Məhkəmə qərarları › İş №2-1(120)-2499/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2499/2025

11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2499/2025 11.02.2026 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı3, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı1 Etibar qızı və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyətçilərin adlı siyahısında X9 adının çıxarılması, həmin adlı siyahının mülkiyyətçilərə məxsus olması və Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,56 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı1 Etibar qızı və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “mülkiyyətçilərin adlı siyahısında X9 adının çıxarılması, həmin adlı siyahının mülkiyyətçilərə məxsus olması və Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,56 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2026-cı il tarixli protokolu ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 saylı qərarı ilə Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisindən 0.56 ha kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi verilmişdir. Bu barədə torpaq sahəsinin verilməsinə dair J№-282 KOD 80602004 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktında əlavə bir adda, yəni X17 adlı şəxs yazılmış və belə bir şəxsi tanımadıqlarını və həmin şəxslə birlikdə mülkiyyətləri və təsərrüfatları olmamışdır. Bunu Göytəpə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin xx.xx.2024-cü il tarixli aktı və xx.xx.2024-cii il tarixli arayışı ilə də təsdiq olunur. Qeyd edilən torpaq sahəsinə onların mülkiyyət hüququnun qeydiyyata alınmasından ötrü çıxarışın verilməsi barədə AR İN yanında ƏMDX DƏDK və Reyestri rüblük hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə ərizə ilə müraciət edilmiş və oradan mülkiyyətçilərin adlı siyahısında X17 adlı şəxsin adı qeyd edilmiş və bu barədə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, X15 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək, ona və ailə üzvlərinizə verilən JN-282, KOD 80602004 nömrəli dövlət aktında X9 adının səhvən yazıldığını göstərmiş və həmin şəxsin adının dövlət aktından çıxarılmasını xahiş etmişdir. E.Kazımovun müraciətinə baxılmış və izah olunmuşdur ki, dövlət aktında adın yalnış yazılması və ya ailə üzvlərinə aid olmayan şəxsin adının yazılması faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunanları nəzərə alaraq hesab edirik ki, iddiaçı X15 faktın müəyyən edilməsi tələbi ilə aidiyyəti üzrə rayon məhkəməsinə müraciət etməlidir. Buna görə də, X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı vermiş iddia ərizəsinin mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia tələblərini müdafiə etdiyini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddianın mümkün hesab olunmamasını məhkəmədən xahiş etdi. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan JN-282 KOD 80602004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Cəlilabad rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 03 nömrəli qərarına əsasən 0.56 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün Cəlilabad rayonu, Göytəpə kənd sakini X10 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin X11 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-44/2-K-00xxxx/2024 nömrəli məktubundan görünür ki, dövlət aktında adın yalnış yazılması və ya ailə üzvlərinizə aid olan şəxsin adının yazıkması faktının müəyyən edilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnuz vardır. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunanları nəzərə alaraq, ərizənin icrasından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZ-İİ 532673 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X15 xx.xx.2025-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025-ci ilin 11 ayının 13 günündə 872 nömrə ilə qeyd edilmişdir. Məhkəmə mütəxəssis rəyinin alınması ilə əlaqədar xx.xx.2025-ci il tarixli qərardad qəbul etmiş və qərardada əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Şirvan Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi tərtib edilərək xx.xx.2025-ci il tarixli, 3- 21-3-44/2-9363/2025 nömrəli məktubla məhkəməyə təqdim edilmiş və rəyə əsasən Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 31 mart 1999-cu il tarixli, 03 nömrəli qərarına və JN-282 nömrəli torpağın mülkiyyət hüququna dair dövlət aktına əsasən X11 və digər ailə üzvlərinə verilmiş Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən 0.56 hektar torpaq sahəsinin verildiyi vaxt və hazırda hüquqi statusu- xüsusi mülkiyyət, hüquqi rejimi (kateqoriyası)-kənd təsərrüfatı təyinatlı torpaqları uqodiyası-əkin, növü-torpaq sahəsi, təyinatı- kənd təsərrüfatı məhsullarının istehsalı olduğu, naturadan plana alınmış 0,53 ha torpaq sahəsinin şimal-qərb istiqamətində 0,3254 ha hissəsi **********77 reyestr nömrəli X2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsi ilə, cənub-şərq istiqamətində 0,1575 ha hissəsi isə **********37 reyestr nömrəli X1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü, Cəlilabad rayonu, Göytəpə şəhəri ərazisində yerləşən 0.56 hektar torpaq sahəsi, **********77 reyestr nömrəli X2 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,37 ha torpaq sahəsi və **********37 reyestr nömrəli X1 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsi Torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması, qanunamüvafiq qaydada mülkiyyətçilər arasında Torpaq münasibətlərinin tənzimlənməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli və 2021-ci il 07 oktyabr tarixli 1455 nömrəli Fərmanları əsasında aparılmış uçot (dürüstləşmə) işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritəsinə uyğunlaşdırılacağı təqdirdə, həmin torpaq sahələrinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhv kimi və həmin səhvin faktiki istifadəyə uyğunlaşdırılacağı təqdirdə üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının pozulmayacağı müəyyənləşdirililmişdir. Əsaslandırma hissəsi: Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. İddia ərizəsindən müəyyən olunur ki, mülkiyyətçilərin adlı siyahısında X9 adının çıxarılması, həmin adlı siyahının mülkiyyətçilərə məxsus olması və Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,56 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Eləcə də, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən münasibətə əsasən müraciətdə qeyd edilən mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazidə dürüstləşmə işlərinin başa çatmadığı, davam etdiyi və son olaraq torpaq sahələri ilə bağlı yekun məlumatların X8 X14 daxil edildikdən sonra uyğunsuzluqların aradan qaldırılacağı qeyd edilmişdir. Belə ki, qeyd edilənlərə əsasən inzibati orqan tərəfindən müvafiq tədbirlərin davam etdirildiyi və hal-hazırda tələb üzrə müvafiq imtinanın olmadığı müəyyən edilir. İddiaçının nəzərinə çatdırılır ki, iş üzrə araşdırma nəticəsində mübahisəli ərazidə və həmin ərazinin əhatə etdiyi ümumi Göytəpə şəhəri üzrə dürüstləşmə işlərinin aparılması və uyğunsuzluqların aradan qaldırılması zəruridir. Belə ki, yalnız iddiaçıya məxsus ərazi üzrə dürüstləşmə işlərinin aparılacağı təqdirdə digər şəxslərin hüquqlarının pozulacağı müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, ərazi üzrə ümumi dürüstləşmə işləri aparılana kimi iddiaçının tələbinin icrası qeyri-müəyyən olaraq qalacaqdır. Bir sözlə Torpaq islahatı zamanı mülkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması və dürüstləşmə işlərinin aparılması yalnız bir ərazi üzrə deyil, ümumi ərazi üzrə digər şəxslərə məxsus torpaq sahələri ilə birliktə aparılmalıdır. Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçıların iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktı ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına birbaşa müdaxilə edilməmişdir. Belə ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyət hüququnun mövcudluğunu təsdiq edən heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Məhkəmənin qənaətinə görə iddiaçı hazırda onun istifadəsində olan torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). Həmçinin məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericiliyin normalarına əsasən, iddiaçı ilk öncə müvafiq tələblə inzibati orqana müraciət etməlidir. Həmin orqan onun müraciətinin təmin edilməsindən imtina etdiyi və ya hərəkətsizlik etdiyi halda o, məhkəmə müdafiəsi hüququndan istifadə edə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı X12 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı1 Etibar qızı və İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “mülkiyyətçilərin adlı siyahısında X9 adının çıxarılması, həmin adlı siyahının mülkiyyətçilərə məxsus olması və Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən 0,56 ha kənd təsərrüfatı istehsalı təyinatlı torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar