Məhkəmə qərarları › İş №2-1(120)-252/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-252/2022

24.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-252/2022 24.01.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 4 saylı Regional Ərazi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı “1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 02.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxx 1959-cu ildə anadan olmuşdur, 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 01 iyul 2021-ci il tarixli, **********1 saylı imtina məktubu verilərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli, 2-1(120)-252/2022 saylı qərardadı ilə iddia tələbinə “1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 02.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi dövrü nəzərə alınmış olsa ona hüququnun yarandığı tarixdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən olunur. Buna görə də əmək kitabçasnda qeyd olunan iş illəri, kolxozda işlədiyi iş illəri nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə («Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir) istinad edərək, işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasının təsdiq olunmuş surətini, yaşayış yerindən arayışını, Sabirabad rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli 90 nömrəli arxiv arayışını, cavabdehin imtina məktubunu məhkəməyə təqdim etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən Sabirabad rayon Dövlət Arxivi tərəfindən məhkəməyə göndərilən kolxozun şəxsi hesab kitablarının və 31.05.2021ci il tarixli 90 nömrəli arxiv arayışının, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 25 oktyabr 2021-ci il tarixli, **********4 saylı məktubunun, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 10 noyabr 2021-ci il tarixli, **********3 nömrəli məktubunun məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Sabirabad rayonu ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Sabirabad rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxx 1959-cu il tarixdə doğulmuşdur. 02.03.2021-ci il tarixdə 62 yaşı tamam olmuşdur. İddiaçının əmək kitabçasındakı iş stajı və 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi iş stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı yaranmışdır. İddiaçının 02.03.2021-ci il tarixədək 25 ildən artıq sosial sığorta stajı vardır. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, o cümlədən 01.12.1999cu il tarixdən 01.02.2010-cu il tarixədək Sabirabad rayon Mərkəzi Xəstəxanasında işləməsi 082292 nömrəli əmək kitabçası ilə, 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işləməsi Sabirabad rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli, 90 nömrəli arxiv arayışı, Sabirabad rayon Dövlət Arxivi tərəfindən göndərilmiş kolxozun şəxsi hesab kitabları ilə təsdiq olunur. Bununla belə məhkəmə xüsusilə vurğulayır ki, iddiaçının 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi dövrlərdən başqa, sığorta stajı kimi qəbul edilən digər dövrlər (082292 nömrəli əmək kitabçası) cavabdeh tərəfindən mübahisə edilmir. İddiaçının hüququnun yarandığı vaxtda yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajına malik olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 25 oktyabr 2021-ci il tarixli, **********4 nömrəli məktubu ilə də öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 25 oktyabr 2021-ci il tarixli, **********4 saylı məktubunda qeyd edilir: “...İddiaçının təqdim etdiyi sənədlərə əsasən 25 il 8 ay sığorta stajı müəyyən edilmişdir. Lakin, Sabirabad rayon Dövlət Arxivi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli, 90 saylı arayışa əsasən 1973-1997-ci illərdə (15 il 8 ay) “Muğan kolxozu”nda işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilməmişdir. Belə olan halda, həmin dövrlər nəzərə alınmadıqda iddiaçının 10 il 5 ay sığorta stajı müəyyən edilir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan staj üçün kifayət etmir. Bununla da, “Muğan kolxozu”nda işlədiyini iddia etdiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkünsüzdür...” “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işləməsinə dair Sabirabad rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli, 90 nömrəli arxiv arayışını) təqdim etmişdir. Sözügedən arxiv arayışının kifayətedici sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı iş stajı aşağıdakı qaydada nəzərə alınmalıdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). Məhkəmə hesab edir ki, iddiaçının 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Hazırkı iş üzrə məhkəmənin sorğusu əsasında göndərilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının 10 noyabr 2021-ci il tarixli, **********3 nömrəli məktubunda qeyd edilmişdir: İddiaçı 02.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sığorta stajı tələb olunur. İddiaçı təqdim etdiyi sənədlərə əsasən 25 il 8 ay sığorta stajı hesablanmışdır ki, (15 il 3 ay Sabirabad rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli 90 saylı arayışına əsasən, 6 il 1 ay əmək kitabçasına, 4 il 4 ay sosial sığorta şəhadətnaməsinə əsasən) bu da ona yaşa görə əmək pensiyası təyin olunmasına kifayət edir. Lakin, 1973-1997-ci illərdə (15 il 3 ay) “Muğan” adına kolxozda işləməyinə dair sığorta stajı əmək kitabçasında qeyd edilmədiyindən həmin illər sığorta stajı kimi nəzərə alınmır. Belə olduğu halda İddiaçı 10 il 5 ay sığorta stajı müəyyən edilir. Sabirabad rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli 90 saylı arayışında İddiaçı 1973-1997-ci illərdə “Muğan” adına kolxozda əmək stajına dair qeydlər aparılmışdır. 1973-1976-ci illərdə “Muğan” adına kolxozda minimum adam günü subay qızlar üçün 160, yerinə yetirilən adam günü 1973-cü ildə 50, 1974-cü ildə 45, 1975-ci ildə 87, 1976-cı ildə 94 gün, 1977-1986-cı illərdə minimum adam günü qadınlar üçün 180, yerinə yetirilən adam günü 1977-ci ildə 74, 1978-ci ildə 18, 1979-cu ildə 25, 1980- cı ildə 33, 1981-ci ildə 66, 1982-cü ildə 51, 1983-cü ildə 62, 1984-ci ildə 322, 1985-ci ildə 300 gün, 1986-cı ildə 280 gün, 1987-1997-ci illərdə minimum adam günü çoxuşaqlı analar üçün 120 gün, yerinə yetirilən adam günü 1987-ci ildə 24 gün, 1988-ci ildə 158 gün, 1989cu ildə 111 gün, 1990-cı ildə 67 gün, 1991-ci ildə 123 gün, 1992-ci ildə 73 gün, 1993-cü ildə 256 gün 1994-cü ildə 364 gün, 1995-ci ildə 355 gün, 1996-cı ildə 294 gün, 1997-ci ildə isə 92 gün hesablanmışdır. İddiaçı təqdim etdiyi sənədlər əsasında ümumilikdə 25 il 8 ay sığorta stajı toplanır. 01.01.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabında 2560,59 manat pensiya kapitalı toplanır. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınaraq hesablandıqda ona yaşa görə əmək pensiyasının təyin olunmasına imkan verən pensiya kapitalı mövcud olur. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Sabirabad rayon Dövlət Arxivinin 31.05.2021-ci il tarixli, 90 nömrəli arxiv arayışını və Sabirabad rayon Dövlət Arxivi tərəfindən göndərilmiş kolxozun şəxsi hesab kitablarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı işlədiyi iş illərinin sosial sığorta stajı kimi nəzərə alınmaqla, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddia təmin edilsin. İddiaçı 1973-1997-ci illərdə Sabirabad rayonu “Muğan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı 02.03.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 4 saylı Regional Ərazi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar