Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2298/2024 02.02.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən gediş-gəlişə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati mübahisə üzrə işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, İmişli rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(036)-2834/2018 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir.Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddiaçının nümayəndəsi Abdulov ArastunTapdıq oğlu (etibarnamə əlavə olunmuşdur) tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qoyulmuş məhdudiyyətin götürüldüyünü, iddia ərizəsinin, o cümlədən iddia ərizəsinə əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının “iddia ərizəsinin qaytarılması barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə hesab edir ki, şərh olunan normativ hüquqi aktda iddiaçının ərizəsinə əsasən iddia ərizəsinin və əlavə olunmuş sənədlərin geri qaytarılması birbaşa nəzərdə tutulmasa da, inzibati mübahisənin onun iradəsinə uyğun olaraq sona çatdırılmasının mümkünlüyü təsbit olunmuşdur və iddiaçının (və ya nümayəndəsinin) belə ərizəsi faktiki olaraq onun mübahisə ilə bağlı marağının itməsi səbəbindən iddia ərizəsinin geri qaytarılması və iş üzrə icraata xitam verilməsi barədə qərardadın qəbul olunması ilə nəticələnə bilər. Başqa sözlə, iddiaçı öz aktiv hərəkəti ilə iradəsinə uyğun olaraq məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə verdikdə, bu o anlama gəlir ki, iddiaçı iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmə mübahisəsi artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunması üçün heç bir tədbir görülmədiyi və ya görülmüş yeni tədbirlərin iddiaçının tələbini təmin etmədiyi hallarda mübahisə ilə bağlı məhkəmə icraatı davam etdirilir və işə mahiyyəti üzrə baxılır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsinin geri qaytarılması və bununla bağlı iş üzrə icraata xitam verilməsi həmin iddia ilə məhkəməyə yenidən müraciət olunmanı istisna etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçının nümayəndəsi X1 ərizəsi təmin olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ölkədən gediş-gəlişə qoyulmuş məhdudiyyətin götürülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın və iş üzrə icraata xitam verilsin. İddiaçıya gələcəkdə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2298/2024
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2298/2024
02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver