Məhkəmə qərarları › İş №2-1(120)-2271/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2271/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2271/2022 02.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı оğlunun sədrliyi, X8 оğlunun katibliyi ilə, İddiaçı X3 cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı “doğum haqqında 18 iyun 1972 tarixli 162 saylı doğum qeydində soyadının “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı X4 cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək doğum haqqında 18 iyun 1972 tarixli 162 saylı doğum qeydində soyadının “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsi və doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İddiaçı doğumu haqqında şəhadətnaməsində, pasportunda, ümumvətəndaş pasportunda soyadı “Ağayarov” kimi qeyd edilmişdir. Onun doğumu haqqında akt qeydində isə soyadı səhvən “Səməndərov” kimi qeyd edilmişdir. O, soyadının “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsini cavabdeh orqandan xahiş etmiş, lakin Saatlı rayon Qeydiyyat şöbəsinin 05/Q-317/09 saylı, 17 avqust 2022-ci il tarixli məktubla düzəliş edilməsi barədə ərizənin icrasından imtina olunaraq məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. Lakin, Saatlı rayon Qeydiyyat şöbəsində 18 iyul 1972-ci ilə aid doğum akt qeydləri kitabının 162 saylı doğum haqqında akt qeydində 02 iyul 1972ci il təvəllüdlü X1 doğumu haqqında akt qeydi aşkar edilmişdir. Bu səbəbdəndə Saatlı rayon Qeydiyyat şöbəsinin üzərinə X1 adına olan doğum haqqında 18 iyul 1972-ci il tarixli 162 saylı doğum akt qeydində soyadın “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsi və buna uyğun doğum haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə qəbul edilmiş və tələbə düzəliş edilərək “doğum haqqında 18 iyun 1972 tarixli 162 saylı doğum qeydində soyadının “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilməsinə bахmаyаrаq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi, əlavə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Saatlı rayon Qeydiyyat şöbəsinin İddiaçı ünvanladığı 17 avqust 2022-ci il tarixli, 05/Q-317/09 saylı məktubunda qeyd edilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən ziddiyyətlərin aradan qaldırılması məqsədilə akt qeydində düzəliş və dəyişik edilməsi üçün kifayət qədər əsas olmadığından Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydlərinə düzəliş edilməsi mümkün deyildir. Əlavə olaraq bildirilmişdir ki, tələbinin təmin olunmasına köməklik göstərilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 9.13. bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Saatlı rayon qeydiyyat şöbəsinin arxivində İddiaçı aid akt qeydi aşkar edilməmişdir. Lakin Saatlı rayon qeydiyyat şöbəsində xx.xx.1972-ci il tarixli doğum akt qeydləri kitabının 162 saylı doğum haqqında akt qeydində xx.xx.1972-ci il təvəllüdlü X2 doğumu haqqında akt qeydi aşkar edilmişdir. Qeyd olunan doğum haqqında akt qeydində soyadınızda ziddiyyət mövcuddur Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161 -ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Odur ki, doğum haqqında akt qeydində dəyişiklik edilməsinə dair məhkəmədə iddia qaldırmaq hüququnun olduğu bildirilmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İş materiallarında olan Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti başçısının Mollavazlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 286 nömrəli arayışından görünür ki, İddiaçı Saatlı rayonu Mollavazlı kəndində yaşayır. İş materiallarında olan xx.xx.1972-ci il tarixli, 162 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1972-cı il tarixdə Saatlı şəhərində anadan olmuş və soyadı “Ağayarov” kimi qeyd edilmişdir. İş materiallarında olan Ukrayna Respublikasının ümumi vətəndaş pasportundan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuş və soyadı “Ağayarov” kimi qeyd edilmişdir. İş materiallarında olan Ukrayna Respublikasının vətəndaşının pasportundan görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə anadan olmuş və soyadı “Ağayarov” kimi qeyd edilmişdir. İş materiallarında olan əcnəbilərin bə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınma barədə 81183146 nömrəli bildirişə əsasən iddiaçının soyadı “Ağayarov” kimi qeyd edildiyi müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq bildirilir ki, hazırki işin məhkəmə aidiyyəti müəyyən edilərkən 2 ərizə növü fərqləndirilməlidir. Birincisi, qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə; ikincisi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqan tərəfindən qeydə düzəliş edilməsindən imtina olması ilə bağlı maraqlı şəxslə həmin orqan arasında olan mübahisə üzrə ərizə. birinci, ərizəyə ümumi məhkəmədə, ikinci ərizəyə isə inzibati məhkəmədə baxılmalıdır. Bu barədə izah “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 9.1-ci bəndində də verilib. Hazırki ərizə 2ci növ ərizəyə aiddir, çünki iddiaçı ilə qeydiyyat orqanı arasında mübahisə yaranmışdır. 1ci növə aid olan ərizə o zaman verilir ki, belə mübahisə olmasın. İddia ərizəsindən də görünür ki, iddiaçı qeydin düzgün olmamasının müəyyən edilməsini deyil, qeydə düzəliş edilməsi öhdəliyinin qeydiyyat orqanının üzərinə qoyulmasını tələb edib. Bu baxımdan, hazırkı mübahisə inzibati mübahisə hesab edilir. Bundan başqa nəzərə alınmalıdır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bu növ iddialara baxılmasının inzibati məhkəmələr tərəfindən həyata keçirildiyini nəzərdə tutur. (Bax: Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)- 360/2022 saylı, xx.xx.2022-ci il tarixli) İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdaki qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Həmin Qaydaların 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, hazırda iddiaçının tələbi doğum haqqında akt qeydində soyadının “Səmədovdan”dan “Ağayarova”a dəyişdirilməsi olsa da, o, hazırda ona məxsus çoxlu sayda rəsmi sənədlərdə soyadının “Ağayarov” kimi göstərildiyini əsas gətirərək, doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan xx.xx.1972-ci il tarixli, 162 nömrəli doğum haqqında şəhadətnamədə, Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti başçısının Mollavazlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 286 nömrəli arayışında, Ukrayna Respublikasının ümumi vətəndaş pasportunda və Ukrayna Respublikasının vətəndaşının pasportunda iddiaçının soyadı “Ağayarov” kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1972-ci il təvəllüdlü) istər soyadının “Səmədovdan”dan “Ağayarova”a dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Laçın rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçıların tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı adına olan doğum haqqında 18 iyun 1972 tarixli 162 saylı doğum qeydində soyadının “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsi öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı adına olan doğum haqqında 18 iyun 1972 tarixli 162 saylı doğum qeydində soyadının “Səməndərov”dan “Ağayarov”a düzəliş edilməsi öhdəliyi cavabdeh Saatlı rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Hakim Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar