Məhkəmə qərarları › İş №2-1(120)-2476/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2476/2025

03.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2476/2025 03.12.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 saylı qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən F00217231RSE nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu F07.0üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu üzrə orqanizim funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Əlilliyinin müəyyən edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 06 oktyabr 2024-cü il tarixli qiymətləndirmə qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsi, iş üzrə tibbi-sosiaı ekspertiza təyin edilməklə cavabdehin üzərinə əlilliyinin müəyyən edilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 saylı qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən F00217231RSE nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu F07.0-üzvü mənşəli şəxsiyyət pozğunluğu diqanozu üzrə orqanizim funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1974-cü ildə Ağcabədi rayonunun Şənlik kəndində anadan olmuş, 15 dekabr 1992-ci ildə Ağcabədi rayon Hərbi Komissarlığı tərəfindən Azərbaycan Milli Ordusuna növbəti hərbi xidmətə çağırılmış, 14 yanvar 1996-cı ildə ordudan tərxis olunmuşdur. X7 iştirakçısı, Qarabağ Müharibəsi veteranı və Qarabağ müharibəsi Qazisidir. Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar döyüş zonasında hərbi xidmət keçərkən 31 dekabr 1993-cü ildə yaralanmış, aldığı xəsarətlərlə əlaqədar xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi Mərkəzi Rayon xəstəxanasında müayinə və müalicə olunmuş, aldığı travnıa diaqnoz: “Qapalı kəllə beyin travması”. Hərbi xidmət zamanı aldığı xəsarətlərlə bağlı hərbi xidmət zamanı və ordudan tərxis olunduqdan sonra da uzun müddət müayinə və ambulator və stasionar müalicələr almışdır. Xəstəliyi ilə bağlı əlillik dərəcəsinin müəyyən edilməsi üçün 2019cu ilin sentyabr ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasına müraciət etmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 17 sentyabr 2019-cu il tarixli qiymətləndirmə qərarı ilə müayinə aktina əsasən ona sağlamlığı ilə bağlı “Postkontuzion sindrom, Qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi və davranış pozuntusu, Ağırlaşma F91 Davranış pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi və davranış pozuntusu-Ağırlaşma F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, Qapalı kəllə-beyin travması nəticəsində əmələ gələn kəskin nəzərə çarpan şəxsiyyət dəyişməsi və davranış pozuntusu, Yanaşı xəstəliklər N11.1 Xroniki obstruktiv pielonefrti, Xr.pielonefrit kəskinləşməsi kəskin sidik ləngiməsi.” DİAQNOZ-u qoyulmuş, Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti: xx.xx.2024-ci ilə kimi müəyyən edilməklə - İkinci dərəcəli əlillik verilmişdir. Həmin qiymətləndirmə qərarında Əlillik səbəbi: Azərbaycan Respublikasının Ərazi Bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi müəyyən edilmişdir. Həmin qiymətləndirmə qərarı əsasında 2024-cü ilin oktyabr ayına kimi ikinci dərəcəli əlil kimi müavinət almışdır. hər il davamlı olaraq müayinə və müalicələr almış, xəstəliyi ilə əlaqədar xəstəxanalarda və digər səhiyyə müəssisələrində ambulator və stasionar müalicələrdə olmuşdur. Həkim məsləhəti ilə xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixə kimi Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının terapiya şöbəsində stasionar, Ağcabədi MRX-nin göndərişi ilə 06 aprel 2021-ci ildən 28 aprel 2021-ei ilə kimi X10 Dispanserində stasionar, Ağcabədi MRX-nin göndərişi ilə 24 fevral 2022-ci ildən 10 mart 2022-ci ilə kimi X10 Dispanserində stasionar, Ağcabədi MRX-nin göndərişi ilə 17 may 2023-cü ildən 31 may 2023-cü ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında stasionar, Ağcabədi MRX-nin göndərişi ilə 25 noyabr 2023-cü ildən 07 dekabr 2023-cü ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında stasionar, Ağcabədi MRX-nin göndərişi ilə 13 iyun 2024cii ildən 27 iyun 2024-cii ilə kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələr almışdır. Eyni zamanda xəstəliyi ilə bağlı 30 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası”nda (X8) Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə 30 mart 2023-cü il tarixli 170 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyi tərtib olunmuşdur. Həmin Rəydə göstərilir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq öz müraciətinə əsasən Respublika Psixiatriya Xətəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması) şəxsiyyət pozuntusu. F07.0”. (xx.xx.2023-cü il tarixli 4109 saylı məktub əlavə olunur). Xəstəliyi ilə bağlı yenidən 04 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası”nda (X8) Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və bu barədə 04 dekabr 2023-cü il tarixli 2815 nömrəli Həkim Psixiatr Komissiyasının Rəyi tərtib olunmuşdur. Həmin Rəydə göstərilir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0”. (xx.xx.2023- cü il tarixli 2445 saylı məktub əlavə olunur). 2019-cu ildə təyin edilmiş əlilliyinin müddətinin qurtarması ilə bağlı əlilliyinin müəyyən edilməsi üçün 26 sentyabr 2024-cü il tarixli göndərişlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspeıt Komissiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 06 okty abr 2024-cü il tarixli qiymətləndirmə qərarı ilə onun əlilliyinin müəyyən edilməsindən imtina edilmişdir. Həmin qiymətləndirmə qərarına əsasən imtinanın səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Ətraflı: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilmiəsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə X10 Xəstəlikləri Dispanserinin xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi (İ QM zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyi xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədiklərini bildirərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Eləcə də, iddiaçı tərəfindən ləğv edilməsini xahiş etdiyi Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmiş, iddiaçı tərəfindən isə qanunvericilikdə nəzərdə tutulan müddətlərə riayət etməklə (30 gün keçmədən) xx.xx.2025-ci il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia mümkündür. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixdə çap edilmiş məlumatdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli, OVDX0TV0004 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8nin xx.xx.2023-cü il tarixli, 2445 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il, 3- 28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1663 nömrəli qərarının surətindən görünür ki, Ağcabədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli 14/HPŞ-323 nömrəli qərarı ilə barəsində amnistiya tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 352 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 352 nömrəli arayışı, Ağcabədi rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.2018-ci il tarixli 539 nömrəli məktubu, xəstələrin stasionar müalicəyə qəbul kitabından çıxarışlar, MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” və hərbi xidmət dövründə xəstələndiyi və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki pielonefritin kəskinləşməsi. Kəskin sidik ləngiməsi” (Ağcabədi rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.2018-ci il tarıxii 538 nömrəli məktubu, xəstələrin stasionar müalicəyə qəbul kitabından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-3047/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərinizə çatdırırıq ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. Müəyyən olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti X10 Xəstəlikləri Dispanserinin 0462003AADDB nömrəli göndərişi əsasında xx.xx.2019-cu il tarixində elektron qiymətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə (xx.xx.2024-cü il tarixinədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2024-cü il tarixindən sonra vətəndaşa dair X10 Xəstəlikləri Dispanseri tərəfindən 0F00217231RSE nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş və müraciəti əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Qiymətləndirmənin yekun nəticəsi barədə vətəndaşa SMS vasitəsilə məlumat göndərilmişdir. İddiaçı dair xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərində Agentliyə eyni məzmunlu müraciət ərizələri daxil olmuş və tərəfimizdən xx.xx.2024cü il tarixli, 3-17-4/2-Q-27674/2024 nömrəli məktubla cavablandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X10 Dispanserinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 489 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində Ağcabədi RMX-nin HMK-sı tərəfindən əlillik müddəti bitdiyi üçün Dispanserə müraciət etmişdir. Xəstə xx.xx.2024-cü il tarixində X10 X4 Komissiyası tərəfindən müayinə olunduqdan sonra əlillik təyin edilməsi üçün yeni qaydalara uyğun olaraq forma 088 tərtib edilib onlayn şəkildə DTSERA-nə göndərilmişdir. Göndərişə cavab olaraq xx.xx.2024-cü il tarixində imtina qərarı verilmişdir. Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etməməsi” Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2025-ci il tarixli T 512/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4,6,10-11. Vətəndaş İddiaçı adma “Respublika Psixiatriya Xəstəxanası”nda 11.04xx.xx.2025-ci il tarixlərdə “Üzvi (1 Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. - Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “X9 Dispanseri” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, F00217231RSE saylı Forma 88 haqqında göndəriş XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnoz ona stasionarda müalicəsi zamanı, anamnestik, psixi status, klinik və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnoz qənaətbəxş olmuşdur/ DTSERA-da müayinələri zamanı tibbi-sosial ekspertləri tərəfindən onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər-hansı bir dəyişiklik aşkar edilməmişdir. Xəstəliyin gedişi xronikidir, orta ağırdır və bununla əlaqədar o, dispanser qeydiyyatdadır. - Qərardadda xəstəliyin ağırlaşmaları və pafo funksional dəyişikliklərlə əlaqədar olan sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. 5,7. Vətəndaş İddiaçı barəsində “X9 Dispanseri” tərəfindən tərtib edilmiş göndəriş tam doldurulmuşdur. - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən S.S. Qəhrəmanovun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Belə ki, “MTE və PA Birliyi” phş-də müayinəsindən 2,6-3 ay əvvəl sözügüdən tibb müəssisəsində stasionar müalicədə olmuşdur.

9. İddiaçıda olan xəstəliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı aldığı travma ilə səbəbli əlaqəsinin olub-olmaması müəyyən edilməsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir.

Əsaslandırma hissəsi:

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə işin materiallarını araşdıraraq, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Konstitusiyanın 16.1-ci maddəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra - altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra –Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 7.6.2 F07 - üzvi mənşəli şəxsiyyət pozuntusundan irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - "Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 7.6.2.1 əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) – 35-60 faiz – 2 il müddətinə; 7.6.2.2 məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - 65-80 faiz – 2 il müddətinə; XBT-10 - xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış: Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən X10 Dispanserinin xx.xx.2024-cü il tarixdən F00217231RSE nömrəli göndəriş əsasında əlillik vəziyyətinə baxılmış və “Üzvi (İ Qarabağ Müharibəsi zamanı alınmış KBT nəticəsində) şəxsiyyət pozuntusu” koqnitiv funksiyaların enməsi ilə diaqnozu qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və “diaqnozun əlillik əlaməti təyin etməməsi” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab etmir və hesab edir ki, iddiaçının barəsində olan sonuncu göndəriş əsasında ididaçıya əlillik təyin edilməlidir. İddiaçı həmin qərarla razı olmamış və məhkəmədə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əlillik meyarının müəyyən edilməsi cavabdeh inzibati orqanın diskression səlahiyyətinə aiddir. Diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Cavabdehin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, mübahisənin həlli üçün iddiaçıda həmin xəstəliklərin və diaqnozun mövcud olub-olmamasını təsdiq etmək üçün xüsusi bilik tələb olunduğundan iş üzrə Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2-1(120)-2476/2025 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 xx.xx.2025-ci il tarixli T 512/2025 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, 1-4,6,10-11. Vətəndaş İddiaçı adma “Respublika Psixiatriya Xəstəxanası”nda 11.04xx.xx.2025-ci il tarixlərdə “Üzvi (1 Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. - Onun əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “X9 Dispanseri” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, F00217231RSE saylı Forma 88 haqqında göndəriş XBT 10 kodu ilə qeyd edilmiş “Əsas diaqnoz: “F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” diaqnoz ona stasionarda müalicəsi zamanı, anamnestik, psixi status, klinik və funksional diaqnostik müayinələrinin nəticələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların səmərəliliyi və klinik proqnoz qənaətbəxş olmuşdur/ DTSERA-da müayinələri zamanı tibbi-sosial ekspertləri tərəfindən onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi ilə əlaqədar hər-hansı bir dəyişiklik aşkar edilməmişdir. Xəstəliyin gedişi xronikidir, orta ağırdır və bununla əlaqədar o, dispanser qeydiyyatdadır. - Qərardadda xəstəliyin ağırlaşmaları və pafo funksional dəyişikliklərlə əlaqədar olan sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. - Vətəndaş İddiaçı barəsində “X9 Dispanseri” tərəfindən tərtib edilmiş göndəriş tam doldurulmuşdur. - Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən S.S. Qəhrəmanovun hazırda əlavə müalicəsinə (bərpa müalicəsini davam etdirməyə) zərurət yoxdur. Belə ki, “MTE və PA Birliyi” phş-də müayinəsindən 2,6-3 ay əvvəl sözügüdən tibb müəssisəsində stasionar müalicədə olmuşdur. Qeyd edilən rəylə bağlı məhkəmə qeyd edir ki, rəyin nəticə hissəsində əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədi ilə keçirilmiş əyani müayinənin nəticəsinə dair qəbul edilmiş qərardakı imtina əsasları təkrarlanmış və iddiaçıda olan xəstəliklərin mövcudluğu hissəsində səthi cavablar verilmişdir. Bu səbəbdən qeyd edilən rəy qismən mötəbər hesab edilir. Ekspert rəyinin tam qənaətbəxş olmadığı nəzərə alınaraq məhkəmə digər sübutlarıda qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8nin xx.xx.2023-cü il tarixli, 2445 nömrəli həkim psixiatr komissiyasının rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il, 3-28/3-1- 118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun İddiaçı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0– diaqnozu qoyulmuşdur. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X10 Dispanserinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli, 489 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağcabədi rayonu Şənlik kəndində qeydiyyatda olan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində Ağcabədi RMX-nin HMK-sı tərəfindən əlillik müddəti bitdiyi üçün Dispanserə müraciət etmişdir. Xəstə xx.xx.2024-cü il tarixində X10 X4 Komissiyası tərəfindən müayinə olunduqdan sonra əlillik təyin edilməsi üçün yeni qaydalara uyğun olaraq forma 088 tərtib edilib onlayn şəkildə DTSERA-nə göndərilmişdir. Göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş və hər dəfəsində ona eyni diaqnoz - Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F 07.0 – qoyulmuşdur. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2018-ci il tarixli, 1663 nömrəli qərarının surətindən görünür ki, Ağcabədi RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ qarnizonu hərbi prokurorluğunun xx.xx.2018-ci il tarixli 14/HPŞ-323 nömrəli qərarı ilə barəsində amnistiya tətbiq edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: “Qapalı kəllə beyin travması” (Azərbaycan Respublikası SHXÇDX-nin Ağcabədi rayon şöbəsinin xx.xx.2018-ci il tarixli 352 nömrəli göndərişi, xx.xx.2018-ci il tarixli 352 nömrəli arayışı, Ağcabədi rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.2018-ci il tarixli 539 nömrəli məktubu, xəstələrin stasionar müalicəyə qəbul kitabından çıxarışlar, MN MHHK-nm həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı almışdır” və hərbi xidmət dövründə xəstələndiyi və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Ağcabədi rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: “Xroniki pielonefritin kəskinləşməsi. Kəskin sidik ləngiməsi” (Ağcabədi rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkiminin xx.xx.2018-ci il tarıxii 538 nömrəli məktubu, xəstələrin stasionar müalicəyə qəbul kitabından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir) “Xəstəlikdir, Hərbi Xidmət Dövründə Almışdır”. Məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən əlilliyini səbəbli əlaqəsi “Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmış hərbi travma” səbəbi kimi qeyd edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçıda mövcud olan xəstəlik iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və rəylər ilə öz təsdiqini tapır. Həmçinin həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1882/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, "... kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-522/2024 nömrəli, 2-1(102)- 1428/2024 nömrəli 2-1(102)-1148/2024 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102)- 2378/2023 nömrəli, qərarları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bundan əlavə, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2500/2023 nömrəli, 2-1(102)-1218/2024 nömrəli, 2-1(102) 2378/2023 nömrəli qərarları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi (məhkəmə tibbi ekspertizası vasitəsi ilə) və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməmdə və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. İddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən əlilliyin müəyyən olunmasına yönəlmişdir. Belə ki, iddiaçı qərarın ləğvini və ona orqanizmin funksiyalarının pozulması faiz dərəcəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə müvafiq əlillik dərəcəsinin müəyyən edilməsini xahiş edir. Qeyd edilməlidir ki, iddiaçıda olan xəstəliklərin və ağırlaşmaların onun barəsində tərtib edilən F00217231RSE nömrəli göndərişdə öz əksini tapmış və sübutlar nəticəsində qeyd edilən xəstəliklər üzrə göndərişin düzgün və tam doldurulduğu müəyyən edilmişdir. Digər məqam iddiaçıda olan xəstəliyin XBT10 – kodunun F07 olmasıdır ki, həmin xəstəliklər üzrə əvvəllər iddiaçıya İİ dərəcə əlillik təyin edilmişdir. Lakin meyarlar üzrə dəyişikliklərdən sonra əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunduğundan qeyd edilən hissəyə nəzər yetirilməsi zəruridir. Belə ki, qeyd edilən həmin XBT10 – kodu (F07) üzrə 35-60 faiz və 65-80 faiz dərəcələri üzrə əlilliyin təyin edilməsi müəyyən edilir. Lakin hal-hazırki iş üzrə iddiaçıda olan xəstəliklər öz təsdiqini tapsa da, məhkəmə hesab edir ki, həmin hissədə əlilliyin hansı hissə üzrə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisini F00217231RSE nömrəli göndərişlə qeydedilən xəstəlik və ağırlaşmalar üzrə cavabdeh inzibati orqan müəyyən etməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən hissədə də, yəni ona xx.xx.2024-cü il tarixdən əlilliyin məhz “müəyyən edilməsini” xahiş etmək hissəsində də haqlı olmuşdur. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Qeyd edilir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada kassasiya şikayətinin cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri əsassız sayılmalıdır və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Oxşar İşlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-54/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərarı ilə yuxarıda qeyd edilən mövqedən çıxış etmişdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İnzibati Prosessual Məcəllənin: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Sosial Ekspertiza Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0004 saylı qərarın ləğv edilməsi və xx.xx.2024-cü il tarixdən F00217231RSE nömrəli göndəriş əsasında “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə ona XBT10 kodu F07.0-üzvü mənşəli şəxsiyyət pozğunluğu diaqnozu üzrə orqanizim funksiyalarının pozulmasını faiz dərəcəsi müəyyən edilərək müvafiq əliliyin müəyyən edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar