Məhkəmə qərarları › İş №2-1(120)-2253/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2253/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2253/2025 01.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “1585.59 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “1585.59 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia tələbi onunla əsaslandırmışdır ki, kənd təsərrüfatı sahəsində əkinçiliklə məşğuldur, uzun illərdir ki, pambıqçılıq ilə məşğuldur. 2023-cü ildə 3.47 hektar sahədə pambıq əkmiş, həmin sahədə pambıq əkilməsi ilə əlaqədar 04 aprel 2023-cü il tarixdə “Azərpambıq ASK’' MMC-nin Salyan Pİ və TM filialı ilə 2023-cü il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair 289 nömrəli müqavilə bağlanmışdır. Həmin sahədən 8345,24 kq xam pambıq yığaraq məntəqəyə təhvil vermiş, tələb olunan sənədləri də müvafiq qaydada göndərmişdir. Qanunun tələbi baxımından ona 1585.59 manat Agentlik tərəfindən subsidiya verilməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit İnkişaf Agentliyinə müraciət etmiş, həmin təşkilat tərəfindən subsidiyanın verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 1.2.10-cu bəndinə əsasən məhsul subsidiyası tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə əkin subsidiyasına əlavə olaraq verilən subsidiyadır. Qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən 1585.59 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilir ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydasfna (bundan sonra - Qayda) uyğun olaraq “X2” informasiya sistemi (bundan sonra - EKTİS) vasitəsilə həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Qaydanın 1,2.10-cu yarımbəndinə görə məhsul subsidiyası - tədarükçülərə təhvil verilən bitkiçilik məhsulunun hər tonuna görə verilən subsidiyadır. Qaydanın 2.1-ci bəndinə görə fermerlərə subsidiyaların verilməsinin təşkili bu Qaydaya və xidmət reqlamentlərinə müvafiq həyata keçirilir. Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr, habelə dincə qoyulmuş torpaqlar barədə elektron bəyannaməni (müraciəti), məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri, habelə digər sənədləri və məlumatları SİS-ə daxil edirlər. Qaydanın 3.14-cü bəndinə əsasən məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini və (və ya) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71 -1 -ci və 71 -2-ci maddələrinə uyğun olaraq tərtib edilmiş elektron qaiməfakturaları və ya malların alış aktlarını), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-in altsistemi olan SİS-ə daxil etməlidirlər. Həmçinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi üzrə 2019-cu il 30 dekabr tarixli 05Q nömrəli Qərar ilə təsdiq edilmiş “Məhsul subsidiyasının verilməsi” xidmətinə dair Reqlamentin 16-cı hissəsində qeyd edilmişdir ki, fermer Qaydanın tələblərini pozduqda, habelə subsidiya üçün müraciət etmədikdə ona subsidiya ödənilmir və təqvim ili ərzində büdcədən ayrılan subsidiya məbləği büdcəyə geri qaytarılır. ( Dövlət Xidmətləri Portalı keçid linki https://www.dxr.az/xidmet/22648?lang=az&searchKey=m %C9%99hsul%20subsidiya). Qeyd edirik ki, 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciətlə əlaqədar, pambıq əkini barədə məlumatlar EKTİS-ə daxil edilmədiyi üçün istehsal edib tədarük məntəqəsinə təhvil verdiyi pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına məhsul subsidiyasının ödənilməsi mümkün olmamış və ödənilməməlidir. Əlavə olaraq qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2478/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərarında qeyd edilmişdir ki, fermer məhsulla bağlı məlumatı vaxtında EKTİS-ə daxil etmədikdə ona subsidiyanın ödənilməsi barədə qərarın çıxarılması subsidiya alınması üçün müraciət edən digər fermerləri sənədlərin vaxtında sistemə əlavə edilməsində lazımi məsuliyyət göstərməkdən yayınmağa sövq etməklə yanaşı, subsidiya verilməsinin mexanizmini tənzimləyən qanunvericilik normalarının faktiki işləkliyinin və əhəmiyyətinin itirilməsinə gətirib çıxarır. Göründüyü kimi, İddiaçı subsidiya ödənilməsi üçün müraciət edilməsiylə əlaqədar, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müraciət etməmişdir. Belə olan təqdirdə, İddiaçı subsidiya ödənilməsi qanunvericilik normalarının pozulmasına səbəb olacaqdır. Hesab edirik ki, irəli sürülən iddia əsassız və qanunsuz olduğuna görə təmin olunmamalıdır. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının, cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın növü və mümkünlüyü. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-0061 KOD 80909018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Salyan rayonu Marışlı kənd sakini İddiaçı və ailə üzvlərinə Salyan rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 13 saylı qərarı ilə 3.47 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün mülkiyyətlərinə verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 289 nömrəli müqavilənin surətindən görünür ki, “Azərpambıq ASK’' MMC-nin Salyan Pİ və TM filialı ilə İddiaçı arasında 2023-cü il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair 289 nömrəli müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Salyan Pİ və TM filialı tərəfindən verilmiş Seriya FCD 050275 nömrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı 1708,41 kq pambıq vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin Salyan Pİ və TM filialı tərəfindən verilmiş Seriya FCD 050294 nömrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı 1126,33 kq pambıq vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin Salyan Pİ və TM filialı tərəfindən verilmiş Seriya FCD 050301 nömrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı 1672,49 kq pambıq vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin Salyan Pİ və TM filialı tərəfindən verilmiş Seriya FCD 050302 nömrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı 1708,46 kq pambıq vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin Salyan Pİ və TM filialı tərəfindən verilmiş Seriya FCD 050323 nömrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı 1579,83 kq pambıq vermişdir. İş materiallarında olan "xxxx" MMC-nin Salyan Pİ və TM filialı tərəfindən verilmiş Seriya FCD 050329 nömrəli, xx.xx.2023-cü il tarixli pambıq qəbulu qəbzinin surətindən görünür ki, İddiaçı 549,72 kq pambıq vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-22-2/2-Q-7xxxx-1739/2024 nömrəli məktubundan görünür ki, 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciətlə əlaqədar pambıq əkini barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün təhvil verdiyi kondisiya çəkisi 8345,24 kq pambıq məhsuluna görə ona məhsul subsidiyasının ödənilməsi mümkün olmamışdır. Növbəti illər üzrə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalardan faydalanmaq üçün əkin bəyanlarını EKTİS-ə daxil etməyi tövsiyə olunmuşdur. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 13-5-1/2-268/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək həmin Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15-dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları X2 İnformasiya sisteminə (EKTİS) daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. EKTİS-ə girişi hər bir fermer tərəfindən gücləndirilmiş elektron imza ilə həyata keçirildiyindən, Cəmiyyətimiz subsidiya almaq üçün tələb olunan məlumat və sənədləri fermerin adından EKTİS-ə yükləmək imkanından məhrumdur. Fermerlərin EKTİS-ə yüklədikləri sənədlər və aldıqları subsidiya barədə məlumatlar Cəmiyyətimizin həmin sistemdəki şəxsi kabinetində əks olunmadığından, məhkəmənin bizə yönləndirdiyi 2-ci sual üzrə sənədlərlə təsdiq oluna biləcək məlumatlar Cəmiyyətimizdə mövcud deyildir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 13-5-1/2-281/2025 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq Məhsul subsidiyası ilə bağlı hər il fermerlər Nazirliyin təsdiq etdiyi reqlamentlərlə müəyyən edilmiş müddətlərdə bu Qaydanın 3.8.1 -ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti) və məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri, tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları X2 İnformasiya sisteminə (EKTİS) daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. Bildiririk ki, fermer İddiaçı (AZE: 0*******) ilə Cəmiyyətimiz arasında 2021-ci il xam pambığın alğı-satqısına dair 301 nömrəli, xx.xx.2020-ci il tarixli 4.40 ha, xam pambığın alğı-satqısına dair 289 nömrəli xx.xx.2023-cü il tarixli 3,47 ha, 2024-cü il xam pambığın alğı-satqısına dair 169 nömrəli, xx.xx.2024-cü il tarixli 8,68 ha əkin sahəsinə dair müqavilə bağlanılmış, əkin aparılmışdır. X2 İnformasiya sistemində (EKTİS) elektron bəyannamələrini şəxsi kabinetində bəyan etmiş, 2021-2022-ci mövsüm ilində 14323.99 kq kondisiya çəkidə xam pambıq təhvil verərək 2435.08 manat, 2023-2024-cü mövsüm ilində isə 14907.94 kq xam pambıq təhvil verərək 2435.08 manat subsidiya almışdır. Subsidiyalar fermerin fermer kartına köçürülmüşdür. Lakin 2023-cü ildə isə bəyan tarixi xx.xx.2023-cü ilə qədər olduğuna görə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməmiş və bu səbəbdən də fermer 2022-2023-cü mövsüm ilində 3.47 ha sahədə əkdiyi xam pambıq subsidiyasını İddiaçı verdiyi məlumata görə ala bilməmişdir. Tələb olunan 2021, 2022, 2023 və 2024-cü illər üzrə xam pambığın alğı-satqısı üzrə müqavilələr və pambığın əkini barədə torpaqdan istifadə hüququnu təsdiq edən sənədlər Sizə göndərilir. Digər tələb olunan sənədlər X2 İnformasiya sistemində (EKTİS) olduğundan kənar şəxslərin müdaxiləsi mümkünsüzdür. Yalnız fermer daxil olub sənədlər əldə edə bilər. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Qaydaların 6.2-ci bəndinə əsasən bu Qaydanın həyata keçirilməsi ilə bağlı yaranan mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8ci bəndinə əsasən 2.9-cu bəndinə əsasən, Fermerlər, tədarükçülər və təchizatçılar SİS-də aşağıdakıları həyata keçirirlər: qeydiyyatdan keçməni; kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaq sahələrinin təyinatı üzrə istifadə vəziyyəti və istehsal etdikləri kənd təsərrüfatı məhsulları, kənd təsərrüfatı istehsal vasitələri ilə bağlı apardıqları əməliyyatlar barədə məlumatların verilməsini; subsidiyanın alınması üçün müraciətlərin edilməsi və ərizələrin elektron formada tərtibi, subsidiya ilə bağlı sənədlərin SİS-ə daxil edilməsini; subsidiyalarla bağlı məlumatların əldə edilməsini. Həmin Qaydanın 2.10-cu bəndinə əsasən, SİS-də qeydiyyatdan keçməyən fermerə subsidiya verilmir. Subsidiya almaq hüququ başqa şəxsə ötürülmür. Həmin Qaydanın 2.11-ci bəndinə əsasən, SİS-in digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiyası, habelə məlumat mübadiləsinin təşkili Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən, fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə aşağıdakı sənədləri və məlumatları SİS-ə daxil edirlər:proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti); “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5ci maddəsinə əsasən EKTİS ilə inteqrasiya edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə əldə etmək mümkün olmadıqda, torpaq sahəsinin xüsusiyyətlərini (torpağın məqsədli təyinatı, bonitirovkası) və fermerin istifadə hüququnu təsdiq edən sənədi (2025-ci il yanvarın 1-dən etibarən torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı); kənd təsərrüfatı təyinatlı, habelə digər kateqoriya torpaqlarda məqsədli təyinatı əkin və çoxillik əkmələrin altında olan torpaqların aqrokimyəvi analizinin nəticələrinə dair sənədləri; əkin subsidiyası üçün istifadə edilən kənd təsərrüfatı istehsal vasitələrinin həcmi barədə məlumatı və satınalınmasına dair sənədləri, sığortalanmalı olan bitkilərə münasibətdə isə həmçinin sığorta müqaviləsinin nömrəsini; məhsul subsidiyası üçün kənd təsərrüfatı məhsullarının tədarükçülərə təhvil verilməsini, toxum subsidiyası üçün toxum və tingin satışını təsdiq edən sənədləri; kənd təsərrüfatı kooperativlərinin fəaliyyətini tənzimləyən sənədləri. Fermer bu Qaydanın 3.8-ci bəndi ilə müəyyənləşdirilən sənədlərin və məlumatların SİS-ə daxil edilməsini bilavasitə (elektron qaydada), yaxud DAİM vasitəsilə həyata keçirir. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 3.12-ci bəndinə əsasən, əkin subsidiyası ilə bağlı fermer hər il apardığı əkin, o cümlədən mövcud və yeni salınacaq çoxillik əkmələr barədə informasiyanı SİS-ə daxil edərək, avtomatlaşdırılmış qaydada formalaşan elektron bəyannaməni təsdiq edir və subsidiya almaq üçün müraciət edir. Bu Qaydanın 2.1-ci bəndi ilə müəyyən edilən xidmət reqlamentlərinə və 5-ci hissəsinə uyğun olaraq 30 (otuz) iş günü müddətində aparılan monitorinqin nəticələri nəzərə alınmaqla təsdiq edilən subsidiyanın məbləği 30 (otuz) iş günü müddətində fermerin kart hesabına köçürülür və bu barədə fermerə məlumat (SMS, elektron poçt və ya bilavasitə SİS vasitəsilə) verilir. Fermer müvafiq ödəniş xətti üzrə kart hesabında olan əkin subsidiyası balansından bu Qaydanın 3.13cü bəndinə uyğun olaraq istifadə etdikcə həmin vəsait kart hesabından avtomatlaşdırılmış qaydada təchizatçıların, aqrokimya laboratoriyalarının və ya müvəkkil kredit təşkilatlarının hesabına köçürülür. [21] Həmin Qaydanın 3.13-cü bəndinə əsasən, əkin subsidiyası məbləğinin 25 faizindən nağdlaşdırılaraq, 75 faizindən isə bu Qaydanın 3.12-ci bəndində müəyyən edilən formada əkin üçün kənd təsərrüfatı istehsal vasitələrinin satın alınması, torpaqların aqrokimyəvi analizinin aparılması, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınması, habelə qurulması üçün istifadə olunur. 3.14. Məhsul subsidiyası ilə bağlı fermerlər hər il iyun ayının 1-dək bu Qaydanın 3.8.1-ci yarımbəndində nəzərdə tutulan elektron bəyannaməni (müraciəti), dekabrın 15dək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları SİS-ə daxil etməlidirlər. Dekabrın 15-dən sonra təqdim edilən sənədlərlə bağlı ödənişlər növbəti ilin 2-ci rübündə aparılır. 3.15. Fermerlər toxum subsidiyası ilə bağlı bu Qaydanın 3.8.1-ci bəndində nəzərdə tutulan proqnozları cari il iyun ayının 1-dək, toxum və tingin satışı ilə bağlı məlumatları və sənədləri dekabr ayının 10-dək SİS-ə daxil edirlər və Agentlik bunları təsdiqləyir. 3.16. Bu Qaydanın 3.8-ci bəndində müəyyən edilən şərtlərə uyğun məlumatlar Nazirliyin təsdiq etdiyi reqlamentlərə əsasən SİS-də təsdiqləndikdən sonra bitkiçilik sahəsi üzrə fermerin subsidiya ödənişi həmin ayın sonunda onun hesabına köçürülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Azərpambıq ASK’' MMC-nin Salyan Pİ və TM filialı ilə İddiaçı arasında 2023-cü il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair 289 nömrəli müqavilə bağlanmışdır. İddiaçı 2023-cü ildə 3.47 hektar sahədə pambıq əkmiş, həmin sahədə pambıq əkilməsi ilə əlaqədar 04 aprel 2023-cü il tarixdə “Azərpambıq ASK’' MMC-nin Salyan Pİ və TM filialı ilə 2023-cü il mövsümü üzrə xam-pambıq alqı-satqısına dair 289 nömrəli müqavilə bağlanmışdır. Həmin sahədən 8345,24 kq xam pambıq yığaraq məntəqəyə təhvil vermiş, tələb olunan sənədləri də müvafiq qaydada göndərmişdir. Ona 8345,4 kq pambıq məhsuluna görə subsidiya verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina verilərək 2020-ci il 1 yanvar tarixindən etibarən subsidiyaların verilməsi “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq X2 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Qaydanın tələblərinə əsasən məhsul subsidiyası ilə bağlı fermerlər hər il 1 iyun tarixinədək proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti), 15 dekabr tarixinədək məhsulun tədarükçüyə təhvil verilməsi barədə sənədləri (məhsulun qəbul qəbzlərini), tədarükçülər isə təhvil aldıqları kənd təsərrüfatı məhsulunun növü və miqdarı barədə məlumatları EKTİS-ə daxil etməlidirlər. 2022-2023-cü əkin ili üzrə məhsul subsidiyasına müraciətlə əlaqədar pambıq əkini barədə məlumatları EKTİS-ə daxil edilmədiyi üçün təhvil verdiyi kondisiya çəkisi 8345,24 kq pambıq məhsuluna görə ona məhsul subsidiyasının ödənilməsi mümkün olmamışdır. Növbəti illər üzrə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalardan faydalanmaq üçün əkin bəyanlarını EKTİS-ə daxil etməyi tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının hüquqi marağı üzrə 2022-2023-cü mövsüm ili üzrə tərəfin X2 İnformasiya Sistemi (EKTİS) üzərindən elektron bəyannaməsinin olmadığı müəyyən edilir. Qeyd edilən məlumatın əksini sübut edəcək hər hansı bir sübut təqdim edilməmiş və əldə edilə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh inzibati orqandan tələbinə əsasən 2022-2023-cü mövsüm ildə pambıq əkini üzrə subsidiyanı tələb etməkdə haqlı olmamışdır. Qeyd edilən halları iddiaçının konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrıseçkilik prinsiplərinin pozulması kimi qiymətləndirilməsi düzgün deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, inzibati orqan tərəfindən maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edilməsi və ya tam araşdırılmaması onların konstitusion hüquqlarının, eləcə də bərabərlik və ayrı-seçkiliyin qadağan edilməsi prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cavabdeh orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “1585.59 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1 -ci, 23.1 -ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81 ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı “1585.59 manat subsidiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar