Məhkəmə qərarları › İş №2-1(120)-2277/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2277/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2277/2024 28.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “prezidentin imzaladığı fərmana əsasən adına olan kreditin həmin fərmanın şərtlərinə əsasən restrukturizasiya olunmasına köməklik edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “prezidentin imzaladığı fərmana əsasən adına olan kreditin həmin fərmanın şərtlərinə əsasən restrukturizasiya olunmasına köməklik edilməsi” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. Məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC” adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara almışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdar edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iştirak edir, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının və 3-cü şəxsin nümayəndəsi isə iştirak etmir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015- ci ildə Texnikabank ASC-dən 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. xx.xx.2015-ci il tarixdə və xx.xx.2015-ci ildə manat ABŞ dollarına nisbətdə ucuzlaşdı. Hamı kimi o da yüksək kursla kreditin ödənilməsində çətinliklə üzləşmişdir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən problemli kreditlərlə bağlı 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərman imzalanmışdır. Onun da vətəndaş olaraq bu fərmandan qanuna uyğun olaraq yararlanmaq hüququ vardır. Adı restrukturizasiya olunanların siyahısında görünmədi. Səbəbini öyrənmək üçün xx.xx.2019-cu ildə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etmiş və ərizəsi rəsmi olaraq sistemdə qeydiyyata düşdü. Ona deyilib ki, 30 iş günü ərzində sizə cavab veriləcək. Bu günə qədər dəfələrlə müraciət etməyinə baxmayaraq onun işi həll olunmayıb. Vətəndaş olaraq kredit borcunu bu fərmanın şərtlərinə əsasən ödəmək istəyir. Buna səbəb Maliyyə Bazarlarına Nəzarət Palatasının vəzifə tutan işçiləridir. Hazırda onu məhkəməyə veriblər və 6102 ABŞ dolları cərimə və faiz göstəriblər. Cənab Prezidentin verdiyi fərmanda faiz və cərimələr birmənalı olaraq ləğv edilib. Hansısa vəzifə tutan işçilərin günahı ucbatından o niyə bu qanundan yararlana bilmir. Vaxtında sorğu verib onun krediti haqqında məlumatı alsaydılar bu baş verməzdi. xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə müraicət etmişdir. İş 2-l(120)- 3064/2023 nömrəli, xx.xx.2023 -cü il tarixdə cavabdeh tərəf onlara bu iş üzrə onun müraciət etmədiyini əsas gətirmişdir. xx.xx.2023-cü il tarixində rəsmi müraciət etmiş və ona cavab olaraq Cənab Prezidentin imzaladığı fərmanın kredit borcu olan fiziki şəxslərlə kredit təşkilatlarınn yeni kredit müqaviləsnin bağlanması tövsiyyə kimi göstərirlər. Başa düşə bilmir ki, onlar öz vəzifə öhdəliklərini yerinə yetirirdilər və sonra kredit təşkilatı onunla yeni kredit müqaviləsi bağlanmasına tövsiyyə etmirdi. Kredit borcu xx.xx.2015-ci il tarixə - 10000 USD - 7862 manat olub xx.xx.2015-ci il tarixə - 8425.32 USD -8845.74 manat olub xx.xx.2015-ci tarixə - 8425.32 USD - 14323.04 manat olub. Başqa banklara heç bir kredit borcu olmayıb. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2023-cü il tarixli, 6-1/1-Q-9210-0/2023 nömrəli müraciətinizə Azərbaycan Respublikasının Mərkəzi Bankının Apelyasiya Komissiyasında baxılmışdır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Həmçinin nəzərinizə çatdırırıq ki, Fərmanın 6.1-ci bəndinə əsasən kredit təşkilatlarına vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturizasiya) bağlanması tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına (Mərkəzi Bank) qarşı “kredit borcunun restrukturizasiya olunacaq kreditlər siyahısına daxil edilməsi” tələbinə dair inzibati iş üzrə müraciətinizə Mərkəzi Bankda baxılmışdır. Bununla bağlı qeyd olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə dair devalvasiya tarixlərinə, habelə Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cü il tarixinə) kredit borcu barədə heç bir məlumat göstərilmədiyindən sonuncunun adına hər hansı kompensasiya məbləği hesablanmamış, habelə onun borc məbləği restrukturizasiya çərçivəsində qiymətləndirilməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının “ak.fimsa.az” elektron portalında müraciət yaradaraq “sistemdə adım yoxdur” qeydini əlavə etmişdir. Daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə ona kompensasiyanın hesablanmasını tələb etmiş və məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Qeyd edilən qərar Mərkəzi Bank tərəfindən icra edilmiş və kompensasiya məbləği vətəndaşın sərəncamına verilmişdir. Kredit borcunun restrukturizasiyasına gəlincə isə qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirik ki, hazırki iş üzrə İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edəsiniz. Azərbaycan Respublikasi Baki İnzibati Məhkəməsinin məhkəməyə xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidnetinin 28 fevral 2019- cu il tarixli Fərmanının tələblərinə əsasən kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi və kompensasiyanın iddiaçıya ödənilməsini təmin edən tədbirlərinin görülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, № 2-1 (112)-4714/2020 saylı qərarı ilə iddia tələbinin təmin edilməsi və “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit (borc) müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 7555.21 (yeddi min beş yüz əlli beş manat 21 qəpik) kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilməsi qərara alınmışdır. Sözügedən məhkəmə qərarı xx.xx.2021 -ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 22.01,2021-ci il tarixli, № 16-00183-2021 saylı məktubu ilə bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, № 2-1(112)-4714/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmuş vəzifələr icra edilmiş, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq hesablanmış kompensasiyaları alacaq fiziki şəxslərin siyahısı həmin Fərmanın 3.2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3064/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “prezidentin imzaladığı fərmana əsasən adına olan kreditin həmin fərmanın şərtlərinə əsasən restrukturizasiya olunmasına köməklik edilməsi” tələbinə dair iddiası iddiaçının cavabdehə hazırki tələblə bağlı müraciəti olmadığı üçün mümkün hesab edilməmişdir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Plenumun qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana 2019-cu ilin dekabr ayının 31-dək müraciət etməmişdir.Və bu səbəbdən də Şirvan İnzibati Məhkəməsi tərəfindən tələbi mümkün hesab edilməmişdir. Onun müraciəti yalnız xx.xx.2019-cu il tarixdə ləğv olunmuş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının “ak.fimsa.az” elektron portalında müraciət yaradaraq “sistemdə adım yoxdur” qeydini əlavə etməklə olmuşdur ki, daha sonra iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona kompensasiyanın hesablanmasını tələb etmişdir. Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia tələbinin əsasında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxış edir. Belə ki, iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmənin icraatına 3-cü şəxslər qismində cəlb edilməklə «kompensasiya hesablanması və müvafiq siyahıya salınma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4714/2020 nömrəli, 11 noyabr 2020-ci il tarixli qərarına əsasən onun iddia tələbi təmin edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tələblərinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 10 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə kompensasiya ödənilməsi üçün İddiaçı 7555.21 manat kompensasiya hesablanması və kompensasiya ödənişi edilməli olan fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilmişdir. Göründüyü kimi məhkəmə hüquqi mövqe nümayiş etdirərək həmin iddianın təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul etmişdir ki, yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır və icra olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçının adı müvafiq siyahıya əlavə edilərək Azərbaycan Respublikası Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci hissəsinə əsasən kompensasiya ödənişi, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının yönəldilməli olduğundan, hesablanmış 7.555,21 manat kompensasiya iddiaçının ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi ödəniş müddəti keçmiş kredit borcununun ödənilməsinə yönəldilmişdir. Beləliklə də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019cu il tarixli Fərmanında qeyd olunan güzəştlərdən vətəndaş yararlanmışdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Eyni zamanda, qeyd olunur ki, məhkəmə, həmçinin hazırkı iş üzrə AR İPM-nin 13-cü maddəsinin tələbinin nəzərə alınması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, “məhkəmənin yardım etmək vəzifəsi” inzibati məhkəmə icraatının həyata keçirilməsinə yönələn məhkəmə icraatının təməl prinsiplərindən biri hesab olunur. Maddənin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iddiaçıya 01 oktyabr 2024-cü il tarixli hüquqi yardım məktubu ünvanlamış, həmçinin proses zamanı da yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halları iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış,mümkünsüzlük şərtlərini izah etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar