Məhkəmə qərarları › İş №2-1(120)-2279/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2279/2025

27.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2279/2025 27.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X12 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6GF9MUH0010 nömrəli qərarı ilə X13 təyin edilmiş əlilliyin dərəcəsi dəyişdirilərək, ağır dərəcəli əqli gerilik diaqnozu ilə orqanizm funksiyalarının pozulmasının 85- 100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “X13 təyin edilmiş “F84.0-uşaq autizimi F71.1-orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə İQ-41” diaqnozunun və orqanizm funksiyasının 61-81 faiz pozulmasına görə əlillik təyin olunması barədə qərarın ləğv edilməsini, ona 20 dekabr 2023-cü il tarixdən ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə diaqnozu ilə orqanizm funksiyasının 81-100 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin olunması öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı məhkəməyə ərizə təqdim edərək və iddia tələbinin dəyişdirilərək “Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6GF9MUH0010 nömrəli qərarı ilə X13 təyin edilmiş əlilliyin dərəcəsi dəyişdirilərək, ağır dərəcəli əqli gerilik diaqnozu ilə orqanizm funksiyalarının pozulmasının 85-100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, övladı X15 19 dekabr 2005-ci ildə anadan olmuşdur. Onda anadangəlmə autizm xəstəliyi olmuş, bununla bağlı əlillik təyin olunmaqla pensiya almışdır. 18 yaşı tamam olduqdan sonra yenidən müayinələrə göndərilmiş, ona "F71 Orta dərəcəli əqli gerilik, orta dərcəli əqli gerilik. İQ-41" diaqnozu qoyulmaqla, müddətsiz 2-ci dərəcə əlillik verilmişdir. Lakin Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəsinə əsasən əmək qabiliyyətsiz hesab edilmişdir. Bundan başqa X1 və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası" publik hüquqi şəxsinin rəylərinə əsasən "F84.O-Uşaq auitizmi. F71.1- Orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. İQ-41" diaqnozu qoyulmuşdur. Övladının qəyyumluğu ilə əlaqədar məhkəməyə müraciət etmiş və ambulator məhkəmə psixiatrik ekspertizasının 31 iyul 2024-cü il tarixli, 2228 saylı rəyi ilə oğlu Murada "Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə" diaqnozu qoyulmaqla, onun öz hərəkətlərinin mənasını anlaya bilməməsi, öz hərəkətlərini idarə etmək iqtidarında olmaması qeyd olunmuş, nəticə olaraq tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuş, Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 26 noyabr 2024-cü il tarixli, 252 saylı sərəncamı ilə anası qəyyum təyin olunmuşdur. Bundan sonra "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiltasiya Agentliyi" Publik Hüquqi şəxsinə 26 avqust 2024-cü il tarixdə Murada təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilərək, ona 1-ci dərəcə, yəni orqanizm funksiyasının 81-100 faiz pozulmasına görə əlilliyin təyin olunması ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin halhazıradək dəfələrlə qaynar xəttə müraciətimin nəticəsi ilə əlaqədar müraciət etsəm də, heç bir nəticəsi olmamışdır. Göstərdiyi hallara əsasən hesab edir ki oğlu X20-Sosial Ekspert Komissiyası tərəfindən düzgün diaqnoz və qoyulmamış, əlillik dərəcəsi düzgün təyin olunmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlarf’na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi- sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim- məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X18 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Cəlilabad rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən dəyişdirilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6GF9MUH0010 nömrəli qərarı xx.xx.2024-ci il tarixdə “əlillik” altsisteminə daxil edilmiş, daha sonra iddiaçı tərəf qeyd edilən qərarları razı olmayaraq müvafiq müraciət etmişdirlər. Cəlilabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-(073)- 789/2024 saylı qətnaməsi üzrə İddiaçı ərizə təmin edilmiş, 19 dekabr 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və və xx.xx.2024cü il tarixdə icraya yönəldilmişdir. Cəlilabad rayonunda qeydiyyatda olan X16 barəsində Cəlilabad rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərarına əsasən fəaliyyət qabiliyyəti məsələsinə dair keçirilən Məhkəmə Psixiatiriya Ekspertizası Mərkəzi PHŞ-in xx.xx.2024-cü il tarixli, 2228 saylı rəyinə əsasən X9 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edildiyindən İddiaçı xx.xx.2024-cü il tarixdə yeni sübutlar üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sübutlarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğun şəkildə rəsmi ərizə ilə müraciət edərək Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6GF9MUH0010 nömrəli qərarının dəyişdirilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5 Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, 6GF9MUH0010 nömrəli qərarının surətindən görünür ki, X14 ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İş materillarında olan Cəlilabad rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-117/-1-108-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizəçi İddiaçı 19 dekabr 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair mülki iş üzrə xx.xx.2024-cü il tarixli, 2-(073)-789/2024 saylı qətnamə qəbul olunmuş, ərizə təmin edilmiş, 19 dekabr 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-7511/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Bildiririk ki, X10əlillik vəziyyəti Lənkəran şəhər Psixiatriya Xəstəxanasının Z00180376NRİ nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən müddətsiz orqanizmin funksiyalarının 65 faiz pozulması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Psixiatriya Xəstəxanası PHŞ-in məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 476 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2005-ci il tarixdə Cəlilabad rayon Gülməmmədli kəndində anadan olan X16 xx.xx.2023-cü il tarixində Cəlilabad RMX-nın göndərişi ilə Lənkəran şəhər Psixiatriya Xəstəxanasıda ambulator müayinə olunub və “F84.0-Uşaq autizmi. F71.1-Orta dərəcəli əqli gerilik, ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. İQ-41 diaqnozu qoyulub”. Xəstənin sənədləri xx.xx.2024 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib, xəstəyə İİ dərəcəli əlillik (müddətsiz) təyin edilib. İş materiallarında olan sənədlərdən görünür ki, Cəlilabad rayonunda qeydiyyatda olan X16 barəsində Cəlilabad rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərarına əsasən fəaliyyət qabiliyyəti məsələsinə dair keçirilən Məhkəmə Psixiatiriya Ekspertizası Mərkəzi PHŞ-in xx.xx.2024-cü il tarixli, 2228 saylı rəyinə əsasən X9 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və halhazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə körpəlik dövründə sepsis keçirməsi, erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməklə tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar məktəbciə oxumaması, xəstəliyi ilə əlaqədar Bakı şəhər X6 müalicədə olması, xx.xx.2023-cü il tarixdə X3 baş həkimi Ramil Hüseynzadə tərəfindən müayinə olunaraq "Uşaq autizmi Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə. İQ- 41" diaqnozunun müəyyən edilməsi, AR SN-nin Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2024-cü il tarixdən 26.01,2024-cü il tarixə kimi “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə" diaqnozu ilə adı göstərilən xəstəxanada stasionar müalicədə olması, əqli genliyi, əsəbiliyi, davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, narahatlığı, həmçinin hərdən fizioloji ifrazatları ilə natəmiz olması, qeyri müəyyən səslər çıxarması, AR ƏƏSMN TSEK tərəfindən elektron arayışında göstərilir ki, X16 xx.xx.2024-cü il tarixdə müayinə edilərək "Orta dərəcəli əqli gerilik" diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, göstərilənlərlə əlaqədar hal-hazırda yaşayış yeri üzrə poliklinikanın psixiatrik kabinetində qeydiyyatda olmaqla evdə sakitləşdirici müalicəni qəbul etməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi sübut edir. İİ Yekun hissəsi: Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə psixatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallara cavab X11 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. 3-cü və 4-cü suallara cavab: X16 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X16 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X11 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun: -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Qərarın: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81- 100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Meyarlar üzrə: Əqli gerilik – F70-F73 Əqli gerilik zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - anadangəlmə və ya erkən neyronal inkişafla əlaqəli olub əqli geriliyə səbəb olan (genetik xəstəliklər, hamiləlik və doğuş zamanı patologiyalar, infeksiyalar, intoksikasiyalar, prenatal və ya postnatal dövrdə beynin digər zədələnmələri, həmçinin digər səbəblər); - İQ qiymətləndirilməsi əsasında müəyyən edilən intellektual funksiyaların pozulması dərəcəsi; - əsas həyat fəaliyyəti sahələrində adaptasiya səviyyəsi. Yanaşı davranış pozuntularının olması və təzahür dərəcəsi (məsələn, hiperaktivlik, impulsivlik, aqressiya). Qiymətləndirmə: 7.2.3. ağır dərəcəli əqli gerilik İQ 20-34: özünəxidmət, verbal əlaqə, sadə gündəlik vəzifələri yerinə yetirə bilməməsi və daimi qayğıya ehtiyacın olması (F70-F73) - 85-90 % müddətsiz “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən X2 şəhər Psixiatriya Xəstəxanasıda ambulator müayinə olunub və “F84.0-Uşaq autizmi. F71.1-Orta dərəcəli əqli gerilik, ciddi qulluq və müalicə tələb edən davranış pozuntuları ilə. İQ-41 diaqnozu qoyulub”. Xəstənin sənədləri xx.xx.2024 tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspert Komissiyasına göndərilib, xəstəyə İİ dərəcəli əlillik (müddətsiz) təyin edilib. Cavabdeh həmin göndəriş əsasında X14 İİ dərəcəli əlillik (müddətsiz) təyin etmişdir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçıda “F70-F73” xəstəlikləri anadangəlmə olduqlarından əziyyət çəkməsini konkret demək mümkündür. İddiaçının hüquqi marağı övladına təyin edilən ikinci dərəcəli müddətsiz əlilliyin orqanizm funksiyalarının pozulmasının 85-90 faiz dərəcəsinə uyğun müddətsiz əlillik ilə dəyişdirilməsi ilə bağlı olmuşdur. Əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada hazırkı mübahisəyə münasibətdə inzibati orqanın qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cəlilabad rayon Məhkəməsinin Şirvan İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2025-ci il tarixli, 5-117/-1-108-2025 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizəçi İddiaçı 19 dekabr 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair mülki iş üzrə xx.xx.2024-cü il tarixli, 2- (073)-789/2024 saylı qətnamə qəbul olunmuş, ərizə təmin edilmiş, 19 dekabr 2005-ci ildə Cəlilabad şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və xx.xx.2024-cü il tarixdə icraya yönəldilmişdir. Qətnamənin verilməsinə əsas sübut Məhkəmə Psixiatiriya Ekspertizası Mərkəzi PHŞ-in xx.xx.2024-cü il tarixli, 2228 saylı rəyi əsas olmuşdur.Rəyə əsasən X11 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. X16 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X16 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X11 müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə hesab edir ki, iddiaçı övladına təyin edilən ikinci dərəcəli müddətsiz əlilliyin orqanizm funksiyalarının pozulmasının 85-90 faiz dərəcəsinə uyğun müddətsiz əlillik ilə dəyişdirilməsini tələb etməkdə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Tibbi sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 6GF9MUH0010 nömrəli qərarı ilə X13 təyin edilmiş əlilliyin dərəcəsi dəyişdirilərək, ağır dərəcəli əqli gerilik diaqnozu ilə orqanizm funksiyalarının pozulmasının 85- 100 faiz dərəcəsinə uyğun olaraq müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar