Məhkəmə qərarları › İş №2-1(120)-2390/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2390/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2390/2025 25.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Masallı rayonu Miyankü Bələdiyyəsinə qarşı “Masallı rayonunun Miyankü Bələdiyyəsinə daxil olan Kübin kəndi ərazisində X3 tərəfindən iddiaçı da daxil olmaqla, kənd əhalisinə məxsus heyvanları oturmaq üçün örüş yeri kimi nəzərdə tutulan və kənd sakini X3 tərəfindən zəbt olunan 30-40 sot torpaq sahəsinin zəbtdən azad edilməsi, torpağın üzərində qanunsuz olaraq tikilən tövlənin sökülməsi, iddiaçının mülkiyyətində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışda göstərilmiş torpaq sahəsinin ölçülməsi və ümumi istifadədə olan torpaq sahəsinin qəsdən zəbt olunmasına, orada tövlə tikilməsinə şərait yaratmaqla yol verdiyi hərəkətlər cinayət tərkibli əməllər olduğundan bu barədə cinayət işinin başlanılması üçün xüsusi qərardadın çıxarılıb aidiyyətli prokurorluq orqanlara göndərilməsi” barədə iddianın mümkünlüyü məsələsinə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Masallı rayonu Miyankü Bələdiyyəsinə qarşı “Masallı rayonunun Miyankü Bələdiyyəsinə daxil olan Kübin kəndi ərazisində X3 tərəfindən iddiaçı da daxil olmaqla, kənd əhalisinə məxsus heyvanları oturmaq üçün örüş yeri kimi nəzərdə tutulan və kənd sakini X3 tərəfindən zəbt olunan 30-40 sot torpaq sahəsinin zəbtdən azad edilməsi, torpağın üzərində qanunsuz olaraq tikilən tövlənin sökülməsi, iddiaçının mülkiyyətində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışda göstərilmiş torpaq sahəsinin ölçülməsi və ümumi istifadədə olan torpaq sahəsinin qəsdən zəbt olunmasına, orada tövlə tikilməsinə şərait yaratmaqla yol verdiyi hərəkətlər cinayət tərkibli əməllər olduğundan bu barədə cinayət işinin başlanılması üçün xüsusi qərardadın çıxarılıb aidiyyətli prokurorluq orqanlara göndərilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayonu Kübin kənd sakini X4 cinayət əməli törədərək kənd əhalisinin mal-qarası üçün örüş yeri kimi nəzərdə tutulan 30- 40 sot yararsız bələdiyyə torpağını zəbt etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllər törətmişdir. Həmin maddəyə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma halları qəsdən törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Bir ildən çoxdur ki, aidiyyətli dövlət orqanları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onun tərəfindən həmin torpaq sahəsinin qanunsuz olaraq zəbt etməkdə davam etməsi ilə sübut olunur ki, (özü də etiraf edir ki, həmin sahəni hasarlanmış vəziyyətə saxlayaraq indi də becərir) həmin torpaq sahəsi onun tərəfindən qəsdən zəbt edilmişdir. Bu da yuxarıda göstərdiyi kimi, açıq-aşkar cinayət əməlidir. O, bu barədə Masallı Rayon Polis Şöbəsinə də ərizə ilə müraciət etmişdir. Lakin Masallı RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixli HK-1/223 nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı verilmişdir. Halbuki, həmin qərarla da tamamilə təsdiq olunur ki, həmin torpaq sahəsi qanunsuz zəbt olunmuşdur. Belə ki, həmin qərarın 2-ci səhifəsinin 4-cü abzasında göstərilmişdir ki, “...2017-ci ilin yay aylarında Masallı rayon Kübin kənd sakini X3 yaşadığı evdən təxminən 30-40 metr kənarda 0,30 ha bələdiyyə kənd təsərrüfatının yararsız təyinatlı torpaq sahəsini dayısı arvadı X5 məxsus olduğunu zənn edərək, sözügedən torpaq sahəsini bələdiyyə kənd təsərrüfatı təyinatlı yararsız torpaq sahəsi olduğunu bilmədən orada mişar daşlardan tövlə inşa etmişdir. Bu halın özü Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə cinayət tərkibi yaradan əməllərdir. Həmin maddəyə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına hasarlama, becərmə, və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma halları qəsdən törədildikdə cinayət məsuliyyətinə səbəb olur, lakin Fariz Qənbərov sözügedən torpaq sahəsini qəsdən tutmamış, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu bilməmiş, torpaq sahəsini zəbt etmək fikri olmamış bunu arzu etməmişdir, bu səbəbdən onun əməlində CMnin 188-ci maddəsinin tərkibi əlamətləri yoxdur. Eyni zamanda vət. X1 əməlində Azərbaycan Respublikasının İXM-nin 395-ci özbaşına tikinti işlərinin aparılması maddəsinin tərkibi əlamətləri olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surəti Boradigah PB-nin sahə rəisinə göndərilməlidir. Bütün bunlardan sonra Masallı rayonu Miyankü Bələdiyyəsinin sədri S.Kişiyev qanunsuz olaraq zəbt olunmuş Bələdiyyə torpağının zəbtdən azad olunmasını və həmin torpaq sahəsində tikilmiş tövlənin sökülməsini təmin etmək əvəzinə torpaq zəbt etməklə cinayət törədən Fariz Qənbərovun cinayət hərəkətlərini müdafiə etməyə başladı. Dəhşətlisi odur ki, Bələdiyyə sədri vəzifəsindən istifadə edərək Fariz Qənbərovun cinayət törətməklə zəbt etdiyi torpaq sahəsini onun adına sənədləşdirmək üçün yollar axtarmağa başladı. Onda olan məlumatlara görə torpaq sahəsini nəyinsə müqabilində qanunsuz zəbt edən Qənbərov Farizin adına sənədləşdirmək istəyir. Sonradan o, da ona məlum olub ki, X9 Polisində də müdafiə edən Bələdiyyə sədri Kişiyev Sərhad olmuşdur. Ona görə də onu öyrədərək bildirmişdir ki, polisdə izahat verəndə o, həmin torpağın bələdiyyə torpağı olduğunu bilməmişdir, elə bilib ki, dayısının həyat yoldaşı Ağayeva Mətanətin toıpaq sahəsidir, deyəsən, səni cinayət məsuliyyətindən azad edərlər. Bu yolla onu cinayət məsuliyyətindən azad edən Bələdiyyə Sədri onu inzibati cəzadan da azad etmişdir. Məlumat üçün onu da bildirir ki, işin faktiki halları ilə də təsdiq olunur ki, qanunsuz olaraq torpaq sahənizi zəbt edən F.Qənbərovu Bələdiyyə sədri S.Kişiyev müdafiə edir. Belə ki, ona polisdən və digər aidiyyəti dövlət orqanlarından bildirdilər ki, Bələdiyəyə müraciət edin, Bələdiyyə dərhal həmin torpaq sahəsini zəbtdən azad edəcəkdir. O, isə Bələdiyyənin sədrinə müraciət edəndə dəhşətə gəlmişdir. Belə ki, Bələdiyyə sədri ona cavabında bildirb ki, “sözügedən ərazi örüş yeri olaraq bələdiyyə fonduna aiddir, o, da bir bələdiyyə sədri kimi bildirir ki, həmin 30 sot torpaq sahəsinin kənd sakini X2 şəxsi istifadəsi üçün vermişdir, bununla bağlı kimə və hara istəyirsən şikayət” deyə ona bildirdi. Lənkəran Regional Ədliyyə İdarəsindən də ona məktub gəldi ki, bu barədə məhkəməyə müraciət edin. Həmin cavabı da ərizəyə əlavə edir. Qəribəsi odur ki, Bələdiyyə Sədri S.Kişiyev ona verdiyi cavabında göstərmişdir ki, guya torpağı o, onunla bir yerdə zəbt etmişdir, tövləni də bir yerdə tikmişlər. Düzü o, Bələdiyyə sədrinin bu kimi iradlarından heç nə başa düşməmişdir. Ona bir vəzifəli şəxs kimi müraciət etmişdir ki, qanunla öhdəsinə düşən vəzifəsini yerinə yetirməklə zəbt olunmuş torpaq sahəsinin və qanunsuz tikilmiş tövlənin sökülməsini təmin etsin. O, isə yuxarıda göstərdiyi kimi, gizli surətdə qanunsuz torpaq zəbt edənin cinayət hərəkətlərinə saxta sənədlərlə hüquqi don geyindirmək istəyir. Bu barədə Miyankü Bələdiyyəsinə və Cəlilabad şəhərində olan Əmlak İdarəsinə sorğu versəniz hər şey aydın olar. Belə ki, yuxarıda göstərdiyi kimi, qanunsuz zəbt olunan torpaq sahəsi barəsində intizam tənbehi qaydasında cəza tədbiri görülən Qənbərov Farizin adına sənədləşdirmək üçün ilkin sənədləri hazırlamağa başlamışdır. Bununla da Bələdiyə sədri torpaq zəbt etməklə cinayət hərəkətlərinə yol verən Qənbərov Farizə qoşulmuşdur. Ona görə də hər ikisinin barəsində məhkəmə tərəfindən xüsusi qərardad çıxarılıb aidiyyəti prokurorluq orqanlarına göndərilməlidir. Məhkəmənin Qəradadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh Masallı rayonu Miyankü Bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki,iddiaçı Masallı rayonunun Miyankü Bələdiyyəsinə daxil olan Kübin kəndi ərazisində X3 tərəfindən iddiaçı da daxil olmaqla, kənd əhalisinə məxsus heyvanları oturmaq üçün örüş yeri kimi nəzərdə tutulan və kənd sakini X3 tərəfindən zəbt olunan 30-40 sot torpaq sahəsinin zəbtdən azad edilməsi, torpağın üzərində qanunsuz olaraq tikilən tövlənin sökülməsi, iddiaçının mülkiyyətində olan ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışda göstərilmiş torpaq sahəsinin ölçülməsi və ümumi istifadədə olan torpaq sahəsinin qəsdən zəbt olunmasına, orada tövlə tikilməsinə şərait yaratmaqla yol verdiyi hərəkətlər cinayət tərkibli əməllər olduğundan bu barədə cinayət işinin başlanılması üçün xüsusi qərardadın çıxarılıb aidiyyətli prokurorluq orqanlara göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hazırki tələb qanunsuz zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi, tikilinin sökülməsinə dair işlər üzrə mülki icraat hesab edildiyindən, inzibati icraat qaydasında deyil, ümumi (rayon, şəhər) məhkəmələrində baxılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. İş materiallarında olan Masallı rayon Miyankü Bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Kubin kənd sakini X3, əvvala sizin bacınız oğludur, O, yəni fariz Qənbərov Kubin kəndinin örüş torpağını zəbt etməyib.Lakin o, bələdiyyənin kənd təsərrüfat təyinatlı ehtiyat fond torpağını zəbt edərək Sizinlə bir yerdə 5-6 il bundan qabaq mal-qara üçün tövlə tikmiziniz. İllər keçəndən sonra şəxsi münasibətin onunla pisləşməsi nəticəsində daima mübahisə halındasınız. Bələdiyyənin kənd təsərrüfat təyinatlı ehtiyat fond torpağında tikilən tövlə haqqında məlumatları məktubunuzda qeyd etdiyiniz Masallı Rayon Polis Şöbəsinə, Lənkəran Regional Ədliyyə İdarəsinə, Əmlak Məsələləri Cəlilabad Ərazi İdarəsinə və FHN-nin Lənkəran Regional İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Regional Ədliyyə İdarəsinin iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, qanunsuz tikinti aparılması ilə bağlı müraciətiniz əsasında toplanmış materiallar üzrə Masallı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı müraciəti əsasında sözügedən qərar Masallı Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş, nəticədə F.Qənbərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Bildirilir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarəti bələdiyyələr həyata keçirirlər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 70-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Cavabdeh inzibati orqan və ya 3-cü şəxs tərəfindən onun mülkiyyət hüququnun pozulması müəyyən edilmir. Həmçinin mülkiyyət hüququnun mövcudluğu heç bir sübutla öz təsdiqini tapmır və iddiaçı da qeyd olunan halla bağla məhkəməyə heç bir sənəd, sübut təqdim edə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, torpaq sahələrinin zəbt edilməsi, zəbtdən azad edilməsi ilə bağlı fiziki şəxslər arasında yaranmış mübahisələrə aidiyyəti üzrə ümümi məhkəmədə (rayon, şəhər məhkəmələri) baxılır. İddiaçının tələbinin digər hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cinayət işi ilə bağlı Masallı Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı müraciəti əsasında sözügedən qərar Masallı Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş, nəticədə F.Qənbərov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırki iddaya inzibatı deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə aidiyyəti üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü və 48-ci maddələrini rəhbər tutaraq İddiaçı 24 oktyabr 2024-cü il tarixli hüquqi yardım məktubu ilə yuxarıda qeyd edilən hüquqi mövqeyə uyğun yardım etmiş, lakin iddiaçı müəyyən edilmiş vaxt ərzində (məhkəmə iclası gününə kimi) məhkəmənin hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar