Məhkəmə qərarları › İş №2-1(120)-228/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-228/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-228/2022 02.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi X6, Üçüncü şəxs Ağcabədi Bələdiyyəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 02 dekabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, Ağcabədi bələdiyyəsi tərəfindən alqı-satqı qaydasında fərdi yaşayış evinin tikintisi üçün ona satılmış 0,02 ha həyətyanı torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən çıxarışın və plan-ölçü sənədlərinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Ağcabədi Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclasının qərarına əsasən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində Ağcabədi bələdiyyəsinin ehtiyat fond torpağından fərdi yaşayış evinin tikintisi üçün ona 0.02 ha həyətyani torpaq sahəsi alqı-satqı qaydasında satılmşdır. Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Torpaqların alqı-satqı qaydalarına əlavə barədə sərəncamına əsasən alqı-satqı üçün Ağcabədi bələdiyyəsinin hesabına əvvəlcədən 100 manat pul ödəmiş, bunun müqabilində Ağcabədi bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsinin iştirakı ilə 25 sentyabr 2006-cı il tarixli”Torpağın alqı-satqısına dair” Akt tərtib edilmişdir. Həmin akt Ağcabədi rayon Torpaq şöbəsində 25 sentyabr 2006-cı il tarixdə 132 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra həmin torpaq sahəsi ona satılmışdır. Bu torpaq sahəsinin həyətyanı məqsəd üçün, fərdi yaşayış üçün tikintisi məqsədilə ona verilməsi barədə Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli, 99 saylı rəyi də verilmişdir. Bundan əlavə ona 0,02 ha həyətyani torpaq sahəsinin verilməsi barədə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağcabədi rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü xəritəsi də verilmişdir. Həmin plan və ölçü sənədi Dövlət Torpaq kadastr kitabında A N: 507658 nömrə ilə uçota alınmışdır. Ona satılmış 0.02 ha həyətyanı torpaq sahəsinə tam mülkiyyət üzrə çıxarışın və plan ölçü sənədlərinin alınması ilə əlaqədar DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə dəfələrlə müraciət etmiş və nəhayət axırıncı dəfə xx.xx.2021-ci il tarixdə müraciətinə imtina cavabı verilmişdir. 6 saylı Beyləqan Ərazi İdarəsinin ona verdiyi xx.xx.2021-ci il tarixli, **********74 saylı imtina cavabında göstərilir ki, mülkiyyət hüququnun qeydə alınmasından imtina edilir, səbəbi də DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş AN:507658 saylı “Torpaq sahəsinin plan və ölçüsü sənədi”ndə imza və möhürün olmaması bəhanə edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Torpaq sahəsinin plan və ölçüsü sənədi ona sentyabr 2006-cı il tarixdə verilmiş və bunun əsasında Ağcabədi bələdiyyəsi ona 0,02 ha həyətyanı torpaq sahəsi satmışdır. DT və XK-si və onun yerdəki qurumları Respublika Prezidentinin mövcud sərəncamına əsasən 2014-cü ildə ləğv edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə daxil olmuş iddiaya qarşı etirazında bildirilmişdir ki, iddiaçının Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq, daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elekton məlumat bazası ilə eyniləşdirilərkən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə bildirirlər ki, ərizəçi tərəfindən təqdim edilmiş sənədlərin ekspertizası zamanı ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması aşkar edilmişdir. Həmçinin, Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyi və yerquruluşu sxemi ərizəçinin müraciətinə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə imtina haqqında bildiriş verilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkünsüzlüyünə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X7 iddia tələbinin əsaslı olduğunu və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İş materialarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********74 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Daxil olmuş müraciət əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və müvafiq inventarlaşdırma (çöl ölçmə) işləri aparılaraq sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin edilmişdir. Təyin edilmiş döngə nöqtələrinin koordinatları Ərazi İdarəsinin elekton məlumat bazası ilə eyniləşdirilərkən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi müəyyən edilmişdir. Bundan əlavə təqdim edilmiş sənədlərin ekspertizası zamanı ərizəyə əlavə olunmuş ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması aşkar edilmişdir. Həmçinin, Ağcabədi rayon bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyi və yerquruluşu sxemi müraciətə əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılaraq hüquqların dövlət qeydiyyatı aparılır. Yuxarıda qeyd edilənlər nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələbləri qaydasında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən, Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolu ilə ayrılmış 0,02 ha torpaq sahəsi üzərində ərizəçinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 10 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinin icrasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2004-cü il tarixdə Ağcabədi rayon Polis Şöbəsi tərəfindən verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1947-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2006-cı il tarixli, 99 saylı rəyindən görünür ki, şəhər sakini İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0,02 ha olmaqla, yaşayış evi tikintisi üçün yararlıdır və həmin məqsəd üçün satılması qanuna müvafiqdir. İş materiallarında olan Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 saylı iclas protokolundan çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ağcabədi bələdiyyəsinin ehtiyat fondu üçün ayrılmış alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi üçün 0.02 ha torpaq sahəsinin alqı-satqı qaydasında Ağcabədi şəhər sakini İddiaçı satılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 22 sentyabr 2006-cı il tarixdə tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 sentyabr 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə ərizə ilə Ağcabədi bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Ağcabədi Bələdiyyəsi ərazisində 0,02 ha torpaq sahəsinin ona satılması barədə 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərar qəbul edilmiş, bunun müqabilində İddiaçı tərəfindən əvvəlcədən 100 manat məbləğində haqq ödənilmişdir. İş materiallarında olan cavabdeh təşkilat tərəfindən məhkəməyə təqdim və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən xx.xx.2021ci ildə təsdiq olunmuş “Torpaq sahəsinin planı və ölçüsü” haqqında sənəddən görünür ki, "Torpaq sahəsinin planı və ölçüsü” Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə Ağcabədi şəhər sakini İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış 200 kv.m torpaq sahəsi ilə bağlı tərtib edilmiş və X10 kitabında A № 507658 nömrə ilə uçota alınmışdır. Beləliklə, işin məhkəmə araşdırılması ilə məlum olur ki, Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, ev 21 ünvanında yaşayan, Ağcabədi şəhər sakini İddiaçı 01 sentyabr 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə ərizə ilə Ağcabədi bələdiyyəsinə müraciət etmiş, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Ağcabədi bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli iclasının protokoluna əsasən ehtiyat fondu üçün ayrılmış alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədi üçün 0,02 ha torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı satılması qərara alınmış, bu barədə 22 sentyabr 2006-cı il tarixdə torpaqların alqı-satqısına dair Akt tərtib olunmuş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış 200 kv.m torpaq sahəsi ilə bağlı “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş və X10 kitabında A № 507658 nömrə ilə uçota alınmış, iddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh təşkilat tərəfindən müraciətin icrası təmin olunmamışdır. Buna səbəb kimi sözügedən torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməsi, DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 507658 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması, həmçinin, torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyinin və yerquruluşu sxeminin müraciətə əlavə edilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdeh təşkilatın İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması ilə bağlı gətirdiyi dəlilləri əsassız hesab edir. Belə ki, məhkəmənin hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0,02 hektar torpaq sahəsi hansı koordinatlarda yerləşir? - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0,02 hektar torpaq sahəsinin hazırkı və torpaq sahəsi ayrılan zaman (2006-cı ildə) hüquqi statusu (dövlət, xüsusi, bələdiyyə mülkiyyətində olması), təyinatı və uqodiyası müəyyən edilsin. - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0,02 hektar torpaq sahəsinin faktiki vəziyyəti (naturadakı yeri) ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddurmu? Əgər uyğunsuzluq varsa, hansı hissədə və hansı həcmdə uyğunsuzluq vardır? (ayrıca sxem çəkilməklə). - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0,02 hektar torpaq sahəsi faktiki kimin istifadəsindədir? Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0,02 hektar torpaq sahəsi ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşirmi? Əgər yerləşirsə, hansı hissədə və hansı həcmdə?. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş 30 iyun 2022-ci il tarixli, 10/3221 nömrəli ekspert rəyində aşağıdakılar bildirlmişdir: - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı torpaq sahəsi üçün satılmış 0.02 ha torpaq sahəsinin koordinatları A № 507658 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən naturada müəyyən edilmiş və mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir; - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixii, 12 saylı qərarı ilə X5 həyətyanı torpaq sahəsi üçün satılmış 0,02 ha torpaq sahəsi ayrılan zaman (2006-cı ildə) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olmaqla, həyətyanı torpaq sahəsi üçün nəzərdə tutulmuş ərazi olmuşdur. Hazırda isə İddiaçı xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsidir; - Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0.02 hektar torpaq sahəsinin faktiki olaraq istifadə olunan ərazisi ilə sənəd üzrə qeyd olunan ərazi arasında uyğunsuzluq mövcud deyildir; - Ağcabədi bələdiyyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0.02 hektar torpaq sahəsi faktiki olaraq İddiaçı istifadəsindədir; - Ağcabədi bələdiyyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0.02 hektar torpaq sahəsi ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşmir. Göründüyü kimi, iş üzrə təyin edilmiş ekspertizanın nəticələri Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə İddiaçı həyətyanı məqsədi üçün satılmış 0.02 hektar torpaq sahəsinin faktiki olaraq istifadə olunan ərazi ilə sənəd üzrə qeyd olunan ərazi arasında uyğunsuzluğun mövcud olmaması, həmin torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması, Ağcabədi bələdiyyyəsinin xx.xx.2006-cı il tarixli 12 saylı qərarı ilə İddiaçı ayrılmış 0.02 hektar torpaq sahəsinin ictimai tikili üçün nəzərdə tutulmuş ərazidə yerləşməməsini təsdiqləyir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və xx.xx.2006-cı il tarixli “Torpağın alqı-satqısına dair” aktı mübahisələndirilmədiyindən (və ləğv edilmədiyindən), eləcə də etibarsız sayılmadığından mötəbər sayılmalıdır. DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 507658 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin imzasız və möhürsüz olması, həmçinin, torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsinin müvafiq rəyinin və yerquruluşu sxeminin müraciətə əlavə edilməməsi iddiaçının iradəsindən asılı olan hal olmadığından məhkəmə bu səbəblərin qanuni əsaslarla əldə olunmuş 0,02 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestridə qeydə alınmaması üçün əsas kimi qəbul edilməsini yolverilməz hesab edir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifələri sırasına daxildir. X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publik-hüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İş materialları, o cümlədən ekspert və mütəxəssis rəyləri ilə, eləcə də qanunvericiliyin tələbi baxımından Ağcabədi Bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 12 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün satılmış 0,02 ha torpaq sahəsinin qanuni əsaslarla əldə edilməsi təsdiq, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestridə qeydə alınmasından imtina üçün əsas kimi qeyd olunan cavabdeh təşkilatın dəlilləri təkzib olunduğundan məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddiaçının həmin torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə nzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 75-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Ağcabədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 saylı qərarı ilə Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən, fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,02 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (********** X2, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar