Məhkəmə qərarları › İş №2-1(120)-2249/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2249/2023

16.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2249/2023 16.10.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zeynallı Aslan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinə qarşı “2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə Masallı şəhərində, Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinə qarşı “2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1988-ci ilin sentyabr ayından 2001-ci ilin dekabr ayının sonunadək Yardımlı rayonunda yerləşən sabiq "xxxx" Aqrar Sənayev Şirkətində fəhlə işləmişdir. Sonradan adına **********685 nömrəli Dövlət sosial sığorta şəhadətnaməsi verilmişdir. Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edərək 2006, 2008 və 2009-cu illərdə məcburi dövlət sosial sığorta ödənişləri ödəmişdir. Həmin ödənişləri DSMF-nin yerli qurumuna ödəməklə həmin qurumdan ona müvafiq qəbzlər verilmişdir. Lakin sonradan məlum olmuşdur ki, yuxarıda göstərilən ödənişləri mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabında qeydə alınmamışdır. Bununla bağlı müraciət etdikdə isə cavabdeh qurum xx.xx.2022-ci il tarixli məktubunda müraciətini təmin etməyərək, ödənişlərlə bağlı müvafiq hesabatların olmamasını qeyd etmişdir. Halbuki göstərilən ödənişləri cavabdeh qrumun yerli şöbəsinin əməkdaşlarına onların işlədiyi inzibati binada ödəməklə, onların özlərindən bununla bağlı müvafiq qəbz almışdır. Həmin vaxt ona hansısa hesabat verməli olduğu izah edilməli idi. Həmçinin ödədiyi vəsait əsassız olmuşdursa, ondan qəbul edilməməli və ya ona qaytarılmalı idi. Lakin bunların heç biri olmamışdır. Bütün bunlar müracətinin əsassız olaraq təmin edilməməsini göstərir ki, nəticədə onun əmək pensiyası almaq hüququ pozulmuş olur. Hesab edir ki, bu hal əmək pensiyası almaq hüququnun kobud pozuntusudur. Qeyd edilənlərə əsasən 2006, 2008, 2009cu illər üzrə ödəmiş olduğu məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X9 Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş etdi. Cavabdeh nümayəndəsi X6 şifahi məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, onun rədd olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Yardımlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, Yardımlı rayonu, Qabaqdibi kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının Vəlixanlı kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 134 nömrəli arayışından görünür ki, Abiyeva X2 rayonu, Qabaqdibi kəndində yaşayışır. İşdə olan xx.xx.2001-ci il tarixli, 03 nömrəli arayışdan görünür ki, Yardımlı rayonu, Qabaqdibi kənd sakini İddiaçı 1988-2001-ci illərdə Yardımlı rayon "xxxx" aqrar sənaye şirkətində işləmiş və əmək haqqı almışdır. İşdə olan Məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2009-cu il tarixli, seriya CİP № 901433 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2009-cu il üzrə pay torpağına görə 4 manat 70 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan Məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2006-cı il tarixli, seriya ÇİL № 585036 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2005-2006-cı illər üzrə pay torpağına görə 1 manat 40 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan Məcburi dövlət sosial sığorta haqqı üçün xx.xx.2008-ci il tarixli, seriya ÇİL № 589384 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 2008-ci il üzrə pay torpağına görə 3 manat 75 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X9 Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********1 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) Sosial Sığorta və X9 Mərkəzi Filialına daxil olmuş, xx.xx.2022-ci il tarixində **********5 nömrə ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli müraciətiniz Fond tərəfindən araşdırılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, Nazirliyin elektron məlumat bazasında tərəfinizdən 2006, 2008 və 2009cu illər üçün “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar (Forma - B2) və onlara uyğun olaraq təqdim edilməli “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma - B3) aşkar edilməmişdir. Qeyd etmək istəyirik ki, İddiaçı tərəfindən 2006, 2008 və 2009-cu illər üzrə məcburi dövlət sosial sığorta haqları ödənilməsinə baxmayaraq Nazirliyin Mərkəziəşdirilmiş elektron informasiya sistemində (bundan sonra - MEİS) İddiaçı aid sığortaedən kimi uçot məlumatları aşkar edilməmiş, həmçinin İddiaçı tərəfindən 2006, 2008 və 2009-cu illər üzrə təqdim edilmiş Forma B2 məlumatlarına uyğun Forma B3 məlumatları təqdim edilmədiyindən ödənilmiş məcburi dövlət sosial sığorta haqları üzrə məlumatlar fərdi şəxsi hesabında əks olunmamışdır. İddiaçı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında “Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi sığortaçıda uçota alındıqdan sonra 2006-cı il üzrə təqdim edilmiş Forma B2 məlumatları Fond tərəfindən MEİS-ə konvertasiya ediləcəkdir. Həmçinin, İddiaçı “X3” (www.e-gov.az) Nazirliyin təqdim etdiyi xidmətlərdə qeyd olunmuş “Məcburi dövlət sosial sığorta üzrə hesabatların təqdim edilməsi” bölməsinə daxil olaraq Forma B3 məlumatlarını təqdim etmək üçün Fond tərəfindən müvafiq funksionallıqla təmin ediləcəkdir. Əlavə olaraq bildiririk ki, müvafiq dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi məcburi dövlət sosial sığortasını həyata keçirən sığortaç: təşkilatda uçota durmaq, müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq, bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azəıbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Nəzərə almağınızı xahiş edirik. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinə həyat yoldaşınız İddiaçı torpaq mülkiyyətçisi kimi ödədiyi məcburi sosial sığorta haqları barədə ünvanladığınız müraciətinizə Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsinin Sosial sığorta şöbəsində baxılmışdır. Müraciətiniz araşdırılarkən məlum olmuşdur ki, həyat yoldaşınız İddiaçı və digər torpaq payçılanmn adına sığortaedənin uçot nömrəsi (SUN) mövcud deyildir. Eyni zamanda qeyd olunan illər üçün “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar barədə (B3) məlumatların” DSMF-nin Yardımlı rayon şöbəsinə təqdim olunmaması səbəbindən ödənilmiş vəsait vətəndaşın Fərdi şəxsi hesabına işlənməmişdir. Əlavə olaraq qeyd edək ki, hal-hazırda sığortaedənlər tərəfindən dəqiqləşdirilmiş məlumatların təqdim edilməsi prosesi dadandırılmışdır. Bunun üçün hazırlanmaqda olan yeni proqram təminatı istifadəyə verilən kimi proses bərpa olunacaqdır. Nəzərə almağınızı xahiş edirik. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun : 7.8-ci maddəsinə əsasən sığortaedən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əmək haqqı və digər gəlirlər və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına dair məlumatları mühasibat uçotu sənədlərinə uyğun olaraq tərtib etməklə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edir. 7.9-cu maddəsinə əsasən sığortaedən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş müddətdə hər bir sığortaolunanına dair aşağıdakı məlumatları təqdim edir: 7.9.1. sığortaolunanın sosial sığorta nömrəsi; 7.9.2. sığortaolunanın adı, soyadı və atasının adı; 7.9.3. hər bir sığortaolunan üzrə məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (məlumat təqdim olunan dövrün hər ayı üzrə); 7.9.4. hər bir sığortaolunan üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı (məlumat təqdim olunan dövrün hər ayı üzrə). 9.2.1-ci maddəsinə əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında bu Qanunla müəyyən olunan məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək işəgötürənin vəzifələrinə daxildir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2006, 2008, 2009-cu illərdə İddiaçı məcburi dövlət sosial sığorta haqqı ödəmiş, lakin həmin illər üzrə sosial sığorta hesabatı (B3 hesabatı) İddiaçı sosial sığorta hesabına işlənməmişdir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, cavabdeh orqan tərəfindən İddiaçı 2006, 2008, 2009-cu illərdə məcburi dövlət sosial sığorta haqqı ödədiyi müddətdə “Məcburi sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda (Forma B3) ödədiyi məbləğin elektron informasiya sistemində fərdi şəxsi hesabına işlənməsini təmin etməməsi iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinə qarşı “2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinə qarşı “2006, 2008, 2009-cu illər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta ödənişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemində fərdi şəxsi hesabına qeyd edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Sığorta və Fərdi Üçot üzrə Mərkəzinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar