Məhkəmə qərarları › İş №2-1(120)-238/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-238/2021

18.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-238/2021 18.03.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı (Masallı rayonu, Təklə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0346 (kod 80520018) dövlət aktı və dövlət reyestrindən çıxarışlar əsasında mülkiyyətinə verilmiş 5,05 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC 8 saylı Cəlilabad Layihə Tədqiqat İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0346 (kod 80520018) dövlət aktına əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş və dövlət reyestrindən çıxarışlarla mülkiyyətinə verilmiş 5,05 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün olan torpaq sahəsinin sərhədlərinin, dəqiq yerinin, cizgilərinin müəyyən edilib istinad nöqtələrinin vurularaq həmin torpaq sahəsinin ona təhkim olunmasını cavabdehlərə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə qarşı torpağa mülkiyyət hüququna dair JN-0346 (kod 80520018) dövlət aktı və dövlət reyestrindən çıxarışlar əsasında mülkiyyətinə verilmiş 5,05 ha. torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Eyni zamanda Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən X6, X7, X13, X8, Həmidova Könül Səmədağa qızı, X9, X18, X14, Masallı rayon Təklə bələdiyyəsi və X25 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdırlar ki, Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0346, 80520018 kodlu dövlət aktına əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli, 08 saylı qərarı ilə ona və ailə üzvləri ilə birlikdə 5,05 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi ayrılmışdır. Bununla bağlı rəsmi sənədlərdə vardır. Eləcədə həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarışda verilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyətinə dair bütün hüquqları həyata keçirirlər. Həmin torpaq sahəsinin uzun illərdirki istifadə edirlər, lakin sonradan həmin torpaq sahəsinin sərhədləri ilə bağlı həmkəndliləri X25 ilə aralarında müxtəlif narazılıqlar yaranmağa başlamış, bununla bağlı Azərbaycan Respublikası torpağa mülkiyyət hüququna dair JN-0346, 80520018 kodlu dövlət aktına əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli, 08 saylı qərarı ilə verilmiş 5,05 hektar kənd təsərrüfatı məhsullarının istehsalı olan torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və həmin torpaq sahəsinn X25 tərəfindən zəbt edilib edilməməsinin yoxlanılması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin həmin idarədən ona mübahisənin məhkəmə yolu ilə həll olunması üçün məhkəməyə müraciət etməyi məsləhət görülərək imtina məktubu verilmişdir. Qeyd olunanları əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********81 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin zəbt edilməsi məsələsinin araşdırılması və torpaq sahəsi üzərində tərəflər arasında yaranmış mübahisənin həlli ƏmlakMəsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin səlahiyyəti xaricindədir. Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlakın üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını, torpaq sahələrinin plan və ölçülərini tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzşəkmə işlərinin aparılmasına həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə kİ. Torpaq sahəsi üzərində yaranmış mübahisənin həlli ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan JN-0346 (kod 80520018) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Masallı rayonu Təklə kənd sakinləri İddiaçı, X2, X3, X10, X4, X4, X5, X15 və X11 Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000ci il tarixli, 08 nömrəli qərarı ilə 5,05 hektar torpaq sahəsi ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışdan görünür ki, Masallı rayonu Təklə kəndində 0.7111 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışdan görünür ki, Masallı rayonu Təklə kəndində 4.3355 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, RX ******* nömrəli çıxarışdan görünür ki, Masallı rayonu Təklə kəndində 0.30 hektar torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, **********21 nömrəli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinin zəbt edilməsi məsələsinin araşdırılması və torpaq sahəsi üzərində tərəflər arasında yaranmış mübahisənin həlli Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin səlahiyyəti xaricindədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən sözü gedən inzibati işlə bağlı İddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İnzibati Prosessual Məcəllənin 2.2-2.2.3-cü maddələrinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»ndan görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsi inzibati orqan kimi təsnif olunmuşlar. İddiaçının hazırki iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx xxxx 2000-ci il tarixli, 08 nömrəli qərarı ilə iddiaçı və onun ailə üzvlərinin birgə mükiyyətinə verilmiş 5,05 hektar torpaq sahəsinin cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi, başqa sözlə, ölçülüb iddiaçılara tanıtdırılmasıdır. Məhkəmə hesab edir ki, mərz nişanlarının qoyulmasının tələb edilməsi isə torpaq mülkiyyətçinin müstəsna hüququdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir. Azərbaycan Respublikası Prezidentinin x xxx 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin 2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, mərzçəkmə işləri kompleks iş olmaqla özündə yuxarıda göstərilən işlərin görülməsini ehtiva edir. Qeyd edilən normativ sənədin 2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Qeyd edilən normativ sənədin 2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qeyd edilən normativ sənədin 2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. Sözügedən normativ sənədin 2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin plan-ölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə, məhkəmə işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı mülkiyyətində olan 5,05 ha. torpaq sahəsi üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qanuni əsası olduğundan təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin üzərinə torpağa mülkiyyət hüququna dair JN-0346 (kod 80520018) dövlət aktı və dövlət reyestrindən çıxarışlar əsasında mülkiyyətinə verilmiş 5,05 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, prosessual xərc (məhkəmə xərci), yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 2.2.3, 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin üzərinə torpağa mülkiyyət hüququna dair JN-0346 (kod 80520018) dövlət aktı və dövlət reyestrindən çıxarışlar əsasında mülkiyyətinə verilmiş 5,05 hektar torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulsun. Prosessual xərc iddiaçıya aid edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar