Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2364/2024 03.10.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2014-cü il tarixdən təyin edilmiş 3-cü dərəcə müddətsiz təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəməninbinasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «əlilliyin təyin edilməsi və ödənilməmiş sosial müavinətinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2-1(120)-2364/2024 nömrəli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2014-cü il tarixdən təyin edilmiş 3-cü dərəcə müddətsiz təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən bərpa edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1975-ci il təvəllüdlü İddiaçı oglu 1989-cu ildən (14 yaşından) əlil kimi qeydiyyatdadır və əmək stajı yetərli olmadığına görə 18 yaşından sonra ona 3-cü dərəcəli əlil kimi sosial müavinat təyin edilmişdir. Əvvəllər əlil kimi ayda 47 manat sosial müavinat almış, sosial müavinat dayandırıldığı günədək yəni, 2023-cü ilin iyul ayınadək ayda 130 (yüz otuz) manat sosial müavinat almışdır.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 nömrəli TSEK-ı tərəfindən xx.xx.2014-cü il tarixli müayinə aktına əsasən İddiaçı ümumi xəstəlik səbəbilə (qeyd: sağ əlin 3 barmağı işləmir) müddətsiz olaraq 3-cü dərəcə əlillik təyin edilmişdir. İddiaçı 34 ildir 3-cü dərəcə əlillik təyin edilməsinə baxmayaraq, cavabdeh təşkilat vətəndaşa sosial müavinatın verilməsini 2023-cü ilin iyul ayından dayandırmış və qanunsuz olaraq iddiaçıya yenidən müayinədən keçməli olduğu şifahi olaraq bildirilmişdir. Qəbul edilmiş qərar barədə iddiaçının ünvanına rəsmi olaraq məktub, qərarın surəti göndərilməmişdir. Bu səbəbdən müavinatın dayandırılması barədə qərarın surətini ərizəyə əlavə edə bilməmişlər. Bu barədə cavabdeh təşkilata sorğu ünvanlanmışdır lakin, sorğuya cavab bu günədək verilməmişdir. İddiaçı oglu 20 yanvar metrostansiyası tərəfdə yerləşən Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə almışdır. Cavabdeh məhkəməyə göndərdiyi iddiaya etirazında göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik: X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S40-S49 - Yuxarı ətraf qurşağı və bazunun travmaları => S48 -Yuxarı ətraf qurşağı və bazunun travmatik a; Diaqnozun mətni: sağ saidin aşağı 1/3 nin damaq sinir və vətərələrinin kəsilməsi plastik plastik əməliyatdan sonrakı vəziyət Meyar: 2. 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: sağ saidin aşağı 1/3 nin damaq sinir və vətərələrinin kəsilməsi plastik plastik əməliyatdan sonrakı vəziyət):" səbəbi ilə 1 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. “Əlillik altsistemi"ndə İddiaçı aid qiymətləndirmə xx.xx.2021-ci ildən etibarsız hesab edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkları оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı onun barəsində cavabdeh tərəfindən edilmiş faktiki xarakterli hərəkətin hüququnu pozduğunu iddia edərək bu iddiaya cavab verməli orqana qarşı hazırkı iddianı qaldırmış, bunun üçün onun subyektiv hüququ olmuş, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 22 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli arayışına əsasən, İddiaçı ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik müddətsiz olaraq təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Ağcaböədi rayon şöbəsinin 74 saylı, xx.xx.2018-ci il tarixli arayışına əsasən, İddiaçı 3-cü dərəcə əlillik olmaqla, hər ay 47 manat ömürlük sosial müavinət almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci ilədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin "Pensiya" və "Sosial ödənişlər" altsistemləri üzrə məlumatların “Əlillik” altsistemi ilə üzləşdirilməsi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada aparılan audit nəticəsində müayinə aktından çıxarışlar və protokollar üzrə məlumatlar uyğunsuzluq təşkil etdiyindən vətəndaşa dair əlillik təyinatının ləğv edilməsi məqsədəuyğun hesab edilmişdir. Bununla əlaqədar, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh orqan tərəfindən verilmiş TSEK-müayinələrindən görünür ki, İddiaçı barəsində xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-149240/2024 saylı məktubuna əsasən, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2014-cü il tarixindən ümumi xəstəlik əsasında İİİ qrup əlilliyə görə müavinət təyin edilmişdir. Nazirliyin MEİS-nin “Əlillik” altsistemində olan məlumata əsasən xx.xx.2021-ci il tarixində adıçəkilən şəxsin əlilliyi etibarsız edildiyi üçün onun əlilliyə görə sosial müavinətinin ödənişi dayandırılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı barəsində sosial müavinət alanın şəxsi işindən görünür ki, İddiaçı ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik müddətsiz olaraq təyin edilməsi barəsində müayinə aktından çıxarış, Ağcabədi ƏSMM-nin sərəncamları, arayış, ərizə, xx.xx.2014-cü il tarixdən müddətsiz 3-cü dərəcə əlillik təyin edilməsi səbəbi ilə xx.xx.2014cü sosial müavinətin təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qərarı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli məktubla İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2023cü il tarixədək əlilliyə görə müavinətin ödənilməsi barədə elektron informasiya sisteminin “Sosial ödənişlər” altsistemindən çıxarışlar təqdim edilmişdir. Çıxarışlar əsasında müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət almışdır. İşdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 17-4/2-18824/2024 saylı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinə ünvanladığı məktubda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən bir il müddətinə (xx.xx.2015-ci il tarixinədək) üçüncü dərəcə ilkin əlillik təyinatı aparılmışdır.Əlillik təyinatlarının əsaslılığının araşdırılması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" və "Sosial ödənişlər" altsistemləri üzrə məlumatların “Əlillik” altsistemi ilə üzləşdirilməsi əsasında bir sıra vətəndaşların əlillik müddətinin müddətsiz qeyd olunmasına baxmayaraq, əlilliyinin müddəti bitmiş vətəndaşların əmək pensiyaları, sosial müavinətlər və təqaüdlərinin ödənişlərinin davam etdirilməsi, bir sıra hallarda isə ödənişin dayandırılmaması nəticəsində artıq ödəmələrin yarandığı aşkar edilmişdir. Həmçinin aparılan araşdırma zamanı bir sıra hallarda müayinə aktından çıxarışlar və protokollar üzrə əlillik müddətinin hər iki sənəd üzrə müddətsiz və ya bir il müddətinə (müddəti bitmiş) olduğu, müəyyən hallarda isə əlillik müddətlərinin müayinə aktından çıxarışlar və protokollar üzrə məlumatların uyğunsuzluq təşkil etdiyi və ya məlumatların tapılmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar, aparılmış əlillik təyinatlarının ləğv edilməsi məqsədəuyğun hesab edilərək, mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixində ləğv olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilir ki, İddiaçı əlillik vəziyyəti cavabdeh orqan tərəfindən xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və xx.xx.2014-cü il tarixdən müddətsiz olaraq ümumi xəstəlik səbəbilə üçüncü dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əlilliyə görə sosial müavinət almışdır. 2023-cü ilin iyul ayında iddiaçıya təyin edilmiş sosial müavinət dayandırılmışdır və iddiaçıya təyin edilmiş müddətsiz 3-cü dərəcə əlilliyin xx.xx.2021-ci il tarixdə etibarsız hesab edilməsi barədə məlumat verilmişdir. İddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər üzrə məlum olmuşdur ki, cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixdə heç bir qərar və ya inzibati akt olmadan iddiaçı barəsində təyin edilmiş müddətsiz əlilliyi “Əlillik” altsistemində etibarsız hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.1-ci maddəsinə əsasən, birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23- İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9); 2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9); 2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı dekompensasiya mərhələsi (İ27.0-İ27.9, İ28.0-İ28.8); 2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi (N18.1-N18.9); 2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi (K72.0-K72.9); 2.1.6. ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir) (Y83.0); 2.1.7. inkurabel onkoloji xəstəliklər (C00-C97); 2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri-baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (İ60- İ66.9,G80-G80.9, S06.0-S06.9); 2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54-H54.9); 2.1.10. iki ətrafın güdülü (S48.0-S48.9, S58, S68, S78, S88, S98); 2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü (S68, M16.0-M16.9); 2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu (M24.6); 2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpan inbesillik (İQ-35-dən aşağı olanlar) (F70-F79); 2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar (F23.0-F23.9, F91-F92.9); 2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı (F20-F20.9); 2.1.16. İİV-infeksiyasının İV(QİÇS) mərhələsi, terminal vəziyyət (B20-B24). Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçının əlillik dərəcəsi əlillik vəziyyətinə müddətsiz olaraq ümumi xəstəlik səbəbilə üçüncü dərəcə əlilliyin təyini barədə qərar edilməsinə və sosial müavinət təyin edilməsinə baxmayaraq, cavabdeh orqan tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək 1 il müddətinə ümumi xəstəlik səbəbindən 3-cü dərəcə əlillik təyin edilməsi barədə TSEK-müayinəsi əsas götürülərək “Əlillik” altsistemində İddiaçı dair Tibbi-sosial ekspert komissiyasının qüvvədə olan əlillik təyinatı qərarı xx.xx.2021-ci il tarixdə ləğv olunmuşdur və iddiaçıya təyin olunmuş əlillik təyinatını "Əlillik” altsistemində xx.xx.2021-ci il tarixdə etibarsız hesab etmişdir. Hazırda iddiaçı cavabdehin bu hərəkətini mübahisələndirərək əlillik dərəcəsinin bərpa olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Bu o deməkdir ki, istənilən halda, şəxs üçün əlverişsiz olan hər bir inzibati hərəkət üçün qanuni əsas mövcud olmalı, inzibati orqanın müdaxilə edə bilmək səlahiyyəti qanundan irəli gəlməli, müdaxilə "qanuna uyğun” olmalıdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən, əlilliyin müəyyən edilməsi Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Cavabdehin hərəkətinin qanuna uyğun olmasının yoxlanılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik dərəcəsinin etibarsız hesab edildiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin: -1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.4-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. -1.6-cı bəndinə əsasən TSEK tərəfindən ümumi xəstəlik, əmək zədəsi, peşə xəstəliyi, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar, 1990-cı ilin yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, keçmiş SSRİ-nin müdafiəsi ilə əlaqədar, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik səbəbləri müəyyən edilir. -4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. -4.3-cü bəndinə görə göndərişlər "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkim-məsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir. -4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X4 (bundan sonra - TSERAS) ötürülür. -4.9-1 -ci bəndinə görə TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. -4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. -4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir. -5.3-cü bəndinə əsasən əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi aşağıdakı hallarda həyata keçirilir: -5.3.1. həkim-məsləhət və ya hərbi-həkim ekspertizası komissiyasının rəyinə görə əlilin səhhətində və əmək qabiliyyətində dəyişiklik əmələ gəldikdə; -5.3.2. vətəndaşların və ya vəzifəli şəxslərin müraciətləri və ya şəxsin işlədiyi işəgötürənin, səhiyyə müəssisəsinin sorğusu əsasında aparılmış araşdırmalar zamanı əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə; -5.3.3. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında” və "Sosial müavinətlər haqqında” qanunlarına uyğun olaraq, yaşa görə əmək pensiyası və ya sosial müavinət almaq hüququ olan əlillərin müraciəti olduqda; -5.3.4. fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat "Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. -4.9-cu bəndinə görə bu qərardan "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 3.7-ci bəndinin tələbinə görə, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, normativ aktla əlilliyin düzgün müəyyən olunmasını şübhə altına alan əsaslı faktlar aşkar edildikdə inzibati orqanın hansı qaydada davranmalı olması ilə bağlı məcburi prosedur qayda müəyyən edilmişdir. Cavabdeh tərəfindən həmin normanın tələbi təmin olunmamış, bununla da həm inzibati icraatın, həm də əlilliyin təyini və qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda, onun əlil olmaması ilə bağlı inzibati akt qəbul edə bilərdi. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Lakin hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh iddiaçının əlillik təyinatını mübahisələndirmiş, bununla bağlı göndəriş verən orqana məlumat vermiş, daha sonra isə həmin orqanın məktubu əsasında iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab etmişdir, hansı ki, istinad olunan qanunvericilikdə əlilliyin etibarsız hesab edilməsi anlayışı mövcud deyildir. Qanunla şəxsin hüququna belə bir müdaxilə nəzərdə tutulmadığından məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçının əlilliyini etibarsız hesab etməkdən ibarət hərəkətinin qanuni əsası olmamışdır. Həmçinin cavabdeh bu zaman iddiaçını əyani müayinəyə cəlb etməmiş, ayrıca akt formasına qərar qəbul etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələrinin tələbləri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. Cavabdeh orqan inzibati akt formasında hər hansı qərar qəbul etməyərək eyni zamanda inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmuşdur. Çünki "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 57.1-ci maddəsinə əsasən qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Qanunun 58.3-cü maddəsinə görə inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 61.1 -ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Göründüyü kimi, cavabdehin əlilliyin etibarsız hesab olunmasından ibarət hərəkəti həm inzibati, həm də əlillik üzrə münasibətləri tənzimləyən qanunvericiliyə zidd olmuş, nəticədə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmənin hazırkı iş üzrə mövqeyi analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-955/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarına uyğundur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia ərizəsi təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixdən ümumi xəstəlik səbəbilə təyin edilmiş müddətsiz 3cü dərəcə əlilliyin etibarsız hesab edildiyi xx.xx.2021-ci il tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-2364/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2364/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver