Məhkəmə qərarları › İş №2-1(120)-253/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-253/2022

28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-253/2022 28.06.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi başlayandan sonra Füzuli rayon Hərbi Komissarlığı onu yenidən hərbi xidmətə çağırmış və xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdir. xx.xx.1992-ci il tarixdən atəşkəs elan olunana kimi, yəni xx.xx.1994-cü ilə kimi Füzuli rayonu ərazisində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.1995-ci ildə hərbi xidmətdən təxris olunmuşdur. Xidmət etdiyi müddətdə N saylı hərbi hissənin tərkibində olmuşdur. Döyüşlərdə iştirak etdiyi müddətdə dəfələrlə yüngül yaralanmışdır. Yaralanmasına baxmayaraq xidmətini davam etdirmişdir. Xidmət dövründə heç vaxt fərarilik etməmişdir. Nizam-intizama riayət etmişdir. Rəsmən tibb xidmətində olsa da müxtəlif vaxtlarda döyüşlərdə döyüşçü kimi iştirak etmiş, hərbi döyüş və təminat maşınlarını idarə etmişdir. Çünki o vaxt döyüşlərdə ehtiyac olan istənilən sahələrə şifahi əmrlərlə göndərilmişdir. Komandirlərin əmri əsasında əlində silah döyüşmüş, hərbi maşınları idarə etmiş və digər əmrlərə uyğun olaraq döyüş tapşırıqlarını yerinə yetirmişdir. 90-cı illərdə hərbi qrumlar təzətəzə formalaşdığına və eyni zamanda müharibə getdiyinə görə sənədləşmə tələblərə, qaydaqanuna uyğun aparıla bilmirdi. Aparılan sənədləşmədə onun adının, ata adının və ya soyadının düzgün yazılmaması onun günahı ucbatından baş verməmişdir. Bu hərbi hissələrin yenidən formalaşması ilə əlaqədar idi. Eyni zamanda döyüşlər getdiyinə görə diqqət daha çox döyüşlərə yönəldilir və sənədləşmə işlərinə əhəmiyyət verilmirdi. Buna görə də sənədləşmədə hər bir şəxs barədə müxtəlif problemlər yaranırdı. Hətta dəfələrlə olub ki, yaralanıb müalicə olunan şəxslər fərari kimi sənədləşdirilirdi. Sonradan məlum olurdu ki, o fərari deyil, məntəqədə müalicə olunur. Dəfələrlə yaralanmış, müalicə olunmuşdur. Odur ki, ola bilsin ki, onun fərari hesab edildiyi müddətdə tibb məntəqəsində müalicədə olmuşdur. Məsuliyyətlə xidmət etmişdir. Ümumiyyətlə ailələri vətənin müdafiəsində fəal iştirak etmişdir. Vətən müharibəsində oğlu X10 iştirak etmiş və şəhid olmuşdur. 3 il 1992-1995-ci illərdə hərbi xidmətdə olmuşdur ki, bunun da iki ilini yəni, 1992-1994-cü illər aktiv döyüşlərdə iştirak etmişdir. Buna baxmayaraq ona Müdafiə Nazirliyi tərəfindən müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin və SHXÇDX-nin Füzuli rayon şöbəsinin arayışlarından da göründüyü kimi hərbi xidmətdə, müharibədə və döyüşlərdə iştirak etmişdir. Eyni zamanda Füzuli Hərbi Prokeurorluğunun arayışından da göründüyü kimi barəsində heç bir cinayət işi açılmamışdır. Əgər fərari olsaydı hərbi prokurorluq tərəfindən barəsində cinayət işi açılardı. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi sənədləşmədə olan problemlərə görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etmişdir. Sənədləşmədə olan qeyri dəqiqlik, adının, ata adının, soyadının səhv yazılması, eyni zamanda fərari kimi qeyd edilməsi onun günahı deyil, əslində cavabdehin müvafiq qrumlarının günahıdır. Faktiki olaraq 3 il hərbi xidmətdə, 2 il aktiv döyüşlərdə olmuşdur. Bu müddət ərzində bir dəfə də olsun hər-hansı tənbeh almamışdır. Fərarilik etmiş olsaydı söz yox ki, hər-hansı tənbeh barədə əmr olardı. Şəhid atasıdır. Oğlu şəhid olduğu halda onun fərarilik damğası ilə müharibə veteranı olduğu pərdələnərsə bunu qəbul edə bilməz. Bu oğlunun ruhuna hörmətsizlik olardı. Faktiki olaraq müharibədə iştirak etdiyi öz təsdiqini tapmalıdır. Ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi məhkəmə tərəfindən cavabdehin üzərinə qoyulmalıdır. Şəhid ailəsi olduğuna görə müvafiq qanunvericiliyə uyğun olaraq rüsum ödəməkdən azaddır. Qeyd edilənləri nəzərə alaraq ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, icraatınızda, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə baxılır. İddiaçı iddia ərizəsində 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etdiyini, Füzuli rayon Hərbi Komissarlığı tərəfindən yenidən hərbi xidmətə çağrıldığını, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etməsinə baxmayaraq Müdafiə Nazirliyi tərəfindən müraciətinə cavab olaraq “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçularamüdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə nazirinin Katibliyininİşlər idarəsi Mərkəzi Arxivin tərəfindən sorğumuza əsasən təqdim edilmiş xx.xx.2021 -ci il tarixli 4/2-1068 nömrəli arxiv arayışlarında N nömrəli hərbi hissə komandirinin 1992-1994-cü il tarixli nizami hissə üzrə əmirlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitabında iddiaçının xidməti barədə məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1 (102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və 154-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şifahi məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Neftçala rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Beyləqan rayonunun Beyləqan qəsəbəsində anadan olmuş, Füzuli rayonunun Qaraxanbəyli kəndində qeydiyyatdadır. İşdə olan Beyləqan rayon İcra Hakimiyyəti başçısının Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 321 nömrəli arayışından görünür ki, Qasımov X9 rayonu, Qəhrəmanlı qəsəbəsində yaşayır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-10271 nömrəli məktubunda qeyd olunmuşdur ki, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 81/1 №-li əmrilə (əsas: &-1, səh-69, sıra- 27) “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli259 nömrəli əmrində (əsas: &-6, səh-41, sıra-1, əmrdə atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyi üçün tibb bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1995ci il tarixli 131 №-li əmrində (əsas: &-1, səh-337, əmrdə adı “Kamran”, hərbi rütbəsi “sıravi” yazılmışdır, əmrin nömrəsində”1” rəqəmi qaralanmışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli 3/5-1423 №-li sərəncamına əsasən, tibb bölüyünün hərbi qulluqçusu, sıravi X5 hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlarından çıxarılaraq hərbi qeydiyyata düşmək üçün Füzuli RHK-na göndərilməsi barədə məlumat vardır. Bildiririk ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən xx.xx.2016-cı il tarixli, 9/2-5186 №-li məktubla İddiaçı barəsində SHXÇDX-nin Füzuli rayon şöbəsinə cavab göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 866 nömrəli arayışından görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüşlərdə iştirak etmişdir. İşdə olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2021-ci il tarixli, 16/3476 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Füzuli Hərbi prokurorluğunda təqsirləndirici material və ya cinayət işi yoxdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/Q-16833 nömrəli məktubunda qeyd edilir: Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildiririk ki. Sizə "Müharibə Veteram” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində "Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya’’nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli, 9/2-10271 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xidmət keçməyiniz barədə məlumat olmadığına və özbaşına tərk etməyinizin tarixi dəqiq bilinmədiyinə görə Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Əlavə olaraq bildiririk ki, Vətəndaşların müraciətləri haqqında Qanunun 14 08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşrnadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 4/2-854 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının “Hərbi xiddmətkeçmə haqqında” qanununa müvafiq olaraq, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin 01.06 1992-ci il tarixli 81/1 №-li əmrilə (əsas: səh-69, sıra-27) “kicik çavuş” hərbi rütbəsi verilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 259 №-li əmrində (əsas §-6, səh-41, sıra-1, əmrdə atasının adı yazılmamışdır) hərbi hissəni özbaşına tərk etdiyinə görə, tibb bölüyünün hərbi qulluqçusu, çavuş İddiaçı qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1995ci il tarixli 131 №-li əmrində (əsas: §-1, səh-337, əmrdə adı “Kamran”, hərbi rütbəsi “sıravi” yazılmışdır) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.1995ci il tarixli müvafiq sərəncamına əsasən, tibb bölüyünün hərbi qulluqçusu, sıravi X5 hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi qeydiyyata durmaq üçün Füzuli RHK-na göndərilməsi barədə məlumat vardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 012-15912-1221 nömrəli məktubundan görünür ki, xx.xx.1961-ci ildə Beyləqan rayonunda doğulmuş İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyi, fərariliyi və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. İşdə olan İddiaçı məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin surətindən (səhf 7) görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət etmiş və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, 1/Q-16833 nömrəli məktubu ilə İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin “imtinasın”da və iddiaya qarşı verilən etirazın dəlillərində 1992-1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmadlğı qeyd olunsa da, iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 866 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Füzuli rayon ərazisində gedən döyüşlərdə iştirak etmişdir. Bundan başqa, iddiaçı məhkəmə iclasında onunla birlikdə eyni vaxtda eyni hərbi hissədə döyüş bölgəsində xidmət etmiş X7 və X6 müharibə veteranı adının və vəsiqəsinin verildiyi bildirmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçı tanıyır, İddiaçı ilə birlikdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdurlar. İddiaçı qospitalda sürücü işləmişdir. Həmin hərbi hissədən təxris olanda İddiaçı həmin hərbi hissədə qalmışdır. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Müharibə veteranı vəsiqəsi verilmişdir. İşdə olan xx.xx.2002-ci il tarixli, M/V 066967 nömrəli vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, X11 müharibə veteranıdır. X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, İddiaçı tanıyır, o, İddiaçı tanıyır, İddiaçı ilə birlikdə N nömrəli hərbi hissədə hərbi xidmətdə olmuşdurlar. İddiaçı 1993-1994-cü illərdə Füzuli rayon hərbi qospitalda sürücü işləmişdir. Ona Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Müharibə veteranı vəsiqəsi verilmişdir İşdə olan xx.xx.2014-cü il tarixli, 277822 nömrəli əlillik vəsiqənin təsdiq olunmuş surətindən görünür ki, X8 Azərbaycan Respublikasının müdafiəsi zamanı ikinci qrup əlilik dərəcəci almışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar