Məhkəmə qərarları › İş №2-1(120)-227/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-227/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-227/2021 19.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, ərizəçi İddiaçı övladının soyadının dəyişdirilərək atasının, yəni İddiaçı soyadına keçirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, övladı Nəcəfli Yusif Röyal oğlunun soyadının dəyişdirilərək atasının, yəni İddiaçı soyadına keçirilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 46.1-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir. Həmin maddənin tələbinə görə iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları, iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Məhkəməyə ünvanlanmış ərizə iddia ərizəsi formasında tərtib edilməmiş, iddia ərizəsi “ərizə” kimi adlandırılmış, cavabdehin prosessual statusu göstərilməmiş, cavabdeh qismində hər hansı inzibati orqan müəyyən edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarının: 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5-ci bəndinə əsasən... həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin, həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Bundan başqa, məhkəmə qeyd edir ki, ərizəçi məhkəmədən övladının soyadının dəyişdirilərək atasının, yəni İddiaçı soyadına keçirilməsini xahiş etsə də, ancaq mahiyyət etibar ilə onun məqsədi atalığın müəyyən edilməsidir. Ərizəçinin nəzərinə çatdırılır ki, inzibati məhkəmə icraatının predmetini inzibati hüquqi mübahisə təşkil edir. Mübahisənin inzibati xarakterli olması və inzibati məhkəməyə aidiyyəti üçün ilk növbədə cavabdeh qismində inzibati orqan (habelə, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs) çıxış etməli, eləcə də mübahisə inzibati orqanın publik (ümumi) hüquq sahəsində həyata keçirdiyi fəaliyyət sahəsində yaranmalıdır. Bu ilkin şərtlərin olmaması inzibati mübahisənin də mövcudluğunu istisna edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 6.2-ci bəndinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Ərizəçi İddiaçı (çatdırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qapalı həbsxanası vasitəsilə) xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(120)- 1577/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli, 2-1(120)-1577/2020 nömrəli və xx xxxxxx 2021-ci il tarixli, 2-1(120)-227/2021 nömrəli məktubla ərizəsinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı hüquqi yardım göstərilsə də, iddiaçı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 46-cı maddəsinin tələblərinə uyğunlaşdırılmış iddia ərizəsini və müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçıya izah edilir ki, o, ümumi məhkəmədə (rayon və ya şəhər) xüsusi icraat qaydasında ərizə verməklə, yəni atalığın müəyyən edilməsi (tanınması) barədə ərizə verməklə qətnamə qəbul edilməsini xahiş edə bilər və nəticədə arzuladığı məqsədə daha tez çatar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iddia tələbinə inzibati icraat qaydasında baxılması inzibati prosessual qanunvericiliyin prinsiplərinə zidd olduğundan İddiaçı iddia tələbi mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar