Məhkəmə qərarları › İş №2-1(120)-2451/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2451/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2451/2025 18.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi Bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi, icarəsində olan 27 hektar torpaq sahəsinin icarə haqqının aşağı salınması, bir hektar üçün illik icarə haqqının 351.80 manatdan azaldılaraq 200 manata endirilməsi, icarəsində olan 27 hektar torpaq sahəsinin illik icarə haqqının 9501.0 manatdan azaldılaraq 5400.0 (beş min dörd yüz) manata endirilməsi öhdəliyinin Ağcabədi Bələdiyyəsinin üzərinə qoyulması” barədə iddianın mümkünlük məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “Ağcabədi Bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi, icarəsində olan 27 hektar torpaq sahəsinin icarə haqqının aşağı salınması, bir hektar üçün illik icarə haqqının 351.80 manatdan azaldılaraq 200 manata endirilməsi, icarəsində olan 27 hektar torpaq sahəsinin illik icarə haqqının 9501.0 manatdan azaldılaraq 5400.0 (beş min dörd yüz) manata endirilməsi öhdəliyinin Ağcabədi Bələdiyyəsinin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İnzibati Prosessual Məcəllənin (bundan sonra – İPM) 45.4-ci maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Mümkünlük iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinin nümayəndəsi gəlməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq, iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı tərəfindən tələbi onunla əsaslandırılmışdır ki, Beyləqan Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 15 dekabr 2022-ci il tarixdə keçirilmiş torpaq müsabiqəsinin qalibi olmuşdur. Ağcabədi bələdiyyəsinin mülkiyyətində olan 27 hektar əkinə yararlı torpaq sahəsinin qalibi olaraq Seriya HTM №002042 saylı Şəhadətnamə də almışdır. Həmin şəhadətnamədə sözügedən 27 hektar torpaq sahəsi 20 il müddətinə onun icarəsinə verilməsi və hər il üçün icarə haqqı 9501 manat müəyyən edilmişdir. Həmin şəhadətnaməyə əsasən mülkiyyətçi Ağcabədi bələdiyyəsi onunla xx.xx.2022-ci il tarixdə notarial qaydada icarə müqaviləsi bağlamış və 27 hektar əkin üçün yararlı torpaq sahəsi 20 il müddətinə onun icarəsinə verilmiş, hər hektar üçün icarə haqqı 351.80 manat, illik icarə haqqı isə 9501 manat müəyyən edilmişdir. Bu icarə müqaviləsinə əsasən sözügedən 27 ha torpaq sahəsinin ona məxsus olması barədə DƏDRX-dan çıxarış və plan-ölçü sənədləri də almışdır. Bu icarə müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Ağcabədi bələdiyyəsinin hesabına 9501 manat icarə haqqı ödəmiş, hər hektara görə 351.80 manat icarə haqqı düşür. 2023-cü təsərrüfat ilində icarəyə götürdüyü 27 ha torpaq sahəsinin əkilməsinə, mövcud suvarma arxlarının təmizlənməsinə, torpaq sahəsini yararlı hala salmaq üçün sahəyə üzvi və mineral gübrələrinin verilməsinə, bu işlərin həyata keçirilməsinə görə maşın-traktor nəqliyyatlarinin işləməsinə və digər aqrotexniki tədbirlərin həyata keçirilməsinə 35000 manat şəxsi pul vəsaitini xərcləmişdir. Bundan sonra həmin 27 ha əkin sahəsində çoxillik bitki olan yonca bitkisi əkib-becərmə işləri aparıb. Nəticədə çox aşağı səviyyədə məhsuldarlıq, yəni hər hektardan 200 ədəd ot bağı müqabilində 50 ədəd ot bağı əldə etmişdir. Beləliklə, hər hektardan 4 dəfə aşağı məhsuldarlıq əldə etmişdir. Göründüyü kimi icarəsində olan 27 ha torpaq sahəsinin keyfiyyəti aşağıdır, əkin üçün tam yararlı deyildir. Torpaq sahəsi başdan-başa şoranlıqdır. Nəticədə həmin torpaq sahəsinə qoyduğu 35000 manat şəxsi vəsaiti batmışdır. Torpaq sahəsinə qoyduğu vəsaiti bankdan götürdüyü kredit hesabınadır, kreditini ödəyə bilmir. Hər hektara 351.80 manat icarə haqqı ödəməyə imkanı yoxdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati prosessual Məcəllənin: 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə görə mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi, inzibati və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun hüququnun təsdiq olunması faktı ilə əlaqədar yaranmışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında iddiaçı Paşayev X1 Bələdiyyəsi ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli torpaq icarə müqaviləsi şərtinin dəyişdirilməsi, icarəsində olan 27 hektar torpaq sahəsinin icarə haqqının aşağı salınması, bir hektar üçün illik icarə haqqının 351.80 manatdan azaldılaraq 200 manata endirilməsi, icarəsində olan 27 hektar torpaq sahəsinin illik icarə haqqının 9501.0 manatdan azaldılaraq 5400.0 (beş min dörd yüz) manata endirilməsi öhdəliyinin Ağcabədi Bələdiyyəsinin üzərinə qoyulmasını xahiş edir. Müəyyən olunur ki, tələb Ağcabədi Bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixli torpaq icarə müqaviləsi bağlanmışdır və azad şəkildə müqavilə şərtləri müəyyən edilmişdir. İddiaçı həmin müqavilənin dəyişdirilməsini tələb edir. Müqavilə şərtinin dəyişdirilməsi tərəflər arasında qarşılıqlı razılaşma şəklində həyata keçirilməlidir. Belə olan iddia tələbi müqavilənin mübahisələndirilməsi ilə şərtləndirilir, hansı ki, bu qəbildən olan mübahisə, yəni müqavilə münasibətləri publik xarakterli olmadığından, ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin iddiaçı iddia ərizəsinin nəticə hissəsində cavabdeh qismində Ağcabədi Bələdiyyəsinin üzərinə öhdəlik qoyulmasını xahiş etsə də, giriş hissədə cavabdeh kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsini qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddia tələbi tərəflər arasında müqavilə münasibətlərindən doğan öhdəlikdir və yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarından da aydın olur ki, inzibati xarakterli deyil və ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Müqavilə münasibətləri isə Mülki Məcəllənin müvafiq normaları ilə tənzimlənir. Mülki Məcəllənin: 389.1-ci maddəsinə əsasən, Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1 - 1.4-cü bəndləri) Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 2-ci bəndinə əsasən, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında müəyyən olunur ki: 1.Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır.

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 15.1. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Bu baxımdan, məhkəmə qeyd edir ki, tərəflər arasındakı mübahisə mülki xarakterli qiymətləndirilir, iddiaçının adıçəkilən cavabdehə qarşı ehtimal etdiyi hüquqlarının müdafiəsini inzibati mübahisə kimi hazırkı məhkəmədə deyil, mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) həll etmək hüququ vardır. Həmçinin iddiaçıya məhkəmə tərəfindən 17 yanvar 2025-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq tələb üzrə mümkünlük şərtləri və qeyd edilənlərə əsasən ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etməli olduğu izah olunmuşdur. Məktubu rəsmi qaydada almasına baxmayaraq iddiaçı hüquqi yardım məktubuna münasibət bildirməmişdir. Beləliklə, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.4-cü bəndlərinin də tələbləri baxımından və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarının müddəalarını rəhbər tutaraq iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə, iddiaçıya izah edilməsini zəruri hesab edir ki, o, iddia ərizəsində qeyd edilən tələbin müqavilədən doğan öhdəlik olduğunu nəzərə alaraq aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ilə bağlı yaşadığı yer üzrə ümumi (rayon, şəhər) məhkəməsinə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı :

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar