Məhkəmə qərarları › İş №2-1(120)-2453/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2453/2025

16.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2453/2025 16.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin naturada ona təhvil verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 16 iyul 2025-ci il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə ona alqı-satqı yolu ilə satılmış Lənkəran rayonu, Bürcəli kəndi ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin naturada ona təhvil verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01 oktyabr 1981-ci il tarixdə Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuşdur. Hazırda isə ailə üzvləri ilə birlikdə Lənkəran rayonu, Hirkan qəsəbəsində yaşayır. Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini İddiaçı alqı-satqı yolu ilə iki yerdə 0.06 ha və 0.06 ha həyətyanı torpaq sahələri satılmış və torpaq sahələrinin pulu da tərəfındən ödənilmişdir. Həmin torpaq sahələrinin biri, yəni 0.06 ha torpaq sahəsi ona təhvil verilmiş və hazırda onun istifadəsindədir. Lakin bu günə kimi Lənkəran rayonu, Bürcəli kənd bələdiyyəsi alqı-satqı yolu ilə ona, yəni İddiaçı satdığı digər 0.06 ha torpaq sahəsinin yerinin müəyyən edərək ona təhvil verilməkdən imtina edir. Dəfələrlə tərəfindən bu barədə Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin sədrinə müraciət olunmuşdur, lakin heç bir nəticəsi olmamışdır. Torpaq sahəsi ona 30 sentyabr 2000-ci il tarixdə satılsa da, ona təhvil verilmədiyindən o, bilmir ki, həmin torpaq sahəsi hazırda kim tərəfındən istifadə edilir. Beləliklə, Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin 30 sentyabr 2000-ci il tarixli qərarı ilə ona satılmış 0.6 ha həyətyanı torpaq sahəsi ona təhvil verilmədiyi üçün, yəni həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi təmin edilməmişdir. Tərəfındən Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, Başçı əvvəlcə Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin sədri Kazım Məmmədovu yanına çağıraraq həmin şəxsə ona satılmış torpaq sahəsinin yerinin göstərilərək onun istifadəsinə verilməsinin təmin edilməsini tapşırsa da, sonradan bu tapşırıq yerinə yetirilməmiş, bələdiyyənin sədri müxtəlif bəhanələr gətirərək bu günə kimi həmin torpaq sahəsinin yerini ona göstərib, onun istifadəsinə verilməsini təmin etməmişdir. Baxmayaraq ona təqdim olunmuş sənədlərdə torpağın alqı-satqısına dair akt, Bürcəli kənd Bələdiyyəsinin 30 sentyabr 2000-ci il tarixli, 9 saylı iclas protokolundan çıxarış, ona alqı-satqı yolu ilə verilmiş həyətyanı torpaq sahəsinin sxemi və ona satılmış torpaq sahəsinə görə 627800 manat pul ödəməyini təsdiq edən qəbz mövcuddur. Qeyd etdiyi kimi ona satılmış torpaq sahəsinin sxemi ona təqdim edilsə də, torpaq sahəsinin yeri ona göstərilmir və onun istifadəsinə verilmir. O, da mütəxəssis olmadığı üçün ona satılmış 0.06 ha torpaq sahəsinin sxemi ona təqdim edilsə də, onun yerini müəyyən edib, ondan istifadə edə bilmir. Ona görə də o, bununla əlaqədar ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 10 saylı Ərazi İdarəsinə müraciət edib xahiş etmişdir ki, Lənkəran rayonu Bürcəli kənd bələdiyyəsinin 30 sentyabr 2000-ci il tarixli, 09 saylı qərarı ilə ona, yəni Lənkəran rayonu, Bürcəli kənd sakini İddiaçı alqı-satqı yolu ilə satılmış 0.06 ha və 0.06 ha həyətyanı torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınsın və bu barədə adına çıxarış verilsin. Oradan ona satılmış torpaq sahələrindən birini dövlət qeydiyyatına alaraq bu barədə onun adına çıxarış verildi. Lakin bələdiyyə ona satdığı digər 0.06 ha torpaq sahəsini naturada ona təhvil vermədiyindən o, həmin torpaq sahəsinə dair çıxarış əldə edə bilmir. O, bununla bağlı dəfələrlə şifahi olaraq Cavabdeh sədri Kazım Məmmədova müraciət etsə də, hər dəfə müxtəlif bəhanələrlə ona satdığı həmin torpaq sahəsinin yerini ona göstərib, ona təhvil verməkdən imtina edir. Ona görə də məcburiyyət qarşısında qalaraq hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 19-cu maddənin Qeydinə əsasən, bu Məcəllədə “qohum” dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur. Yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürənlər, nəvələr aiddirlər. Göründüyü kimi qanuverici müəyyən etmişdir ki, inzibati məhkəmə icraatında proses iştirakçıları fiziki şəxslər olduqda yaxın qohumları, yəni babaları, nənələri, valideynləri, övladlığa götürənləri, doğma və ögey qardaşları və bacıları, ər-arvadı, uşaqları, övladlığa götürənləri və nəvələri ilə təmsil oluna bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iddia ərizəsində iddiaçı qismində İddiaçı göstərilsə də ərizə X1 tərəfindən imzalanmışdır. Lakin sonunucunun iddiaçı kimi göstərilmiş şəxsin yaxın qohumu olmasına dair sənədlər və iddiaçının adından məhkəmədə iddia irəli sürərək iddia ərizəsini imzalamaq hüququ verilmiş etibarnamə məhkəməyə təqdim olunmamışdır. Bu hal isə iddianın mümkün sayılmaması üçün əsasdır. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması eyni iddia tələbi eyni cavabdehə qarşı yenidən iddia irəli sürmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “torpaq sahəsinin naturada ona təhvil verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar