Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-230/2020 03.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı 25.04.1955-ci il tarixdə Biləsuvar rayonu, Ovçubərə kəndində doğulmuş, Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh 18 iyun 2019-cu il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, 1977-01.01.2006-cı illərdə işlədiyi müddəti staj kimi müəyyən edərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 03.02.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onun pensiya almaq hüququ 64 yaşında yaranmışdır. Lazım olan sənədləri və əmək kitabçasını Dövlət Sosial X4 rayon şöbəsinə təqdim etmişdir. Dövlət Sosial X4 rayon şöbəsi Biləsuvar rayon arxivində lazım olan əmək haqqı cədvəlini araşdırmadan onun əmək kitabçasındakı iş illərini nəzərə almayaraq ona 18.06.2019-cu il tarixli, **********3 nömrəli imtina məktubu göndərilərək yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. 25 ildən artıq sosial sığorta stajı olmasına baxmayaraq ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. Cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçasının təsdiq edilmiş surətlərini, 01.07.2019-cu il tarixli, 200 nömrəli arxiv arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 02.07.2019-cu il tarixli, 240 nömrəli arayışını, "xxxx" ASC-nin 08.11.2019-cu il tarixli, 18 nömrəli məktubunu, 08.11.2019-cu il tarixli, 277 nömrəli arxiv çıxarışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Biləsuvar rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 18 mart 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Belə ki, iddiaçı 25 aprel 1955-ci il tarixdə doğulmuş və 25 aprel 2019-cu il tarixdə 64 yaşı (1 iyul 2018-30 iyun 2019-cu il tarixlərdə kişilər üçün pensiya yaşı 64 yaşdır) tamam olmuşdur. İddiaçının hərbi xidmətdə olduğu müddət və 29.12.1977-02.02.2007-ci il tarixlərdəki iş illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 05815237 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25.04.1955-ci il tarixdə Biləsuvar rayonunun Ovçubərə kəndində anadan olmuş, Biləsuvar rayonu, Ovçubərə kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivinin 01.07.2019-cu il tarixli, 200 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1970, 1977-ci illərdə “Azərbaycan” kolxozunda işləmişdir. İşdə olan iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 29.12.1977-ci il tarixdən 02.02.2007-ci il tarixədək əmək fəaliyyətində olmuş, 01.05.1998-ci il tarixdən 02.02.2007-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin 02.07.2019-cu il tarixli, 240 nömrəli arayışından görünür ki, İddiaçı 13.11.1974-cü ildən 27.11.1976-cı il tarixə kimi Sovet Ordusu Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. İşdə olan Biləsuvar rayon Dövlət Arxivinin 08.11.2019-cu il tarixli, 277 nömrəli arxiv çıxarışından görünür ki, Biləsuvar rayon maddi təchizat idarəsinin əmək haqqı cəvəllərinə baxış keçirilmiş, baxış zamanı məlum oldu ki, İddiaçı Biləsuvar rayon maddi təchizat idarəsində işləməyi və 1982-1983, 1992-1996-cı illərdə aylar üzrə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. İşdə olan Dövlət Sosial X4 rayon şöbəsinin iddiaçıya ünvanladığı 18.06.2019-cu il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən hal-hazırda 64 yaşına çatmış kişilərin 25 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. Yaşa görə əmək pensiyası təyin olunması üçün təqdim etdiyi əmək kitabçasında qeyd olunan dövrlər 04.04.1998-ci il tarixə kimi müəssisənin arxiv sənədlərinə əsasən yoxlanılmış, yoxlama zamanı əmək kitabçasında qeyd olunan 29.12.1977-ci il tarixdən 20.02.1998-ci il tarixə kimi işə daxil olma və işdən azad olma əmrlərin düzgünlüyü təsdiq olunsa da, qeyd edilən illərdə aldığı əmək haqları barədə cədvəllərə rast gəlinməmişdir. X2 Tipli Səhmdar Cəmiyyətində 01.05.1998-ci il tarixdən 02.02.2007-ci il tarixə kimi işlədiyi dövrlər şöbə ilə məcburi dövlət sosial sığorta haqları üzrə hesablaşma aparılmadığından, eyni zamanda 01.01.2006-cı ildən sonrakı dövrlərdə fərdi hesabında vəsait olmadığından sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Bu səbəbdən də yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyə uyğun olaraq mümkünsüzdür. İşdə olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Biləsuvar rayon Statistika İdarəsinin 12.12.2019-cu il tarixli, 336 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayonu X5 Cəmiyyəti 30.06.1996-cı il tarixdən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsininstatistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin və onun tabeliyində olan təşkilatların saxlanma müddəti göstərilməklə, sənədlərin siyahısı”na əsasən idarə, təşkilat və müəssisələr tərəfindən tərtib edilən hesabat məlumatlarının, həmçinin statistik vahidlərin Dövlət reyestri və onun aktuallaşdırılması üzrə materialların (siyahılar və arayışlar) saxlanma müddəti ən çoxu 5 il nəzərdə tutulduğundan göstərilən müəssisə üzrə 1980-2007-ci illər üçün məlumat məhv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 16.12.2019-cu il tarixli, **********834200 nömrəli məktubunda qeyd edilmişdir ki, 16.12.2019-cu il tarixə baza və arxiv məlumatlarına əsasən Biləsuvar Aqrotexservis ASC (VÖEN: **********) 05.01.1998-ci il tarixdə ******* nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Biləsuvar “Aqrotexservis” ATSC Biləsuvar “Rayaqrotexservis” İstehsalat Birliyinin hüquqi varisidir. Hazırda fəaliyyəti aktiv vəziyyətdədir. İşdə olan Azərbaycan Respublikası "xxxx" ATSC-nin məhkəməyə ünvanladığı 24.12.2019-cu il tarixli, 45 nömrəli məktubunda qeyd edilmişdir ki, 27.10.1997-ci il tarixli, 918 nömrəli sərəncamla yaradılmışdır. Cəmiyyətin MMZ 554 markalı, 3990 AQŞ dövlət nömrə nişanlı avtomaşının sürücüsü İddiaçı 1980-cı ildən 02 fevral 2007-ci il tarixə kimi sürücü işləmişdir. 1997-ci il tarixdən rayonun kolxoz, sovxoz və digər kənd təsərrüfatı ilə bağlı olan təşkilatlar öz fəaliyyətini dayandırmışdırlar. Cəmiyyətin avtomaşınlarına, təkərli traktorlarına təlabat olmamışdır. Ona görə ədə Cəmiyyətin avtomaşınları, təkərli traktorları və təmir emalatxanasında olan tornaçı dəzgahları nəqdi qaydada işləmək üçün icarəyə buraxılmışdır. Cəmiyyətin sürücüsü İddiaçı idarə etdiyi 3990 AQŞ dövlət nömrə nişanlı avtomaşını 1998-ci il yanvarın 1-dən icarəyə götürmüş və hər ay 50.000 (əlli min) manat Cəmiyyətin kassasına pul köçürmüşdür. İddiaçı 1998-ci ildən 2006-cı il yanvarın 1-nə kimi olan dövrü onun əmək stajına qərar verilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivinin 10.01.2020-ci il tarixli, 04 nömrəli arayışından görünür ki, Biləsuvar rayonu, Ovçubərə kənd sakini İddiaçı 1970, 1977-ci illərdə “Azərbaycan” kolxozunda işləməyi və aldığı əmək haqqı öz təsdiqini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Biləsuvar rayon İcra Hakimiyyəti Biləsuvar rayon Dövlət Arxivinin 03.02.2020-ci il tarixli, 29 nömrəli arayışından görünür ki, Biləsuvar rayonu, Ovçubərə kənd sakini İddiaçı 01.05.1998-ci il tarixli, 07 saylı əmrə əsasən "xxxx" ASC-yə sürücü təyin olunmuş, 02.02.2007-ci il tarixli, 13 saylı əmrə əsasən tutduğu sürücü vəzifəsindən azad edilmişdir. "xxxx" ASC-nin 1998-2007-ci illərə aid əmr kitablarından çıxarışlar əlavə edilmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, 03.04.1989-cu il tarixdən hal-hazıra kimi Biləsuvar-Aqrotexservis ASC-də mühasib vəzifəsində işləyir. İddiaçı 01.05.1998-ci il tarixdən 02.02.2007-ci il tarixədək "xxxx" ASC-də sürücü işləmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tələb edilən sənədlərin siyahısında ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (əmək kitabçasını) təqdim etmişdir. Мəhkəmə 31.12.1980-cı il tarixli, ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Həmin əmək kitabçasına əsasən onun 29.12.1977-ci il tarixdən 02.02.2007-ci il tarixlərdə əmək fəaliyyətində olduğu müəyyən olunur Eyni zamanda məhkəmə qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir.Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə iddiaçının 01.05.1998-ci il tarixdən 01.01.2006-cı il tarixədək "xxxx" ASC-də işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi 01.01.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.2-ci bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (01.01.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Eyni zamanda məhkəmə «Əmək pensiyaları haqqında» Qanunun 21-ci maddəsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunda işçinin işlədiyi müddətin sığorta stajı kimi qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi məcburi şərt kimi nəzərdə tutulmuşdur. Lakin cavabdehin «Əmək pensiyaları haqqında» Qanunun bu imperativ normasını həmin qanunun qüvvəyə minməsindən (01.01.2006-сı il tarixdən) əvvəl qazanılmış əmək stajına da aid etməsi iddiaçının vəziyyətini ağırlaşdırdığı üçün ona şamil oluna bilməz. Çünki «Əmək pensiyaları haqqında» Qanun qəbul olunanadək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunda işçinin işlədiyi illər üçün işəgötürən tərəfindən məcburi sosial sığorta haqqı ödənilməməsi işçiyə pensiya təyin edilərkən həmin dövrlərin əmək stajı kimi qəbul edilməsinə məhdudiyyət kimi nəzərdə tutulmamışdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra da bir müddət tətbiq olunmuş (Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260-İİİQD saylı Qanunun ilə qüvvədən düşmüş) «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinə görə mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Göründüyü kimi 01.01.2006-cı il tarixdən işçinin sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən edilir. Odur ki, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı 29.12.1977- 01.01.2006-cı illərdə işlədiyi müddət nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından, o, yaşa görə əməkpensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçının 29.12.1977-ci il tarixdən 20.02.1998-ci il tarixədək bəzi illər üzrə əmək haqqı alması ilə bağlı cədvəllərə rast gəlinməməsi (1982-1983, 1992-1996-cı illərdə aylar üzrə əmək haqqı alması barədə arxiv çıxarışında məlumatlar var), həmçinin X2 Tipli Səhmdar Cəmiyyətində 01.05.1998-ci il tarixdən 01.01.2006-ci il tarixə kimi işlədiyi dövrlər şöbə ilə (cavabdehlə) məcburi dövlət sosial sığorta haqları üzrə hesablaşma aparılmaması iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı 29.12.1977- 01.01.2006-cı illərdə işlədiyi müddət sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı İddiaçı 29.12.1977- 01.01.2006-cı illərdə işlədiyi müddət sığorta stajı kimi nəzərə alınaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Sosial X4 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-230/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-230/2020
03.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver