Məhkəmə qərarları › İş №2-1(120)-2338/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2338/2025

19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2338/2025 19.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 Cəbrayıl rayon Mərkəzi Xəstəxanasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Əlili Nərgiz Elsəvər qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 Cəbrayıl rayon Mərkəzi Xəstəxanasına qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə inzibati işə Şirvan İnzibati Məhkəməsinin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 Cəbrayıl rayon Mərkəzi Xəstəxanasına ( bundan sonra mətndə Cəbrayıl RMX) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1957-ci ildə doğulmuş və xx.xx.2024-cü il tarixdə vəfat etmiş İddiaçı Əli oğlunun ölməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, xx.xx.1957-ci ildə doğulmuş atası X19 xx.xx.2024-cü il tarixdə vəfat etməsi ilə bağlı tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Cəbaryıl RMX-na həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, atası X27 xx.xx.1957-ci ildə doğulmuşdur.xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O, Biləsuvar rayon ərazisində yerləşən 9 saylı qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Hazırkı vaxtadək atasına ölüm haqqında şəhadətnamə almamışdır. Cəbrayıl rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki. “Vətəndaşlıq vəziyyəti akatları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və ölüm akt qeydi aşkar olunmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İşin hallar. İş materiallarında olan; İddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1982-ci ildə Cəbrayıl rayonunda doğulmuş Behbudov X16 rayonu Maralyan kəndində qeydiyyatdadır. Vİİİ-ЖГ seriyalı, 477972 №-li, xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1982-ci ilin dekabr ayının 05-ci günündə 58 № ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin ata qrafasında X27, anası qrafasında isə X3 qeyd olunmuşdur. AA seriyalı 121136 №-li məcburi köçkün vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 1993-cü ildən Cəbrayıl rayonundan Məcburi köçkündür. Ona Qaçqınların və X22 üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2005-ci il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. Biləsuvar rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2059 №-li, xx.xx.2024-cü il tarixli arayışda İddiaçı ünvan 1 ünvanında müvəqqəti məskunlaşdığı qeyd olunmuşdur. Cinayət İşinin rədd edilməsi haqqında 24-3-2-2-411-0242-12 №-li, xx.xx.2024-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yaşayış 06 avqust 1957-ci il təvəllüdlü X19 “həkimə qədər ölüm” diaqnozu ilə “Cəbrayıl rayon Mərkəzi Xəstəxanası”na daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Cəbrayıl rayon polis şöbəsindən daxil olmuş məlumat əsasında toplanmış 37C-24 nömrəli material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış 24-3-2-2-411-0242 (37c-24) nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin təsdiq edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurora göndərilməsi qərara alınmışdır. Cəbrayıl Rayon Məhkəməsinin 2(072)857/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, ərizəçi İddiaçı “hüququ əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərarı ilə ərizəçi İddiaçı “hüququ əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə məhkəmə icraatına qəbulundan imtina edilməsi və ərizənin sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Eyni zamanda ərizəçi İddiaçı “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisəsinə qarşı inzibati icraat qaydasında aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cəbrayıl rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 3-16-5/8-80/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibbi müəssisənin müvafiq sənədilə təsdiq edilməli olduğu, eyni zamanda ölüm haqqında tibbi şəhadətnamə olmadığı halda ölüm faktı məhkəmə tərəfindən müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X29 01 №-li, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, məhkəmə-tibbi eksperti ölümün səbəbi təyin edildikdən sonra ölüm haqqında tibbi şəhadətnaməni tərtib edərək təqdim edir. Ölümün səbəbi isə meyitin xarici və daxili müayinəsi (baş, döş və qarın boşluqlarının açılması) aparıldıqdan sonra müəyyənləşdirilir. Daxili müayinə aparılmadığı hallarda ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Cəbrayıl RMX-nın 129 №-li, xx.xx.2025-ci il tarixli və 165 №-li xx.xx.2025-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, X27 xx.xx.2025-cü il tarixdə yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün inşa edilmiş 8 saylı qəsəbə ev 202-yə X33 çağırılmış, X33 işçiləri tərəfindən onun “Həkimə qədər ölüm, kişi cinsli meyit” diaqnozu müəyyən olunmuşdur. Onun meyiti Cəbrayıl RMXnın morquna gətirilmiş, Cəbrayıl Rayon Prokurorluğunun əməkdaşları ilə Məhkəmə Tibbi Eksperti tərəfindən müayinə olunmuşdur. Ədliyyə Nazirliyyi Vətəndaşlıq X11 3-16-5/2-15147/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideyinləri 1957-ci il təvəllüdlü X27 ilə 1961-ci il təvəllüdlü X4 olan xx.xx.1982-ci il təvəllüdlü İddiaçı, xx.xx.1981-ci il təvəllüdlü X6 və xx.xx.1985-ci il təvəllüdlü X9 doğumunun Cəbrayıl rayonunun Karxulu icra nümayəndəliyində qeydə alındığı aşkar edilmişdir. X1 ilə X14 olan xx.xx.1957-ci il təvəllüdlü X19 doğumu və valideyinləri X7 ilə X21 olan xx.xx.1961-ci il təvəllüdlü X2 doğumu Cəbrayıl rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. İddiaçının hazırkı iddia tələbinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 18-1- 31/3-8/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, mərhum X27 ilə bağlı “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili və X18 şöbəsinə çağırış edilmişdir. TTTY briqadası hadisə yerinə getmiş və mərhumun meyiti “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan morqa gətirilmişdir. Mərhumun meyiti İmişli rayon Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin əməkdaşı tərəfindən müayinə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli qərarına əsasən ölüm haqqında tibbi şəhadətnamə aşağıdakı hallarda patoloji anatomiya birliyi tərəfindən verilir. 4.4.3 tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə sübhə olduğu hallarda; 4.4.5 ölümün baş vermə səbəbi məlum olmayan hallarda; X5 ölüm haqqında tibbi şəhadətnaməsinin Cəbrayıl Rayon Prokurorluğunun cinayət işinin başlanmasını rədd edən sənədlər toplanılaraq Şiirvan İnzibati Məhkəməsinə müraciət edilməlidir. Bununla bağlı əlavə olaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin İmişli rayon bölməsinə müraciət edə bilər. Mərhumun meyitinin ekspertizası Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi tərəfindən aparıldığı üçün ölüm haqqında tibbi şəhadətnaməni vermək “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin imkanları xaricindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” Bənd 4.1. “ölüm haqqında tibbi şəhadətnamə”' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. 4.2. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X18 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-nin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. 4.3. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. 4.5. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir.… 4.7. Şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X13 (XBT-10)” üzrə kodlaşdırılmalıdır. 4.8.Şəhadətnamə həkim və ya fledşer tərəfindən “Ölüm haqqında tibbi şəhadətnamə” elektron registri vasitəsilə doldurulur, məlumatı dolduran şəxs və tibb müəssisəsinin rəhbəri tərəfindən elektron imza ilə imzalanır. Şəhadətnamənin verilməsi üçün müraciət edən şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri tibb müəssisəsinə təqdim etməlidir. Tibb müəssisəsi tərəfindən qeyd edilən sənədlər yoxlanıldıqdan sonra vəfat edənin müraciət etmiş ailə üzvü və ya qohumu şəhadətnaməni elektron xidmət vasitəsilə əladə edə bilər. 4.9.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə nazirliiyi tərəfindən isə həmin Nazirliyin informasiya sisteminə ötürülür. Bənd 5.3. Şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur İPM: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırkı mübahisə üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən iddiaçının atasının ölüm faktının həkim gələnə qədər baş verdiyi məlum olsa da, ölümün səbəbinin xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Başqa sözlə, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın 1-ci səhifəsinin 6-cı abzasında əks olunmuş X8 izahatından müyyən olunur ki, xx.xx.2024-cü il tarixdə TTTY şöbəsinə çağırış gələrək Sərdar Behbudovun vəziyyətinin pis olduğu bildirilmişdir. O,dərhal tibbi ləvazimatları götürərək ambulansla ünvan 4 ünvana yollanmışdır.Qeyd olunan evin həyətinə daxil olduqda Sərdar Behbudovun həyətdə uzanıqlı vəziyyətdə olduğunu görmüşdür.O, Sərdar Behbudovu müayinə etməyə başlamışdır. Cihaz vasitəsilə sonuncunun nəbzini yoxlamış və digər müayinə hərəkətlərini həyata keçirdikdə heç bir həyati əlamətin olmadığını müəyyən etmişdir.Həmin qərarın sonuncu səhifəsində qeyd olunmuşdur ki, Sərdar Behbudov 11 may 2024-cü il tarixdə xəsətliyi ilə əlaqədar öldüyündən, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimat: Bənd 3. Ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X18 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Bənd 4. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. İşin hallarından müəyyən olunduğu kimi, iddiaçının atası X19 ölümünün 1 ( bir ) ilinin tamam olmasına baxmayaraq ona ölüm haqqında tibbi şəhadətnamə verilmədiyi üçün ölüm haqqında şəhadətnamənin alınmasıda mümkün olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.1-ci maddəsinə uyğun olaraq ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal Azərbaycan Respublikasının Səhiyyə nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün X15 Sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1957-ci ildə doğulmuş X19 xx.xx.2024-cü il tarixdə ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl RMX-na həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və İPM-nin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.1957-ci ildə doğulmuş X19 xx.xx.2024-cü il tarixdə ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X29 Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar