Məhkəmə qərarları › İş №2-1(120)-2234/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2234/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2234/2024 08.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadları ilə iddia tələbi dəqiqləşdirilərək “Cavabdeh xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi” kimi davam etdirilməsi və cavabdehlər sırasından X5 çıxarılaraq iş üzrə zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən Bələdiyyə qərarının etibarsız sayılması, çıxarışın ləğv edilməsi, qeyri-qanuni tikililərin sökülməsi və cavabdehin torpağından çıxarılması tələbinə dair Cəlilabad rayon Məhkəməsinə qaldırmış olduğu bu iddia ərizəsinə baxılaraq, 27 oktyabr 2021-ci il tarixdə müvafiq məhkəmə qətnaməsi qəbul edilmişdir. Bu məlum qətnamədən verdiyi apelyasiya şikayəti əsasında Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasında 11 oktyabr 2023-cü il tarixdə işə baxılaraq, 2(106)-59/2023 saylı məhkəmə qərardadı qəbul edilməklə, verdiyi bu şikayətlər qismən təmin edilərək, əslində Cəlilabad rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(073)-55/2021 saylı bu məlum qətnaməsi ’’Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi” tələbinin təmin olunmaması hissədə ləğv edilib, onun isə, məhz iddiaçı olaraq cavabdehlər X4 və Cəlilabad şəhər Bələdiyyəsinə qarşı “Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 06 saylı qərarının etibarsız hesab edilməsi” hissədə tələbi üzrə işin icraatına mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilərək, aidiyyatı üzrə müvafiq inzibati orqana,o cümlədən inzibati məhkəməyə müraciət edilməyi göstərilmişdir. Bu gün Cəlilabad rayon Məhkəməsinə qaldırdığı iddia ərizəsində açıqladığı fikirlər iddia tələbinin mahiyyətini açıqladığına görə bununla bağlı genişliyi ilə digər fikirlər ifadə etməyə zərurət duymur. Bu iddia ərizəsi ilə bir daha qeyd edir ki, Cəlilabad rayon İcra Hakimiyyəti Başçsının 13 noyabr 2008-ci il tarixli 151 saylı müvafiq sərəncamı ilə istifadəsinə verilmiş Cəlilabad şəhəri Qurtuluş küçəsində Bakı-Astara yolunun 213-cü kilometrliyində yerləşən 0,117 ha. torpaq sahəsində cavabdeh X5 tərəfindən özbaşına tikinti işləri aparldığından bu özbaşına tikintisinin dayandırılması tələbinin nəticəsi olaraq, bu gün onun bu torpaq sahəsindən çıxarılması və torpağını boşaltması əsaslı və qanuni tələbkar olub, həm də, bununla yanaşı Cəlilabad şəhər Bələdiyyəsinin 29 aprel 2011-ci il tarixli 6 saylı qərarı qanunsuz və əsassız qərar olduğu ciddi nəzərə alınmaqla, Vüqar Hüseynovun maraqlarına xidmət etdiyindən,bu qərarın da etibarsız sayılmasını təmin edəcək müvafiq məhkəmə qərarının inzibati icraatı qaydasında çıxarılmasına bu gün ciddi zərurət duyur ki, ən azı ona görə ki, ona ayrılmış torpaq sahəsindən qanuni əsaslar üzrə istifadə etməyi mümkün olsun. Haqqında yol verilmiş qanunsuzluqlarla bağlı Cəlilabad rayon Məhkəməsinin də qəbul etdiyi 27 oktyabr 2021-ci il tarixli bu məlum qətnaməsindən verdiyi apelyasiya şikayəti üzrə müvafiq əsaslı açıqlamalar verib, əlbəttə, ona qarşı yol verilən qanun pozuntularını göstərdiyindən., bu barədə geniş açıqlama verilməsinə hazırda zərurət duymur. Ona görə də hesab edir ki, ona aid olan torpaq sahəsi cavabdeh X3 istifadəsindən azad edilməli, boşaldılmaqla ona qaytarılmalıdır və bununla bağlı X1 Hüseynovun maraqlarına xidmət edən 29 aprel 2011-ci il tarixli, 6 saylı bu qərarı da etibarsız hesab edilməli, həm də, bu barədə 3-cü şəxs, Cəlilabad şəhər Bələdiyyəsi üzərinə məcburedici bir vəzifə qoyulmalıdır ki, gələcək bu kimi hallara bir daha yol verilməsin... Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi torpaq sahəsinin planı və ölçüsünə dair A seriyalı 386697 saylı, 12 mart 2012-ci il tarixli qeydiyyata alınmış bu sənədlə X2 20 il müddətinə qanunsuz və əsassız bağlanılmış icarə müqaviləsi də bitdiyindən və Cəlilabad rayon İHB-nın 12 sentyabr 2005-ci il tarixli, 127 saylı sərəncamı ilə bu icarə müqaviləsi qanunsuz tərtib edildiyindən bu sənəddə ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qarar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, idddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İnzibati Prosessual Məcəllə) 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə iddiaçının ərizədə qeyd etdiyi hallara münasibətdə iş materiallarında olan sənədlərə və sübutlara əsaslanaraq müəyyən edir ki, iddiaçının uzun müddətdir ki, mübahisəli əmrdən məlumatı vardır. Belə ki, inzibati orqan tərəfindən xx.xx.2011-ci il tarixli, 06 saylı qərardan xəbəri olmuş və qeyd edilən qərarın etibarsız hesab edilməsinə dair Cəlilabad rayon Məhkəməsində iddia qaldırmışdır. Müddətin axımı inzibati qanunvericiliyə müvafiq olaraq həmin inzibati aktdan iddiaçının məlumatı olduğu vaxtdan başlamışdır. Bundan başqa məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, yoldaşı, yəni İddiaçı savadsız qadındır və bilməyib ki, həmin qərardan şikayət vermək olar.Həmçinin əlavə olaraq bildirmişdir ki, özü də həmin müddətlərdə cəzaçəkmə müəssisəsində olmuşdur və qərardan yalnız 2019-cu il tarixində məlumatlı olmuşdur. Qeyd edilən hallarla bağlı iddiaçıya yazılı yardımdan əlavə məhkəmə iclasında yardım göstərilərək İnzibati Prosessual Məcəllənin müddətlə bağlı tələbləri izah edilmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının mübahisələndirdiyi Cavabdeh xx.xx.2011-ci il tarixli, 06 saylı qərarından vaxtında məlumatı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(120)-5157/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(120)-2234/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 2-1(120)-2234/2024 nömrəli məktubu ilə İddiaçı yardım edilərək qanunvericiliyin müddətlə bağlı tələbləri, həmçinin müddətin bərpası ilə bağlı ərizəninin təqdim edilməsi hüququ izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, qanunla müəyyən edilmiş prosessual müddəti ötürüldüyündən İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2011-ci il tarixli, 06 saylı qərarının ləğv edilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar