Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-2521/2023 08.08.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 08 avqust 2023-cü il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən mənzilin özəlləşdirilməsi və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona məxsus olan Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Bundan əlavə, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2, X7, X9, X4 və X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanında 1994-ci ildən yaşayır. Himayəsində 5 ailə üzvüləri vardır. Qeyd olunan mənzilə dair 01 yanvar 1994-ci il tarixli kirayə müqaviləsi və 25 sentyabr 1997-ci il tarixli order verilmişdir. 12 yanvar 2023cü il tarixdə o, mənzili özəlləşdirmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarə onun müraciətindən əsassız imtina edərək xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, sənədlərin ekspertizası zamanı məlum oldu ki, təqdim edilmiş xx.xx.1997-ci il tarixli, 27 nömrəli orderdə ailə üzvü və otaqların sayı qrafasında düzəlişlər edilmişdir. Orderdə 4 nəfər ailə üzvü qeyd edilməsinə baxmayaraq 5 nəfər ailə üzvü yazılmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, Cəlilabad rayon Mənzil İstismar Sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzil birləşdirilərək çəkilmişdir. Təqdim edilmiş orderdə otaqların sayı 4 qeyd edilmişdir. Lakin Mənzil İstismar Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışda otaqların sayı 6 yazılmışdır. Bildirir ki, o və ailə üzvüləri 1994-cü il tarixdən sözügedən mənzilə pasport qeydiyyatına alınmışlar və həmin ünvanda yaşamağa başlamışlar. Hazırkı vaxtadək həmin ünvanda yaşamağa davam edərək, qeydiyyatları da həmin ünvanadır və həmin ünvanda ondan və ailə üzvülərindən başqa heç kim qeydiyyatda yoxdur. Bu halı, Mənzil-Kommunal İstismar Sahəsi tərəfındən verilmiş arayış və digər sənədlər təsdiq edir. Həmin mənzil 1 mərtəbəli, rütubətli, yaşayış üçün normal şəraitli olmayan mənzildir, o, isə ailəsilə maddi imkansızlıq səbəbində həmin mənzildə yaşamaq məcburiyyətindədirlər. Həmin mənzilin Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə dəfələrlə şifahi, sonra isə ərizə ilə müraciət etsə də, cavabdeh müraciətini təmin etməmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasınm Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Digər tərəfdən, mübahisəli daşınmaz əmlaka dair ilkin hüquq müəyyənedici sənədlər, 01 yanvar 1994-ci il tarixli kirayə müqaviləsi və Cəlilabad rayon R.Axundov sovxozu tərəfındən verilmiş 27 nömrəli order olmuşdur. Göründüyü kimi, həmin mənzil 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinə uyğun olaraq icra hakimiyyəti orqanının mənzil kirayə müqaviləsi (order) əsasında verilmiş yaşayış sahəsidir. Bu səbəbdən də, həmin mənzilə dair hüquqlar xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələblərinə əsasən müəyyən edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı müraciətinə 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 10 fevral 2023-ci il tarixdə **********26 saylı məktubla bildirilmişdir ki, təqdim edilmiş xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə ailə üzvü və otaqların sayı qrafasında düzəlişlər edilmişdir. Orderdə 4 nəfər ailə üzvü qeyd edilməsinə baxmayaraq 5 nəfər ailə üzvü yazılmışdır. Cəlilabad rayon Mənzil İstismar Sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzil birləşdirilərək çəkilmişdir. Təqdim edilmiş orderdə otaqların sayı 4 qeyd edilmişdir. Lakin Mənzil İstismar Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışda otaqların sayı 6 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə ‘Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin daşınmaz əmlaka reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi və vəkili Vəkil gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-2-44/2-2-0012 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: 23 yanvar 2023cü il tarixli Cəlilabad şəhəri, Azərbaycan küçəsində yerləşən mənzilə reyestrdən çıxarış və texniki pasport verilməsi ilə bağlı müraciətinizə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsində baxılmışdır. Məktuba əlavə edilmiş sənədlərin ekspertizası zamanı məlum oldu ki, təqdim edilmiş xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə ailə üzvü və otaqların sayı qrafasında düzəlişlər edilmişdir. Orderdə 4 nəfər ailə üzvü qeyd edilməsinə baxmayaraq 5 nəfər ailə üzvü yazılmışdır. Əlavə olaraq məlumat üçün bildiririk ki, Cəlilabad rayon Mənzil İstismar Sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzil birləşdirilərək çəkilmişdir. Təqdim edilmiş orderdə otaqların sayı 4 qeyd edilmişdir. Lakin Mənzil İstismar Sahəsinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli arayışda otaqların sayı 6 yazılmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsinin, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklülüyünü) onlara xitam verilməsini, təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda göstərilən çatışmamazlıqlara görə “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutub həmin torpaq sahəsinə reyestrdən çıxarış və texniki pasport verilməsindən imtina edilərək sənədlərin əsli sizə qaytarılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (mənzil hüququ) görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-nin xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olan) 44-cü maddəsinə əsasən yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən verilir. Qeyd olunan maddənin 48-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Həmin Məcəllənin 51-ci maddəsinə görə dövlət və ictimai mənzil evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzil-istismar təşkilatı ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Sözügedən Məcəllənin 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan Respublikasının yerli X6 aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 32-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan mənzil fondunun, kommunal və yol təsərrüfatının istismarını və müvafiq surətdə idarə olunmasını təşkil etmək, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotunu aparmaq və dövlət yaşayış fonduna daxil olan binalarda onlara mənzil vermək icra hakimiyyəti başçılarının səlahiyyətlərinə daxildir. Qeyd olunan maddələrin məzmunundan göründüyü kimi, order icra hakimiyyəti orqanlarının qərarı əsasında verilir və o, yaşayış sahəsinə kömək üçün yeganə əsas hesab olunur və ancaq boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzilllərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 8.1-ci bəndinə əsasən Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin edir. Həmin Əsasnamənin 9-cu bəndinə görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə edilmiş sənədləri qəbul etmək, təqdim edilmiş sənədlərdə göstərilən məlumatların dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasını müəyyən etmək, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya dayandırılması üçün əsas olmadığı halda, təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, qanunla müəyyən edilmiş müddətdə hüquqları dövlət qeydiyyatına almaq, qanunla müəyyən edilmiş hallarda və qaydada hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə daxildir. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə daşınmaz əmlak – üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış vəö qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə ipoteka qoyulmasına dair qəbul edilmiş aktlar (maddə 8.0.1), daşınmaz əmlak barəsində notariat qaydasında təsdiqlənmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər (maddə 8.0.2), qanuni qüvvəyə minmiş məhkəmə qərarları (maddə 8.0.3), bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmılak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 8.0.4), 2007-ci ilin mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icrarə müqavilələri, sərəncamlar və orderlər (maddə 8.0.5), qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar (maddə 8.0.6) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardır. Sözügedən Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən sövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmənin qənaəti belədir ki, İddiaçı Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilinə dair order verilməsi faktı məhkəmə qaydasında müəyyən edildiyindən və mənzildə yaşayan digər şəxslərin müvafiq razılığı olduğundan, iddiaçı qanuni kirayəçisi kimi «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun müddəalarına uyğun olaraq ona mülkiyyət hüququ əldə etmiş olur və bu hüquq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Ona görə də cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin imtinası qanuna zidd və iddiaçının bir mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İş materiallarında olan cavabdeh inzibati orqanın hazırki iş üzrə İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-2-44/2-2-0012-8/2023 nömrəli “mənzilə reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina edilməsi”nə dair məktubunda imtinanın səbəbləri kimi xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə ailə üzvləri qrafasında və otaqların sayında düzəlişlər edildiyi, həmin orderdə 4 nəfər ailə üzvü qeyd olunduğu halda 5 nəfər ailə üzvünün yazıldığı, habelə Cəlilabad Rayon Mənzil İstismar sahəsinin təsdiq etdiyi sxemdə 2 ayrı mənzilin birləşdirilərək çəkildiyi, orderdə otaqların sayı 4 qeyd edildiyi halda, Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli arayışında otaqların sayinin 6 yazıldığı göstərilmişdir. Məhkəmə cavabdehin bu dəlillərini əsassız hesab edir. Belə ki, istər xx.xx.1997-ci il tarixli 27 nömrəli orderdə, istərsə də mənzilin məxsus olduğu Cəlilabad Rayon Mənzil İstismar sahəsinin xx.xx.2022-ci il tarixli 09 nömrəli arayışında arayışında iddiaçının ailə üzvlərinin sayı 5 nəfər, onun kirayənişin olduğu Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilində otaqların sayı 4 olaraq yazılmışdır. Digər tərəfdən, cavabdeh inzibati orqanın imtina məktubunda qeyd olunan hallar mövcud olduğu təqdirdə belə məhkəmə hesab edir ki, bu hallar «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin əhatə dairəsinə aid deyil və həmin hallar mövcud olduğu xx.xx.1997-ci il tarixli, 27 nömrəli orderin mötəbərliliyinə xələl gətirmir. Belə ki, iddiaçıya xx.xx.1997-ci il tarixli, 27 nömrəli order verilərkən onun ailə üzvlərinin sayı 4 nəfər olduğu, X1 ailə üzvü kimi qeqd olunduğu halda belə, mənzilin məxsus olduğu Cəlilabad Rayon Mənzil İstismar sahəsinin bununla əlaqədar heç bir etirazının olmaması məhkəməyə cavabdehin qeyd etdiyi halların qanun pozuntusu kimi qiymətləndirməsinə əsas vermir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəzticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-i 2.2, 4.1, 13, 23.1, 52, 58.7, 68-69, 73, 75, 78-79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı Cəlilabad şəhəri, Azərbaycan küçəsi, 26 saylı evin 4 nömrəli mənzilinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-2521/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-2521/2023
08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver