Məhkəmə qərarları › İş №2-1(120)-2442/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2442/2022

29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2442/2022 29.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, xx katibliyi ilə cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı “artıq ödənilmiş 168142,54 manat məbləğin geri qaytarılanadək hər gün üçün (ödəmə günü daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı artıq ödənilmiş 168142.54 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi və vergi ödəyicisinin ərizəsinin vergi orqanına verdiyi tarixdən 168142.54 manat məbləğ geri qaytarılanadək hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinəqoyulması tələbini irəli sürərək iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, hal-hazırda şəxsi hesab vərəqələrində 168142.54 manat artıq ödəmə məbləği yaranmışdır. Bununla bağlı olaraq tərəflərindən xx.xx.2022-ci il tarixli Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə cavabdeh Azərbaycn Respublikası İqtisadiyyat Nazirliyi yanında 5 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilmişdir. Belə ki, müraciətlərinə cavab olaraq vergi orqanı tərəfindən hər hansı cavab məktubu ünvanlanmamışdır. Müraciətlərindən uzun bir müddət keçinəsinə baxmayaraq artıq ödənilmiş vergilərin geri qaytarılması barədə rəyin verilməsi barədə hər hansı məlumat və ya rəy təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 39-cu maddəsinə əsasən: 39.1. İnzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və va şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Onlara aydın olmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən ödənilmiş artıq vergi məbləğinin geri qaytarılmasına dair hərəkətsizliyinin əsas səbəbi məlum olmadığı üçün tərəflərindən rəyin verilməsinin təmin ediməsi üçün məhkəməyə müraciət etmə zərurəti yaranmışdır. Azərbaycan Respublikası İPM-in 39.1-ci maddəsinin tələblərinə nəzər yetirdikdə tərəfimizdən prosessual müddət olan 35 gün müddətin gözlənilməsinə baxmayaraq cavabdeh vergi orqanı tərəfindən göstərilmiş müddət ərzində hər hasnı cavab təqdim edilməmişdir. Belə ki, artıq ödəmənin geri qaytarılması barədə Vergi Məcəlləsinin 87-ci maddəsində və Nazirlər Kabinetinin 48 saylı qərarına əsasən artıq ödəmənin geri qaytarılması qaydası qeyd olunmuşdur. Yəni həmin mübahisələndirilən məbləğin geri qaytarılmamasına fəaliyyət göstərdiyimiz dövr üzrə dövriyyə məlumatlarının vergi partnyorluğu sazişinə əsasən ödənilmiş vergi məbləğlərinə mütənasib göstərilınəməsi mane olacaq bir hall mövcud olmamışdır. Həmçinin bu barədə dəfələrlə ərizə ilə vergi orqanına müraciətlər etmələrinə baxmayaraq vergi orqanının hərəkəsizliyindən aydın olur ki, artıq ödəmənin geri qaytarılmasından imtina etmişdir. Hesab edirlər ki, vergi orqanı tərəfindən artıq ödəmənin geri qaytarılmasının mümkün olubolmaması barədə hər hansı cavab məktubunun onlara təqdim edilməməsi qanunsuz və əsassızdır. Odur ki, şəxsi hesab vərəqəmizdə yaranmış 168142.54 manat aıtıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasının təmin edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq artıq ödənilmiş 168142.54 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi və vergi ödəyicisinin ərizəsinin vergi orqanına verildiyi tarixdən 168142.54 manat məbləğ geri qaytarılanadək hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 - 49-cu maddələrinə uyğun olaraq inzibati mübahisənin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəməyə iddiaya qarşı yazılı etirazlarını təqdim etmişdir. Etirazda aşağıdakılar bildirilir: - iddiaçı “ATLAS TİMBER FV“ MMC (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət artıq ödənilmiş 168142.54 manat məbləğin geri qaytarılanadək hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin aidiyyəti üzrə 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir, qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmırıq və onu əsassız hesab edir. Belə ki, artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması məsələləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 87-ci maddəsinin müddəaları və Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalarının 4-cü bəndində Büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların hərəkətləri tənzimlənir. Eyni zamanda artıq ödənilmiş və ya düzgün tutulmamış vergilərin, sığorta haqlarının, faizlərin, maliyyə sanksiyaların və inzibati cərimələrin, eyni zamanda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin məbləğlərinin qaytarılması və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsi ilə əlaqədar vergi ödəyicilərindən daxil olmuş müraciətlərə bu sahədə qəbul edilmiş normativ hüquqi aktlarına və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin normativ sənədlərinin tələblərinə uyğun və qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək biləvasitə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanının vəzifələrinə aid edilmişdir. Büdcəyə artıq ödəmələrin vergi ödəyicisinə və ya sığortaedənə qaytarılması ilə bağlı daxil olan ərizələrin araşdırılması və araşdırmanın nəticəsində görüləcək tədbirlər İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 04.11,2019-cu il tarixli **********387000 nömrəli Əmri ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması və digər borcların ödənilməsi hesabına aid edilməsi” Qaydalarına uyğun olaraq həyata keçirilir və Qaydalarda nəzərdə tutulan prosedurlar yerinə yetirildikdən sonra artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması həyata keçirilir. Həmin Qaydalarının 9-cu bəndinə əsasən Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla digər büdcəyə artıq ödəmə məbləğləri üzrə vergi ödəyicisinə və ya sığortaedənə qaytarılmalı olan vəsait olduqda, artıq ödəmənin yarandığı dövr üzrə səyyar vergi yoxlaması keçirilməsi barədə səyyar vergi yoxlamasını aparan struktura müraciət edilir. Qaydaların 10-cu bəndinə uyğun olaraq Səyyar vergi yoxlamasının nəticələrinə əsasən qaytarılmalı olan vəsait olmadıqda, vergi ödəyicisinə və ya sığortaedənə bu Qaydaların 2 №-li əlavəsində göstərilən forma üzrə büdcəyə artıq ödəmələrin qaytarılmasından imtina edilməsi barədə məktub göndərilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddiaçı “ATLAS TİMBER FV“ MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən məsələ Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 87.1, 87.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 191.5- ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, inzibati cərimələr üzrə borclar istisna olmaq şərti ilə, artıq ödənilmiş məbləğlər vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.4-cü maddəsinə görə vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxsdir. Həmin Məcəllənin 15.1.4-cü maddəsinə əsasən artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüquqları sırasına daxildir. Həmin Məcəllənin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludur. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. Həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır Həmin Qaydaların 4.1 -ci bəndinə görə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: (4.1.1) vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər, (4.1.2) vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər, (4.1.3) Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 4.2.4-cü bəndinə əsasən vergi orqanları artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqları, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizələrin surəti 5 və ya bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallarda 3 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Həmin Qaydaların 5.3-cü bəndinə görə maliyyə orqanları vergi ödəyicisinin vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməsindən asılı olaraq, vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Sosial təminatı və müdafiəni həyata keçirən orqanlar sığortaedənin sosial təminatı və müdafiəni həyata keçirən orqanda qeydiyyatından asılı olmayaraq, vəsaitin daxil olduğu xəzinə hesabının məxsus olduğu sosial təminatı və müdafiəni həyata keçirən orqanlar vəsaitin nağdsız qaydada qaytarılmasını təmin etməlidirlər. Həmin Qaydaların 6-cı bəndinə görə büdcəyə artıq ödəmələrin qaytarılması üzrə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların və maliyyə orqanlarının məsuliyyəti: 6.1. Vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2. Vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. «İnzibati icraat haqqında» AR Qanununun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə araşdırılması zamanı işdə olan sənədlərdən, o cümlədən cavabdeh tərəfin məhkəməyə təqdim olunmuş yazılı etirazı və iddiaçının şəxsi hesab vərəqəsinin surətindən məlum olur ki, vergi ödəyicisi olan hazırkı İddiaçı 168142,54 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcud olmuş, lakin formal əsaslarla həmin artıq ödəmələr cavabdeh orqan tərəfindən silinmişdir. Bu halı cavabdehin iddia ilə bağlı məhkəməyə təqdim olunmuş yazılı etirazında iddia ərizəsində göstərilənlərin təkzibi ilə bağlı bildirdikləri də təsdiqləyir. Cavabdeh inzibati orqanın hərəkətləri (məbləğin silinməsi və qaytarılması barədə rəy verilməsindən imtina) ilə bağlı məhkəmədə bildirdiyi "iddianın mümkünsüzlüyü” mövqeyi də əsassızdır. Belə ki, cavabdehin həm faktiki hərəkətləri, yəni vəsaitin silinməsi, həm də vəsaitin qaytarılması barədə rəy verilməsindən imtina olunması vergi ödəyicisi kimi iddiaçının maraqlarına toxunan haldır, iddiaçının iddia qaldırmaqda subyektiv hüququ var, cavabdeh orqan düzgün seçilmişdir, İPM-lə bu qəbildən olan iddialara iddia müddəti müəyyən edilməmişdir, verhi qanunvericiliyin müddəaları ilə nəzərdə tutulan müddətlərə isə, iddiaçı tərəfindən riayət olunmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin artıq ödəməsinin silinməsinin və onun qaldırdığı "artıq ödənilmiş vergi məbləğinin qaytarılması” məsələnin müsbət həllindən imtinasının formal mülahizələrlə əsaslandırıldığı qənaətinə gəlir. Belə ki, iddiaçının müvafiq məbləğdə artıq ödəməsinin olması cavabdeh inzibati orqan tərəfindən heç bir tutarlı sübutla təkzib olunmur. Bundan başqa, hazırkı məhkəmə icraatında cavabdeh inzibati orqanın iş üzrə verdiyi yazılı etiraz məktubunda hal-hazırda iddiaçının sahibkarlıq fəaliyyəti üzrə səyyar vergi yoxlamasının aparılması vı həmin yoxlamanın bitməsi nəticəsində artıq ödəmə məbləği olarsa qanunvericiliyə müvafiq olaraq zəruri tədbirlərin görüləcəyi barədə çıxış etməsi də öz növbəsində dolayısı ilə müvafiq artıq ödəmənin mövcudluğunun inkar olunmasına dəlalət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, artıq ödəmənin mövcudluğuna səbəb olan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2018-ci il tarixli, **********173112 nömrəli qərarı ilə iddiaçı müəssisə barəsində növbədənkənar səyyar vergi yoxlaması nəticəsində qəbul edilən xx.xx.2019-cu il tarixli, **********1955672 nömrəli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(102)-775/2022 saylı qərarı ilə ləğv edilmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh Vergi Məcəlləsinin tələblərini pozaraq tutduğu artıq ödəniş məbləğini qaytarmalı və iddiaçının razılığı olmadan həmin artıq ödəniş məbləğindən iddiaçının yaranmış olduğu və ya olacağı sonraki öhdəliklər üzrə ödəmələrin hesabına aid edə bilməz, etdiyi təqdirdə bu hal qanunun sözügedən müddəalarına ziddir. (Bax: Ali Məhkəmənin № 2-1(102)-1668/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh bu hərəkətlərlə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 13, 15, 17, 24-cü maddələrinin tələblərini pozmuşdur. Odur ki, iddia tələbi əsaslıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1 -ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində "inzibati aktın qəbulu”ndan imtina, "inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, "qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında "öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1 -ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı artıq ödənilmiş 168142.54 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi və vergi ödəyicisinin ərizəsinin vergi orqanına verdiyi tarixdən 168142.54 manat məbləğ geri qaytarılanadək hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78 - 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı artıq ödənilmiş 168142.54 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi və vergi ödəyicisinin ərizəsinin vergi orqanına verdiyi tarixdən 168142.54 manat məbləğ geri qaytarılanadək hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğinin ödənilməsi barədə rəyin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar