Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-232/2020 13.03.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı məhkəmədə iddia qaldıraraq, N nömrəli hərbi hissənin tərkibində döyüşlərdə iştirakını nəzərə alaraq, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N saylı hərbi hissənin şəxsi heyətinin tərkibində erməni qəsbkarlarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Tərtər Hərbi Prokurorluğunun 19.08.2019-cu il tarixli məktubunda barəsində heç bir təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmişdir. Lakin döyüşlərdə iştirak etməyinə baxmayaraq o, hal-hazıra qədər müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. O, ərizə ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin İdarədən 19.10.2019-cu il tarixli məktubla cavab verilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd edilmiş faktiki və hüquqi əsaslara görə o, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 27.02.2013-cü il tarixdə İmişli RPŞ tərəfindən verilmiş Seriya AZE 13086287 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 24.12.1971-ci il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatdadır. İş materialında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 19.10.2019-cu il tarixli 1/İ-14706 saylı məktubunda qeyd olunmuşdur ki, Sizə «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın 16.10.2019-cu il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. N nömrəli hərbi hissənin sənədləri Mərkəzi Arxivdə olmadığına, hərbi biletinizdə N nömrəli hərbi hissədə xidmət keçməyinizi sübut edən qeydiyyat aparılmadığı və mötəbərliyini təsdiq edən N nömrəli hərbi hissəyə aid möhür olmadığı üçün sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 21.08.2019-cu il tarixli 9/2-1550 saylı məktubunda qeyd edilmişdir ki, Sizin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə ünvanladığınız ərizənizə tərəfimizdən baxılmışdır. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığı üçün xidmətiniz barədə araşdırma apara bilmirik. İş materialında olan Tərtər Hərbi Prokurorluğunun 19 avqust 2019-cu il tarixli 19HP4671 saylı məktubundan görünür ki, İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 1992-ci ildə N saylı hərbi hissənin şəxsi heyətinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsinə dair ona məxsus НЗ ******* nömrəli hərbi biletdə qeydiyyat aparılmamış, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivində bununla bağlı məlumat aşkar olunmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun hələ ilkin redaksiyasının icrasını təmin etmək üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarla «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməni (bundan sonra Əsasnamə) təsdiq etmişdir. Əsasnamənin 1-ci bölməsinin 9-cu abzası nəzərdə tuturdu ki, müharibə veteranı adı «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə – müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında» verilir. Əsasnamənin 10-cu abzası isə nəzərdə tuturdu ki, müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə, Daxili İşlər, Milli Təhlükəsizlik Nazirlikləri tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan sonra, Əsasnamə bir neçə dəfə dəyişdirilmişdir. O cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 saylı qərarı ilə Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndi aşağıdakı redaksiyada verilmişdir: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara–müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə görə bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsinə əsasən hərbi xidmətin başlanğıcı və sonu birmənalı müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün, sonu - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin komplektləşdirilməsi haqqında» 1992-ci il 19 fevral tarixli 313 №-li Fərmanı ilə elan olunmuş qismən səfərbərlik faktiki 25 dekabr 1999-cu il tarixədək davam etmişdir. Yəni səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasının ilk mərhələsi «Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 1996-cı il tarixli 433 №-li Fərmanı ilə həyata keçirilmişdir. «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun «Səfərbərlik üzrə çağırış və tərxis olunma haqqında» 24-26-cı və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 186-cı maddəsinə əsasən “səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, həm də səhhətə görə möhlət və azadetmə istisna olmaqla, digər möhlət növləri və çağırışdan azadetmənin tətbiqi dayandırılır; səfərbərlik elan edildikdə səfərbərlik müddəti ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edən bütün şəxslər xüsusi sərəncam alınanadək saxlanılırlar. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və qanuni əsaslarla hərbi xidmətdən tərxis olunmuş şəxslərə verilir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla hərbi xidmətdən tərxis olunması müəyyən olunmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiası təmin edilməməlidir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2-1(120)-232/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-232/2020
13.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver