Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-2494/2023 10.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası üzrə iş materiallarına 10 avqust 2023-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılma barədə əmrin ləğv edilərək, onun yenidən Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına işinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində İddiaçı məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddia tələbinin “Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel 2020-ci il tarixli, 049əç nömrəli əmrinin ləğv edilməsi və onun yenidən xidmətə bərpa olunmağı” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəmə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, N nömrəli hərbi hissədə xidmətdən artıq maxe kimi qulluq etmişdir. Xidmət etdiyi zaman heç bir pozuntusi olmayıb, daim xidmətini qüsursuz yerinə yetirmişdir. Bundan sonra ona məlum olmayan səbəbdən N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq hərbi xidmətdən ehtiyata buraxılmağı barədə məlumat almışdır. O, hesab edir ki, hərbi xidmətə yararlıdır, özündə hərbi xidmətə dair heç-bir uyğunsuzluq görmür. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Həmişə yaxşı xidmət etmişdir. Hər hansı cəzası olmamışdır. Qeyd edir ki, o, evin tək qazanc gətirənidir, valideyinlərinə o baxır, ondan başqa evə qazanc gətirən bir şəxs yoxdur. O, qulluq mövqeyində heç bir səhvə yol verməmişdir. Xidməti vəzifəsini layiqincə yerinə yetirmişdir. Bundan əlavə müddətdən artıq hərbi xidmət keçmək üçün onunla müqavilə bağlanmışdır və həmin müqavilənin surəti ona verilməmişdir. Onun şəxsi vəsiqəsində əmr yazılmaqla ona verilmiş, lakin əmrin surətini bu günə kimi almamışdır. Dəfələrlə əmrin surətini istəməyinə baxmayaraq, yenə də əmrin surətini almağa mvəffəq ola bilməmişdir. Ona görə də 950 saylı Hərbi hissə komandirinin əmrinin surətini iddia ərizəsinə əlavə etmədən məhkəməyə müraciət edir. O, əmrin ləğv edilərək işə bərpa olmağı üçün cavabdehə müraciət etsə də ona bu günə kimi cavab verilməmişdir. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prossessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsində göstərilib ki, məhkəmə tərəfindən iddia müddəti mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Bununla əlaqədar bildirmək istəyirlər ki, iddiaçı Umudov X1 nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 13 aprel 2020-ci il tarixli, 049 əç nömrəli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Buradan görünür ki, 3 il əvvəl olan münasibətlərdən yaranan mübahisə barədə iddiaçı məlumatlı olmuşdur. Hüquqlarının pozulması barədə iddiaçının hazırda gəlmiş olduğu qənaət məhkəmədə iddianın qaldırılması üçün kifayət deyildir. Belə ki, uzun müddət zaman kəsiyinin keçməsi tərəflərin bərabər şəkildə mövqeylərinin müdafiəsini mümkünsüz etmiş olur. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təqdim etdi və bildirdi ki, o, 2019-cu ildə N nömrəli hərbi hissədə xidmətdən artıq “MAXE” kimi xidmətə başlamış və xx.xx.2020-ci il tarixli, N nömrəli hərbi hissə komandirinin əmri ilə əsassız olaraq hərbi xidmətdən ehtiyata buraxılmışdır. Bundan sonra əsassız işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyəti hərbi qurumlara müraciətləri olmuş, “COVİD-l9” pandemiyası üzündən qəbullarda iştirak etmək imkanı məhdudlaşdırılmışdır. Həmçinin atasının xəstəliyə tutulması və onun müalicə olunmasının təşkili onun üzərində olmuşdur. Digər tərəfdən işdən əsassız azad olunmağı barədə səbəbləri ona bildirilmədiyindən, hüquqlarının hansı formada bərpası ona aydın deyildir. Həmçinin bu sahədə hüquqi savadı və anlayışının olmaması üzündən məhkəmə qarşısında işə bərpa olunmaq barədə ərizənin verilməli müddəti buraxılmışdır. 2023-cü ilin mart ayında hüquqi məsləhət aldıqdan sonra, bu sahədə bilikləri əmələ gəlmiş və məhkəməyə ərizə təqdim olunmuşdur. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon Şöbəsinə müraciət etmiş, onu növbəyə aldılar və çağırılan zaman gəlməyini bildirdilər. Lakin, 44 günlük müharibə başa çatana kimi onu çağırmadılar. Şərhdən aydın olur ki, işə bərpa olmaq barədə ərizə vermək üzrə müddətin buraxılması üzürlü səbəbdən baş vermişdir. Ona görə prosessual müddətin buraxılması üzürlü sayılmalıdır. Məhkəmə iddiaçını dinləyib, iddiaçının “buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, “buraxılmış prosessual müddətin bərpası barədə” ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini- Hərbi Hava Qüvvələrinin Komandanının 13 aprel 2020-ci il tarixli, 049əç nömrəli əmrindən çıxarışdan görünür ki, 54-cü təlim-döyüş briqadasının (054 №-li hərbi hissə) radiolokasiya bölüyünün radiolokasiya stansiyasının (P-18MA) sürücü elektriki İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Kürdəmir Rayon Şöbəsinə göndərilmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə isə, inzibati-orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər təxirəsalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il müddət keçdikdən sonra müddətin bərpasına dair ərizə verilə bilməz. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldıra bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “Hərbi Xidmətkeçmə Haqqında Əsasnamə”-nin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Göründüyü kimi, hazırda qüvvədə olan mövcud qanunvericilik inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi ilə verilməsinin mümkünlüyü birmənalı təsbit edilmişdir. Həmçinin mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda müvafiq müddətlərə riayət olunması iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir. Qeyd olunmalıdır ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında da vurğulanmışdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel 2020-ci il tarixli, 049əç nömrəli əmrilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmış, həmin əmr iddiaçıya elan edilmişdir. İş materiallarında görünür ki, iddiaçının hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı cavabdeh inzibati orqana qarşı iddianı mübahisə üzrə qanunvercilikdə nəzərdə tutulmuş müddət ötürüldükdən sonra (2 il 10 aydan artıq müddət) qaldırmışdır. Halbuki, İPM-in 38-ci maddəsi bu qəbildən olan iddialar üzrə iddia müddətini 30 gün müəyyən etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21). Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı tərəfindən pozulmuş hüquqların müdafiəsi üzrə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Məhkəmə buraxılmış müddətinin üzrlü hesab edilməsinə dair ərizəyə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan müddəaların mənasına əsasən, iddianın verilməsi üçün nəzərdə tutulmuş müddət prosessual müddətlər anlayışına aid olunmaqla, onun buraxıldığı təqdirdə bərpa edilməsi nəzərdə tutulmuşdur. Lakin müddəti buraxmış şəxs onun təqsiri olmadan buraxılması halları barədə bildirməli və bu halları əsaslandırmalıdır. Bu isə o anlamı yaradır ki, müddətə riayət etməmiş şəxs sübut etməlidir ki, müəyyən edilmiş müddətin ötürülməsi üzürlü səbəbdən baş vermiş və bilavasitə onun iradəsindən asılı olmamışdır. Buraxılan prosessual müddətin onun təqsiri olmadan buraxılmasını əsaslandırarkən, işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyəti hərbi qurumlara müraciətləri olmuş, “COVİD-l9” pandemiyası üzündən qəbullarda iştirak etmək imkanı məhdudlaşdırılmış, həmçinin atasının xəstəliyə tutulması və onun müalicə olunmasının təşkili onun üzərində olmuş, digər tərəfdən işdən əsassız azad olunmağı barədə səbəbləri ona bildirilmədiyindən, hüquqlarının hansı formada bərpası ona aydın olmamış, eləcə də bu sahədə hüquqi savadı və anlayışının olmaması üzündən məhkəmə qarşısında işə bərpa olunmaq barədə ərizənin verilməli müddəti ötürdüyünü qeyd etmişdir. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Ə.Umarov işdən azad olunmağı barədə ardıcıl olaraq aidiyyəti hərbi qurumlara müraciətlər etməsi, “COVİD-l9” pandemiyası üzündən qəbullarda iştirak etmək imkanı məhdudlaşdırılması. həmçinin atasının xəstəliyə tutulması və onun müalicə olunmasının təşkilinin onun üzərində olmasını əsas göstərməklə buraxdığı prosessual müddətin bərpa edilməli olduğunu irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, müddəti buraxmasının üzrlü səbəbi kimi göstərdiyi hallar qərar vermə və müvafiq iddianı hazırlamaq qabiliyyətinə təsir edəcək hallar deyildir. Belə ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli, 05 nömrəli qərarına əsasən təxirəsalınmaz qaydada baxılmalı olan, məhkəmə baxışının keçirilməsini tələb etməyən işlərə baxılması istisna olunmaqla, məhkəmələrdə işlərə baxılmasının müvəqqəti olaraq təxirə salınması ilk dəfə 20 mart 2020-ci il tarixindən müəyyən edilmiş, eləcə də Azərbaycanda ümummilli karantin rejimi 2020-ci ilin martın 31-də elan edilmişdir. Digər tərəfdən isə ölkə ərazisində poçt xidməti daima fəaliyyətdə olmuş, eləcə də SMS icazə sistemi ilə vətəndaşların hərəkətinə şərait yaradılmışdır. Odur ki, iddiaçı tərəfindən iddia ərizəsinin vaxtında təqdim edilməsinə heç bir maneə olmamışdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin İİİ-cü bəndinə istinadən qeyd edir ki, qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Qanunvericiliyi Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlar üçün əlçatandır. Belə ki, bütün normativ-hüquqi aktlar dövri mətbu nəşrlərində çap olunaraq hamı üçün əlçatandır. Bu isə onu deməyə əsas verir ki, şəxs qanunu bilməməyin məsuliyyətini özü daşıyır və buna görə hər hansı şəxsə üstünlük verilməsi işlərə məhkəmələrdə baxılmasının bərabərlik prinsipinin pozulmasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir. Belə ki, məhkəmələrdə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Göründüyü kimi, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini ötürmüş, özü bu halı bir daha izahatı ilə təsdiq etmiş və iddia müddətinin ötürülməsi hər hansı üzrlü səbəblərdən baş verməmişdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya hazırda mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel 2020-ci il tarixli, 049əç nömrəli əmrin məzmunu elan olunduğundan, iddiaçı əmrin məzmunu, tarixi və nömrəsi barədə məlumatlı olduğundan, habelə iddia müddətinin ötürülməsi üçün hər hansı üzrlü səbəb olmadığından, bununla da iddiaçı mübahisələndirilən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini-Hərbi Hava Qüvvələrinin Komandanınının 13 aprel 2020-ci il tarixli, 049əç nömrəli əmrinin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 (otuz) günlük iddia müddətini üzrsüz ötürdüyündən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməməli və «əmrin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 13-cü, 23.1-ci, 33-cü, 24-cü, 35-ci və 38.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» barədə iddiası üzrə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2494/2023
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2494/2023
10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver