Məhkəmə qərarları › İş №2-1(120)-241/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-241/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-241/2020 17.02.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçılar İddiaçı1 (İmişli rayonu, Məzrəli kəndində yaşayan) və İddiaçı2 qızının (İmişli rayonu, Qızılkənd kəndində yaşayan) iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qızının Cavabdehnə qarşı «İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarında və torpaq sahəsinin planı və ölçüsündə dəyişiklik edilərək torpaq mülkiyyətçisi kimi adlarının daxil edilməsi» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 qızı Cavabdehnə qarşı məhkəmədə iddia qaldıraraq, İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarında mərhum babaları X9, İmişli rayonunun Gövhərli kəndinin ərazisindən 2893,38 kv.m həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hissədə dəyişiklik edərək mülkiyyətə torpaq almaq hüququ olan subyektlər kimi onların adlarının, yəni İddiaçı1 və İddiaçı2 qızının adlarının İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarına və müvafiq plan ölçüyə daxil edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Hazırlıq icraatı üzrə məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə mərhum X2na İmişli rayonunun Gövhərli kəndinin ərazisindən 2893,38 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətə verilmiş və torpaq sahəsinin verilməsi X26 kitabında 04.06.09-cu il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. X2 08.07.2011-ci il tarixdə, atası mərhum X10 10.09.2004-cü il tarixdə və anası mərhum X17 31.05.2016-cı ildə vəfat etmişlər. Halbuki İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə mərhum X2na, İmişli rayonunun Gövhərli kəndinin ərazisindən 2893,38 kv.m həyətyanı torpaq sahəsi mülkiyyətə verilərkən atası mərhum X10 anası mərhum X17 və onlar (iddiaçılar) İmişli rayonunun Gövhərli kəndində mərhum babaları X13 ilə birlikdə bir həyətdə, bir evdə yaşayırdılar, yəni onlar habelə atası mərhum X10 mərhum X17 da torpaq mülkiyyətçi hüququ olan şəxslər kimi həmin İmişli rayonu X14 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə torpaq payı almalı idi və onların da adları torpaq sahəsinin plan və ölçüsünə daxil edilməli idi. Lakin hansı səbəbdənsə onların və atası mərhum X3, anası mərhum X6 adları İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarına və həmin qərar əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsünə daxil edilməmişdir. Onların və mərhum ata və analarının həyətyanı sahədən torpaq payı almaq hüquqları həm də onunla təsdiq olunur ki, mərhum X2na İmişli rayonunun Gövhərli kəndinin ərazisindən İmişli rayon Aqrar İslahat Komissiyasının 23 aprel 2002-ci il tarixli 05 saylı qərarı ilə pay torpağı verilərkən onların və mərhum ata-analarının adları da torpaq payı almaq hüququ olan subyekt kimi İmaş İmanqulu oğluna İmişli rayonunun Gövhərli kəndinin ərazisindən İmişli rayonu Aqrar İslahat Komissiyasının 23 aprel 2002-ci tarixli 05 saylı qərarına və həmin qərar əsasında verilmiş torpağa mülkiyyət hüququna dair JN-0064 KOD 90706028 saylı Dövlət Aktına daxil edilmişdir. Bu fakt onların iddiasının əsaslı olmasını təsdiq edir. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etdi. İddiaçı2 qızı İddiaçı1 izahatına uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatını dinləyib, iş materialını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iş materialında olan İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, «Qafqaz» kolxozunun yerli aqrar islahat komissiyasının 29 noyabr 1997-ci il tarixli 05 saylı protokolunun təsdiq edilməsi qərara alınmışdır. İş materialında olan İmişli rayonu «Qafqaz» kolxozunun Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci tarixli 5 nömrəli iclasının protokolunun təsdiq olunmuş surətindən görünür ki, kolxozun ərazisində yaşayan vətəndaşların siyahısı təsdiq edilmiş, hər bir adambaşına orta torpaq 0,55 hektar müəyyən edilmiş, artıq həyətyanı payın çıxılması qərara alınmışdır. İş materialında olan İmişli rayonunun Gövhərli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin təsdiq olunmuş surətindən görünür ki, ailə başçısı X7 ailə üzvləri X10, X17, X4 və X1 qanuni istifadələrində 0,20 ha həyətyanı sahə vardır. İş materialında olan «Qafqaz» adına kolxozda torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının təsdiq olunmuş surətindən görünür ki, 5 nəfər ailə üzvü olmaqla X7 istifadəsində 0,12 ha zəbt olunmuş torpaq sahəsi vardır. İş materialında olan İmişli Rayon Məkəməsinin 17 aprel 2019-cu il tarixli 2(036)- 987/2019 saylı qətnaməsindən görünür ki, JN-0064 saylı «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktında mülkiyyətçi kimi göstərilmiş X18 adının X11 aid edilməsi faktı müəyyən edilmişdir. İş materialında olan «torpağa mülkiyyət hüququna dair» JN-0064 saylı dövlət aktın surətindən görünür ki, mülkiyyətçi X9, ailə üzvləri X10, X17, X4 və X5 olmaqla İmişli rayon X14 23 aprel 2002-ci il tarixli 05 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,64 hektar torpaq sahəsi verilmişdir. İş materialında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 106001 nömrəli torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X12 İmişli rayon Gövhərli kənd ərazisində verilmiş 2893,38 kv.m həyətyanı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İmişli rayon X14 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə X12 İmişli rayon Gövhərli kənd ərazisində 2893,38 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə A seriyalı 106001 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur. İddiaçılar mülkiyyətçinin nəvələridir. Pay torpağının mülkiyyətə verilməsinə dair dövlət aktında adlarının olmasına əsaslanaraq həyətyanı torpaq sahəsinə dair sənədlərə də adlarının daxil edilməsini tələb etmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunınası, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinınəyə dair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçılar İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarı ilə onların subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişlər. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 73.1-73.3-cü maddələrinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1-24.2-ci maddələrinə görə, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hesab edir ki, iddiaçılar inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışlar. Belə ki, iddiaçıların İmişli rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 saylı qərarını mübahisələndirməyə dair subyektiv hüquqları 1997-ci ildən yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışlar. Mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 1 (bir) ildən artıq, yəni 21 (iyirmi bir) il müddət keçdikdən sonra 2019-cu ildə məhkəmədə iddia qaldırmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir: «İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədilə məhkəməyə müraciət etmə müddəti olub aktiv tərəfin bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: «Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək «Miraqali Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Ona görə də qeyd edilənləri nəzərə alaraq məhkəmə, hesab edir ki, iddiaçılar tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş iddia müddəti üzrsüz səbəbdən buraxılmışdır. Bu səbəbdən də həmin müddət bərpa edilməməlidir. Bundan əlavə, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqeyi aşağıdakılardan ibarət olmuşdur. «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik çərçivəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır». Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçıların iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3cü bəndində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmçinin həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdr. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh iddiaçıların qanunla qorunan hüquqlarını və maraqlarını pozmadığından sonuncuların iddia qaldırmağa subyektiv hüquqları da yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə yuxarıda sadalanan hallarla bağlı iddiaçılara 2-1(086)-2686/2019 nömrəli 20.11.2019-cu il tarixli məktubla yardım etsə də, iddiaçılar məhkəmə iclasında iddia tələbini müdafiə etdiklərini və tələbin təmin olunması barədə qərar qəbul olunmasını xahiş etdiər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, İddiaçı1 və İddiaçı2 qızının Cavabdehnə qarşı «İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarında və torpaq sahəsinin planı və ölçüsündə dəyişiklik edilərək torpaq mülkiyyətçisi kimi adlarının daxil edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) – yəni hazırkı iş üzrə ödənilmiş dövlət rüsumu iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmadığından iddiaçılara aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 83, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı1 və İddiaçı2 qızının Cavabdehnə qarşı «İmişli rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 13 nömrəli qərarında və torpaq sahəsinin planı və ölçüsündə dəyişiklik edilərək torpaq mülkiyyətçisi kimi adlarının daxil edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Prosessual xərc iddiaçılara aid edilsin. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar