Məhkəmə qərarları › İş №2-1(120)-225/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-225/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-225/2025 27.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 оğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Üçüncü şəxs Şirvan şəhər bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Şirvan şəhər (keçmiş Əli-Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 41 kv.m torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dаir iddiаsı üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bахаrаq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraiət edərək “Şirvan şəhər (keçmiş Əli-Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 41 kv.m torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə qərаr çıхаrılmаsını məhkəmədən хаhiş еtmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 18 aprel 2023-cü il tarixli, 2-1(120)-2088/2023 nömrəli qərardadı ilə Şirvan şəhər bələdiyyəsinin adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçının iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər (keçmiş Əli Bayramlı) Bələdiyyəsi sədrinin 10 avqust 2004-cü il tarixli, 178 saylı sərəncamı ilə ona ünvan 2ndə yerləşən ümumi istifadədə olan ərazidən 41 (qırx bir) kv. m torpaq sahəsi icarəyə verilmiş və 10 avqust 2048-ci ilə qədər icarə müqaviləsi bağlanılmış, illik icarə məbləği hər il tərəfindən Şirvan şəhər Bələdiyyəsinin hesabına ödənilmişdir. Sərəncamdan çıxarış Şirvan şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rəyi ilə rəsmiləşdirilmişdir. Bundan əlavə keçmiş Əli Bayramlı şəhər Bələdiyyəsinin T.İsmayılov küçəsində yerləşən ərazisindən İddiaçı icarəyə verilmiş torpaq sahəsinin yerqurluşu Planı M:2000, M1:10000 miqyasında əlaqədar qurumların imzası və möhürü ilə rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsi tərəfindən Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ona 02 sentyabr 2022-ci il tarixində № **********05 saylı bildiriş göndərilmişdir. Həmin bildirişdə bildirilir ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş, Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialı tərəfindən 17 saylı 14 yanvar 2022-ci il tarixli məktuba əsasən 10 avqust 2004-cü il 178 saylı sərəncamın təsdiq olunmuş surətləri ona yazılı təqdim olunmuşdur. Lakin bununla bərabər yenə 10 avqust 2048-ci ilə qədər icarə hüquqlarını Dövlət qeydiyyatından əsassız səbəbə görə verilmiş imtina üzündən qeydiyyatdan keçirə bilmir. Bundan ötəri də məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. İddiaçı nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsi X4 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, onun məhkəmə tərəfindən təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Üçüncü şəxs Şirvan şəhər bələdiyyəsinin nümayəndəsi X6 məhkəmə iclasında izahatında iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin nümayəndəsinin iştirakı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Əli Bayramlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamından görünür ki, şəhər sakini İddiaçı bələdiyyə hüdudları daxilində sahibkarlıq fəaliyyəti üçün ticarət obyektinin tikintisinə icazə verilməsi, ticarət obyektinin tikintisi üçün şəhərin T.İsmayılov küçəsində yerləşən ümumi istifadədə olan ərazidən 41 kv.m torpaq sahəsinin icarəyə verilməsi və müvafiq icarə müqaviləsinin bağlanması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2004-cü il tarixli, 570 nömrəli torpaq icarəsi müqaviləsindən və plandan görünür ki, T.İsmayılov küçəsində yerləşən ümumi istifadədə olan ərazidən 41 kv.m torpaq sahəsinin 10 avqust 2048-ci il tarixə kimi şəhər sakini İddiaçı icarəyə verilməsinə dair torpaq icarəsi müqaviləsi bağlanmış, torpaq sahəsinin plan-çizgisi tərtib olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********05 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 0.0041 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ********** nömrəli ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞnin 13 saylı Şirvan Ərazi İdarəsində baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki, tərəfinizdən təqdim edilmiş sənədlərin arxiv materialları Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X8 13 saylı Şirvan Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən müraciətinizin icrası mümkün olmamışdır. Əlavə olaraq qeyd edirik ki, sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi və ya alqı-satqı müqaviləsi təqdim edəcəyiniz təqdirdə müraciətinizin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılacaqdır. Yuxarıda göstərilən səbəblərdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətinizin icrasından imtina edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinin məhkəməyə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(120)-2088/2023 saylı, 31.01,2023-cü ıl tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, İddiaçı ünvan 2ndə yerləşən 0.0041 ha torpaq sahəsinə dair icarə hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “torpaq sahəsinin planı və ölçüsü” sənədi təqdim edilməmişdir. Belə ki, ayrılmış torpaq sahəsinin uçotu aparılmalı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilməli idi. Məlumat üçün bildiririk ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 13 saylı Şirvan Ərazi idarəsinə təhvil verilməmişdir. Əlavə olaraq qeyd edirik ki, sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılır. Belə ki, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi və ya alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təqdim ediləcəyi təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəkdir. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, iddiaçının müraciətinin icrasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən, qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 12-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməsinə etiraz edirik. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/-2-10/8033 nömrəli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar qeyd edilmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-3-38/2-3472/2024 nömrəli rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

1. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur.

2. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsinin ayrılması barədə qərarların qəbul olunduğu vaxt hansı məlumat bazasına istinad olunmasının araşdırılması tərəfimizdən mümkün olmamışdır. Lakin, hazırda torpaq sahəsi Azərbaycan Respublikasının Prezidentinin 07 mart 2016-cı il tarixli 818 saylı Fərmanına əsasən Şirvan şəhərində aparılmış elektron kadastr uçot işlərinin nəticəsində tərtib edilmiş Şirvan şəhərinin xəritəsində bələdiyyə mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, tikinti altında olan torpaq sahəsi kimi göstərilmişdir.

3. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud deyil.

4. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir.

5. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsinin koordinatları digər şəxslərin torpaq sahələrinin koordinatları ilə üst-üstə düşmür.

6. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsinin koordinatları daxilində qeyri yaşayış tikilisi mövcuddur və rəyə əlavə edilmiş yerquruluşu planında qeyd olunmuşdur.

7. Bu sualın cavablandırılması səlahiyyətlərimiz çərçivəsində deyil.

8. 10 avqust 2014-cü il tarixli, 570 nömrəli icarə müqaviləsi və Əli Bayramlı şəhər Bələdiyyəsinin xx.xx.2024-cü il taixli, 178 nömrəli sərəncamı əsasında İddiaçı ayrılmış 41.0 kv.m torpaq sahəsinin koordinatları mühafizə-sanitariya zolağına düşmür. Məhkəmə, iddiaçının hazırkı tələblə bağlı ilkin müraciətindən cavabdehin imtinasının qanuniliyini və əsaslığını yuxarıda qeyd edilən sübutlarla yanaşı, aşağıdakı hüquq normalarına uyğun qiymətləndirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1, 139-1.1.1-ci maddələrinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139.3-cü maddəsinə görə, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının- (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsində Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi qeyd edilmişdir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.1-1ci maddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir. Həmin Məcəllənin 67.3-cümaddəsinə əsasən Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, - 6 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı isə cavabdeh inzibati orqanın iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etməsində heç bir qanuni əsas, yəni "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri müəyyən edilməmişdir. Bunun əksi olaraq sözügedən torpaq sahəsi üzərində hüququn qeydə alınması üçün kifayət qədər faktiki və hüquqi əsaslar müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsinə qarşı “Şirvan şəhər (keçmiş Əli-Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 41 kv.m torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdehin imtinasının və etirazının dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin arxiv materialları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 13 saylı Şirvan Ərazi idarəsinə təhvil verilməməsi iddiaçının təqsiri üzündən baş verməmişdir. Həmin sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmamışdır. Həmçinin sözügedən torpaq sahəsi üzərində ilkin prosedur qaydasında bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqəyə çıxarılması, hərrac və ya müsabiqə yolu ilə torpaq sahəsinə dair notarial təsdiq edilmiş icarə müqaviləsi və ya alqı-satqı müqaviləsi iddiaçı tərəfindən təqdim ediləcəyi təqdirdə müraciətin icrası istiqamətində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi qeyd edilsədə, cavabdeh inzibati orqan həmin halın xx.xx.2008-ci il tarixdən sonra bələdiyyələr tərəfindən alqı-satqı, icarə və istifadə haqqında müqavilələr bağlayarkən məcburi hal olmasına diqqət etməmişdir. İddiaçı ilə Əli Bayramlı (Şirvan) Bələdiyyəsi arasında icra müqaviləsi xx.xx.2004-cü il tarixdə bağlanmış və onun əsasında xx.xx.2004-cü il tarixli, 178 nömrəli Sərəncam qəbul edilmişdir. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, Əli-Bayramlı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli Sərəncamı əsasında Əli-Bayramlı şəhəri, T.İsmayılov küçəsində yerləşən torpaqlarından icarə qaydasında İddiaçı sahibkarlıq fəaliyyəti üçün 41 kv.m torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Həmin tarixdə onunla Əli- Bayramlı bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilənin bağlandığını, torpaq sahələrinin yerləşmə cizgilərinin tərtib edildiyi, torpaq sahəsinin planı və ölçüsünün tərtib edildiyi, İddiaçı sahibkarlıq fəaliyyəti üçün ayrılmış 41 kv.m torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları, yerquruluşu plan-çizgisi tərtib olunduğu iş materialları ilə müəyyən olunur. Bununla yanaşı, Əli-Bayramlı bələdiyyəsi İddiaçı arasında 570 nömrəli torpaq icarə müqaviləsi bağlanmış, icra müqaviləsinin müddəti 10 avqust 2048-ci il tarixdək gösətərilmişdir. Həmin xx.xx.2004-cü il tarixli, 178 nömrəli Sərəncamının qanunla müəyyən olunmuş qaydada geri çağırıldığını, ləğv edildiyini, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığını və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməsini cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməsi məhkəmə tərəfindən müəyyən edilmədi. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi iddiaçı tərəfindən təyinatı üzrə istifadə olunur, torpaq sahəsinin əvvəllər və hazırki hüquqi statusu bələdiyyə mülkiyyətindədir, koordinatları üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşmür. Bundan əlavə məhkəmə qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/-2-10/8033 nömrəli ekspert rəyinin nəticə hissəsində texniki səhv olaraq 10 avqust 2014-cü il tarix qeyd olunsa da, əsas hüquqmüəyyənedici sənəd kimi Əli-Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamıdır və məhkəmə tədqiqatı həmin qərar əsasında aparılmışdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək, o cümlədən toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, Şirvan şəhər (keçmiş Əli- Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 41 kv.m torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı müraciətindən cavabdehin imtinası qanuna ziddir və bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinə baxılarkən işin bütün hallarını araşmamışdır. Başqa sözlə, cavabdeh inzibati orqan tərəfindən "İnzibati icraat haqqında" Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparılmamışdır. Bununla da, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulmuş qanunçuluq və mötəbərlik prinsipinin iddiaçıya münasibətdə pozulmasına gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, Şirvan şəhər (keçmiş Əli-Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 41 kv.m torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarış verilməli, həmçinin ekspert rəyinin verilməsi üçün aparılmış tətqiqatın dəyəri cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 13 saylı Şirvan ərazi idarəsindən tutulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tətqiqatın dəyəri 100 (yüz) manatdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4-cü, 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı iddia tələbi təmin edilsin. Şirvan şəhər (keçmiş Əli-Bayramlı) bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 178 nömrəli sərəncamı ilə İddiaçı ayrılmış 41 kv.m torpaq sahəsinə icarə hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 13 saylı Şirvan ərazi idarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22, Hesab №AZ43CTRE********************) köçürülsün. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Sədrlik edən Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar