Məhkəmə qərarları › İş №2-1(120)-235/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-235/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-235/2021 27.04.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, iddiaçı Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı İmişli rayon Hacıalmuradlı bələdiyyəsinin (hüquqi varisi Xəlfəli bələdiyyəsi) 22.02.2006-cı il tarixli, 02 nömrəli, 20.11.2004-cü il tarixli, 04 nömrəli, 14.04.2006-cı il tarixli, 04 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli və 28.01.2006-cı il tarixli, 02 nömrəli iclaslarının qərarlarının ləğv olunması tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Hacıalmuradlı bələdiyyəsinin (hüquqi varisi Xəlfəli bələdiyyəsi) 22.02.2006-cı il tarixli, 02 nömrəli, 20.11.2004-cü il tarixli, 04 nömrəli, 14.04.2006-cı il tarixli, 04 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli və 28.01.2006-cı il tarixli, 02 nömrəli iclaslarının qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(120)-1590/2020 nömrəli qərardadı ilə X12, X4, X13, X14, X3, X10, X7, X15, X8, X16, X1 və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır. İddiaçı Ədliyyə Nazirliyinin İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə Ədliyyə Nazirliyinin İddiaçı səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İmişli rayon Xəlfəli Bələdiyyəsinin sədri teleqramla məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər X12, X4, X13, X14, X3, X10, X7, X15, X8, X16, X1 və X2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Ədliyyə Nazirliyinin İddiaçı İmişli rayon Xəlfəli Bələdiyyəsinə ünvanladığı 06.07.2020-ci il tarixli, Kol-242 nömrəli məktubundan görünür ki, İmişli rayon Hacıalmuradlı bələdiyyəsinin 22.02.2006-cı il tarixli, 02 nömrəli, 20.11.2004-cü il tarixli, 04 nömrəli, 14.04.2006-cı il tarixli, 04 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli, 26.10.2006cı il tarixli, 10 nömrəli və 28.01.2006-cı il tarixli, 02 nömrəli iclaslarının qərarlarının qanunvericiliyin tələbləri nəzərə alınmaqla ləğv edilməsi İmişli rayon Xəlfəli Bələdiyyəsinə təklif edilmişdir. İşdə olan İmişli rayon Xəlfəli Bələdiyyəsinin 03.09.2020-ci il tarixli, 06 saylı qərarının surətindən görünür ki, İmişli rayon Hacıalmuradlı bələdiyyəsinin 22.02.2006-cı il tarixli, 02 nömrəli, 20.11.2004-cü il tarixli, 04 nömrəli, 14.04.2006-cı il tarixli, 04 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli və 28.01.2006-cı il tarixli, 02 nömrəli iclaslarının qərarları qüvvədə qalması qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Belə ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, iddia cavabdeh orqanın 2006-cı ildə qəbul edilmiş qərarlarının ləğv olunmasından ibarətdir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. 31.05.2012-ci il tarixədək qüvvədə olmuş 01.09.2000-ci il tarixli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraata dair 27-ci fəslinin ərizə ilə məhkəməyə müraciət etmək üçün müddəti müəyyən edən 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. (Həmin norma 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Hazırda qüvvədə olan Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 2.2.8-ci maddəsinə əsasən bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında Azərbaycan Respublikasının Qanunun: 5.0 və 5.0.1-ci maddəsinə əsasən bu Qanunun 6-cı maddəsində nəzərdə tutulmuş aktlar bu Qanunun 1-ci maddəsində göstərilən normativ hüquqi aktlara zidd olduqda inzibati nəzarət icraatının başlanması üçün əsasdır. 6.1-ci maddəsinə əsasən bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 iş günündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. 8.4-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqan bu Qanunun 5.0.1ci maddəsində nəzərdə tutulmuş hallarda və ya daxil olmuş müraciətin araşdırılması nəticəsində bələdiyyə aktının bu Qanunun 1-ci maddəsində göstərilmiş normativ hüquqi aktlara zidd olduğunu aşkar etdikdə, həmin aktın dəyişdirilməsi və ya ləğv edilməsi barədə 5 iş günü müddətində müvafiq bələdiyyəyə müraciət edir. Bələdiyyə tərəfindən həmin müraciətə 5 iş günü müddətində bələdiyyə iclasında baxılaraq nəticəsi barədə inzibati nəzarəti həyata keçirən orqana məlumat verilir. 8.5-ci maddəsinə əsasən inzibati nəzarəti həyata keçirən orqanın müraciəti bu Qanunun 8.3 və 8.4-cü maddələrində müəyyən olunmuş müddət ərzində müvafiq bələdiyyə tərəfindən yerinə yetirilmədikdə, o, müvafiq bələdiyyəyə müraciət etdiyi gündən 15 gün ərzində məhkəməyə müraciət edir. Məhkəməyə müraciət edilməsi barədə müvafiq bələdiyyəyə dərhal məlumat verilməlidir. 10.1-ci maddəsinə əsasən Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan bələdiyyələrin fəaliyyətində qanunçuluq prinsipinə riayət olunmasının təmin edilməsi ilə bağlı təhlil və ümumiləşdirmələr aparır və onları öz təklif və tövsiyələri ilə birlikdə müvafiq bələdiyyələrə təqdim edir. 10.2-ci maddəsinə əsasən bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş təklif və tövsiyələr alındığı gündən 5 iş günü ərzində bələdiyyələrin iclaslarında müzakirə olunur və müvafiq qərar qəbul olunur. Məhkəmə qeyd edir ki, hazırkı iddia Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddia növünə aiddir. Məhkəmənin hüquqi mövqeyinə görə inzibati icraat çərçivəsində İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddia (məsələn, bələdiyyə qərarlarının ləğv edilməsi) həmin Məcəllənin 2.2.1-ci maddəsində qeyd olunmuş iddialardan (inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi) bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisləndirilməsi ilə bağlıdır) fərqlənmir. Bu baxımdan məhkəmə hesab edir ki, İPM-in 2.2.8-ci maddəsində nəzərdə tutulmuş iddianın mümkün sayılması üçün mübahisələndirmə haqqında iddiada olduğu kimi xüsusi mümkünlük şərtləri mövcud olmalıdır. Xüsusi mümkünlük şərtlərinin də ən əsası iddia qaldırmaq müddətinə riayət edilməsidir. Yuxarıda qeyd olunmuş hüquq normalarında (maddələrində) iddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır və bu da iddianın mümkün sayılmaması ilə nəticələnir. Məhkəmə hüquqi mövqeyini daha aydın ifadə edərək qeyd edir ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməyərək, bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularını, o cümlədən qanun pozuntuları ilə qəbul edilmiş inzibati aktları (qərarları) ötən illər ərzində aşkar etməmişdir. Başqa sözlə, iddiaçının öz təşəbbüsü ilə monitorinqlər keçirmək, ümumiləşdirmələr aparmaq hüququ olsa da, iddiaçı həmin hüququnda vaxtında istifadə etməmişdir. Eyni zamanda iddiaçının ötən illər ərzində bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarları tələb etmək və həmin qərarların qeydiyyat kitablarına baxış keçirilmək imkanı olmuşdur. Lakin iddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməmiş, hərəkətsizlik göstərərək bələdiyyələr tərəfindən yol verilmiş pozuntuları və qəbul edilmiş qərarı vaxtında müəyyən edib mübahisələndirməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki və ya hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsinə əsas olan bələdiyyə qərarlarının 15-20 il sonra ləğv edilməsi mülki dövriyyəyinin sabitliyinin pozulması ilə nəticələ bilər. Eyni zamanda qeyd olunan hal “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun “Etimad hüququnun qorunması prinsipi” ilə bağlı normasının (13-cü maddənin) tələbləri ilə uzlaşmır. Məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gələrkən, həmçinin aşağıda qeyd olunan məhkəmələrin hüquqi mövqeyini də nəzərə almışdır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli 3 nömrəli bülletenində (11-ci səhifəsində) qeyd olunmuşdur ki, “İnzibati orqanların 1 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanı aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Ədliyyə Nazirliyinin İddiaçı cavabdeh İmişli rayon Xəlfəli bələdiyyəsinə qarşı İmişli rayon Hacıalmuradlı bələdiyyəsinin (hüquqi varisi Xəlfəli bələdiyyəsi) 22.02.2006-cı il tarixli, 02 nömrəli, 20.11.2004-cü il tarixli, 04 nömrəli, 14.04.2006-cı il tarixli, 04 nömrəli, 26.10.2006-cı il tarixli, 10 nömrəli, 26.10.2006cı il tarixli, 10 nömrəli və 28.01.2006-cı il tarixli, 02 nömrəli iclaslarının qərarlarının ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar