Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-246/2020 20.05.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X5 (Masallı şəhəri, Hakimiyyət küçəsi, ev 7-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsiyyətinin müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin əldə olunmasına köməklik göstərilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Sonradan İddiaçı iddia tələbini dəyişərək, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 19.02.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iştirak etmiş, iddia tələbini müdafiə edərək onun təmin olunmasını və sonradan ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 01.11.1993-cü il tarixdə Rusiya Federasiyasının Orsk şəhərində anadan olmuşdur. Hazırda Masallı rayonu, Qodman kəndində qohumlarının evində yaşayır. Həmin şəhərdə doğumu qeydə alınaraq doğum haqqında şəhadətnamə verilmişdir. X1, anası X2. Doğulduqdan sonra az müddət sonra Azərbaycana gəlmişdir. Orta məktəbi Qodman kəndində bitirmişdir. Lakin müəyyən səbəblərdən hazırkı vaxta kimi şəxsiyyət vəsiqəsi almamışdır. Doğum haqqında şəhadətnamə olmadığından şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Doğum haqqında şəhadətnamənin əldə edilməsi məqsədi ilə Masallı rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət etsə də, ərizəsinin təmin edilməməsi haqqında cavab verilmişdir. Qeydiyyat şöbəsi imtinanı onunla əsaslandırmışdır ki, onun şəxsiyyət vəsiqəsi yoxdur, şəxsiyyəti müəyyən deyil. Hesab edir ki, Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən onun müraciətini təmin etməkdən əsassız olaraq imtina etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X7 izahat verərək bildirdi ki, iddiaçı şəxsiyyətini təsdiq sənəd təqdim etmədiyi üçün “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun qaydada sənədlərin tərtib edilməsi və doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə sorğunun aidiyyəti üzrə göndərilməsi mümkün olmamışdır. Ona görə də iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, ancaq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə məhkəmədə iddia qaldırmaq üçün Masallı rayon İHB-nın Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.11.2019-cu il tarixli, 424 nömrəli arayışını və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçıya təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İddianın əsaslılığı : Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Masallı rayon İcra Hakimiyyəti başçısının Qodman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 07.11.2019-cu il tarixli, 424 nömrəli arayışından (üzərində iddiaçının fotoşəkili əks olunmuşdur) görünür ki, 01.11.1993-cü il təvəllüdlü Rusiya Federasiyasında anadan olmuş Əliyev X6 rayonu, Qodman kəndində yaşayır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Masallı rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 08.11.2019-cu il tarixli, 50/Q-3663 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı şəxsiyyətini təsdiq sənəd təqdim etmədiyi üçün “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun qaydada sənədlərin tərtib edilməsi və doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə sorğunun aidiyyəti üzrə göndərilməsi mümkün olmamışdır. Cavabdan narazı qaldığı halda aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nigah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. Həmin Qaydanın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.7-ci bəndinə görə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.1-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Qaydanın 9.7-ci bəndinə görə yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Qaydaların 9.8-ci bəndinə görə qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə ilk növbədə qeyd edir ki, təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən qərar formasında inzibati akt qəbul edilməli idi . Belə ki, cavabdehin yazılı formada inzibati akt qəbul etməli olması “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Həmin Qanunun müddəalarına görə: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Lakin işin hallarından görünür ki, cavabdeh iddiaçının müraciəti əsasında belə bir inzibati akt qəbul etməmiş və ona yalnız məktubla cavab vermişdir. Bundan yanaşı, məhkəmə qeyd edir ki, iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etdikdən sonra “İnzibati icraat haqqında” Qanunun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh tərəfindən tam həyata keçirilməmişdir, halbuki həmin Qanunun 28.1.1-ci maddəsinə görə iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. Göstərilən Qanunun 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edərkən “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirmişdir. Halbuki işdə olan Masallı rayon Məhkəməsinin 2(050)-1533/2018 nömrəli iş üzrə 19.07.2018-ci il tarixli qətnaməsindən, eyni zamanda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22.09.2011-ci il tarixli, 1(089)-179/2011 nömrəli hökmündən görünür ki, həmin məhkəmə aktlarında iddiaçının şəxsiyyəti müəyyənləşdirilmişdir. Qanunverciliyin tələbləri baxımından inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunanməqamlarıaydınlaşdırmalı, qeyd olunan məhkəmə aktlarını əldə edərək müvafiq araşdırma aparılmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun apararaq, həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Bundan başqa, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onların 16 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Odur ki yuxarıda qeyd olunan xüsusatlar cavabdeh inzibati orqan tərəfindən bir daha nəzərdən keçirilməlidir. Yuxarıda da göstərildiyi kimi cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının tələbini təmin etmək işin hazırkı vəziyyətində mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Masallı rayon Qeydiyyat şöbəsinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-246/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-246/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver