Məhkəmə qərarları › İş №2-1(120)-2311/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2311/2025

20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2311/2025 20.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.1996-cı il təvəllüdlü iddiaçının doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində adının “Ülvi”dən “Ülviyyə”yə dəyişiklik edilərək qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı “xx.xx.1996-cı il təvəllüdlü iddiaçının doğum haqqında akt qeydinin uşaq haqqında məlumat bəndində adının “Ülvi”dən “Ülviyyə”yə dəyişiklik edilərək qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, ünvan 1 ünvanında yaşayır. Atası xx.xx.2024-cü il tarixdə dünyasını dəyişib. Bundan sonra birdəfəlik dəfn pulunun alınması üçün müfaviq sənədlər toplamağa başlamışdır. Bu məqsədlə rəsmi olaraq Cavabdehnə müraciət etmiş, amma oradan ona bildiriblər ki, doğum haqqında akt qeydində adı Ülvi kimi qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixində yenidən cavabdeh orqana rəsmi müraciət edərək doğum haqqında akt qeydində adının "Ülvi"dən "Ülviyyə"yə düzəliş edilərək qeyd edilməsi və buna uyğun yeni doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin cavabdeh orqandan ona rəsmi olaraq bildirib ki, mövcud məsələ ilə bağlı akt qeydində adının Ülviyyə yazılması ilə əlaqədar heç bir sübut təqdim etmədiyini əsas göstərərək ona aid doğum haqqında qeydinə düzəlişlə bağlı ərizəyə baxılmasından imtina edilmişdir. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan; AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. Ədliyyə Nazirliyi Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və dəyişiklik edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin ərizəsinə əsasən qeydiyyat şöbəsi tərəfindən aparıla bilər. İddiaçı doğum haqqında akt qeydində adının Ülviyyə yazilması ilə əlaqədar müraciət etsə də, bununla bağlı qeydiyyat şöbəsinə heç bir subut təqdim edə bilməmişdir. Belə olan halda onun tələbinin qeydiyyat şöbəsi tərəfindən yerinə yetririlə bilməz,və doğum haqqında akt qeydində düzəliş olunmasından imtina olunmalıdır. Cavabdeh doğum haqqında akt qeydində adının dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət etməyi məsləhət bilir. xx.xx.2000-ci il tarixli, 132 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, ata qrafasında X3, ana qrafasında X4 qeyd edilmişdir. Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X7 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1996-cı il təvəllüdlü İddiaçı arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. Daxili İşlər Nazirliyi Kürdəmir Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şöbənin aidiyyəti əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında, xx.xx.1996-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı barəsində Kürdəmir RPŞ-də hər hansı təqsirləndirici material, o cümlədən cinayət işi aşkar olunmamışdır. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası DİN-in müvafiq təlimatına əsasən vəsiqənin verilməsinə əsas və səbəb olan sənədlərin saxlanma müddəti bitdiyi üçün məhv edilmişdir. Ədliyyə Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehnə ərizə ilə müraciət edərək ona aid doğum haqqında şəhadətnaməsi korlandığı üçün təkrar şəhadətnamə verilməsini xahiş etmişdir. Vətəndaşın doğum haqqında akt qeydinə baxılarkən onun şəxsiyyət vəsiqəsindəki adla doğum akt qeydiində olan ad uyğun gəlməmiş və ona bu barədə məlumat verilmişdir. İddiaçı doğum haqqında akt qeydində adına düzəliş edilməsini ərizə ilə xahiş etmişdir.Doğum haqqında akt qeydinə düzəlişin qeydiyyat şöbəsində mümkün olmadığı bildirilmiş və ona imtina məktubu verilmişdir. xx.xx.2000-ci il tarixli,132 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X5 xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, ata qrafasında X3, ana qrafasında X4 qeyd edilmişdir. Tətbiq olunan hüquq normaları: Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməkdə əsas məqsədi doğum haqqında akt qeydində düzəlişlərin edilməsidir ki, bu zaman məhkəmə, doğum haqqında akt qeydində səhvələrə yol verilib-verilməməsini müəyyən etməli və bu istiqamətdə qiymətləndirməni aşağıdakı qanunvericiliyin müddəaları əsasında həyata keçirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Mülki Məcəllənin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.

190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi onun adının dəyişdirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə cavabdehin qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Çünki, iddiaçının istəyi adının “Ülvi”dən “Ülviyyə”yə dəyişdirilməsidir. xx.xx.2000-ci il tarixli, 132 nömrəli doğum haqqında akt qeydindən də göründüyü kimi iddiaçı X2 cinsi qadın kimi qeyd edilmişdir. İddiaçı adının akt qeydində “Ülviyyə” deyil, səhvən “Ülvi” kimi göstərildiyini əsas gətirərək, ona məxsus olan doğum akt qeydində bu ziddiyyətin aradan qaldırılmasını istəyir. Həmçinin nəzərə alınmalıdır ki, iş materiallarında olan xx.xx.2000-ci il tarixli, 132 nömrə ilə qeyd edilmiş doğum haqqında şəhadətnamədən göründüyü kimi İddiaçı xx.xx.1996-cı ildə Kürdəmir rayonunda anadan olmuş, ata qrafasında X3, ana qrafasında X1, AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsində isə xx.xx.1996-cı il təvəllüdlü İddiaçı kimi qeyd edilmişdir. Məhkəmə həmin sənədlərdən də müəyyən edir ki, iddiaçının cinsi qadın olsa da, akt qeydində texniki səhv nəticəsində kişi adı, yəni Ülvi yazılmışdır. Həmçinin nəzərə alınmalıdır ki, qanunvericiliyə görə 18 yaşı tamam olmuş hər bir şəxs müvafiq hallar istisna olmaqla, adın seçimində sərbəstdir və bu, onun istəyindən asılıdır. Müvafiq hallar isə qanunvericiliklə (Qaydaların 6.5-ci bəndi) konkret müəyyən edilmişdir və məhkəmənin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kürdəmir rayon Polis Şöbəsiniə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda iddiaçıya münasibətdə Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat olmadığı qeyd olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı (xx.xx.1996-cı il təvəllüdlü) istər adının doğum akt qeydində “Ülvi”dən “Ülviyyə”yə dəyişdirilməsini, istərsə də sənədlərindəki uyğunsuzluğa həmin formada düzəliş edilməsini tələb etməkdə haqlıdır. Odur ki, Cavabdeh imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir İnzibati Prosessual Məcəllənin: 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin edilməli və adının doğum akt qeydində “Ülvi”dən “Ülviyyə”yə dəyişdirilməsi və buna uyğun olaraq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 68-ci , 69-cu , 75ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1996-cı il təvəllüdlü İddiaçı xx.xx.2000-ci il tarixli, 132 saylı doğum haqqında akt qeydinin ad qrafasında düzəliş edilərək adının “Ülvi”dən “Ülviyyə”yə dəyişdirilməsi və buna uyğun olaraq doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar