iclas katibi Fidan Kərimli (əlaqə nömrəsi: ***-***-**-**) ilə işçi qaydada əlaqə saxlanılmış və danışıq zamanı sorğunun İddiaçı fərdi şəxsi hesabında qeydə alınmış məcburi dövlət sosial sığorta haqlarına dair məlumatların təqdim olunması ilə bağlı olduğunu bildirmişdir. Sorğunuzla əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydə alınmış İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatları təqdim edirik. Elm Və Təhsil Nazirliyi X5 Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 1979-2020-ci illərdə Laçın rayonu ümumi təhsil müəssisələrində müəllim vəzifəsində çalışmışdır. Qeyd edək ki, İddiaçı əmək pensiyasının təyin olunması ilə əlaqədar olaraq xx.xx.2006-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində onun fərdi şəxsi hesabında uyğunsuzluqlar müəyyən edilmişdir. Fərdi şəxsi hesabında qeyd olunan uyğunsuzluqlarla əlaqədar olaraq Laçın Rayon Təhsil Şöbəsinin hüquqi varisi kimi X5 Təhsil İdarəsi tərəfindən İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim etmək tələb olunan dövrlər üzrə əməkhaqqı barəsində arayış təqdim edilmişdir. Arayışda İddiaçı işlədiyi dövrlər üzrə əməkhaqqısı qeyd olunarkən həmin sənədi tərtib edən və təsdiqləyən Maliyyə-iqtisadiyyat sektorunun Laçın rayonu üzrə məzkəzləşdirilmiş mühasibatlığında baş mühasibin müavini vəzifəsində çalışmış X3 tərəfindən səhv olaraq təsdiqlənməmiş məzuniyyət cədvəlləri nəzərə alınaraq arayış təqdim olunmuşdur. Təsdiqlənməmiş məzuniyyət cədvəllərində bəzi illərdə İddiaçı əməkhaqqı texniki səhv olaraq artıq göstərilmişdir. Bu səbəbdən artıq sığorta yığımı əldə etmək üçün İddiaçı ona verilmiş əməkhaqqı arayışının məzuniyyət cədvəllərinə uyğunlaşdırılmasını tələb edir. Məzuniyyət cədvəllərində imza və möhür olmadığı üçün vətəndaşın tələbini təmin etmək mümkün deyildir. Qeyd edək ki, arayışı hazırlayarkən səhvə yol vermiş Pərviz Məcnunov ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Arayışda yuxarıda qeyd olunan uyğunsuzluqlar müəyyən edildikdən sonra tərəfimizdən İddiaçı tələb olunan dövrlər üzrə əməkhaqqısını təsdiq edən arayış yenidən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. Qeyd edək ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə fərdi şəxsi hesabı barəsində hesabatlar Laçın Rayon Təhsil Şöbəsi tərəfindən təqdim edildiyi üçün həmin adıçəkilən Təhsil Şöbənin hüquqi varisi kimi X5 Təhsil İdarəsi tərəfindən ancaq xx.xx.2006-xx.xx.2016-cı il tarixədək tələb olunana sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim olunmuşdur. xx.xx.2016-ci il tarixdən xx.xx.2020-ci ilədək olan dövrün maliyyə sənədləri 10 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə aid olduğu üçün tərəfimizdən zəruri sənədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına təqdim edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirirəm ki, 10 saylı ƏMHM-nin hüquqi varisi Qarabağ Regional Təhsil İdarəsidir və İddiaçı müvafiq dövrlərə aid olan zəruri sənədləri əldə etmək üçün bu quruma müraciət etməli olduğu tərəfimizdən bildirilmişdir. Tətbiq olunan hüquq normaları: Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydası: Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı aşağıdakı qaydada əmsallaşdırılır: Orta aylıq əmək haqqı = (ƏN1 x Ə1 + ƏN2 x Ə2+ ...) + ƏN N Burada ƏN1, ƏN2... -tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artırmadan əvvəlki ayrı-ayrı artım dövrələrində işçinin əmək haqqının cəmi; ƏN-tarif (vəzifə) maaşlarının sonuncu kütləvi artımından sonrakı aylar üzrə işçinin əmək haqqının cəmi; Ə1, Ə2...-son kütləvi artımdan sonra tarif (vəzifə) maaşının əvvəlki kütləvi artım dövrlərində tarif (vəzifə) maaşlarına olan nisbətindən alınan təshih əmsalları; N - məzuniyyət haqqı hesablanarkən nəzərə alınan ayların sayı. Məzuniyyət vaxtı üçün orta əmək haqqı əmsallaşdırılarkən tarif (vəzifə) maaşına faizlə (əmsalla) müəyyən edilməyən əlavələr əmsallaşdırılmır. Qanunvericilikdə müəyyən olunmuş tarif (vəzifə) maaşları büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda kütləvi şəkildə artırıldıqda və ya təsərrüfat hesabı müəssisələrdə kollektiv müqavilənin şərtlərinə əsasən tarif (vəzifə) maaşları kütləvi şəkildə artırıldıqda orta əmək haqqının əmsallaşdırılması hazırkı qaydada əsasən həmin müəssisə, idarə və təşkilatlarda müstəqil surətdə aparılır. * Bu siyahı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 177-ci maddəsinə uyğun olaraq əmək məzuniyyəti üçün orta əmək haqqı hesablanarkən tətbiq edilir. ** Müəssisə, idarə və təşkilatlarda normativ hüquqi aktlarda, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat, xidmət illərinə görə mükafat və əmək funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar digər mükafatlar əməyin ödənilməsi sistemləri ilə nəzərdə tutulmuş mükafatlar sayılır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının tələbi ilə bağlı ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməlidir. Məhkəmə hesab edir ki, tələbin təmin edilməməsinin faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Belə ki, cavabdehin məhkəməyə və iddiaçıya ünvanladığı məktubda ziddiyyətli məqamlar mövcuddur və həmin ziddiyyətli hallar aradan qaldırılmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, İnzibati Prosessual Məcəllənin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh X5 Təhsil İdarəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69,73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh X5 Təhsil İdarəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar