Məhkəmə qərarları › İş №2-1(120)-2469/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2469/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2469/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıqov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydinə dəyişiklik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Hacıqabul rayon Qeydiyyat Şöbəsinə qarşı xx.xx.1969-cu il təvəllüdlü İddiaçı məxsus doğum akt qeydində “soyadının dəyişdirilərək “Bağırov” kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki o, xx.xx.1969-cu il də anadan olmuşdur. Lakin soyadından da göründüyü kimi Bağırov soyadı olmalı halda Bakirov yazılmışdır. Bakirov Azərbaycan dilində ele bir söz olmadığından və ona psixoloji təsir edir. İV-JQ 250008 nömrəli ilkin şəhadətnamədə Bağırov soyadı qeyd edilmiş, lakin həmin şəhadətnamə itmişdir. Təkrarən Doğum haqqında şəhadətnamə alınanda Bakirov kimi qeyd edilmişdir. Onların digər ailə üzvlərinin də belə soyadları Bağırov kimi qeyd edilmişdir. Lakin bir onun soyadında səhvən Bakirov kimi qeyd edilmişdir. Buna sübut kimi atası X8 doğum haqqında şəhadətnaməsini və atasına məxsus Nikah haqqında şəhadətnamənin surətlərini də iş materiallarına əlavə edir. Bununla bağlı adiyyatı orqanlara rəsmi müraciətlər etməyinə baxmayaraq bu günə kimi soyadının dəyişdirilməsinə nail olmamış və ona rəsmi cavab olaraq bildirilmişdir ki, məhkəməyə müraciət olunmalıdır. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsaən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində əlverişli inzibati aktın qəbul edilməməsi ilə bağlı hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Həmçinin iddiaçı xüsusi mümkünlük şərti kimi cavabdeh inzibati orqana müraciət etmiş, imtina aldıqdan sonra eyni tələblə məhkəmədə iddia qaldırmışdır. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Faktiki hallar və sübutlar: AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsini almışdır. Hacıqabul Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, tələbinizin təmin olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.13-cü bəndinə uyğun olaraq vətəndaşlıq vəziyyətinin akt qeydləri yoxlanılmış və Sabirabad rayon Qeydiyyat şöbəsinin 1977-ci ilə aid arxiv sənədlərində xx.xx.1977-ci ilə aid doğum akt qeydləri kitabında İddiaçı aid 42 saylı doğum akt qeydi aşkar edilmişdir. Lakin, akt qeydində doğum tarixi xx.xx.1977-ci il, doğulduğu yer Sabirabad rayonu Qarasu kəndi uşağın soyadı Bakirov, adı Tərlan ata adı Əli, cinsi kişi göstərilmişdir. Yuxarıda qeyd olunan ziddiyyətlərlə bağlı kifayət qədər əsaslar təqdim edə bilmədiyiniz üçün doğum haqqında akt qeydində düzəliş edib doğum haqqında Sizə təkrar şəhadətnamə verilməsi barədə ərizənizin icrasından imtina olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda və kifayət qədər əsaslar olmadıqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Göstərilənlərlə bağlı bildiririk ki, müvafiq doğum akt qeydinin Sizə məxsus olmasını iddia etdiyiniz halda həmin akt qeydinə düzəliş və ya dəyişiklik edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. xx.xx.1971-ci il tarixli Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X2 arasında xx.xx.1971-ci il tarixdə rəsmi nikah akt qeydi tərtib edilmişdir. X10 məxsus Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1948-ci ildə anadan olmuşdur (doğulmuşdur). xx.xx.1977-ci ldə, 42 nömrə ilə qeyd edilmiş Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1969-cu ildə anadan olmuşdur (doğulmuşdur). Sabirabad Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1969-cu ildə Sabirabad rayonu Qarasu kəndində anadan olmuş, İddiaçı doğumu haqqında akt qeydi Sabirabad rayon qeydiyyat şöbəsində xx.xx.1977-ci il tarixdə 42 №-li aktla bərpa edilmişdir.. Həmin akt qeydində soyadı Bakirov, adı Tərlan, ata adı Əli yazılmışdır. Ona verilmiş İV-JQ 250008 №-li ilkin şəhdətnamə itirildiyinə görə Sabirabad rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə İddiaçı AZ-T 183384 №-li doğum haqqında təkrar şəhadətnamə verilmişdir. xx.xx.1997-ci il tarixli nikahın bağlanması haqqında akt qeydinin surətindən görünür ki, X17 ilə X3 arasında rəsmi nikah akt qeydə alınmışdır. Seriya AZ-İ № 270227 nömrəli, xx.xx.2017-ci il tarixli Nikahın pozulması haqqında akt qeydinin surətinindən görünür ki, X17 ilə X4 arasında nikah pozulmuşdur. xx.xx.2004-cü il tarixli, 169 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X14 xx.xx.2004-cü ildə Hacıqabul rayonunda doğulmuşdur, ata qrafasında X17, ana qrafasında X4 qeyd edilmişdir. xx.xx.1994-cü il tarixli, 193 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X11 xx.xx.1994-cü ildə Hacıqabul rayonunda doğulmuşdur, ata qrafasında X17, ana qrafasında X7 qeyd edilmişdir. xx.xx.1976-cı il tarixli, 35 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X18 xx.xx.1976-cı ildə Sabirabad rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X1 qeyd edilmişdir. xx.xx.1974-cü il tarixli, 5 nömrəli Doğum haqqında akt qeydinin surətindən görünür ki, X19 xx.xx.1974-cü ildə Sabirabad rayonunda doğulmuşdur, ata qrafasında X15, ana qrafasında X1 qeyd edilmişdir. Hacıqabul Rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 3ində qeydiyyatda olmaqla yaşayan İddiaçı barəsində Hacıqabul RPŞ-də araşdırma aparılmış barəsində heç bir təqsirləndirici və cinayət xarekterli məlumat aşkar edilməmişdir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında xx.xx.2021-ci il tarixli, ******* nömrəli qərarından görünür ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun: preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 12.1-ci maddəsinə (bərabərlik prinsipi) hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 63.1-ci maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 63.2-ci maddəsinə görə inzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər. Mülki Məcəllənin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə soyadınıı dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Ailə Məcəlləsinin: 159.2.Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 160.1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 166.1.Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.3.Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 168.1.Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır.

189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir.

190. adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşları öz adını və soyadını, atasının adını 18 yaşına çatdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş qaydada dəyişdirə bilər. Həmin Qaydanın 7.2-ci bəndinə görə isə adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması bu qaydaya və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq həyata keçirilir. Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müəddəalar”-ın: 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 3-cü bəndinə görə isə vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. 8-ci bəndinə görə şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə görə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»nın: 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. 6.2-ci bəndinə görə adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3-cü bəndinə görə adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24 – 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.5-ci bəndinə görə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Məhkəmə cavabdehin qaldırılan məsələnin həllindən imtina olunması mövqeyi ilə razılaşmır. Çünki, iddiaçının istəyi soyadının “Bakirov”dan “Bağırova”a dəyişdirilməsidir. İddiaçıya məxsus xx.xx.1977-ci ldə, 42 nömrə ilə qeyd edilmiş Doğum haqqında şəhadətnamədə İddiaçı kimi qeyd edilmişdir. Lakin ona və övladlarına məxsus digər sənədlərdə isə soyadı “Bağırov” kimi qeyd edilərək ziddiyyətli hal yaranmışdır. Həmçinin məhkəmə müəyyən edir ki, iddiaçının soyadına sonrakı dövrlərdə dəyişiklik edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı iddiaçı soyadının doğum akt qeydində “Bakirov”dan “Bağırova”a dəyişdirilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 4.1-ci maddəsinə əsasən, inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və xx.xx.1969-cu il təvəllüdlü İddiaçı məxsus doğum akt qeydində “soyadının dəyişdirilərək “Bağırov” kimi qeyd olunması öhdəliyi cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 2, 4.1, 68-ci , 69cu, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı məxsus doğum akt qeydində “soyadının dəyişdirilərək “Bağırov” kimi qeyd olunması öhdəliyi cavabdeh Hacıqabul rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.

Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar