Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2389/2024 16.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Şənlik bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının ləğv edilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “Şənlik Bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının etibarsız hesab edilməsi” barədə iddia ərzəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tələbinə “Şənlik Bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının etibarsız hesab edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə tələbi “Şənlik Bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının etibarsız hesab edilməsi” kimi dəqiqləşdirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional Ədliyyə idarəsinin xx.xx.2023-cü il tarixli, 3-16-22/5-Q-l 15 2023 saylı təklif məktubuna əsasən bildirilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.2-ci maddəsinin tələbinə zidd olaraq qəbul edilmiş xx.xx.2001-ci il tarixli sərancamın ləğv edilməsi və həmin sərəncam əsasında Şənlik kənd sakini Cavabdeh ilə Şənlik bələdiyyəsi tərəfindən 20 ha torpaq sahəsinin 50 il müddətə icarəyə verilməsi barədə bağlanmış icarə müqaviləsinə xitam verilməsi təklif olunmuşdur. Bu məktub Şənlik bələdiyyəsinin 11 sentyabr 2023-cü il tarixli iclasında müzakirə olunaraq sözügedən sərancamın etibarsız hesab edilməsi ilə əlaqadar bələdiyyə tərəfindən məhkəmə iddia qaldırılması barədə qərar qəbul edilmişdir. Şənlik bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli sərancamı “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası qanunun 6.2-ci maddəsinin tələbinə zidd olaraq qəbul edildiyinə görə əsassız hesab edilməlidir. Azərbaycan Respublikasının “Torpaq Məcəlləsi”nin maddə 73.4 (Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər.) tələbinə uyğun olaraq Azərbaycan Respublikasının “Torpaq İcarəsi” haqqında qanunun 29-cü maddəsinə görə Torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Həmin qanunun maddə 31-ci maddəsinə görə Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Şənlik kənd sakini Cavabdeh həmin sərəncam əsasında əldə etdiyi icarə müqaviləsi əsasında 20 ha torpaq sahəsisindən təyinatı üzrə 23 il istifadə etməsi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun maddə 48.2 əsasən Şənlik bələdiyyəsinin qərarı ilə həmin sərəncamın ləğv edilməsi mübahisələr yarada bilər. Ona görədə bələdiyyə tərəfindən mübahisənin tam ədalətli həll edilməsi barədə məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə regional Ədliyyə idarəsinin xx.xx.2023-cü il tarixli 3-16-22/ 5-Q-l 15 2023 saylı təklif məktubuna əsasən yuxarıda göstərilənlərlə bərabər Azərbaycan Respublikasının “İnzibati Prosesual Məcəlləsinin” 2.2.5, 8.3, 37, 70.1 maddələrini əldə rəhbər tutaraq, Şənlik bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı nümayəndəsinin və Cavabdeh iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin keçmiş iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiasına uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı X3 iddiası mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi İddiaçı Cavabdeh qarşı “Şənlik bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının etibarsız hesab edilməsi” barədə iddia qaldırmışdır. İşdə olan İddiaçı xx.xx.2001-ci il tarixli, 06 saylı sərəncamından çıxarışından görünür ki, Şənlik kənd sakini Cavabdeh torpaq sahəsi verilməsi barədə şəxsi ərizəsi nəzərə alınsın. Şənlik bələdiyyə mülkiyyətində olan bələdiyyə torpaqlarından kənd sakini Cavabdeha ayrılmış 20 (iyirmi) ha əkin sahəsi barədə rayon toıpaq şıbəsi tərəfindən tərtib edilmiş müqavilə, toıpaq ayırma aktı və yerqurluşu planı təsdiq edilsin. İcarəçi Cavabdeh tapşırılsın ki,toıpaq məcəlləsinin38,45,66,68 -ci maddələrinə əsasən toıpaqdan istifadə hüququna dair şəhadətnamə aldıqdan sonra toıpaqdan istifadəyə başlasın. İşdə olan Ağcabədi rayon İcra Hakimiyyəti başçısının Şənlik kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 21 nömrəli məktubunda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh 2001-ci ildə Şənlik bələdiyyəsindən icarəyə götürdüyü 20 ha torpaq sahəsindən istifadə olunur və həmin 20 ha torpaq sahəsindən Cavabdeh və onun ailəsi istifadə edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər – tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Belə ki, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsi:
1. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər.
2. Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz.
3. Bələdiyyənin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar təşkilati-hüquqi formasından asılı olmayaraq, bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir.
4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər.
5. Bələdiyyə qərarlarının icra edilməməsi qanuna müvafiq surətdə məsuliyyətə səbəb olur. Qanunun 49-cu maddəsi: Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin müraciətlərinə dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, digər şəxslər və onların vəzifəli şəxsləri bir ay müddətində baxmalıdırlar. 49-1. Müvafiq icra hakimiyyəti orqanı bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək edir və onlara yerli özünüidarəetmə fəaliyyətinin qanunauyğun həyata keçirilməsi sahəsində metodoloji yardım göstərilməsi üzrə tədbirlər görür. İşin faktiki hallarından da göründüyü kimi Şənlik bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının ləğv edilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 4-cü fəslinə əsasən bələdiyyələr yerli özünüidarəni və öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir, bələdiyyənin iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edirlər. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən bələdiyyələr seçilmiş bələdiyyə üzvlərindən ibarət nümayəndəli kollegial yerli özünüidarəetmə orqanıdır. Həmin Qanunun 48-ci maddəsinə əsasən bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaçının nəzərinə çatdırır ki, bələdiyyə kollegial orqan olduğundan bələdiyyənin fəaliyyəti ilə bağlı, o cümlədən bələdiyyənin səlahiyyətinə aid olan mübahisələrlə bağlı məsələlər bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı, müzakirəyə çıxarılan bütün məsələlər protokollaşdırılmalı, baxılan məsələlərə dair qərarlar qəbul edilməli, protokol iclasın sədri və katibi tərəfindən imzalanmalı və bələdiyyənin möhürü ilə təsdiq edilməlidir. İş üzrə keçmiş bələdiyyə sədri tərəfindən kollegial baxılaraq qərar olmadan sərəncam verildiyi müəyyən edilir. Həmin sərəncamın qanunazidd olduğu hesab edilərsə, bələdiyyə həmin mübahisəni bələdiyyə iclasının müzakirəsinə çıxarılmalı və ləğvi ilə bağlı müvafiq qərar qəbul etmək səlahiyyətinə malikdir. İddiaçının məhkəməyə müraciət etməkdə əsas arqumenti “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndi ilə bağlıdır ki, həmin bənddə qeyd edilmişdir ki, Bələdiyyənin qəbul etdiyi qərarlar bələdiyyənin ərazisində yerləşən hüquqi və fiziki şəxslərin hüquq və səlahiyyətlərinin pozulmasına yönəldilə bilməz. Həmin hissə də məhkəmə bildirilir ki, hazırki iş üzrə keçmiş sədrinin səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz hərəkətini həmin bəndlə müqayis etmək düzgün deyil. Belə ki, bələdiyyə tərəfindən qəbul ediləcək qərar digər üçüncü şəxslərin hüquqlarını pozacağı təqdirdə həmin şəxslər bələdiyyə iclaslarına dəvət edilməli, qərar onlara elan edilməli və həmin şəxslər tərəfindən hüquqları pozulduğu hesab edilərsə bələdiyyənin iclas protokolu ilə qəbul etdiyi qərarı məhkəmə qaydasında mübahisələndirmək hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı öz kollegial səlahiyyətlərinin icrası ilə bağlı müvafiq qərar vermədən mübahisəni məhkəmə qaydasında həll etmək üçün müraciəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 06 mart 2024-cü il tarixli və 13 may 2024 tarixli hüquqi yardım məktubları ünvanlanaraq, həmin hüquqi yardım məktubuna münasibət bildirmək təklif olunmuş, lakin hüquqi yardım məktubu xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixlərdə poçt xəbərnaməsinə imza edilərək qəbul edilməsinə baxmayaraq, hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə
qərara aldı: İddiaçı Cavabdeh qarşı “Şənlik Bələdiyyə sədrinin xx.xx.2001-ci il tarixli, 6 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
Hakim: Hilal Nəcəfov