Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2368/2025 03.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə iddia tələbi dəyişdirilmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1957-ci ildə Salyan rayon Qaraçala qəsəbəsində anadan olmuşdur, hal-hazırda Salyan rayonu Yolüstü kəndində yaşayır. Onun 67 yaşı var. xx.xx.2022-ci il tarixdən ona yaşa görə sosial müavinat təyin edilmişdir. 1969-cı ildən Salyan rayon Qaraçala qəsəbəsi 1 nömrəli Pambıqçılıq sovxozunda fəhlə kimi əmək fəaliyyətinə başlamışdır və 1975-1977-ci illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, xx.xx.1978-xx.xx.1991-ci illərdə yenidən Salyan rayon Qaraçala qəsəbəsi 1 nömrəli Pambıqçılıq sovxozunda fəhlə işləmişdir. Bundan əlavə xx.xx.1992-xx.xx.1995-ci illərdə Salyan rayon Qaraçala qəsəbə “Qaraçala” kolxozunda işləmiş və xx.xx.1996-xx.xx.1996-cı illərdə Salyan rayon Qaraçala qəsəbə “Qaraçala” Aqroservisdə işləmişdir. Təqdim etdiyi arxiv arayışına və hərbi biletə əsasən sığorta stajı (1975-cı il tarixindən 1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 25 ildən yuxarıdır. Həmin illərin onun əmək stajına daxil edilməsindən ötrü o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Lakin cavab olaraq ona bildirmişlər ki, sığorta stajı qanunla nəzərdə tutulan 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin ediliməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. 1975-1977-cu illərdə Sovet ordusunda həqiqi hərbi xidmət keçməyini, xx.xx.1969-cu ildən xx.xx.1975-ci ilədək və xx.xx.1978-ci ildən xx.xx.1991-ci ilədək Salyan rayon Qaraçala qəsəbəsi 1 nömrəli Pambıqçılıq sovxozunda, 01.1992-xx.xx.1995-ci illərdə Salyan rayon Qaraçala qəsəbə “Qaraçala” kolxozunda işləməyini əmək stajına daxil edilərək, hüququnun yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən məbləğin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zərurəti yaranmışdır. Ona görə də məcbur olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edir ki, imtina məktubunu aldıqdan sonra səhhətində olan problemlərlə bağlı məhkəməyə müraciət edə bilməmişdir. Hal-hazırda aldığı müalicələr nəticəsində səhhəti normallaşmışdır. Odur ki, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin etirazı: Cavabdeh etirazını onunla əsaslandırır ki, Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı X11 **********8 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı müraciətinin müsbət həlli mumkun olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (xx.xx.2017-ci il tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müəyyən edilir. Yuxarıda qeyd edilən səbəbdən iddiaçının təqdim etdiyi xx.xx.2021-ci il tarixli Nq 683 saylı arxiv arayışında qeyd olunan dövrlər sığorta stajına daxil edilməmişdir. X7 3-17 1/2-79946/2025 nömrəli, 14 aprel 2025-ci il tarixli məktubuna əsasən xx.xx.2021-ci il tarixli Ns 683 saylı arxiv arayışı araşdırılmış və Dövlət X4 xx.xx.2025-ci il tarixdə tərtib edilmiş yoxlama aktına əsasən əmək haqqı cədvəllərində 1969-1991-ci illər üzrə heç bir sovxozçunun ata adının, 1991-1995-ci illər üzrə heç bir kolxozçunun ata adının, 1996-1998-ci illər üzrə İddiaçı ata adının qeyd olunmadığı müəyyən olunmuşdur. Eyni zamanda sözügedən illər üzrə əmək haqqı məlumatlarının qeyd olunduğu səhifələr imza və möhürlə təsdiq edilməmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Bundan başqa “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildirir ki, xx.xx.2012-ci il tarixdən (işə götürən: X8) İddiaçı adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə müavinətin təyin edilməsi də qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Beləliklə, iddiaçı öz iddiasını müvafiq sənədlərlə sübuta yetirə bilmədiyindən qanunvericliyin yuxarıda qeyd edilən normalarının tələbləri rəhbər tutulmaqla iddia tələbi əsassız və qanunazidd hosab edilərək təmin edilməməlidir. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1957-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. Xüsusi mümkünlük şərti kimi iddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciət etmiş və cavabdeh orqan tərəfindən tələbin təmin edilməsindən imtina edilmişdir. Həmçinin iddiaçının yaşadığı ünvan Salyan rayonudur. İPM-in 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə doğulmuş, Salyan rayonunun Yolüstü kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X11 iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Təqdim etdiyiniz xx.xx.2021-ci il tarixli Nq 683 saylı arxiv çıxarışında qeyd olunan dövrlər sığorta stajınıza daxil edilməmişdir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək sizin fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, sizin yaşa görə əmək pensiyası hüququnuza əmək kitabçanızı və ya əmək fəaliyyətiniz barəsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarını Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına təqdim etdikdən sonra baxıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2 maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildiririk ki, xx.xx.2012-ci il tarixindən (işə götürən: X8) adınıza aktiv əmək müqaviləsi olduğu üçün sizə yaşa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya ) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Dövlət X4 xx.xx.2021-ci il tarixli, 683 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X10 filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 №;-li Pambıqçılıq sovxozunun arxiv sənədlərində, o cümlədən 1969-1991-ci illərə aid şəxsi heyət üzrə əmrlərindən arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1969-cu il tarixdən 1998-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. İddiaçıya məxsus H3 № ******* nömrəli, xx.xx.1975-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X11 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, məhkəmə sorğusu əsasında İddiaçı yaşa görə əmək pensiyası hüququna yenidən baxılmışdır. İddiaçı tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Dövlət X4 xx.xx.2021-ci il tarixli 683 nömrəli arxiv arayışının araşdırılması zərurəti yaranmışdır. Dövlət X4 xx.xx.2025-ci il tarixində tərtib edilmiş yoxlama aktına əsasən əmək haqqı cədvəllərində 1969-1991 -ci illər üzrə heç bir sovxozçunun ata adı, 1991- 1995-ci illər üzrə heç bir kolxozçunun ata adı, 1996-1998-ci illər üzrə İddiaçı ata adı qeyd olunmamışdır. Eyni zamanda sözügedən illər üzrə əmək haqqı məlumatlarının qeyd olunduğu səhifələr imza və möhürlə təsdiq edilməmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixli 683 nömrəli arxiv arayışında qeyd olunan dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün hesab olunmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X11 əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2025-ci il tarixli qərardadan görünür ki, İddiaçı pensiya kapitalı olmadığı üçün əmək pensiyasının təyinatından imtina edilmişdir. Dövlət X4 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli qeyd edilmişdir ki, X10 filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 Neli Pambıqçılıq sovxozunun arxiv sənədlərinin , o cümlədən 1969-1990; Qaraçala qəsəbə “Qaraçala” kolxozunun 1991-1995; Qaraçala qəsəbə “Qaraçala” Aqroservisinin 1996-1998-ci illərə aid şəxsi heyət üzrə əmr və əmək haqqı cədcəllərinin müvəqqəti baxış keçirilməsi üçün Şirvan İnzibati Məhkəməsinə 17 İyun 2025-ci il tarixdə aparılacaq işlərin nömrələri və sayı 1969-1990-ci illərə aid şəxsi heyət üzrə əmrlər 26 iş, 1991-1995-ci illərə aid əmr və əmək haqqı cədvəlləri 23 iş və 1996-1998-ci illərə aid əmr və əmək haqqı cədvəlləri 7 iş. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinati X11 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X5 pensiya işinə dair sənədlərin tərkibində olan Azərbaycan Respublikası X10 rayon filialının xx.xx.2024-cü il tarixli 3-48 DA/9F/-2-277/2024 nömrəli arayışına əsasən onun 1980-1982-ci illərdə Salyan rayon Qaraçala qəsəbəsi SSRİ-nin 50 illiyi adına 1 N°-li Pambıqçılıq sovxozunda və 1982-1992-ci illərdə Varlı kənd Yüksəliş sovxozunda işlədiyi dövrlər sığorta stajına daxil edilmişdir. Məlumat üçün bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya ehtiyatlarında olan məlumata əsasən X1 ümumi əsaslarla yaşa görə əmək pensiyası təyin edilməsi barədə məlumat aşkar edilməmişdir. Əlavə olaraq bildiririk ki, X5 pensiya işinin surəti məhkəməyə təqdim edilir. Məhkəmədə şahid qismində dindirilən X3 bildirmişdir ki, iddiaçı ilə həm sinif yoldaşı olmuş, həm də həmkəndlisidir. Birlikdə sovxozda işləmişlər. O, 8-ci sinifdən işləyib. İddiaçı ilə 1976-1990-cı illərdə işləmişlər. Məhkəmədə şahid qismində dindirilən X9 bildirmişdir ki, iddiaçı ilə həm qonşudurlar, həmçinin eyni kənddədirlər, həm də sinif yoldaşıdırlar. Traktorçu və sahə birqadiri işləyib. İddiaçı kolxoz ləğv olunana qədər işləyib. Belə ki, 1980-ci ildən 1992-ci ilədək işləmişdir. İddiaçı onunla eyni vaxtda işləyib. Ona əmək pensiyası təyin olunub. O işdən çıxandan da sonra işləyib. Ona kolxozda işlədiyi illər hesablanıb. Sığortaolunanın hesabından çıxarışdan müəyyən olunur ki, İddiaçı 2019-cu ilin iyul ayından 2022-ci ilin mart ayınadək cəmi gəlir 2980,00 manat, cəmi hesablanmış-745,00 manat, cəmi ödənilmiş-745,00 manat kimi müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. İnzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 18. Çoxun azı ehtiva etməsi prinsipi 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. 18.2. İnzibati orqanlar tərəfindən verilmiş arayışlar və icazələr onların məqsədilə uzlaşan hissəvi arayışları və icazələri ehtiva edir. … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, Qanunun 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən “əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2020-ci il tarixdən sonra kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfləri dinləyərək, iddia və etiraz ərizəsini və işin faktiki hallarını obyektiv, qərəzsiz şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçının hüquqi marağı ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İddiaçı ona hüququ yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə inzibati orqana müraciət etmiş, cavabdeh ümumi sığorta stajının qanunla nəzərdə tutulan 25 ildən az olması əsası ilə tələbin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehin imtinasından narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə ilk öncə qeyd edir ki, pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-ci il tarixdə doğulması və xx.xx.2022-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. - 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar “Əmək pensiyaları haqqında” Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İş materiallarında olan Dövlət X4 xx.xx.2021-ci il tarixli, 683 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, X10 filialında mühafizə olunan Salyan rayon Qaraçala qəsəbə 1 №;-li Pambıqçılıq sovxozunun arxiv sənədlərində, o cümlədən 1969-1991-ci illərə aid şəxsi heyət üzrə əmrlərindən arxiv çıxarışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1969-cu il tarixdən 1998-ci il tarixədək müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin iddiaçıya məxsus H3 № ******* nömrəli, xx.xx.1975-ci il tarixli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Bundan əlavə iddiaçı 2019-cu ilin iyul ayından 2022-ci ilin mart ayınadək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə iş materiallarından müəyyən edir ki, həmin dövrlərdə iddiaçıya əmək haqqları hesablanmış və ödənilmiş, həmçinin məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu və hərbi xidmətdə oludğu dövrlər ümumilikdə götürülməklə sığorta stajı 25 ildən artıq olur və beləliklə də, iddiaçı tərəfindən 2-ci şərt, yəni 25 illik ümumi iş stajı tələbi də ödənilmiş olur. Belə olan halda cavabdehin imtina əsasları iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərbaərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. İddiaçı xx.xx.1957-ci ildə anadan olmuşdur, onun yaşa görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququ 65 yaşında, yəni xx.xx.2022-ci il tarixdə yaranmış olur. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı X11 üzərinə qoyulsun. Qərardan onun tam formada təqdim olunduğu gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2368/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2368/2025
03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver