Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2483/2025 13.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarının istifadəsində olan mövcud torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçü sənədinin koordinatlarının istifadəsində olan mövcud torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və çıxarışın verilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə onun adına 501.54 kv.m həyətyanı torpaq sahəsi barədə verilmiş, A№ 283742 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının istifadəsində olan mövcud torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, E.Fərzəliyev (keçmiş B.Sərdarov) küçəsi, ev 36-da 0.06 ha həyətyanı torpaq sahəsində fərdi yaşayış evi vardır. Sözügedən həyətyanı torpaq sahəsi Ağcabədi şəhər XDS İcraiyyə Komitəsinin 23 aprel 1985-ci il tarixli 04 № li iclasının qərarı ilə Ağcabədi şəhəri B.Sərdarov küçəsi 34 nömrəli evdə yaşayan mərhum atasının razılığı əsasında onun həyətyanı torpaq sahəsinin bir hissəsi, yəni 0.06 hektarı ayrılaraq fərdi yaşayış evinin tikintisi üçün ona verilmişdir. Bildirir ki, bu torpaq sahəsinin ona məxsus olması ilə əlaqədər Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarı ilə keçmiş X4 və Xəritəçəkmə Komitəsi tərəfindən onun adına 501.54 kv.m həyətyanı torpaq sahəsi barədə verilmiş, A № 283742 olan Torpaq sahəsinin planı və ölçüsü sənədi də verilmişdir. Məlum edir ki, o, öz adına yuxarıda göstərilən ünvanda yerləşən, sözügedən 501.54 kv.m ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə əlaqədər Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan ərazi idarəsinə müraciət etmişdir. Lakin ona xx.xx.2024-cü il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, aparılmış inventarlaşdırma işləri zamanı sözügedən fərdi yaşayış evinin bir hissəsinin ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A№283742 nömrəli “Torpaq sahəsinin plan-ölçüsü sənədində göstərilən torpaq sahəsindən kənarda yerləşməsi müəyyən edilmiş, buna görə də çıxarış verilməsindən imtina edilir və məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Odur ki, hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdehin etirazı: Cavabdehin məhkəməyə daxil olmuş etirazında qeyd edilir ki, İddiaçı Ağcabədi şəhəri, B.Sərdarov küçəsində küçəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 04 noyabr 2023-cü il tarixli müraciəti 6 saylı Beyləqan Ərazi İdarəsinə daxil olmuş və həmin müraciət xx.xx.2023-cü il tarixli məktubla cavablandırılmışdır. Əlavə olaraq bildirir ki, Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözügedən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə baxış keçirilərək müvafiq inventarlaşdırma işləri aparılmışdır. Aparılmış inventarlaşdırma işləri zamanı sözügedən fərdi yaşayış evinin bir hissəsinin təqdim olunan ləğv edilmiş DT və XK-nin Ağcabədi rayon şöbəsi tərəfindən tərtib edilmiş A№ ******* nömrəli “Torpaq sahəsinin plan ölçüsü” sənədində göstərilən torpaq sahəsindən kənarda yerləşməsi müəyyən edilmişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı ‘Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-ci il tarixli, 02 nömrəli qərarı ilə onun adına verilmiş 501.54 kv.m həyətyanı torpaq sahəsi barədə verilmiş, A№283742 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının istifadəsində olan mövcud torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə etiraz edirlər və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin iştirakı və izahatları: İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı izah olunanların ona aydın olduğunu bildirərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinin mümkün hesab edilməməsini xahiş edir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanladığı mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi barədə məktubundan müəyyən olunur ki, Ağcabədi şəhəri, B.Sərdarov küçəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ Kadastr və Yerquruluşşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin məhkəməyə ünvanladığ 1 aprel 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Mərkəzin Arxivində İddiaçı adına AN-283742 nömrəli Torpaq sahəsinin plan-ölçü sənədinin arxiv nüsxəsi aşkar edilməmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını və iddianın mümkünlüyünə dair şərtləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaların tələblərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia tələbi üzrə qnaunvericiliyin normalarına uyğun olaraq müəyyən edilmiş xüsusi mümkünlük şərtlərindən biri ondan ibarətdir ki, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etsin, inzibati orqan onun müraciətinin təmin edilməsindən imtina etsin və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində onun müraciətini cavablandırmasın. İş materiallarında olan iddiaçının müraciət məktubundan, həmçinin cavabdehin iddiaçıya ünvanladığı mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi barədə məktubundan müəyyən olunur ki, Ağcabədi şəhəri, B.Sərdarov küçəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Lakin iddiaçının məhkəmədə qaldırdığı iddia Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə onun adına 501.54 kv.m həyətyanı torpaq sahəsi barədə verilmiş, A№ 283742 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının istifadəsində olan mövcud torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi üzrə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün hesab edilməməlidir. İnzibati Prosessual Məcəllənin: 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə, həmçinin məhkəmə iclası zamanı şifahi formada İddiaçı yuxarıda qeyd olunan hüquqi mövqeyə uyğun olaraq hüquqi yardım edilmiş və məhkəməyə təqdim edilən xəbərnaməyə əsasən iddiaçı tərəfindən hüquqi yardımın alındığı qeyd edilmişdir. İddiaçı tərəfindən inzibati orqana eyni tələblə müraciəti və tələbindən imtina olunması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni cavabdehə qarşı iddia qaldırmaq imkanını istisna etmir və o, “Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli, 02 nömrəli qərarı ilə onun adına 501.54 kv.m həyətyanı torpaq sahəsi barədə verilmiş, A№ 283742 olan Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının istifadəsində olan mövcud torpaq sahəsinin koordinatlarına uyğunlaşdırılması və çıxarışın verilməsi tələbi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə bütün hüquqmüəyyənedici sənədlərin əsilləri ilə birlikdə müraciət etməlidir. Müraciəti əsasında tələbin icrasından imtina cavabı alacağı təqdirdə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı həmin tələblə məhkəmədə iddia qaldıra bilər. Nəticəvi hissə: Yuxarıda göstərilənlər əsasən, İnzibati Prosessual Məcəllənin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-2483/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2483/2025
13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver