Məhkəmə qərarları › İş №2-1(120)-2539/2025

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-2539/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-2539/2025 05.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Abdullayev Cavid Tariyel oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın mümkünlüyü məsələsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1511/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(106)-427/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(120)-1511/2024 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 oktyabr 1992-ci ildə Lənkəran rayon polis şöbəsində polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi işləyən vaxtı pensiyaya çıxmışdır. Onun pensiyasını polis şöbəsinin rəis köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablamayıblar. Ona şöbə rəisi köməkçisi -ərazi bölməsinin rəisi vəzifəsinin aylıq əmək haqqı akladı ilə pensiya verirlər. O, şöbə rəisinin köməkçisi ərazi bölməsinin rəisi işləməmişdir. O, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Mərkəzi fılialın direktor müavini Elnur Qurbanovla söhbət etmişdir. Lənkəran rayon Polis Şöbəsinin mühasibatından 16 oktyabr 1992-ci ildə pensiyaya çıxanda işlədiyi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi işləyərkən bu vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə əmək haqqı akladını (maaşı) göstərən polis işçisinin şəxsi əmək kartokasını iki vərəqədən ibarət sənədini, kadr arayışını Elnur Qurbanova vermişdir. Həmin sənəddə işlədiyi vəzifəyə görə aylıq əmək haqqı akladı (maaşı) 710 manat olması yazılıb. Elnur Qurbanov özündə olan sənəddə ona göstərdi ki, “sənə şöbə polis rəisi köməkçisi ərazi bölməsinin rəisi kimi pensiya veririk”. O isə Elnur Qurbanova demişdir ki, “mən polis şöbə rəisi köməkçisi ərazi bölmə rəisi işləməmişəm”. Elnur Qurbanova demişdir ki, onun aylıq əmək haqqı pensiyası polis şöbə rəis köməkçisi qərargah rəisi işlədiyi vəzifənin aylıq əmək haqqı akladı ilə hesablansın və ona verilsin. 16 oktyabr 1992-ci ilə kimi şöbə rəisin köməkçisi qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyası göstərdiyi vəzifənin aylıq əmək haqqı akladı (maaşı) ilə hesablanıb ona verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi ərizə təqdim etmişdir. Ərizədə qeyd olunmuşdur ki, İddiaçı hazırki iddia tələbi ilə bağlı sadalanan hallara əsasən hesab edirik ki, icraatınızda olan 2- 1(120)-2539/2025 saylı iş üzrə iddia mümkün sayılmamalıdır. Belə ki, İddiaçı cavabdeh Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.1992-ci il tarixdən təyin edilmiş hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində iddia rədd edilmiş, apellyasiya instansiya məhkəməsi isə iş üzrə qərardad qəbul edərək müvafiq inzibati işi Şirvan inzibati Məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyasının qərardadındakı mövqedən aydın olur ki, hazırki iddia mümkünsüz sayılmalıdır. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-427/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının əsaslandırma hissəsində yazılmışdır: “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin "yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Apellyasiya instansiyasında araşdırma gedərkən iddiaçı iddia tələbini əsaslandırarkən bildirmişdir ki, o, pensiyanın hesablanması qaydasından deyil, ona məxsus məlumat vərəqəsində yazılan məbləğlərə dair məlumatlardan narazıdır. Nəzərinizə çatdırırıq ki, müvafiq məlumat vərəqəsinin doldurulması və tərtibatı hazırki iş üzrə olan cavabdeh orqana aid səlahiyyət deyildir. “Əmək pensiyaları haqqında” Qanununun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Buna uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1-ci bəndində sözügedən gedən icra hakimiyyəti orqanlarının siyahısı verilmişdir. Həmin Qaydalarının 2ci bəndində göstərilmişdir ki, Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. 3-cü bənddə bildirilir ki, Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Bundan əlavə, iddiaçı mahiyyətcə eyni iddianı Daxili İşlər Nazirliyinə qarşı vermiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-240/2018 nömrəli qərarı ilə həmin iddia rədd edilmişdir. Həmin iş üzrə üçüncü şəxs qismində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsi cəlb edilmişdir. 01.01,2007-ci il tarixədək iddiaçının pensiya təminatını həyata keçirən inzibati orqan Daxili İşlər Nazirliyi olmuş, həmin tarixdən sonra isə bu səlahiyyət 2-1 (81)-240/2018 nömrəli işdə üçüncü şəxs qismində cəlb edilmiş Fondun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin hüquqi varisi olan Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilmişdir. Həmin qərarda iddiaçının mövqeyinə əsasən pensiyasının hesablanması zamanı onun vəzifəsinə uyğun oklad nəzərə alınmamış və buna uyğun olaraq inzibati orqan tərəfindən əskikvermə halı yaranmışdır. Buna uyğun olaraq iddiaçı xx.xx.1992-ci il tarixdən müvafiq tarixədək olan dövrə ödənişlərin həyata keçirilməsini, eləcə də mənəvi zərərin və maddi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə iddianı rədd edərək bildirmişdir ki, pensiya qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. Bununla yanaşı iddiaçının hansı vəzifəni tutduğu, eləcə də təminat xərcliyi barədə məlumatlar Daxili İşlər Nazirliyi tərəfindən Mərkəzi Filiala göndərilmiş və ona uyğun olaraq onun pensiyasının ödənişi davam etdirilmişdir. Göründüyü kimi əvvəlki iddia ərizəsində qeyd olunan “kompensasiyanın ödənilməsi” tələbinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur və həmin qərarda iddiaçının pensiyasının hesablanmasına hüquqi qiymət verilmişdir. Hazırkı tələbdə iddia ərizəsinin texniki tərtibatı dəyişdirilərək tələb “əmək pensiyasının yenidən hesablanması öhdəliyini cavabdehin üzərinə qoyulması” şəklində ifadə edilsə də, faktiki olaraq iddiaçının nail olmaq istədiyi hüquqi nəticə eynidir və həmin hüquqi nəticəyə uyğun olaraq artıq bir dəfə inzibati məhkəmə araşdırması aparılaraq yekun məhkəmə aktı qəbul edilmiş və iddia tələbi təmin edilməmişdir. Nəticə etibarilə, hazırki iddianın mümkünsüz sayılması üçün həm qüvvədə olan məhkəmə qərarı var, həm də hazırki iddia üzrə cavabdeh orqan qismində pensiya təyinatını həyata keçirən orqan deyil, məlumat vərəqəsini tərtib edən inzibati orqan cəlb edilməlidir. Buna görə hazırki hüquqi mübahisənin yenidən inzibati məhkəmə icraatı çərçivəsində araşdırılması mümkün deyildir. Belə ki, iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburi olduğundan inzibati məhkəmə icraatı çərçivəsində həmin qərar ilə müəyyən edilmiş hallara yenidən baxıla bilməz. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 15.5-ci və 15.6-cı bəndlərində qeyd olunmuşdur ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.1992-ci il tarixli, 2027 ş/h nömrəli əmri ilə Lənkəran ŞRPŞ-nin rəisinin köməkçisi, qərargah rəisi vəzifəsindən polis mayoru rutbəsi ilə «yaşa görə» xx.xx.1992-ci il tarixdən X2 xaric edilmiş, iddiaçı X2 xaric edilərkən xidmət müddəti təqvimi hesablama ilə 23 il, 6 ay, 1 gün, imtiyazlı xidmət müddəti 26 il, 6 ay, 1 gün təşkil etmiş, X2 xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli, 109 nomrəli Qanununa əsasən pensiya almaq hüququ olan imtiyazlı xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 73 faizi hesabı ilə İddiaçı xx.xx.1992-ci il tarixdən pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixədək Daxili işlər Nazirliyi tərəfindən ödənilmişdir. İş materiallarında olan məhkəmə zamanı əslinə baxış keçirilmiş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Lənkəran Şöbəsi tərəfindən İddiaçı adına tərtib olunmuş 007579 nömrəli Pensiyaçının uçot vərəqindən görunür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə X1 barəsində “Məlumat vərəqi” tərtib olunaraq göndərilmiş, 2007-ci il tarixdə Məlumat vərəqi həmin idarəyə daxil olmuş və tuduğu vəzifəyə uyğun olaraq (Lənkəran şəhər polis şöbəsinin ştab (qərargah) rəisi kimi) 16 oktyabr 1992-ci il tarixdən pensiya təyin olunmuş, barəsində təkrar 05 sentyabr 2016-cı il tarixli, 027-6074-1216 nömrəli məktubla dəqiqləşdirilmiş 19963 nömrəli Məlumat vərəqi Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə daxil olmuş və o, tutduğu (Lənkəran şəhər polis şöbəsinin rəis köməkçisi, qərərgah rəisi kimi) vəzifəyə uyğun olaraq pensiyası 01 yanvar 2007-ci il tarixdən yenidən heşablanıb ödənilmişdir. İş materiallarına əlavə edilmiş 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2-1(81)-240/2018 nömrəli qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə lş İdarəsi 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə iddiaçıya rəis köməkçısi (həmin vaxt qərargah rəisi) vəzıfəsinin aylıq əmək haqqının artımlarla birlikdə hesablanıb ödənilməsi, həmçinin xidmət illərinə görə 40 % müavinətin, 4000 rnanat məbləğində mənəvi ziyanın və 2.800 manat məbləğində maddi ziyanın hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi rədd edilmişdir. Göründüyü kimi hazırkı iddia növ etibarı ilə AR İPM-nin 2.2.3-cü maddəsində göstərilən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) hesab edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan növ iddialar üzrə mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının inzibati orqana qarşı məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi tələb olunur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 9-cu hissəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, iş materiallarından məlum olur ki, iddiaçının tələbi pensiyanın hesablanması qaydasından deyil, ona məxsus məlumat vərəqəsində yazılan iş stajı və məbləğlərə dair məlumatlardan narazıdır. Müvafiq məlumat vərəqəsinin doldurulması və tərtibatı hazırki iş üzrə olan cavabdeh orqana aid səlahiyyət deyildir. İddiaçı hüquqi marağı tələbi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məlumatları əks etdirən məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunması ilə bağlıdır. Beləliklə, öhdəliyin icrası haqqında iddialarda tələb olunan mümkünlük şərti kimi inzibati orqanın düzgün müəyyən edilməsi və inzibati orqana əvvəlcədən müraciət edilməsi zəruridir. Lakin işin faktiki hallarından görünür ki, o cümlədən hazırkı iş üzrə məhkəməyə təqdim etdiyi sənədlər toplusundan aydın olur ki, qeyd olunan tələblə bağlı cavabdehə müraciət edilməmişdir. Göründüyü kimi iddiaçı tərəfindən müraciət düzgün, yəni səlahiyyəti olmayan inzibati orqana ünvanlanmışdır. Belə olan halda həmin müraciətin mövcudluğu hazırki iddia tələbinin mümkünlük şərtlərini istisna edən haldır. Məhkəmə hazırki iddia tələbinə münasibətdə iddiaçının nəzərinə çatdırır ki, iddia cavab verməli inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı deyildir. İnzibati icraat haqqında Qanunun: Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati məhkəmə icraatı üzrə məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı əhəmiyyət daşıyan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 703/2020 saylı İcmal məktubu da məhkəmə araşdırması və inzibati orqan tərəfindən həyata keçirilən araşdırmanın əhatəsi baxımından fərqləndirilməsinin zəruriliyini qeyd etmişdir. İcmal məktubunun məzmunundan aydın olur ki, inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatı əvəz edə bilməz, onun vəzifəsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxarkən inzibati orqanlar tərəfindən həyata keçirilən icraatın qanuniliyi üzərində məhkəmə nəzarətini təmin etməkdən ibarətdir. Ona görə də inzibati məhkəmə icraatı inzibati orqanlardakı icraatın “İnzibati icraat haqqında” Qanunun və əlaqəli digər sahəvi qanunvericilik aktlarının tələblərinə uyğun aparılması təcrübəsinin yerləşməsinə və məhkəmə yanaşmaları ilə həmin icraatın keyfiyyətinin artırılmasına töhfə verməyə yönəlməlidir. Bu mənada “İnzibati məhkəmə icraatı haqqında” Qanunun 10-19-cu maddələrində inzibati orqanlar tərəfindən müraciətlərə baxılmasının ümumi prinsipləri təsbit olunmuş, 24-cü maddəsində isə işin bütün hallarının obyektiv araşdırılması, təqdim olunmuş sübutları toplamaq vəzifəsi nəzərdə tutulmuşdur. Burada digər mühüm prinsiplərə riayət etməklə bərabər, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmaq, habelə təqdim edilmiş sübutlarla bağlı olmadan öz təşəbbüsü ilə əlavə sübutlar toplamaq borcu da daxildir. Qeyd edilən normalara uyğun olaraq inzibati orqanın şəxslərin müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın faktiki və hüquqi əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavabda aydın görmək, bununla da cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olmalıdır. Odur ki, işə məhkəmədə baxılarkən inzibati orqanlarda mübahisənin düzgün həlli üçün lazımı araşdırmanın aparılıb-aparılmadığını və aidiyyəti sübutların toplanılıb-toplanılmadığını, eləcə də inzibati orqanın mübahisə üzrə bütün zəruri faktiki və hüquqi hallara münasibətini aydın şəkildə bildirib-bildirmədiyini müəyyən etmək üçün İPM-in 49,51-ci və 60-cı maddələrində təsbit olunmuş imkanlardan fəal istifadə edilməlidir. Buraya cavabdehdən faktlar barədə məlumat verməyi və ya sübutetmə vasitələrini göstərməyi, onun sərəncamında olan sübutları təqdim etməyi, eləcə də dəqiqləşdirmə tələb olunan müəyyən halların izah olunmasını tələb etmək və bu məqsədlərlə müvfiq müddətlər üçün təyin etmək də daxildir. Bununla da, öz vəzifələrini tam həcmdə yerinə yetirmək üçün məhkəmələrə maraqlı şəxsin müraciəti ilə bağlı həmin inzibati orqanda aparılmış araşdırmanın bütün materiallarının (məhkəməyədək inzibati icraat materiallarının) cavabdehdən tələb edilməsi tövsiyə edilir. İnzibati orqanın imtinasının qanuniliyinə qiymət verilməsi üçün məhkəməyədək aparılmış inzibati araşdırma materialları təqdim edilmədikdə, yaxud təqdim edilmiş materiallardan şəxsin müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələbləri pozulmaqla zəruri araşdırmanın aparılmadığı, formal əsaslarla imtina olunduğu müəyyən edildikdə, bu hallar inzibati orqanın hərəkətsizliyi kimi qiymətləndirilə və hər bir konkret işin hallarından asılı olaraq həm İPM-nin 33.3, 33.4-cü maddələrində, həm də Məcəllənin 73.2 və 73.3-cü maddələrində müəyyən edilmiş hüquqi vasitələrdən istifadə edilə bilər. Göründüyü kimi inzibati məhkəmə icraatının aparılmasından əvvəl hazırkı növ iddialar üzrə inzibati icraatın aparılmasının zəruriliyi qanunvericiliyin konkret tələbidir ki, müraciətin səhv inzibati orqana ünvanlanması inzibati icraatın əsl cavabdeh tərəfindən aparılmasını mümkün etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı hüquqi marağı onun barəsində tərtib edilən məlumat vərəqənin yanlış olduğu və dəqiqləşdirilməsi tələbi ilə əlaqədardır ki, bu istiqamətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət edərək düzgün, dəqiq, maraqlarına uyğun məlumatları əks etdirən məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına təqdim olunmasını xahiş etməlidir. Qeyd edilən tələbindən imtina olunacağı təqdirdə düzgün inzibati orqana, yəni Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı inzibati məhkəmədə iddia qaldırmaq hüququ bir daha izah olunur. Məhkəmə iddiaçının iddia tələbinə münasibətdə qeyd edir ki, hazırkı iddiaya cavab verməli olan inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı olmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). Göründüyü kimi iddiaçının hüququ marağının mövcud olub-olmamasının müəyyən edilməsi iddianın mümkün olub-olmamasının müəyyən edilməsi ilə birbaşa asılılıqdadır. Yəni, iddiaçının iddia qaldırmaqda hər hansı hüquqi marağı mövcuddursa, başqa sözlə qaldırılan iddia onun hüquq və mənafelərinin müdafiəsi ilə bağlı qaldırılmışdırsa iddia mahiyyəti üzrə qiymətləndirilməlidir. Halbuki, Plenum Qərarında ortaya qoyulan mövqe konkretdir. Konkret halda iddiaçının hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Hazırkı iş üzrə isə iddianın qeyd olunan hissəsi hüquqi müdafiəyə ehtiyacdan söhbət gedə bilməz. Hüquqi müdafiəyə ehtiyac yoxdursa, deməli iddia da mümkünsüzdür. Digər hissə də, iddiaçının tələbinin qeyri-müəyyən olması ilə bağlı olmuşdur. Belə ki, iddiaçıya hüquqi yardım edilərək tələbinin qeyri-müəyyən olduğu, hüquqi marağının müəyyən edilə bilmədiyi izah olunmuş və hüquqi yardım məktubuna münasibət bildirməsi xahiş olunmuşdur. İddiaçı tərəfindən hüquqi yardım məktubuna cavab verilməmiş və məhkəmə iclasında qeyd edilən hallar izah edilsə də münasibət bildirməmişdir. Qeyd edilən hallar iddia tələbinin mümkün sayılmaması üçün əsas hesab olunmuşdur. Beləliklə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçıya zəruri sənədlərin məhkəmə təqdim olunması ilə bağlı 24 yanvar 2025-ci il tarixli məktubla vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16, 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “16 oktyabr 1992-ci ilə kimi polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsində işlədiyinə görə onun pensiyasının polis şöbə rəisinin köməkçisi, qərargah rəisi vəzifəsinin aylıq əmək haqqı akladı (maaşı) ilə 16 oktyabr 1992-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar