Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2319/2024 25.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun ali təhsil haqqında dövlət sənədi olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında,açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “diplomun ali təhsil haqqında dövlət sənədi olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Beynəlxalq Universitetində 2008-ci ildə “Turizm və onun təşkili” bakalavr pilləsi üzrə təhsilini başa vurmuşdur. Hal hazırda Azərbaycan Beynəlxalq Universiteti öz fəaliyətin dayandırdığından və onun keçmiş rəhbərliyi X1suz əməllərinin əziyyətin çəkir. Universitetin inzibati binasının yararsız vəziyyətə düşməsi səbəbindən o öz (A 239213) nömrəli diplom ali təhsil haqqında dövlət sənədi barədə rəsmi təsdiqləyici arayışı universitetdən ala bilmir. Elm və Təhsil nazirliyi Azərbaycan Beynəlxalq Universitetinin diplomlarının qanunsuz olduğunu bildirir. O, təhsil müddətində mühazirələrdə və seminarlarda iştirak etmişdir. Oxuduğu dövrlərdə hər il üçün təhsil haqqı ödənişi etmişdir. Təhsil aldığı müddətdə Azərbaycan Beynəlxalq Universitetinin Elm və Təhsil Nazirliyi tərəfindən lisenziyası olub. Bu lisenziya 2010-cu ilin sentyabr ayında ləğv olunub. O, isə təhsilini 2004-2008-ci illərdə almışdır. Həmən dövrlərdə Azərbaycan Beynəlxalq Universitetinin lisenziyası olub. O, tam qanuni təhsil almışdır. A 239213 nömrəli diplomun ali təhsil haqqında dövlət sənədi olması barədə Elm və Təhsil Nazirliyi qarşısında öhdəlik qoyulmasını xahiş etmişdir.. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdiyini bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazından məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş A 239213 nömrəli diplomun ali təhsil haqqında dövlət sənədi olmasını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə” qərar qəbul edilməsini xahiş etmişdir. O, iddia tələbini onunla əsaslandırmışdır ki, 2004-2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetinin “Turizm və onun təşkili” fakültəsində təhsil almışdır. O, Universiteti bitirmiş və onun adına A 239213 nömrəli diplom blankı verilmişdir. İddiaçı diplomun təsdiqi ilə əlaqədar Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ərizə ilə müraciət etmişdir. Nazirliyin cavab məktubunda qeyd olunmuşdur ki, ABU tərəfindən iddiaçının adına yazılmış diplom dövlət nümunəli sənəd deyildir. İddia ərizəsində qeyd edilənlərə və həmin dövrdə qüvvədə olan qanunvericilk normalarına əsaslanaraq hesab edir ki, ərizə təmin edilə bilməz. Belə ki, həmin dövrdə qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir. Qeyd olunan Qanununun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 6.1-ci bəndinə əsasən, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi Komissiyanın əsas vəzifələrindən biridir. Hazırda qüvvədə olan “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. Digər tərəfdən Azərbaycan Respublikası təhsil nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. Qaydaların 3.2-ci bəndinə görə, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Beləliklə, qeyd olunan normativ-hüquqi aktların müddəalarından göründüyü kimi, iddiaçıya məxsus diplomun dövlət nümunəli təhsil sənədi hesab edilməsi vəzifəsinin Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmasına heç bir hüquqi əsas olmadığından onun iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinə əsasən, iddia ərizəsini təqdim edərkən cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir. Həmin Məcəllənin 68.2ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 73.3-cü maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirilməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə. Qeyd edilənləri nəzərə alaraq, hesab edirik ki, iddia tələbinin hüquqi əsası olmadığından təmin edilə bilməz. Yuxarıda şərh olunanları və AR İPM-nin 47.2-ci və 68.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən iş üzrə İddiaçı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı “Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş A 239213 nömrəli diplomun ali təhsil haqqında dövlət sənədi olmasını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə” iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-nin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı 13 noyabr 2023-cü il tarixli, 3-23/2-Ə-12161-4/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti adından təqdim etdiyi A seriyalı 239213 nömrəli diplom dövlət nümunəli deyildir. Bu səbəbdən “X2 Məlumat Sisteminə təhsili ilə caglı məlumatların əlavə edilməsi nazirliyin imkanı xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası X6nin məhkəməyə ünvanladığı 18 aprel 2024-cü il tarixli, 9-3/2-1030/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxx 1981-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) 2003 və 2004-cü illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X6 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. İşdə olan 2008-ci il tarixdə verilmiş A № 239213 qeydiyyat nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Universiteti tərəfindən onun “turizm və onun təşkili” ixtisası üzrə təhsil aldığına görə verilmişdir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. “Təhsil haqqında” Qanun: 2.3. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən dini təhsil müəssisələrinə, xarici dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqları yanında təhsil müəssisələrinə şamil edilmir. Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.2. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. “Təhsil haqqında” 7 oktyabr 1992-ci il tarixli Qanun (19 iyun 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür): Maddə 3. Vətəndaşların təhsil hüquqları Dövlət, mülkiyyət növündən asılı olmayaraq, bütün tədris müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində kişi və qadınlar üçün bərabər imkanlar yaradılmasını təmin edir. Dövlət və qeyri-dövlət təhsil müəssisələrinin məzunları yuxarı pillədən olan növbəti təhsil müəssisəsinə qəbul olunarkən bərabər hüquqa malikdirlər. Maddə 5. Təhsil və din Azərbaycan Respublikasında təhsil dünyəvi xarakter daşıyır. Dünyəvi təhsil ocaqları ilə bərabər ümumi orta təhsili başa çatdıranlar üçün dini təhsil müəssisələri də fəaliyyət göstərə bilər. Maddə 8. Təhsil haqqında sənəd
1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir. Maddə 13. Təhsil müəssisələri
1. Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. Təhsil müəssisələri öz aralarında sazişlər bağlamaq, elmi, istehsalat və digər müəssisə, təşkilat və idarələrin iştirak etdiyi tədris-tərbiyə komplekslərində birləşmək və tədris-elm istehsalat birlikləri (assosiasiyaları) yaratmaq, ərazi tədris-istehsalat birlikləri və assosiasiyalarına daxil olmaq hüququna malikdirlər. Belə kompleks və birliklərə daxil olan təhsil və digər müəssisələrin funksiyaları, strukturları, hüquqları onların nizamnamələri ilə müəyyən olunur. hüquqi şəxs statusuna malik tərkib hissəsi olan təhsil müəssisəsi vahid təhsil müəssisəsi kimi fəaliyyət göstərir.
3. Təhsil müəssisələrində proqramların mənimsənilməsi müvafiq əsasnamə əsasında attestasiya keçirilməsi ilə başa çatdırılır. Aralıq mərhələlərdə şagird və tələbələrin attestasiyalarının forması, qaydası və müddəti təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyənləşdirilir.
4. Dövlət bütün təhsil müəssisələrinin hüquqlarının müdafiəsinə təminat verir. 16 may 2017-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2005-ci il tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”: 1.Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - Komissiya) müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
6. Komissiyanın əsas vəzifələri aşağıdakılardır: 6.1. təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının bütün ali və orta ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi; 6.3. Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi;
7. Komissiya ona həvalə olunmuş əsas vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 7.1. Azərbaycan Respublikasının dövlət siyasətinə uyğun olaraq tələbə qəbulu prosesini və onun strukturunu layihələşdirir, tələbə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirir;
1. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamə:
8. Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: (-); 8.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir. (-). 5 fevral 2021-ci il tarixli 1282 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 7 fevral 2021-ci il, № 28, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2 maddə 124) ilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 8.26-cı bəndi yeni redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 8.26. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir; “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında 2 sentyabr 2002-ci il tarixli Qaydalar (21 dekabr 2015-ci ildə ləğv edilmişdir): Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 1995-ci il tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsi haqqında” Əsasnamə: (-)
42. Ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Diploma əlavədə tədris edilmiş bütün fənlərin siyahısı, onların tədris edildiyi saatların miqdarı və uyğun imtahanlardan alınmış qiymətlər göstərilir. Tədris planındakı bütün fənlərdən qiymətlərinin ən azı 75%-i «əla», qalanları isə yalnız «yaxşı» olan, dövlət imtahanı və buraxılmış işinin müdafiəsindən «əla» qiymət alan məzunlar fərqlənmə diplomu alırlar. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək belə hesab etmişdir ki, Azərbaycan Beynəlxalq Universiteti tərəfindən verilmiş “bakalavr” dərəcəsi üzrə diplomun ali təhsil haqqında dövlət sənədi olması üçün iddiaçının aldığı təhsil Azərbacan Respublikasının təhsil standartlarına uyğun gəlməlidir. Azərbaycan Respublikasında təhsilin qanunvericiliklə müəyyən edilən dövlət standartları isə aşağıdakı kimidir: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 6.3-cü maddəsinə əsasən, dövlət təhsil standartları və onların qüvvədə olma müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edilir ki, S.Əliyev məhkəməyə müraciət edərək, A 239213 saylı diplomunun surətini təqdim edərək, 2008-ci il tarixdə Azərbaycan Beynəlxlaq Universitetinin “Turizm və onun təşkili” fakultəsi üzrə ali təhsilini başa vurduğunu bildirmiş və ali təhsil haqqında dövlət sənədi olmasının öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq olaraq İAzərbaycan Respublikası X5 sorğu göndərilmiş və məhkəməyə ünvanlanmış 18 aprel 2024-cü il tarixli, 9-3/2-1030/2024 nömrəli məktubla bilirlmişdir ki, xx xxxxx 1981-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) 2003 və 2004-cü illərdə ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün müraciət etməmiş və barəsində X6 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın iddia ərizəsinə etiraz məktubunda qeyd edildiyi kimi, İddiaçı qanunamüvafiq qaydada X5 (əvvəlki Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) qəbul imtahanlarında iştirak etməsi və Azərbaycan Beynəlxlaq Universitetinin “Turizm və onun təşkili” fakultəsinə daxil olması barədə rəsmi hər hansı sənəd təqdim edilməmişdir. 2009-cu ilədək qüvvədə olan 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”unun 21-ci maddəsinə əsasən, ali və orta ixtisas təhsili müəssisələrində tələbə qəbulu strateji əhəmiyyətə malik olan çox mühüm dövlət tədbiridir. Qəbul imtahanlarının sayı və sorğu sistemi müəyyən olunarkən, habelə imtahanlar keçirilərkən ixtisas biliyi və bacarığına üstünlük verilir. Tələbə qəbulunda heç bir imtiyaza yol verilmir. Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir. Hökumətin müəyyən etdiyi imtiyazlar (o cümlədən xaricdə yaşayan azərbaycanlılar üçün müəyyən olunmuş imtiyazlar) hazırlıq şöbələrinə qəbul zamanı nəzərə alınır. Hazırlıq şöbələrinə qəbul xüsusi əsasnamə ilə tənzim olunur. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmaq üçün minimal keçid balı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 72 nömrəli xx.xx.1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin Əsasnaməsi»nin 42-ci bəndinə görə ali təhsil müəssisəsi öz məzunlarına ali təhsil haqqında diplom verir. Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə, Nazirlik mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”nun 26.2-ci maddəsinə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirir. Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2000-ci il tarixli, 1035 nömrəli əmri ilə təsdiq edilmiş və xx.xx.2000-ci il tarixdə Ədliyyə Nazirliyində qeydə alınmış “Təhsil haqqında sənədlərin alınması, saxlanması, doldurulması, verilməsi və uçotu haqqında” Təlimatın 1.4-cü bəndinə əsasən, Təhsil sənədi blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün təhsil müəssisələrinə məzunların sayına müvafiq olaraq Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli 82 nömrəli Qərarı ilə təsdiq olunmuş “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən, bakalavr və magistr diplomları bakalavr və magistr təhsil səviyyələrini başa vurmuş şəxslərə verilir. Qaydaların 3.2-ci bəndinə görə, diplom blankları tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq mövcud qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə və AMEA-na (məzunların sayına görə) Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının təhsil sahəsini tənzimləyən daxili və beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi cavabdehin imtinası qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Bununla bağlı cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “A239213 saylı diplomun ali təhsil haqqında dövlət sənədi olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “A 239213 saylı diplomun ali təhsil haqqında dövlət sənədi olması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim: Amilya Hüseynova