Məhkəmə qərarları › İş №2-1(120)-2414/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2414/2024

30.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2414/2024 30.07.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olması” tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində, məhkəməninbinasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olması tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olması tələbi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ərizəsi ilə müraciət etmədiyini və (və ya) imtina məktubu olmadığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında məhkəmə İPM-in 13-cü (Məhkəmənin yardım etmək vəzifəsi) maddəsini rəhbər tutaraq iddiaçıya “hüquqi yardım” göstərərək, iddia tələbi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ilkin müraciətinin olub-olmamasını araşdırmış, cavabdeh inzibati orqana ilkin müraciətin və (və ya) müraciətə cavab məktubunun təqdim edilməsinin zəruriliyini izah etmişdir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı “Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olması” tələbi üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət ərizəsini və (və ya) imtina məktubunu təqdim edə bilmədi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda ilkin olaraq cavabdeh orqana müraciətin ünvanlanması və (və ya) cavabdeh orqanın imtina məktubu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı tələblə cavabdeh inzibati orqandan “Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olmasını” tələb edir. Lakin iş materiallarından görünür ki, iddiaçının cavabdeh olaraq göstərdiyi inzibati orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciəti yoxdur. İş üzrə məhkəmə icraatı çərçivəsində iddiaçıya cavabdehə müraciət məktubunun və (və ya) müraciətə cavab məktubunun təqdim edilməsi tələb edilmişdir.Lakin iddiaçı tərəfindən cavabdeh orqana müraciət edilməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, eyni zamanda bu faktla bağlı məhkəmə araşdırması zamanı hər hansı hal aşkar edilməmişdir. Beləliklə, məhkəmənin qənaətinə görə cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandİrdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır, həmin qərarın 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır, həmin qərarın 10.1-ci bəndinə əsasən isə bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkünlük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. İşdə olan Ağcabədi Rayon Poliş Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi qərarına əsasən, X1 özünə aid vaxtı keçmiş şəxsiyyət vəsiqəsinin yenisi ilə dəyişdirmək istəyən zaman adının, doğum tarixinin bacısı İddiaçı ilə eynilik təşkil etməsinə dair müraciəti daxil olmuş və qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, X2 əvvəlki AZE 08815162 seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2011-ci il tarixdə Ağcabədi RPŞ-si tərəfindən (hazırda qeyri- aktiv) təmin olunmuşdur. xx.xx.1970-ci il tarixdə Ağcabədi rayonu Üzeyirkənd kəndində anadan olmuş və Ağcabədi şəhəri Ə.Bünyadov küçəsi ev 07də qeydiyyatda olan X3 məxsus hazırki AA4621781 seriya nömrəli şəxsiyyət vəsiqəsi xx.xx.2022-ci il tarixdə “Asan-Ağcabədi" xidməti tərəfindən verilmişdir. Hal-hazırda “Aktiv’' statusludur. Yəni, Maraqlı şəxs yox, “Aktiv’' statuslu X3 məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Həmçinin məhkəmə tərəfindən qeyd edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən X2 əvvəlki AZE 08815162 seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə xx.xx.2011-ci il tarixdə Ağcabədi RPŞ-si tərəfindən (hazırda qeyri- aktiv) edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya izah edilir ki, ilk öncə iddiaçı “X3 məxsus hazırki AA4621781 seriya nömrəli şəxsiyyət vəsiqəsinin etibarsız (qeyri-aktiv) hesab edilməsi və İddiaçı aid AZE 08815162 seriya nömrəli şəxsiyyət vəsiqəsinin aktiv hesab edilməsi” tələbi üzrə ərizə, sənədlərlə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Ağcabədi Rayon Poliş Şöbəsinə müraciət etməli, müraciətinə baxılmadığı və ya müraciətinə qanuna müvafiq qaydada imtina edildiyi halda müvafiq tələblə iddia ilə inzibati qaydada məhkəməyə müraciət etməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olması” barədə iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibatiProsessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq,Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “Maraqlı şəxs istifadə etdiyi şəxsiyyət vəsiqəsinin etibarsız hesab edilməsi və istifadə etdiyi şəxsiyyət vəsiqəsinin iddiaçıya məxsus olması” barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar