Məhkəmə qərarları › İş №2-1(120)-2398/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2398/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2398/2022 06.12.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı Əbulfət oğlunun iştirakı ilə, İddiaçı Əbulfət oğlunun cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 dekabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Əbulfət oğlu cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında “Emin” adında düzəliş edərək, adında “Elmar” qeydiyyatı aparılması və təkrarən yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cəbrayıl rayonu BBAQ şöbəsi tərəfındən verilmiş XİX-ЖГ № 470849 saylı, 10 iyul 1996-cı il tarixli doğum haqqında şəhadətnamədən də təsdiq edilir ki, o, xx.xx.1996-cı il tarixdə anadan olmuş və şəhadətnamədə adı, soyadı və ata adı İddiaçı kimi qeyd edilmişdir. O, uzun müddət Rusiya Federasiyasında yaşamışdır. Moskva vilayəti VVAQ idarəsinin Qaqarin VVAQ şöbəsini İ-МЮ № 661383 saylı, xx.xx.2017-ci il tarixli adın dəyişdirilməsi haqqında şəhadətnamədən də görünür ki, adı, soyadı və ata adı dəyişdirilərək “İddiaçı Əbulfət oğlu” kimi qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikasınm vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” xx.xx.2022ci il tarixli, ******* saylı Qərarı ilə xx.xx.1996-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanınması qərara alınmışdır. Daha sonra bir faktı məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi idarəsində qeydiyyata alınmış və eləcədə İQ № 451938 saylı, xx.xx.2022-ci il tarixli ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqədə də soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən adına verilmiş xx.xx.2022-ci il tarixli “Çıxarışda” da adı “Elmar” kimi qeyd edilmişdir. Bütün bu sadaladığı dəlillərdən göründüyü kimi bütün sənədlərdə soyadı, adı və ata adı İddiaçı kimi qeyd edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon qeydiyyat şöbəsinə müraciət edərək, doğum haqqında şəhadətnamənin təkrar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cəbrayıl rayon qeydiyyat şöbəsınm 85 saylı, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, doğum akt qeydində adı “Elmar” kimi yox, məhz “Emin” kimi qeyd edilmişdir. Bu səbəbdən də adında düzəlişin qeyri mümkün olduğunu nəzərə alaraq, təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də adında düzəlişlərin edilməsi səbəbi ilə və təkrar doğum haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxsin üzərinə vəzifə kimi qoyulmasından ötrü məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı Əbulfət oğlu gəlmiş, cavabdehin nümayəndəsi gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı Əbulfət oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı doğumu haqqında akt qeydində adının “Emin”dən “Elmar”a dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli, 85 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, xx.xx.2002-ci il tarixdə Cəbrayıl rayon qeydiyyat şöbəsinə dogum haqqında təkrar şəhadətnamə yazılması ilə bağlı Cəbrayıl rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Araşdırma zamanı Sizin doğum akt qeydinizdə adınızın “Eımar” yox “Emin” qeyd edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklərin edilməsi, kifayət qədər əsas olduqda mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Göstərilənlərlə bağlı bildiririk ki, müvafiq düzəlişi aparılması üçün və doğum akt qeydinə düzəliş edilməsi və ərizənizi təmin etmək şöbəmizin imkanı xaricindədir. Məhkəmə mübahisəyə qiymət verilməsi ilə bağlı qanunvericiliyin aşağıdakı müddəalarını diqqətə çəkir: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda akt qeydində dəyişiklik məhkəmənin qətnaməsi əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Məhkəmənin qənaətinə görə iddiaçının tələbi onun adının düzgün olmaması ilə bağlı olduğuna görə, ilk növbədə onun adının vətəndaşlıq vəziyyəti aktları qeydində necə yazılması müəyyən olunmalıdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı xx.xx.1996-cı il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur və həmin vaxt onun adı doğum akt qeydində “Emin” kimi göstərilmişdir. Sonradan iddiaçı doğum akt qeydində adı “Emin” olsa da özünün dediyinə görə yeni doğum haqqında şəhadətnamə almış və şəhadətnamədə adı “Elmar” kimi göstərilmişdir. Həmin yeni doğum haqqında şəhadətnamə əsasında şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı doğum akt qeydindəki adının düzgün göstərilməməsi ilə bağlı heç bir sübut nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiyindən, cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinin imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Əbulfət oğlunun cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14-cü, 23.1-ci, 32-ci, 33-cü, 52-ci, 58.7-ci, 62-ci, 68-69-cu, 73-cü, 75-ci, 78-ci, 81-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı Əbulfət oğlunun cavabdeh Cəbrayıl rayon qeydiyyat şöbəsinə qarşı “doğum haqqında akt qeydində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar