Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2274/2023 02.05.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçının soyadı və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 02 may 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hazırki “Aslan” adının əvvəlki “Aqşin” adına, “Rəhimli” soyadının isə əvvəlki “Şirəliyev” soyadına dəyişdirilməsi öhdəliyinin cavabdeh Masallı rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1987-ci ildə anadan olmuşdur. Hal-hazırda Masallı rayonu, Şatıroba kəndində qeydiyyatda olmaqla yaşayır. Bildirir ki, ilk doğum şəhadətnaməsində soyadı Şıxəliyev, adı Aqşin, ata adı isə Ayaz kimi yazılmışdır. Həmin doğum şəhadətnaməsində olan soyadı, adı və ata adı əvvəlki sənədlərində də həmin qayda ilə yazılmışdır. Sonradan 2017-ci il tarixdə adını və soyadını qanuni əsaslarla dəyişdirərək soyadını Rəhimli, adını isə Aqşin kimi dəyişdirmişdir. Bu barədə Masallı rayon qeydiyyat şöbəsində ərizəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər edilmişdir. Hazırda adının və soyadının əvvəlki adı və soyadına dəyişmək qərarına gəlmişdir. Bu barədə Masallı rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin adının və soyadının dəyişdirilməsi barədə Masallı rayon qeydiyyat şöbəsi ərizəsindən imtina etmiş və bu barədə ona rəsmi cavab vermişdir. Qeyd etmək istəyir ki, adını və soyadını dəyişdirdikdən sonra bir növ özünü günahkar hiss etmişdir. Atasının ona verdiyi adı və onun daşıdığı soyadı dəyişdirdiyinə görə özünü onun qarşısında günahkar bilir, bu səbəbdən də yenidən öz əvvəlki adına və soyadına qayıtmaq istəyir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Masallı rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış 02 mart 2023-cü il tarixli məktubunda iddiaya qarşı etiraz bildirilmişdir. Məktubda qeyd olunmuşdur ki, X1 rayon “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək adını və soyadını dəyişdirmək istədiyini bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nn tələbinə əsasən müvafiq yoxlama aparılmış və onun adının və soyadının dəyişdirilməsinə mane olan hal müəyyən edilməmişdir. Odur ki, Masallı rayon “Asan xidmət” Mərkəzində QŞ-nin xx.xx.2017-ci il tarixli rəyinə əsasən onun soyadı “Rəhimli”yə, adı “Aslan”a dəyişdirilmişdir. İddiaçı yenidən adını və soyadını dəyişmək istəyi ilə Qeydiyyat şöbəsinə müraciət etsə də, onun xahişini təmin etmək mümkün olmamış, adının və soyadının dəyişdirilməsindən imtina edilmişdir. Belə ki, yuxarıda qeyd edilən “Qaydalar”ın tələbinə əsasən Qeydiyyat şöbəsində adın, soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla). Vətəndaşa cavabdan narazı qaldığı halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən inzibati qaydada Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüqüqunun olması izah edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 05/Q-68-09 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, adınızın və soyadınızın dəyişmək istəməyiniz barədə ərizənizə cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən Sizin adınız və soyadınız Masallı rayon “ASAN xidmət” mərkəzi Qeydiyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə dəyişdirilmişdir. Yuxarıda qeyd edilən “Qaydalar”ın tələbinə əsasən Qeydiyyat şöbəsində adın, soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla). Odur ki, Sizin ərizənizi təmin etmək mümkün olmamışdır. Cavabdan narazı qaldığınız halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüqüqunuz vardır. İş materiallarında olan “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən məhkəməyə daxil olmuş 03 mart 2023-cü il tarixli, PHŞ-6-60/2-281/2023 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Masallı rayon Şatıroba kənd sakini İddiaçı “Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatda durmur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası vətəndaşı xx.xx.1987-ci il təvəllüdlü İddiaçı barədə Dövlət Sərhəd Xidmətində nüfuzdansalıcı məlumatlar qeydə alınmamışdır. Qeyd olunan şəxs 2017-ci ilədək X2 qeydiyyatlardan keçir. O, A.Aşıxəliyev kimi xx.xx.2017-ci il tarixdə, saat 16:55-də “Şirvanovka” SEM-də RF-də müddətdən artıq qaldığı üçün Rusiyadan Azərbaycana deportasiya olunmuşdur. İş materiallarında olan Masallı rayon X9 Polis Bölməsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Masallı rayonu Şatıroba kəndində qeydiyyatda olan xx.xx.1987-ci il təvəllüdlü İddiaçı barəsində Masallı RPŞ-də hal-hazırda hər hansı təqsirləndirici material (sadələşdirilmiş icraat materialı, cinayət işi və s.) olmaması müəyyən edilmişdir. İş materiallarında olan Masallı rayon Türkoba ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İİİ № 971406 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1987-ci ildə Masallı rayonu Şatıroba kəndində doğulmuş, ata qrafasında X7, ana qrafasında anası X3 yazılmışdır. İş materiallarında olan “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” xx.xx.2017-ci il tarixli, AZ-İ № 019737 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1987-ci ildə Masallı rayonu Şatıroba kəndində doğulmuş X5mum soyadı “Rəhimli”yə, adı isə “Aslan”a dəyişdirilmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydində 2017-ci ilin iyul ayının 13 günügndə 68 № ilə qeyd edilmişdir. Məhkəmə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə İddiaçı (xx.xx.1987-ci il tarixdə Masallı rayonunda doğulmuş) ilə bağlı sorğu məktubu göndərilmiş və onun barəsində hər hansı təqsirləndirici materialın (sadələşdirilmiş icraat materialı, cinayət işi və s.) olub-olmamasına dair məhkəməyə bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1987-ci il tarixdə Masallı rayonunda doğulmuş İddiaçı Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar»ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı iddiaçı xx.xx.1987-ci ildə Masallı rayonu Şatıroba kəndində doğulmuşdur və həmin vaxt onun adı və soyadının doğumu haqqında akt qeydində “X5” kimi göstərilmişdir (bu hal mübahisəli deyil). Sonradan iddiaçının soyadı “Şıxəliyev”dən “Rəhimli”yə, adı “Aqşin”dən “Aslan”a dəyişdirilmişdir. Hazırda iddiaçı soyadının və adının əvvəlkinə qaytarılmasını istəyir və bu məqsədlə cavabdehə müraciət etsə də, sonuncu həmin məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6cı maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-cü bəndinə görə ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Həmin Qaydaların 6.25-ci bəndinə görə atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Həmin Qaydaların 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirirsə, onun yetkinlik yaşna çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Həmin Qaydaların 6.27-ci bəndnə görə valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atasının adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Həmin Qaydaların 6.28-ci bəndinə görə valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də, yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin onun soyadının və adının növbəti (ikinci) dəfə dəyişdirilməsindən imtinasını mübahisələndirir. Belə olan halda, nəzərə alınmalıdır ki, mövcud qanunvericilik 18 yaşına çatmış şəxsin soyadını və adını növbəti dəfə dəyişdirməsininin hallarını konkret müəyyən etmişdir və iddiaçının soyadının və adının dəyişdirməsi həmin (NK-nin xx.xx.2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiqlənmiş Qaydaların 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş) halların heç biri ilə uzlaşmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Masallı rayon qeydiyat şöbəsinin imtinası qanuna zidd qiymətləndirilə bilməz. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçının soyadı və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 52-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Masallı rayon qeydiyyat şöbəsinə qarşı «iddiaçının soyadı və adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2274/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2274/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver