Məhkəmə qərarları › İş №2-1(120)-2403/2022

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2403/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2403/2022 14.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «21 iyul 2022-ci il tarixli 48 saylı məktuba cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə iş materiallarına 14 oktyabr 2022-ci il tarixdə X1 inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyul 2022-ci il tarixli 48 saylı məktuba cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 21 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə 48 saylı məktub yazaraq poçt vasitəsi ilə göndərilmişdir. Lakin müraciətləri bu günə kimi cavabsız qalmışdır. Odur ki, 21 iyul 2022-ci il tarixli 48 saylı məktuba cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunması məhkəmədən xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdehin nümayəndəsi gəlməmişlər, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab vermək tələbi təmin olunduğundan və iddia tələbi üzrə mübahisə artıq mövcud olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnformasiya sorğusu”ndan görünür ki, İddiaçı 21 iyul 2022-ci il tarixli 48 saylı məktubla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə informasiya sorğusu göndərmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsinin rəis müavini Emin Məmmədovun İddiaçınə və məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, iddiaçı ATE Hüquq Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16 may 2022-ci ildə Abşeron Rayon Polis İdarəsinə yazdığı məktuba cavab verilməməsinə dair Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanlanmış müraciətininə baxılmışdır. Müəyyən olmuşdur ki, Hüseyn Orucovun pulunun Şəbinə Kərəmova tərəfindən ələ keçirilməsi barədə şikayəti üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılaraq əməldə cinayət tərkibinin olmaması əsası ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.2. maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayətlə bağlı rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə müraciət etmək hüququnuz vardır. Müraciətini cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Abşeron rayon prokuroruna göndərilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxılması qaydasını müəyyən edir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə müraciət edən şəxs – fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.0.2-ci maddəsinə görə müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə müraciətə baxan subyekt – fiziki və ya hüquqi şəxslərin müraciətlərinə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər və ya büdcə təşkilatlarıdır. Həmin Qanunun 4.0.5-ci maddəsinə görə müraciətlərə baxılmasında ayrı-seçkiliyə və süründürməçiliyə yol verilməməsi vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsiplərindəndir. Həmin Qanunun 7.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidir. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. Həmin Qanunun 7.5-ci maddəsinə görə müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Həmin Qanunun 7.12-ci bəndinə görə vətəndaşın müraciətində göstərilən məsələlər «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət sirri təşkil edən məlumatlara və ya qanunla qorunan digər məlumatlara aid edildikdə müraciətin bu səbəbdən mahiyyəti üzrə cavablandırılmasının mümkünsüzlüyü barədə müraciət edənə məlumat verilir. Həmin Qanunun 10.1-ci maddəsinə görə bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2 – 10.4cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənmə və yoxlama tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. Həmin Qanunun 10.3-cü maddəsinə görə hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətlərinə daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Həmin Qanunun 10.4-cü maddəsinə görə əgər məlumatln verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilirsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda, müraciətin daxil olduğu andan 24 saat keçənədək baxılmalıdır. Həmin Qanunun 10.5-ci maddəsinə görə bu Qanunun 10.1 – 10.3-cü maddələrində göstərilən müddətlərin axımı müraciətin müraciətə baxan subyektə daxil olduğu gündən başlanır. Həmin Qanunun 12.1-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada vətəndaşların yazılı və şifahi formada təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanunazidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının sərbəst həyata keçirilməsi üçün şərait yaradılmasını təmin etməlidirlər. Həmin Qanunun 12.2-ci maddəsinə görə müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməli, onlara bu Qanunla müəyyən olunmuş qaydada və müddətlərdə baxmalı və cavab verməlidir. «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci madəsinə görə hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Həmin Qanunun 3.0.1-ci maddəsinə görə informasiya – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlar. Həmin Qanunun 3.0.3-cü maddəsinə görə ictimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir. Həmin 3.0.5-ci maddəsinə görə informasiya sahibi – informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. Həmin Qanunun 3.0.6-cı maddəsinə görə informasiya sorğusu – informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir. Həmin Qanunun 3.0.7-ci maddəsinə görə informasiya sorğusu verən – informasiya əldə etmək üçün yazılı və ya şifahi şəkildə müraciət edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 10.1-ci maddəsinə görə informasiya sahibi öz informasiya ehtiyatlarından hər kəsin sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə informasiya əldə etmək hüququnu bu Qanunla müəyyənləşdirilmiş qaydada təmin etməyə borcludur. Həmin Qanunun 13.1-ci maddəsinə görə sorğuçu informasiya sorğusunu informasiya sahibinin vəzifəli şəxsinə bilavasitə və ya telefonla müraciət etmək yolu ilə şifahi, sorğunu şəxsən təqdim etmək və ya informasiya sahibinə poçt, telefaks, yaxud elektron poçtla göndərmək yolu ilə yazılı üsulla təqdim edir. Həmin Qanunun 16.1-ci maddəsinə görə informasiya sahibi sorğuda tələb olunan informasiyanı aşağıdakı üsullarla icra edir: elektron informasiya daşıyıcısında yazmaqla və ya sorğuda göstərilən elektron poçt ünvanı üzrə göndərməklə; sənədin surətini və ya sənəddən çıxarışı sorğuçuya bilavasitə təqdim etməklə və ya onun poçt ünvanına göndərməklə; telefaksla; şifahi formada; informasiya ilə tanış olmaq üçün ayrılmış yerə girməyə icazə verməklə; informasiya daşıyıcısının növünü nəzərə almaqla başqa üsullarla. Həmin Qanunun 24.1-ci maddəsinə görə informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Həmin Qanunun 24.4-cü maddəsinə görə əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən informasiya sorğuçuya bu Qanunla nəzərdə tutulmuş formada və üsulla təqdim edildikdə, informasiya sorğusu aidiyyəti üzrə göndərildikdə və sorğuçuya bu barədə məlumat verildikdə, açıqlanmış informasiya ilə tanış olma imkanları sorğuçuya izah edildikdə, informasiya sorğusunun icrasından imtina barədə sorğuçuya əsaslandırılmış cavab verildikdə informasiya sorğusu icra olunmuş sayılır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı 21 iyul 2022-ci il tarixli, 48 saylı müraciətinə 12 sentyabr 2022-ci il tarixdə 005-21235-1222 nömrəli məktubla cavab verilmişdir. İPM-in 67.2-ci maddəsinə görə sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. İPM-in 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin qənaəti belədir ki, iddiaçının informasiya sorğusuna cavab vermək tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən, həmin tələb üzrə hazırda mübahisə mövcud olmur, odur ki, həmin tələb üzrə iş üzrə icraata xitam verilməlidir. İPM-in 80.1-ci maddəsinə görə bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 81.1-ci maddəsinə görə inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 67-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı «21 iyul 2022-ci il tarixli 48 saylı məktuba cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar