Məhkəmə qərarları › İş №2-1(120)-2485/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2485/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-2485/2025 24.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «09 yanvar 1993-cü il tarixdən 05 aprel 1993-cü il tarixə qədər Dövlət Sərhəd Xidmətinin “Balakən“ X9 Məntəqəsində hərbi Xidmət keçmiş, 06 aprel 1993-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş X2 şəhid adı verilməsi» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 1974-cü il təvəllüdlü, 09 yanvar 1993-cü il tarixdən 05 aprel 1993-cü il tarixə qədər Dövlət Sərhəd Xidmətinin “Balakən“ X9 Məntəqəsində hərbi Xidmət keçmiş, 06 aprel 1993-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş X2 şəhid adı verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 08 mart 1974-cü il təvəllüdlü oğlu X11 09 yanvar 1993-cü il tarixdən 05 aprel 1993-cü il tarixə qədər Dövlət Sərhəd Xidmətinin “Balakən" X9 Məntəqəsində hərbi Xidmət keçmiş, 06 aprel 1993-cü il tarixdə güllə yarasından həlak olmuşdur. Yəni oğlu X11 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuşdur. Ağcabədi RİH başçısının 07 sentyabr 1916-cı il tarixli 110 saylı sərəncamına əsasən oğlu X5 adına küçə verilməsi qərara alınmışdır. Lakin X2 şəhid adı verilməmişdir. X2 şəhid adı verilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə müraciət emiş, lakin Sərhəd Xidmətindən müraciətinə cavab olaraq 25 oktyabr 2024-cü il tarixli məktubla ona bildirmişlər ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarınaəsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Məsələ ilə bağlı mərhum X5 qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə və ya aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmələri tövsiyyə olunub. Beləliklə də o, cavabdeh təşkilata müraciət edərək oğlu X5 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmasını nəzərə alınmaqla ona şəhid adı verilməsini xahiş etmişdir. Lakin oğlu X5 Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olması və bunun müvafiq qaydada verilmiş arayışlarla təsdiq olunmasına baxmayaraq cavabdeh təşkilat ona 25 oktyabr 2024-cü il tarixli imtina məktubu göndərərək oğluna şəhid adı verilməsindən imtina etmişdir. 71 yaşlı qoca və kimsəsiz, yegənə oğlunu Vətən uğrunda qurban vermiş ana olaraqdan xahiş edib bildirir ki, Oğlunun şəhid olması müvafiq qaydada verilmiş arayışlarla təsdiqini tapdığı halda, oğlunun qanuni haqqı verilmir. Cavabdeh təşkilat şəhid adının verilməsi haqqında normativ akta istinad edib şərh etsə də, o müvafiq arayışları təqdim etsə də, onun müraciətindən imtina olunub. O, 71 yaşında oğulsuz Ana, köməksiz vəziyyətdə niyə məhkəmələrdə qalmışdır. Cavabdeh təşkilatın qeyd edilən vəziyyəti biləbilə ona əsassız şəkildə imtina etdiyini bildirir. xx.xx.2025-ci il tarixli şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia ərizəsini qəbul etməyərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir, iddiaçının nümayəndəsi ərizə təqdim edərək, onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur.Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Ağcabədi rayonunun ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Ağcabədi rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsassızdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-38-6/2-C-31xx-xx/2024 nömrəli məktubda qeyd edilmişdir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə ediiən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 №li Qərarına əsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. Bu Qərarın 4.1. bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələrin verdiyi arayışları əsasında təsdiq edilir. Məktubda qeyd edilən məsələ ilə bağlı mərhum X5 qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarəsinə-şöbəsinə) və ya aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək tövsiyə olunur. İşdə olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.1994-cü il tarixli, 18 nömrəli arayışında qeyd edilmişdir ki, X11 xx.xx.1993-cü il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından faciəli surətdə vəfat etmişdir. - İşdə olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü il tarixdə İmişli rayonu, Əlipənahlı kəndində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Ağcabədi rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/8-13- 122/2025 nömrəli məktubunda X5 xx.xx.1993-cü il tarixli 60 nömrəli ölüm akt qeydinin kserosurəti işə əlavə olunmuşdur. İşdə olan İV-JQ № 334120 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1993-cü il tarixdə “Balakən” X10 Məntəqəsinin şəxsi heyətində xidməti vəzifəsini yerinə yetirərkən aldığı güllə yarasından faciəli surətdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Respublika Hərbi Prokurorluğunun Təşkilat və icraya nəzarət şöbəsi tərəfindən Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin arxivinə təhvil verilən, Gəncə hərbi prokurorluğunda 1993-cü il üzrə istintaqı aparılmış cinayət işlərinin hərəkəti cədvəllərinə baxış keçirilərək Gəncə hərbi prokurorluğunda 1993-cü ilin aprel, may, iyun və iyul ayı üzrə istintaqı aparılmış cinayət işlərinin hərəkəti cədvəllərinə əsasən, xx.xx.1993-cü il tarixdə saat 08:00 radələrində MTN-nin sərhəd qoşunları Balakən vzvodunun əsgəri V.M.Çələbiyevin (cədvəldə şəxsin adı və ata adı baş hərflərlə qeyd olunub) silahla rəftar etmə qaydalarını pozub əlindəki avtomat silahdan atəş açaraq əsgər Cabbarova (cədvəldə şəxsin adı və ata adı qeyd olunmamışdır., yalnız iyul ayı üzrə cədvəldə N.Cabbarov kimi qeyd edilmişdir) xəsarət yetirərək onu öldürməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 246- cı maddəsinin 1-ci hissəsinin «a» (bəzi cədvəllərdə «b» bəndi kimi qeyd olunub) bəndinə əsasən xx.xx.1993-cü il tarixdə icraata qəbul edilmiş 13/1570 nömrəli cinayət işinin xx.xx.1993-cü il tarixdə tribunala göndərilməsi qeydi müəyyən edilmişdir. Gəncə hərbi prokurorluğundan daxil olmuş sorğuya cavab məktubuna əsasən Gəncə hərbi prokurorluğunda xx.xx.1997-ci il tarixədək olan cinayət işlərinin qeydiyyatı kitabları və xx.xx.2015-ci il tarixədək olan cinayətlər barədə məlumatların qeydiyyatı kitabları saxlama müddətinin başa çatması ilə əlaqədar, xx.xx.2022-ci il tarixdə məhv edildiyindən, xx.xx.1974-cü il təvəllüdlü, X5 xx.xx.1993-cü il tarixdə ölümü ilə bağlı cinayət işi və araşdırma materialı olub-olmaması haqqında məlumat vermək mümkün olmamışdır. İşdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, mərhum xx.xx.1974-cü il təvəllüdlü X11 xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixə qədər Gürcüstan, Azərbaycan sərhəddində yerləşən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “Balakən” X4 sıravi əsgər rütbəsində xidmət etmişdir. xx.xx.1993-cü il tarixdə aldığı güllə yarasından faciəvi surətdə vəfat etmişdir. Odur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməmişdir. İşdə olan Gəncə Hərbi Mərkəməsinin xx.xx.2025-ci il tarixli, 4-17/2-144/2025 saylı məktubuna əsasən, Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmünün surəti təqdim edilmişdir. Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 246.1-ci maddələsi ilə təqsirli bilinərək, maddəsi ilə 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzasına höküm edilmişdir. CM-nin 120.2.4, 120.2.7, maddələri ilə 13 (on üç) il müddətinə, CM-nin 338.2 maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 126.1 maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə minimum əmək haqqı məbləğinin 70 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: “Şəhid adının əbədiləşdirilməsi və şəhid aiiələrinə ediiən güzəştlərin tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 N°-li Qərarına əsasən Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Bu qərarın 1.2.7-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilir. Bu Qərarın 4.1. bəndinə əsasən şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili işlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X3 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələrin verdiyi arayışları əsasında təsdiq edilir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» 03 sentyabr 1993-cü il tarixli Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli, 10 nömrəli qərarı ilə təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»na əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər (bənd 1.2.5). Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər (bənd 1.2.6). Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissəninarayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir (bənd 4.1). Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1-ci bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir (bənd 4.2). «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin, «o cümlədən, atəşkəs dövründə döyüş bölgələrində yerləşən hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər» müddəası təcrübədə qeyri-müəyyənliyə səbəb olduğuna görə şəxsin şəhid hesab olunması ilə bağlı hüquq münasibətlərinə daha yüksək hüquqi qüvvəyə malik olan «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli Qanunun 1-ci maddəsinin tətbiq edilməli olduğu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları»nın 1.2.6-cı bəndinin «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikasının 03 sentyabr 1993-cü il tarixli qanunun tələblərinə müvafiq təkmilləşdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə tövsiyə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar, habelə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular şəhid hesab edilirlər. Qeyd edilən Konstitusiya Məhkəməsi Plenumunun mövqeyindən görünür ki, şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsi: 1.4.2. Həlak olmuş hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin şəhid hesab edilməsi müvafiq hərbi hissənin arayışı ilə təsdiq edildikdə müvafiq hərbi hissənin arayışında hərbi qulluqçunun və toplanışa çağırılmış hərbi vəzifəlinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı, habelə atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi, yaxud dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olması faktı öz əksini tapmalıdır. İş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdeh orqana müraciət edərək, 09 yanvar 1993-cü il tarixdən 05 aprel 1993-cü il tarixə qədər Dövlət Sərhəd Xidmətinin “Balakən“ X9 Məntəqəsində hərbi Xidmət keçmiş, 06 aprel 1993-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş X2 şəhid adı verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən imtina edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən keçirilmiş araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikası CM-nin 246.1-ci maddələsi ilə təqsirli bilinərək, maddəsi ilə 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzasına höküm edilmişdir. CM-nin 120.2.4, 120.2.7, maddələri ilə 13 (on üç) il müddətinə, CM-nin 338.2 maddəsi ilə 3 (üç) il müddətinə, CM-nin 126.1 maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə minimum əmək haqqı məbləğinin 70 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Hökmün əsaslandırıcı hissəsindən görünür ki, X8 avtomat slahdan rəftarla qaydanı pozmuş, nəticədə atəş açılaraq sıravi əsgər X6 xəsarət yetirmiş, N.Cabbarov Balakən rayon Xəstəxanasında ölmüşdür. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, X11 xx.xx.1993-cü il tarixdə X8 tərəfindən açılmış atəş nəticəsində həlak olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum oğlu X11 hərbi xidmət zamanı həlak olsa da, onun ölümünün səbəb əlaqəsi – Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda, ölümün şəraiti – həlak olma və ya vəfat etmə, eləcə də ölümün başvermə anı – hərbi əməliyyatlar və ya xidməti vəzifəsinin icrası zamanı olması hadisədə öz əksini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Cavabdeh orqan iddiaçının mərhum oğluna şəhid statusunun verilməsindən imtina edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmiş, belə halların mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və işin faktiki halları ilə də təsdiq olunduğu kimi iddiaçının mərhum oğlu qanunvericiliyin tələbi baxımından şəhid hesab olunmur. Belə olan halda onun şəhid hesab edilməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun tələblərinə zidd olacaqdır. Qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır. İş üzrə mərhumun döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar hər hansı xüsusat müəyyən edilməmişdir. Göründüyü kimi, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş səbəbli əlaqə hazırkı iş üzrə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilmədiyinə görə, inzibati orqanın iddiaçının oğluna şəhid statusu verilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “X6 «şəhid» adının verilməsi öhdəliyinin cavadehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı «09 yanvar 1993-cü il tarixdən 05 aprel 1993-cü il tarixə qədər Dövlət Sərhəd Xidmətinin “Balakən“ X9 Məntəqəsində hərbi Xidmət keçmiş, 06 aprel 1993-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş X2 şəhid adı verilməsi» barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar