Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2415/2024 30.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil idarəsinə qarşı “xx.xx.2023-cü il tarixdən tətbiq edilən həvəsləndirmə tədbirinin (H1) 29 sentyabr 2021-ci il tarixdən təyin edilməsini, həmin həvəsləndirmə tədbiri ilə bağlı ödənilməyən pul məbləğinin hesablanaraq ödənilməsi və əmək fəaliyyətinə başlamağı ilə əlaqədar ödənilməyən əmək haqqının 2 misli həcmində birdəfəlik yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “həvəsləndirmə tədbiri olan (H1) üzrə 2167 manat məbləğində və ilk iş fəaliyyətinə başlamaqla bağlı əmək haqqının 2 misli birdəfəlik 924 manat məbləğində pul vəsaitinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2023-cü il tarixdən tətbiq edilən həvəsləndirmə tədbirinin (H1) 29 sentyabr 2021-ci il tarixdən təyin edilməsini, həmin həvəsləndirmə tədbiri ilə bağlı ödənilməyən pul məbləğinin hesablanaraq ödənilməsi və əmək fəaliyyətinə başlamağı ilə əlaqədar ödənilməyən əmək haqqının 2 misli həcmində birdəfəlik yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqədən keçərək Biləsuvar rayon R.Rzayev adına Nəsimi kənd tam orta məktəbə müddətsiz müqavilə əsasında musiqi müəllimi təyin olmuşdur. Biləsuvar rayon R.Rzayev adına tam orta məktəbə xx.xx.2021-ci il tarixdən müəllim təyin olunan gündən ona (H1) yəni hər ay 90 (doxsan) manat və ilk iş fəaliyyətinə başlayanda əmək haqqının 2 (iki) misli birdəfəlik ödəniş edilməli idi. Lakin Nəsimi kənd R.Rzayev adına tam orta məktəbində xx.xx.2021 ci il tarixdə müəllimlik fəaliyyətinə başlayandan xx.xx.2023 cü il tarixə qədər olan 24 (iyirmi dörd ay) (Hİ) həvəsləndirmə pulu olan 90 (doxsan) manatı ala bilmir. Məcbur olub Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə şikayət etmiş və şikayətinə əsasən Nazirliyin Şirvan -Salyan Regional Təhsil İdarəsində aparılan araşdırma nəticəsində Regional Təhsil idarəsinin ona ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-29-34/2-1575/2023 nömrəli məktubla bildirildi ki, Nazirlər Kabinetinin 14 aprel 2010-cu il 67 nömrəli qərarı ona 15 sentyabr 2023-cü il tarixdən etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq həvəsləndirmə tədbirləri (H1) tətbiq ediləcəkdir. Şirvan-Salyan Regional Təhsil İdarəsinin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə birlikdə 27 oktyabr 2023-cü il tarixdə Şirvan şəhərində Elm və Təhsil Naziri cənab Emin Əmrullayevin qəbulunda olmuş, həmin məktubu ona təqdim etmiş və nə səbəbə onun hüququ olan həvəsləndirmə tədbirinin (H1) ona ilk müəllimlik fəaliyyətinə başlayan tarixdən verilməməsini soruşmuş, (H1) həvəsləndirmə ona ilk günən ödənilməlidir. 2023/2024-cü tədris ilinin ilk ayından, yəni 2023-cü ilin oktyabr ayından ona (H1) həvəsləndirmə tədbiri olan (H1) tətbiq edilmiş və 90 (doxsan) manat həvəsləndirmə pulu verilmişdir. Şirvan-Salyan Regional Təhsil İdarəsi ona xx.xx.2021-ci ildən 30 sentyabr 2023cü ilə qədər olan 24 ayın həvəsləndirmə tədbiri olan (H1) pulunu 2167, (iki min yüz altımış yeddi) manat, ilk iş fəaliyyətinə başlayanda əmək haqqının 2 (iki) misli birdəfəlik, yəni 924 (doqquz yüz iyirmi dörd) manat ödəniş edilməlidir. Lakin Şirvan-Salyan Regional Təhsil idarəsi bu günə kimi həmin ödənişləri ona edilməmiş və ona maddi mənəvi zərər dəymişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddianı etiraz ilə qarşılayır və onunla əsaslandırır ki, iş üzrə ilk öncə İddiaçı Şirvan-Salyan Regional Təhsil İdarəsinə müraciət edərək “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 67 nömrəli Qərarına əsasən kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün ona 90 (doxsan) manat məbləğində kompensasiya verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 67 nömrəli Qərarının 1-ci bəndinə əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35- dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 90 (doxsan) manat məbləğində kompensasiya verilir. Eyni zamanda yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilir. Sözügedən Qərar ilk dəfə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssislərə şamil edilir. İddiaçı isə Biləsuvar rayon Nəsimi kənd R. Rzayev adına tam ortaməktəbdə ilk dəfə əmək fəaliyyətinə başlamadığı nəzərə alınmalıdır. Belə ki, onun əsas iş yeri Biləsuvar rayon Xırmandalı kənd N.Babayev adına Uşaq incəsənət məktəbidir. Məhz bu səbəbdən də, sözügedən Qərar İddiaçı şamil edilmir. Qeyd olunanları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 67 nömrəli Qərarının 1-ci bəndini əsas götürərək İddiaçı cavabdeh Şirvan- Salyan Regional Təhsil idarəsinə qarşı “həvəsləndirmə tədbiri olan (H1) üzrə 2167 (iki min bir yüz altımış yeddi) manat məbləğində və ilk iş fəaliyyətinə başlamaqla bağlı əmək haqqının 2 misli miqdarında birdəfəlik 924 (doqquz yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin tutulması barədə iddiası əsassız olduğu üçün rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə aşağıdakı sübutları qeyd etməyi zəruri hesab edir: İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan xx.xx.2011-ci il tarixli, 121139 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən Biləsuvar rayon Xırmandalı kənd uşaq incəsənət məktəbinə kadra olan ehtiyaca görə həmin tarixdən Tar müəllimi təyin edilmiş, xx.xx.2021-ci il tarixdən məktəbdə ixtisası üzrə (müsiqi) müəllim təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil idarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-29-34/2-1575/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2010-cu il 67 nömrəli “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Qərarına əsasən, 15 sentyabr 2023cü il tarixindən etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq həvəsləndirmə tədbirləri (H1) tətbiq ediləcəkdir. İşdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Salyan Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-34/2-M-363-42/24 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2021-ci il tarixdən Biləsuvar rayon Nəsimi kənd Rafiq Rzayev adına tam orta məktəbində müəllim vəzifəsində çalışır və Həvəsləndirmənin H1 istiqaməti (90.00) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər müavinət almışdır. İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin xx.xx.2024-cü il tarixli, 20/9 nömrəli arayışından görünür ki, İddiaçı hal-hazırda X1 idarəsinin tabeliyində olan Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət məktəbində tar ixtisası üzrə müəllim kimi çalışır və əsas iş yeridir. Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət məktəbi ümumi təhsil müəssisəsi olmadığından İddiaçı ümumi təhsil müəssisələrində tətbiq olunan H1 və H2 həvəsləndirmə tətbiq edilmir. İşdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə X5-Salyan Regional Təhsil idarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-34/2-2077/2024 nömrəli arayışından görünür ki, Biləsuvar rayon Xırmandalı kənd N.Babayev adına Uşaq İncəsənət məktəbi Şirvan-Salyan Regional Təhsil idarəsinin tabeliliyində deyildir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün iddiadır və əsaslıdır. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İddiaçının müvafiq pul məbləğlərinin ödənilməsi ilə bağlı müraciətinəə qiymət verilən zaman, cavabdeh imtina üçün 1 halı əsas götürmüşdür:
1. İddiaçının ilk dəfə ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan gənc mütəxəssisin olmaması; Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, həvəsləndirmə tədbirinin (H1) və əmək haqqının 2 misli həcmində birdəfəlik yardımın ödənilməsi ilə bağlı şərtlərin ödənilib-ödənilmədiyi, inzibati orqanın imtinasının əsaslı olub-olmaması aydınlaşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında 27 sentyabr 2003-cü il tarixli, 935 nömrəli Fərmanın:
1. Bu Təlimat dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında (bundan sonra - təşkilatlar) kargüzarlığın aparılması işini, o cümlədən sənədlərin hazırlanmasını, qeydiyyatını, hərəkətini, icrasını, uçotunu və arxivə verilməsini tənzimləyir. Yerli icra hakimiyyəti orqanlarında kargüzarlıq “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat” əsasında aparılır. Bu Təlimatın müddəaları təşkilatlarda vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılmasına şamil edilmir.
7. Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin (qərarlar, sərəncamlar, əmrlər) yaranmasının hüquqi əsasları aşağıdakılardır: 7.1. qüvvədə olan normativ hüquqi aktların tələbləri; 7.2. yuxarı təşkilatların konkret tapşırıqları; 7.3. təşkilat tərəfindən onun üzərinə düşən vəzifələrin icra edilməsi üçün, səlahiyyətləri daxilində cari təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat fəaliyyətinin həyata keçirilməsi; 7.4. təşkilatın aparatının işini hüquqi baxımdan tənzimləmək zərurətinin yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzşətlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” xx.xx.2010-cu il tarixli, 67 nömrəli Qərarının: 1-ci bəndinə əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlannda yerləşən ümumi təhsü müəssisələrinə işə cəlb olunmasının stimullaşdınlması və həmin müəssisələrdə pedaqoji kadr tələbaünm ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) U müddətində həmin nə ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqım ödəmək üçün 90 (doxsan) manat məbləğində kompensasiya verilsin və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilməyi nəzərdə tutulmuşdur. 1-1. Rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35-dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əməkhaqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilsin. 1-2. 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilsin.
2. Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilsin. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - İddiaçı xx.xx.2011-ci il tarixdən Biləsuvar rayon Xırmandalı kənd uşaq incəsənət məktəbinə kadra olan ehtiyaca görə həmin tarixdən Tar müəllimi təyin edilmiş, xx.xx.2021-ci il tarixdən məktəbdə ixtisası üzrə (müsiqi) müəllim təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hal-hazırda mübahisə iddiaçının əvvəl işlədiyi Biləsuvar rayon Xırmandalı kənd uşaq incəsənət məktəbi ilə bağlı olmuşdur ki, iş materiallarına əlavə edilən sənədlərə əsasən həmin məktəbin Şirvan-Salyan Regional Təhsil idarəsinin tabeliliyində deyil Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsinin tabeliyində olduğu, ümumi təhsil müəssisəsi hesab olunmadığı və həmin müəssisədə işləyənlərə ümumi təhsil müəssisələrində tətbiq olunan H1 və H2 həvəsləndirmə tədbirlərinin tətbiq edilmədiyi müəyyən edilir. Eləcə də, cavabdeh həvəsləndirmə tədbirinin verilməsinin qanunverciliklə mümkün olunmadığını bildirsə də, sonradan iddiaçıya ünvanladığı məktubda 15 sentyabr 2023-cü il tarixindən etibarən qanunvericiliyin tələblərinə uyğun olaraq həvəsləndirmə tədbirləri (H1) tətbiq ediləcəyini bildirmiş və məhkəməyə tərəflərin təqdim etdiyi sənədlərə əsasən Həvəsləndirmənin H1 istiqaməti (90.00) üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər müavinətin ödənildiyi müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçıya həvəsləndirmə (H1) istiqaməti üzrə müavinətin 15 sentyabr 2023-cü il tarixindən etibarən hesablanması iddiaçının hüququnu pozan hal kimi qiymətləndirilməlidir. Belə ki, qanunvericiliyin normalarına nəzər yetirilən zaman müvafiq tədbirin yaşı 35-dək olan gənc mütəxəssislər üçün 3 (üç) il müddətinə və 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əməkhaqqına əlavə ödənilməsinin nəzərdə tutulduğu, iddiaçının doğum tarixinin isə xx.xx.1992-ci il olduğu nəzərə alınarsa qeyd edilən tədbir 15 sentyabr 2023-cü il tarixindən etibarən hesablandığı təqdirdə müvafiq müavinətin tam ala bilməməsi müəyyən edilir. Halbuki İddiaçı xx.xx.2021-ci il tarixdən ümumi təhsil müəssisəsində ixtisası üzrə müəllim kimi fəaliyyətə başlamış və həmin tarixdəndə qeyd edilən imtiyazlardan yararlanmaq hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının qeyd edilən dövr ərzində ödənilməli olan həvəsləndirmə tədbiri kimi kompensasiya və əmək haqqına əlavələrin ödənilməsi tələbi ilə bağlı imtinası əsassız olmuşdur. Məhkəmə xüsusi ilə bir məqama da toxunmaq istəyir ki, iddiaçının tələbinin əmək fəaliyyətinə başlamağı ilə əlaqədar ödənilməyən əmək haqqının 2 misli həcmində birdəfəlik yardımın ödənilməsi hissəsində əlavə araşdırmanın aparılmasına zərurət yaranmamışdır. Belə ki, iddiaçının dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssis olduğu və əvvəllər işlədiyi müəssisənin ümumi təhsil müəssisə olmadığı yuxarıda qeyd edilənlərə əsasən araşdırma nəticəsində müəyyən edilmişdir. Və qanunvericiliyin tələbləri Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi hissəsində birmənalı olaraq qeyd edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Hazırkı işin hallarından eləcə də cavabdehin təqdim etdiyi etiraz məktubundan müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Qeyd olunmalıdır ki, təhsil orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi təhsil orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati prosessual qanunvericiliyə əsasən şəxslərin tələblərindən edən etmiş inzibati orqan həmin imtinanın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçının tələbindən imtina etdiyi zamanı obyektiv həqiqəti əks etdirdirən halların nəzərə alındığını sübuta yetirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı xx.xx.2023-cü il tarixdən tətbiq edilən həvəsləndirmə tədbirinin (H1) 29 sentyabr 2021-ci il tarixdən təyin edilməli, həmin həvəsləndirmə tədbiri ilə bağlı ödənilməyən pul məbləğinin hesablanaraq ödənilməsi və əmək fəaliyyətinə başlamağı ilə əlaqədar ödənilməyən əmək haqqının 2 misli həcmində birdəfəlik yardımın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2023-cü il tarixdən tətbiq edilən həvəsləndirmə tədbirinin (H1) 29 sentyabr 2021-ci il tarixdən təyin edilməsi, həmin həvəsləndirmə tədbiri ilə bağlı ödənilməyən pul məbləğinin hesablanaraq ödənilməsi və əmək fəaliyyətinə başlamağı ilə əlaqədar ödənilməyən əmək haqqının 2 misli həcmində birdəfəlik yardımın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil idarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Hilal Nəcəfov